Ayın hərəkəti

Bir axşam təzələnmiş ayın yaxınlığında hər hansı ulduzu nişanlayın. Növbəti axşam həmin vaxtda Ayın bu ulduza nəzərən xeyli (təqribən 13°) şərqdə - sol tərəfə uzaqlaşdığını görərsiniz. Uzaqlaşma növbəti axşamlarda da davam edir.
Bir sutka ərzində nişanladığımız ulduza nəzərən Ayın uzaqlaşması 13° olduğundan o, bir tam dövrü 360°/13°=27,32 sutka ərzində başa vurur. Bu, Ayın ulduzlara nəzərən Yer ətrafında dolanma periodudur. Ona siderik ay deyirik.

Ayın Yer ətrafında dairə boyunca dolandığını fərz edərək Ay fazalarının növbələşməsini şəkil 17-dən görmək olar. Burada Ayın 1, 3, 5, 7 əsas fazaları və 2, 4, 6, 8 aralıq vəziyyətləri aydın görünür. Şəkildə Günəşin paralel şüalarının istiqaməti sabit qəbul olunub.
Eyni adlı Ay fazasının, məsələn iki ardıcıl bədirlənmiş Ay fazasının təkrarlanması orta hesabla 29 sutka 12 saat 44 dəqiqə 29 saniyə, yaxud 29,53 sutkadan bir olur. Ona, sinodik ay deyilir. Sinodik ayın siderik aydan 2 sutkaya yaxın böyük olmasının səbəbini izah edək. Fərz edək ki, Ayın Yerlə birlikdə Günəş ətrafında dolanması bədirlənmiş Ayda başlanıb. Yerin Ayla birlikdə sutkalıq yerdəyişməsi təqribən 1° olduğu üçün bir siderik ayda yerdəyişmə təqribən 27° alınır. Bu qövsü Ay təqribən 2 sutkada başa vururş Ona görə sinodik ay siderik aydan təqribən 2 sutka uzundur. Ayın öz oxu atrafında fırlanma və Yer atrafında dolanma periodları siderik aya bərabərdir. Bu səbəbdən də Ayın eyni yarımkürəsi həmişə Yerə tərəf səmtlənib.
Ayda gecə-gündüz uzunluğu sinodik aya bərabərdir, yəni Ayın hər yarımkürəsində 15 sutkaya yaxın gündüz, o qədər də gecə olur.
Aydakı müşahidəçi Yeri Ay fazalarına bənzər görərdi, ancaq əksinə: bədirlənmiş Yer təzə Ayda, təzələnmiş Yer isə bədirlənmiş Ayda olmalıdır.
Yerin radiusu Ayınkından təqribən 4 dəfə böyük olduğundan bədirlənmiş Yer diski bədirlənmiş Aydan təqribən 4 dəfə böyük görünmələdir.

Oxşar məqalələr

 

0 şərh