Vilyam Şekspirin Sonetləri I hissə


1

Gözəllik hifz edir öz surətini,
Gülüm, gözəlliklə həyat qoşadır.
Solan çiçəklərin təravətini
Qönçə çiçəklərin hüsnü yaşadır.
Fəqət sən vurulub öz gül hüsnünə,
Onu xərcləyirsən boş yerə, əbəs.
Ən qəddar düşmənsən özün özünə,
Varını yoxluqla edirsən əvəz.
Bu gün dünyamızın zinəti sənsən,
Bahar müjdəsisən, qönçəsən artıq.
Özündə özünü dustaq edirsən,
Nədir bu simiclik, bu israfçılıq?
Rəhm elə dünyaya, gözəlliyi, gəl,
Özünlə məzara aparma, gözəl.
2
Qocalıq üstünə hücum edəndə
Vaxt da gül üzündə qazacaq səngər.
Gözəlliyin tül tək solub gedəndə
Canından hürküb diksinəcəklər.
Deyəcəklər: hanı büllur xəzinən -
Keçmiş gözəlliyin, zavallı insan? -
O, sönmüş gözümdə gizlənib, desən,
Özün öz sözündən utanacaqsan.
Gül tək balaları göstərib bir-bir,
İftixarla desən: bu gözəl gənclər
Mənim gəncliyimdir, gözəlliyimdir.
Deməli, döyüşdə sənindir zəfər.
Soyumuş qanın da qaynayıb onda
Çağlar övladının damarlarında.
3
Güzgüdür göstərən sənə hüsnünü,
Gözəllik ömürlük qalırmı məgər?!
Əgər yaratmasan ömür güzgünü,
Qadınlar da səndən küsər, inciyər.
Hansı gül əsirgər öz gülşənini,
İstəməz sən onda əkəsən çiçək?!
Bəlkə, təkəbbürün qoymayır səni,
Bəlkə, düşündürmür səni gələcək?!
Ömür güzgüsüsən öz anan üçün,
Ona baharından bir yadigarsan.
Belə bir güzgüdə özün də bir gün
Ötən gəncliyinə baxar, baxarsan.
Vaxtını qayğısız keçirsən, yəqin,
Öləndə özünlə ölər surətin.
4
Ey israfçı gözəl, ömrü anmayıb
Dağıtma mirası, düşün sonunu.
Gözəllik heç kimə bağışlanmayıb,
Təbiət insana borc verir onu.
Ey sevimli xəsis, bu xəzinəni
Veriblər, verəsən başqasına sən.
Qayğısız sələmçi, bu dəfinəni
Paylayıb, bəs sələm almırsan nədən?
Qazancdan, gəlirdən durursan gendə,
Hər an aldadırsan özünü özün.
Ölüm yatağında, tale önündə
Nə cavab verərsən bu günah üçün?
Yerində bir varis qalmasa əgər,
Bu sərvət səninlə məhv olub gedər.
5
Böyük ustalıqla yaradır zaman
Könlü ovsunlayan sehirli səhnə.
O öz köhlənini saxlamır bir an,
Nə varsa, tapdayır, dağıdır yenə.
Vahiməli qışa çevirir yayı,
Qorxudan qalmayır ağacda yarpaq.
Şaxta yatağında dondurur çayı,
Ölü tək kəfənə bürünür torpaq.
Gülün rayihəsi dönüb əsirə
Şüşə qəfəslərdə yaşayır fəqət.
Əgər qalmasaydı bu xoş xatirə,
Gözəllik məhv olub gedərdi, əlbət.
Güllər itirsə də qışda çətirini,
Saxlayır yenə də gözəl ətrini.
6
Qışın ağır əli ömrün yazmı
Borana, çovğuna çevirməmiş sən
Havayı soldurma gül murazını,
Çalış ki, ətirlə dolsun piyalən.
Sevgini borc verdin, sələmini al,
Övlad sələmidir pak məhəbbətin.
O bir səadətdir, ey gözəl camal,
Çox al ki, çox olsun gücün, qüdrətin.
On dəfə əks etsən özünü əgər,
Nəslin də on dəfə artırsa səni,
De, ölüm hüsnünə nə edə bilər?
Varisin qoruyar bu xəzinəni.
Ölümə sən qalib gələrsən, inan,
Gözəlliyin ölməz heç vaxt, heç zaman.
7
Od qızı qaldırıb odlu başını,
Qızıl beşiyindən durar hər səhər.
Yer üzü görəndə qəlb sirdaşını
Ona məhəbbətlə səcdə eyləyər.
Bu məşəl günorta çatar zirvəyə
- Yaşar gəncliyinin xoş dəmlərini.
Hamı heyran-heyran boylanıb göyə,
Öpər baxışıyla qədəmlərini.
Elə ki görünər yorğun, ixtiyar
Enər qəmli-qəmli öz yatağına,
Əvvəl məftun-məftun səcdə qılanlar
İndi arxasını çevirər ona.
Yerində övladın qalmasa əgər,
Səndən də beləcə üz döndərərlər.
8
Sən də musiqisən, musiqini bəs
Neçin dinləyirsən qəmlə, kədərlə?
Gözəllik gözələ qüssə gətirməz,
Neçin odlanırsan düşüncələrlə?
Dolub ürəyinə sıxıntı, qəhər,
Varlığım qovrulur möhnət içində.
Gözəl musiqidə birləşən səslər
Yoxsa boğur seni dəhşət içində.
Simlər doğmalaşıb munisləşərək,
Bir pərdə üstündə tutubdur qərar.
Xoşbəxt ata, ana, məsud övlad tək
Eyni bir nəğməni oxuyur onlar.
Bu sözsüz nəğməni duyan ürəkdir:
Tənha keçən həyat ölüm deməkdir.
9
Qorxursan yarının dul qalmağından,
Seçmirsən özünə könül sirdaşı.
Səni cavan ikən məhv etsə zaman,
Dünya dul qadın tək tökər göz yaşı.
Hicran şərbətini vaxtsız içənlər
Baxıb övladına, tapar təsəlli...
Səndən bir nişanə qalmasa əgər,
Tökər gözlərindən dünya qəm seli.
Bədxərcin dövləti getməyir bada,
Yerini dəyişib qalır hər zaman.
Hədər sərf olunsa əgər dünyada,
Qalmaz gözəllikdən bir iz, bir nişan.
Özünə xəyanət eyləyən bir kəs
Başqa birisini heç vədə sevməz.
10
Açıb ürəyini demirsən mənə:
Gəncliyin boş keçir, eyib deyilmi?
Çoxları məhəbbət bəsləyir sənə...
Aydındır, sevmirsən, demək, heç kimi.
Düşmən tək məhv edib hər ötən anı,
Nə üçün özünə ziyan edirsən?
Sənə miras qalmış gözəl binanı
Uçurub, dağıdıb, viran edirsən.
Sən hökmünü dəyiş, mən də rəyimi,
Silinsin könlündən nifrət, ədavət.
Qəlbin gözəl olsun zahirin kimi,
Əzizim, özünə eylə mərhəmət.
Yarat surətini, qalsın hər vədə,
Gülsün gözəlliyin gələcəkdə də.
11
Gül kimi solsan da, öz övladının
Üzündə kül kimi açılacaqsan.
İtməz bir zərrəsi gənclik odunun,
Gözlərdə nur olub saçılacaqsan.
Budur gözəlliyin, əqlin qanunu,
Bunsuz hökm edərdi süstlük, qocalıq.
Bəşər həyatının çatardı sonu,
Dünya altmış ildən çəkməzdi artıq.
Təbiət kimə ki verməyib nemət,
Səhradır, qurusun dərd-möhnət ilə.
Sənə verilib ki bu qədər sərvət,
Onu qaytarasan səxavət ilə.
Gözəllik möhürüsən sən təbiətin,
Əks olun, əbədi qalsın surətin.
12
Ömürdən saatlar ötdükcə bir-bir
Al gündüz əriyir zülmət gecədə.
Bənövşədən qalmır təravət, ətir,
Qara saç gümüşə dönür necə də!
Bürküdən sürünü qoruyan qovaq
Tökür yarpağını boranda, qarda.
Yamyaşıl zəmilər saralıb bir vaxt,
Dərz olub daşınır arabalarda.
Çiçəklər də solub gedir çəməndən,
Yerində açılır təzə qönçələr.
Həmişə haqqında düşünürəm mən:
Sənin gül hüsnün də solar bir səhər.
Zəmanə ömrünü biçir hər kəsin,
Nəsil qoy, yurdunda şamın sönməsin.
13
Dəyişmə, həmişə qal olduğun tək,
Nə qədər ki sağsan, imkan var buna.
Zaman varlığını məhv edənədək
Bağışla hüsnünü övladlarına.
Gözəllik yaşayır kirəkeş kimi,
Köçür sən də onu öz varisinə.
Bir gün tərk edəndə fani aləmi
Dəyişməmiş qalsın gül hüsnün yenə.
Qoruyar uçmaqdan gözəl binanı
Sabahı düşünən, qayğı çəkən kəs.
Bu evə neyləyər qışın tufanı,
Bu evə ölümün nəfəsi dəyməz.
Atanı qorusan sən öz oğlunda,
Nəvəndə hifz edər səni oğlun da.
14
Ulduzlarla fala baxaraq bir dəm
Mən deyə bilmərəm münəccimlər tək:
Bu ulduz gətirir taun, aclıq, qəm,
O ulduz səadət, bol məhsul, çörək.
Yağışla, küləklə, şimşəklə, qarla
Söyləyə bilmərəm taleyi heç vaxt.
Nə bilim, günəşli, gözəl rüzgarla
Hansı bir şahzadə olacaq xoşbəxt.
Baxıb dəyişməyən şən ulduzlara –
Sənin gözlərinə deyərəm aşkar!
Olsa bir övladın, yetib bahara,
Həqiqət, gözəllik birgə gül açar.
Varisin qalmasa, bu inci, gövhər
Səninlə məzarda torpağa dönər.
15
Hər şey yetkinliklə qazanır zəfər,
Onu da tez alır hökmü rüzgarın.
Dünya bir səhnədir, burda şəkillər
Dəyişir sehriylə kəhkəşanların.
İnsan taleyilə bir ota bənzər,
Ot kimi göyərər, məhv olar hökmən.
Bahar gəlişiylə hüsnünü bəzər,
Payız şuxluğunu alar əlindən.
Belədir, dəyişir həyat həmişə,
Bu, daha şəfəqli edir üzünü:
Zaman ölüm ilə girib sazişə,
Çevirir gecəyə al gündüzünü.
Qəm yemə, qələmim bağ tiyəsi tək
Ömrünü şerimlə peyvənd edəcək. 
16
Bizi ölüm ilə qorxudur zaman,
Şerim tab edərmi bu ağır dərdə?
Nə üçün ömrünü qorumayırsan
Daha etibarlı, möhkəm bir yerdə?
Görürsən, nə qədər bakirə gül var,
Gəncliyin bahardır, qoru ruhunu.
Qəlbini, hüsnünü sevgi yaşadar,
Nə fırça, nə qələm bacarmaz bunu.
Hər şeyi yenidən yaradır həyat,
Gəl öz gəncliyini ver məhəbbətə.
Sevgiylə, sevdayla aç ki qol-qanad,
Səni qovuşdursun əbədiyyətə.
Versən öz ömrünü övladına sən,
Onun varlığında ömür sürərsən.
17
Əgər yazsam qədir - qiymətin nədir,
Buna gələcəkdə inanmaz bir kəs.
Bir Allah bilir ki, şerim türbədir,
Səni olduğun tək hifz edə bilməz.
Göyçək gözlərinə qələm çalaraq
Hüsnünü nəğməmdə eyləsəm təkrar,
O vaxt deyəcəklər: yalana bir bax,
Bəndənin üzündə Allah nuru var.
Qoca boşboğazdan üz döndərən tək
Atacaqlar solmuş, boz vərəqləri,
Deyəcəklər: hərif işlədib kələk,
Yalandır, saxtadır onun əsəri.
O vaxt oğlun olsa, kim qırar məni?!
Həm oğlun, həm şerim yaşadar səni.
18
De, necə bənzədim yaya mən səni?
Özün daha odlu, daha gözəlsən.
Tufan məhv eyləyir yazda gülşəni,
Yay da tez ötüşür ömürdən, bilsən.
Bəzən göyün gözü odlanır, yanır,
Bəzən də gizlənir duman içində.
Gözəllik də sona çatıb dayanır,                 -
Təbiət yox edir bir an içində.
Fəqət sənin yayın sovuşa bilməz,
Sənin gül hüsnünü tutmaz bir pərdə.
Ölümün kölgəsi üstünə gəlməz
Mənim şerlərim dil açan yerdə.
Neçə ki həyat var, göz görür, inan,
Şerimdə əbədi yaşayacaqsan.
19
Şirin caynağını korşalt, ey zaman,
Hər şey ölüm nədir bilsin həyatda.
Pələngin dişini qopart ağzından,
Yandır diri-diri simurqu odda.
Dəyiş fəsilləri, öz yolunla get,
Gah güldür, gah ağlat bu təbiəti.
Dünyayla, mənimlə nə istəsən et,
Fəqət kəməndə sal bir cinayəti.
Dostumun üzünü vaxt tişənlə, gəl,
Yarıb şırımlama çəmənzar kimi.
Onun gözəlliyi - bu canlı məşəl
Qalsın gələcəyə yadigar kimi.
Göstər pisliyini, o, şerimdə, bax,
Sənin acığıma gözəl qalacaq.
20
Camalın gözəldir qadın hüsnü tək,
Özün bu aləmdə nadir aləmsən.
Xəyanət bilməyir köksündə ürək,
Sən mənim həm şahım, həm
məlikəmsən.
Baxışın gur işıq saçır aləmə,
Bütün saxtalığı qılınc tək kəsir.
Səndəki mərdliyə, səndəki hökmə
Oğlanlar heyrandır, qızlar da əsir.
Qadın yaratmayıb səni təbiət,
Vurulub hüsnünə - ilk bahara o.
Səndən ayırıbdır məni təbiət,
Verib səadəti qadınlara o.14
Yaxşı, belə olsun, gülsün baharın,
Qəlbin mənim olsun, sevgin onların.
21
Yarışa girmirəm məddahlarla mən,
Ay deyim, gün deyim vəfadarıma.
Mən ilham almıram ilahələrdən,
Tərif yükləmirəm misralarıma.
Qoy onlar yarışsın biri - biriylə,
Toplasın dünyanın inci-dürrünü,
Əl açsın ətirli çiçəyə, gülə,
Bəzəsin, boyasın şerlərini.
Sevgidə həqiqət sirdaşım olmuş,
Yazıram: sevgilim şuxdur, qəşəngdir.
O da başqası tək insan doğulmuş,
Nə parlaq ulduzdur, nə tər çiçəkdir.
Tərif lazım deyil mənim eşqimə,
Eşqimi satmıram mən ki heç kimə.
22
Güzgü sübut etməz qocalığımı;
Sənin gəncliyinlə uçan quşam mən.
Üzündə açanda illər şırımı
Bir onda bilərəm qocalmışam mən.
Olduğu sinədə döyünmür ürək,
Sevdiyi sinədə çırpınır hər dəm.
Qəlbimiz dəyişib yerini, gerçək,
Səndən neçə yaşlı ola bilərəm?
Özünü mənim tək gözlə hər zaman,
- Düşərəm sənin üçün qara, borana,
Könlünü saxlaram dərddən, bəladan,
Körpəni beləcə qoruyar ana.
Köksümdə daima vurar ürəyin,
Ürəyim susanda susar ürəyin.
23
Aktyor bilməsə rolunu əgər,
Yanılıb dolaşıq salar sözünü.
Elə ki, bir çılğın heyrətə gələr,
Heyrətdən itirər tamam özünü.
Mən de, bax, beləcə səssiz dayanır,
Aça bilməyirəm könlümü, inan.
Titrək dodaqların alışıb yanır
Hədsiz məhəbbətin alovlarından.
Qoy senə sevgimi kitabım desin,
Bir də bu gözlərim - lal peyğəmbərlər;
Səndən yalvararaq əvəz istəsin,
Ürəyi gözlər tək kim duya bilər?!
Oxu lal eşqimin hər kəlməsini,
Eşit gözlərinlə qəlbin səsini.
24
Qəlbimə həkk edib səni, əzizim,
Gözlərim şövqündən od tutub yanar,
Canlı çərçivəyə dönmüşəm özüm,
Sabahı yaradır dahi sənətkar.
Hər şəklə gərəkdir rəssam nəzəri,
Gör, necə hüsnünə nur ələnibdir.
Müqəddəs hücrəmin pəncərələri
Sənin gözlərinlə şüşələnibdir.
Gözüm gözlərindən doymur bir kərə,
Odlanır atəşdə, yanır atəşdə.
Gözlərin könlümə olub pəncərə,
Onlardan rəsminə baxır günəş də.
Gözlərim qəlbindən tutmayır soraq...
Gözlər gördüyünü həkk edir ancaq.
25
Xoşbəxt ulduz altda kim ki doğulub,
Qoy hər vaxt öyünsün şan - şöhrətiylə.
Mənimsə qismətim məhəbbət olub,
Məst edir könlümü səadətiylə.
Şahın əyanları içdikcə şəfqət,
Günəbaxan kimi açar hər yanda.
Azalsa günəşdə atəş, hərarət,
Solar yavaş-yavaş günəbaxan da.
Qalib bir sərkərdə - döyüş övladı
Birdən məğlub olsa vuruşda əgər,
Şöhrət kitabından silinər adı,
Bütün qazandığı əlindən gedər.
Məni bu dəhşətdən kənar edib bəxt,
Sevib sevilirəm, xoşbəxtəm hər vaxt.
26
Kralına sadiq bir rəiyyət tək
Sənə bildirmək üçün sədaqətimi,
Məktub göndərirəm qəlbən, sevincək
Mən sənin yanına bir səfir kimi.
Sözlərim olsa da kasıb, çıl-çılpaq,
Bəzənəcək gözəl etibarınla.
Qəşəng gözlərindən ziya alacaq,
Yüksələcək ülvi duyğularınla.
Bələdçim - ulduzlar zülmət yollara
Daim şəfəq saçsa, işıq çiləsə,
Bu yoxsul bəxtimi bürüyüb nura
Sənin taleyinə layiq eləsə, -
Bir onda deyərəm sənə eşqimi.
Hələlik saxlaram dəfinə kimi.
27
Duymuram güc-taqət ayağımda mən,
Yorğunluq ömrümü haram eyləyir.
Yatmaq istəyirəm yatağımda mən,
Səyahət başımda davam eyləyir.
Xəyalım axtarır səni hər zaman,
Sənsiz nə pir vardır, nə də ziyarət.
Gözlərim dikilir zülmətə hər an,
Görür qaranlığı korlar da, əlbət.
Gecənin qoynunda parlaq inci tək
Xəyalən qarşımda görürəm səni.
Ülvi gözəlliyin nur çiləyərək,
Necə də bəzəyir zülmət gecəni.
Yoxdur rahatlığım eşqin əlindən,
Gündüz də, gecə də yol gedirəm mən.
28
Gülüb fərəhlənim, sevinim necə?
Hələ istirahət bilmirəm nədir.
Gündüzün dərdini azaltmır gecə,
Gecə də gündüz tək bir qəmxanədir.
Hər vaxt bir - biriylə düşmən olsa da,
İndi mənə qarşı dostlaşıb onlar.
Biri həsrətini gətirir yada,
Biri ürəyimə verir dərd, qubar.
Gündüzə deyirəm, buludlu olsan,
Dostum şəfəq salar senin hüsnünə.
Gecəyə deyirəm, zülmətdə qalsan,
Dostum ulduz olar; baxmırlar mənə.
Gündüzün uzundur dərdi, ələmi,
Gecənin ağırdır həsrəti, qəmi.
29
Taleyin əliylə alçaldıqca mən
Acı göz yaşında qovrulur ürək.
Mərhəmət umuram dilsiz göylərdən
Uğursuz bəxtimi lənətləyərək.
İstərəm yüksəlsin göyə ad-sanım,
Dostlarım çox olsun, ümidim de bol.
Sənətdə parlasın şöhrətim, şanım,
Açılsın qarşımda geniş, azad yol.
Yadıma düşəndə sən birdən-birə,
Nifrət yağdırıram özümə, nifrət!
Ruhum torağay  tək uçur göylərə,
Dolur nəğməsiylə qəlbimə şəfqət.
Sənin saf eşqinlə yüksəyəm, inan,
Dünyanın ən güclü krallarından.
30
Olub keçənləri bir-bir çəkərkən
Sakit yaddaşımın məhkəməsinə,
Bir daha yanıram köhnə qəmlə mən,
Bütün itkilərim görünür yenə.
Məzarda zülmətə batan dostlara
Həsrət qalan gözüm tökür qanlı yaş.
Bir də ağlayıram yatan dostlara,
Gedənlər geriyə qayıdaydı kaş!
Saymaqla dərd-qəmim yetməyir
sona,
Dəhşətdən əriyir ürəyimdə şam,
Bir də qərq oluram göz yaşlarına,
Elə bil əvvəllər ağlamamışam.
Yada sen düşəndə itir kədərim,
Yenidən tapılır itirdiklərim.
Ardı var...
 

0 şərh