Qızıl kürə

Kosmik turist gəmisi "Alfa" ulduzuna növbəti səyahətə çıxmışdı. Ulduzun ətrafında fırlanan bir neçə planetin sakinləri ilə kosmik əlaqə yaradılandan sonra bu gediş - gəlişlər tez - tez baş verirdi. Gəminin bortunda beş nəfər ekipaj üzvü və otuz nəfər turist var idi. İrəlidə fırlanan kürsüdə əyləşən bələdçi Tamara çubuqla tabloda ulduzun xəyalı ətrafında hərəkət edən işıqlı ləkəni göstərdi:

Əziz turistciyəzlər, bu cisim isə səyahətimiz zamanı rast gələcəyimiz obyektlərdən bizim üçün ən tərbiyəvi olanıdır. Alfalılar bizə ilk dəfə qonaq gələrkən yerdə bir sıra adamların qızıla olan hədsiz "məhəbbəti" onları yaman təəccübləndirmişdir. Onlar vətənlərinə qayıdandan sonra planetlərində olan bütün qızılı bir yerə topladılar, çəkisi yüz min ton olan bir kürə düzəltdilər və onu Alfanın ətrafında süni peykin orbitinə çıxartdılar. Onlar bu hərəkətləri ilə demək istəyirlər ki, qızılsız da xoşbəxt yaşamaq mümkündür. Bir neçə dəqiqədən sonra bu qızıl peykin yanından keçəcəyik. Daha yaxşı tamaşa etmək üçün müşahidə platformasına qalxacağıq. Skafandrları geyinin!

Turistlər peykə tamaşa edib yerlərinə qayıdandan sonra bir nəfərin yoxa çıxdığı məlum oldu. Tez həyəcan siqnalı verildi. Radiolokasiya qurğularından alınan məlumata əsasən Braunun qızıl peykin üzərində olduğu aşkar edildi, Gəmi kapitanı Ömər şturman Feliksə iki nəfər matrosla xilasetmə qayğına minməyi və Braunu gəmiyə qaytarmağı əmr etdi. Sərnişinlər bütün xilasetmə əməliyyatını tabloda izləyirdilər. Braun peykin üzərində əllərini geniş açıb uzanmışdı və tərpənmirdi, Peykin ətrafında atmosfer olmadığına görə səs dalğaları yayılmırdı, ancaq hər bir turistdə olduğu kimi Braunda da fərdi radiokompleks var idi. Şturman onunla radio - əlaqəyə girdi:

Mister Braun narahat olmayın, siz burada yerdə olduğunuz kimi ağır çəkili deyilsiniz. Azacıq əzələ cəhdi ilə aramızdakı yüz metr məsafəni qət edər və qayıqda olarsınız.

Braunun cavabı hamını çaşdırdı:

- Mənim nə qayığınızda, nə də gəminizdə heç bir işim yoxdur.

Mən burada qalıram, özü də qızılın hamısı mənimdir!

Ondan heç kimə bir misqal da verməyəcəyəm.

Kapitan şturmanın özünü itirdiyini görüb radio ilə komanda verdi:

- Vaxtı itirməyin! Bu dəcəli cəld maqnit kəməndinə salıb qayığa çəkin! Siz gələnə kimi biz burada sənədləri tərtib edərik və onu əks istiqamətdə uçan ilk gəmi ilə Yerə qaytararıq. Yoxsa o, Alfada bütün yerliləri rüsvay edir.

Yerdə yüz kiloqram gələn Braunun peykin üzərində çəkisi yarım qramdan da az olmalı idi, belə ki, onu qızıl kürənin üzərindən hətta qurbağa da öz pəncəsi ilə vurub uzaqlaşdıra bilərdi. Qayıqdakı maqnit kəməndi öz gücünün cüzi bir hissəsi ilə Braunu dartıb gəmiyə çəkməli idi. Odur ki, şturman cihazın bu işin öhdəsindən gələ bilmədiyini söyləyəndə hamı təəccübləndi, ikinci qayıqla göndərilən on dəfə güclü maqnit kəməndi ilə Braunu sürüyüb qızıl peykdən qoparmaq mümkün oldu,

Heyrətindən özünə gəlməyən kapitan turistlərin içində olan filosof Huanqa müraciət etdi:

- Professor, sizə elə gəlmir ki, bu acgözü peykdən ayıra bilməməyimiz heç bir fiziki qanuna uyğun deyil? Axı, peykin məxsusi cazibəsi çox kiçikdir.

Professor qımışdı:

- Cavan oğlan, görünür, bəzi insanların qızıla, sərvətə olan hərisliyi cazibə qüvvəsindən də qat - qat üstündur!

 

3 şərh

elshad
Maraqlı və gülməli.
fistaşka
Çox gözəl yazıdır.
Xrizoberil
tewekkurler fistawka