Qəhrəman ana!

1944-cü ilin iyul ayının 8-də SSRİ də qərar qəbul olundu ki, çoxuşaqlı analar “qəhrəman” adını alsınlar və ordenlə mükafatlandırılınlar.

Qəhrəman ana. 10 uşağa sahib olan ailələr çoxuşaqlı ailələr adlandırılaraq, analara qəhrəman adı verilir və bu ailələr dəyərləndirilirdi. Müxtəlif yerlərdə də analar qəhrəman adını alırdılar və illər ərzində minlərlər qadınlar bu adlara layiq görüldülər. Amma, bu,  yerlərdə fərqli olaraq övlad sayına görə dəyişilirdi.

Azərbaycanda isə səhv etmirəmsə 5 uşaqlı analar artıq qəhrəman ana sayılır və   “Qəhrəman ana”, “Şöhrət”, “Analıq şöhrəti”, “Analıq şərəfi” ordenləri  kimi orden və medallarla fərqləndirilirdilər.

Bəs indi qəhrəman ana varmı ki?
Var, amma, azlıq təşkil edir. Ya da ki, baxır onun qəhrəmanlığına. Mənim anamgil 7 uşaq olublar. Babam öləndə ən böyükləri 12 yaşında, ən kiçikləri isə 6 aylıq olub. Körpə-körpə uşaqlar- nənəm bu uşaqları savadsız (o vaxtı atalar qızları oxutmağa üstünlük vermirdilər, nənəmin də atası onu oxumağa buraxmayıb) olduğu halda tək başına elə böyüdüb ki, heç kim deyə bilməzmiş ki, bunlar yetimdilər. Nə bir tikə çörəyə, nə geyimə, nə də başqa bir şeyə möhtac olublar. Gecələr də yuxu yatmayıb, paltarlar tikib başa vurarmış ki, səhər onları təhfil verib, pulunu alsın.

Hər şeyin qıt olduğu vaxtda işgüzarlıq, hər şeyin bol olduğu vaxtda isə hədsiz yorğunluq, bezmək, təmbəllik. Tərəzidə hər şeyin bol olduğu, texnikanın irəlilədiyi indiki zamanın yorğunluğu ağır və maraqlı gəlir. O vaxtı nə paltaryuyanmaşın var idi, nə avtomatik isti-soyuq su, nə də pampaers; dayə də tutmazdılar. O vaxtın qadınları uşaqlara elə baxırdılar ki, gəl görəsən. O zaman heç “uff” da demirdilər. Uşaqları boya başa çatdırıb, lazımınca oxudurdular. İndi isə 1-2 uşaq vəssəlam. Onları da zar, zor böyüdürük. İndi deyirik ki, uşağa baxmaq çox çətindir, uşaq saxlamaq olmur. Pulu da səbəb götürürük. Amma, övlad payını verən Allah, onun nemətini verir. Həm də ki, evdə 1 qab yemək varsa, demək o iki nəfərə çatar, iki qab yemək varsa üç nəfərə və beləcə neçə nəfər varsa, Allaha şükür, hamı doyar. Amma, bu da bizi qane etmir.

Böyütdüyümüz o 1-2 uşaq da cəmiyyətin mənfi təsirinə məruz qalıb, mənfi xüsusiyyətlər daşıyır (təbii ki, bu dediklərim hamıya aid deyil). Demək ki, düzgün böyütmürük ki, o da zəif düşür. Bəs biz nəyi düz edirik?

Anaların qarşısında baş əyirəm. Amma, hər zaman deyib, üstündə durduğum bir söz var: analıq övladı doğub, dünyaya gətirmək deyil. Analıq seriala, filmə baxım, rahat oturum deyə uşağı saatlarla kompüter arxasında saxlamaq deyil, sonra uşaq buna öyrəşəndə dizimizə döyürük, ya da heç döymürük. Analıq qadının dözləri formada, gözəl qalsın deyə uşağı öz südündən məhrum etmək deyil, uşaq yatsın deyə onun çayına, suyuna dərman qatmaq deyil... Analıq başqa şeydir. Mən hələ bu hissi bilmirəm, yaşamıram, heç bilmirəm ki, bu qədər danışıram, danışıram, amma, özüm necə olacam. Hər halda görüb, öyrəndiklərim də mənə bir dərsdir. Gördüyüm mənfilərdən təəssüflə, müsbətlərdən isə sevə-sevə dərs alıram.

Məncə indi qəhrəman ana yox dərəcəsindədir. Sadəcə müxtəlif düşüncəyə, xüsusiyyətə, xasiyyətə malik analar var. Əslində qəhrəman olmaq da asan deyil, belə götürəndə heç qəhrəman olmaq lazım da deyil, sadəcə öz borcumuzu ürəkdən və layiqincə yerinə yetirək, vəssəlam. Qiyməti də Allah verər, inşallah.

 

8 şərh

mr13

Cənub zonası qəhrəman analar vətənidir. Ən az ailədə elə 5-7 uşaq var. Zarafat bir yana qalsın, amma anaların bizi hansı əziyyətlə böyütdüyün başa düşmək üçün ana olmaq lazımdır. İslam dinində də analara böyük qiymət verilir: «Cənnət anaların ayaqları altındadır.»

girl_moon

Ana, ana!..Bu kəlmənin vurğunuyam əzəldən,


Onu gözəl anlatamaz düşündüyüm sətirlər.


Ana ola bilməz bizə hər bir «yavrum» deyən gözəldən,


Çünki onun xilqətində ayrıca bir füsun var.

təpəgöz
Qəhrəman-ana medalı

 


Şəbnəm,nənənə halaldır ki o qədər uşağı böyüdə bilib.
bloqçu
Bilirsiniz, dünən bu yazını yerləşdirəndən sonra, onu qucaqlayıb, öpmək istədim, sonra da gedib öpdüm, daha sonra isə əlinə qələm, kağız verib hərflər yazdırdım. O qədər həvəslə, maraqla yazırdı ki.



Onu çox sevirəm. Onun haqqını ödəmək mümkün deyil, buna ömür yetməz, eləcə də bütün anaların haqqını. Onları yaradana qurban olum! İndi ona yazmaq öyrədirəm))
Dior
Mənim nənəmə də medal vermişdilər.10 uşaq anası idi.Özü də babam onu tez tərk edib,dünyasını dəyişmişdi.

p.s elə mən də indi ana haqqında mövzu yazdım.Türklər demişkən «pişti» olduq.
Nailə_Rzayeva
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır «Ya Rəbbim! — deyə:
— Sənsən xəlq eliyən bu göyü, yeri,
Candan şirin olur bala, ay Allah,
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!

Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?!
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar,
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
mr13

Hər dəfə eşidəndə və oxuyanda tüklərim biz-biz olan: övladını çox sevən  bir ananın əhvalatı:


Ana ve poctalyon

Dörd ay vardı ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.
Sorurdu:«Balam hanı?»Hər cəbhədən gələndən,-
Ondan xəbər gəlməyir,xəbər gəlir öləndən.
«Yerəmi batdı oğlum,göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam,əzəldən yoxdu oğlum?!
El bilir ki,uşaqlıqdan o,naxələf olmayıb,
Ürəyimə damıb ki,oğlum tələf olmayıb...

Bəs nədir yazmır anaya bircə kağız?
Oğul,oğul deməkdən qabar oldu dil,ağız»
Buludlu səma idi,onun dalğn baxışı
Gözlərindən yağırdı bir ilk bahar yağışı.
Qəlbindəki ilk yara təzəydi,builkiydi;
Onu bu hala salan nobarıydı,ilkiydi,
Qalxırdı yatağından dan yeri söküləndə...
Həq qapı açılanda,hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə,
Sevinirdi:-«Oğlumdan bəlkə məktub var!»-deyə.

Dörd ay vardı ananın gözləri yol çəkirdi:
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi.

Tanımayan tapılmaz məhlədə poçtalyonu;
Hamı istərdi onu,hamı sevərdi onu,
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramdı,çantası dolu gəldiyi zaman.
Anaya şad xəbərlər gətirmişdi vaxtilə,
İndi kağız almayan ana gələrək dilə
Söylədi poçtalyona bir neçə acı kəlmə:
-Məktub olmasa,bir də sən bu həyətə gəlmə!
POçtalyon söz demədi,dilsiz dayanıb durdu,
Elə bil dağ başında onu ildırım vurdu...
Ananın gözlərində sual gördü bir yığım,
Başını yerə dikib dayandı xeyli dalğın
Sinəsini ötürüb sonra küçəyə çıxdı,
Fikirlər,düşüncələr həssas qəlbini sıxdı.
Deyirdi öz-özünə:-Ananın haqqı vardır
Geniş dünya oğulsuz onun qəlbinə dardır...

Dörd ay vardı ananın gözləri yol çəkirdi:
Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi....

Günlər keçdi...poçtalyon bu həyətə girmədi;
ANa gözüylə onu çox aradı,görmədi.
Bütün həyətdəkilər öyrənmişdilər ona,
Hamı dedi:«Görəsən nə oldu poçtalyona?!»
Bu qoca poçtalyon da anaya bir dərd oldu;
Yolunu gözləməkdən hər gün gözü dörd oldu.
Heç olmasa,poçtalyon bu həyətə gələndə,
Məktub alan qonşular sevinəndə,güləndə,
Oğlunu xatırlayıb sevinirdi ana da;
Ümumin sevincindən pay düşürdü ona da...
Ana düşündü:«Bəlkə qəlbini qırdım onun,
Bəlkə bir macəra var başında poçtalyonun...
Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,
Kim bilir,bəlkə,o da mənimlə bir dərddədir...
Xəstədir,baxan yoxdur,bəlkə də poçtalyona,
Evlərini bilsəydim,bir baş çəkərdim ona.
BUndan artıq nə gələr,nə gələr ki, əlimdən?!
Kaş ki,o sözlər mənim çıxmayaydı dilimdən,
Məktub gətirməsə də,qoy gəlsin,görək onu...
Görməsə çatlayacaq bu dərdli ürək onu...
Oğlumun ətri gəlir,onun hər gəlişindən,
Ümid,təsəlli yağır mehriban gülüşündən...»
Dərdli ananın artdı indi birə on dərdi,
Bir doğma oğul dərdi,bir də poçtalyon dərdi...

Bir gün qapısı açıldı çox sürətlə,
Qonşular çıxdı evdən təəccüblə,heyrətlə,
Gördülər ki,poçtalyon əlində məktub gəlir,
Elə bil caynağında qartal ov tutub gəlir,
Aldılar bir qırpımda poçtalyonu dövrəyə:
-Məktub kimədir??Söylə,niyə dinmirsən,niyə?
Zilləyib gözlərini ananın gözlərinə,
Poçtalyon qanaq taxdı öz ürək sözlərinə:
-Bundan neçə gün əvvəl məndən küsən,inciyən,
«Məktub olmasa, bir də bu evə gəlmə»- deyən
Mərhəmətli,möhtərəm anayadır bu kağız!...
Hamı bir səslə dedi: «Gözlərin aydın ay qız!»
Ana,gözləri yaşlı,ətir saçan dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən....