9. Ticarət siyasətini formalaşdırmaq üzrə təkliflər

Beləliklə, Izolandiya iqtisadçılarının bir qrupu ölkə prezidentinə aşağıdakı məzmunda hesabat məruzəsi (təhriri mərüzə) göndərirlər:
«Cənab Prezident! Siz ticarət sərhədlərinin açılması haqqında bizə 3 sual vermişdiniz.
Sual: Əgər hökümət Izolandayilılara polad ixracına və idxalına icazə verərsə, bu, metalın daxili bazarda qiymətinə və həcminə necə təsir edəcəkdir?
Cavab: Ticarətə icazə verilən kimi poladın qiyməti dunya qiymətləri ilə bərabərləşəcəkdir. Metalın dünya qiyməti daxili qiymətlərdən yüksək olarsa, axırıncılar yüksələcəkdir.
Daha yüksək qiymətlərin müəy­yən edilməsi Izolandiyalılar tərə­findən istehlak edilən poladın azal­masına, lakin onun daxili istehsalının artmasına gətirib çıxaracaqdır. Deməli, Izolandiya polad ixrac edən ölkəyə çevriləcəkdir, belə ki, bu halda biz onun istehsalında müqayisəli üstünlüyə malik olacağıq. Əksinə, poladın dünya qiymətləri daxili qiymətlərdən az olarsa, axırıncılar aşağı düşəcəkdir ki, bu da Izolandiyada istehlak edilən poladın kəmiyyətinin artmasına və onun daxili istehsalının azalmasına gətirib çıxaracaq­dır. Deməli, Izolandiya polad idxal edən ölkəyə çevriləcəkdir, belə ki, onun istehsalında müqa­yisəli üstünlüyə digər ölkələr malik olacaqlar.
Sual: Poladla bağlı azad ticarətdən kim udur və kim uduzur, əldə ediləcək fayda baş verəcək itkilərdən yüksək olacaqmı?
Cavab: Hər şey daxili qiymətlərin dinami­ka­­sından asılıdır. Poladın qiyməti yüksələrsə, faydanı onun istehsalçıları götürəcəklər, istehlakçılar isə ziyana düşəcəklər. Qiymətlər azalarsa, istehlakçılar fayda qazanacaq, daxili istehsalçılar isə uduza­caqlar. Hər iki halda ümumi fayda itkilərin səviy­yəsindən yüksəkdir. Beləliklə, azad ticarət bütün hallarda izolandiya­lıların ictimai rifahını yüksəldir.
Sual: Gömrük tarifləri və ya idxal kvotaları yeni ticarət siyasətinin tərkib hissəsi ola bilərmi?
Cavab: Bir çox vergilər kimi vergi tariflərinin tətbiqi ğeri qa­yıtmayan itkilərlə nəticələnir: onlardan daxilolmalar alıcıların və satıcıların itkilərindən azdır, belə ki, tariflər beynəlxalq ticarətin olmadığı şəraitdə bazarı tarazlıq vəziyyətinə doğru hərəkət etdirir. Idxal kvotası əsasən ğömrük tarifinə oxşar şəkildə fəaliyyət göstərir və analoji olaraq geri qayıtmayan itkilərlə nəticələnir. Iqtisadi səmərəlilik baxımından yaxşı siyasət gömrük tariflərinin və idxal kvotalarının olmadığı şəraitdə azad beynəlxalq ticarətdir.
Biz ümid edirik ki, Siz yeni siyasətin formalaşdırılması haqqında qərar qəbul edərkən, bu cavabları faydalı sayacaqsınız.
Sizin sadiq nökərləriniz, Izoland iqtisadçıları qrupu».

Ticarət məhdudiyyətlərinin müdafiəsinə yönəlmiş dəlillər
Iqtisadçılar qrupunun məktubunu alaraq, Izolandiya prezidenti daxili polad bazarının açılması haqqında məsələyə qayıdır. O, qeyd edir ki, hal-hazırda poladın daxili qiymətləri dünya qiymətlərindən yüksəkdir. Deməli, azad ticarət metalın daxili qiymətlərinin aşağı düşməsi ilə nəti­cələnəcək və daxili istehsalçılara zərbə vuracaq. Prezident Izolan­di­yanın metallurgiya şirkətlərinə iqtisadçıların təklifi ilə bağlı öz fikirlərini bildirmək xahişi ilə müraciət edir.
Təsadüfi deyil ki, istehsalçı şirkətlər poladla bağlı azad ticarətin tətbiqinə əks çıxırlar. Onlar belə hesab edirlər ki, hökümət ölkənin poladtökmə sənayesini xarici ticarətdən qorumalıdır. Gəlin, onların öz fikirlərinin müdafiəsi ilə bağlı gətirə biləcəkləri bəzi dəlilləri və iqtisadçılar qrupunun reaksiyasını nəzərdən keçirək.

 

 

 

Yaddaş guşəsi

Beynəlxalq ticarətin digər faydaları
Indiyədək bizim gəldiyimiz nəticələr beynəlxalq ticarətin standart təhlilinin nəticələrinə əsaslanırdı. Biz gördük ki, ölkələrarası ticarətə başlayarkən, həm fayda əldə edilir, həm də itkilər baş verir. Lakin birincilərin qazancı ikincilərin itkisindən daha çox olur. Bununla belə, azad ticarətin xeyrinə olan dəlillər daha ciddi xarakter daşıya bilər. Təhlilin bu yerində azad ticarətlə bağlı standart təhlilin köməyi ilə aşkar oluna bilməyən bəzi iqtisadi faydaları nəzərdən keçirək.
- Malların müxtəlifliyinin genişlənməsi: müxtəlif ölkələrdə istehsal edilən mallar təsadüfi hallarda bir-birinin eyni olur. Məsələn, alman pivəsi amerikan pivəsindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Azad ticarət istehlakçıları daha geniş çeşiddə mallarla təmin edir.
- Miqyas səmərəsi nəticəsində xərclərin aşağı salınması: bəzi mallar yalnız böyük həcmdə istehsal edilərkən, onlara çəkilən xərclərin səviyyəsi də aşağı olur. Bu hal istehsalın miqyasının artması nəticəsində qənaət adlanır. Əgər heç də böyük olmayan ölkənin firması yalnız daxili bazarı məhsulla təchiz edəcəksə, o,miqyas səmərəsindən istifadə etmək imkanını itirir. Azad ticarət isə bu firmaya iri dünya bazarlarına çıxmaq imkanı verir.
- Rəqabətin güclənməsi: beynəlxalq rəqabətdən qorunan şirkət demək olar ki, daxili bazarda hökmranlıq əldə edəcəkdir ki, bu da öz növbəsində, qiymətləri rəqabət səviyyəsindən yuxarı qaldırmağa imkan verəcəkdir. Bazarın çatışmazlıqlarından, qeyri-təkmil cəhətlərindən biri də özünü burada göstərir. Azad ticarət rəqabəti stimullaşdırır və «görünməz əl»ə öz funksiyasını daha səmərəli icra etməyə imkan verir.
- Ideyaların mübadiləsi: texnoloji nailiyyətlərin bütün dünyada geniş yayılması çox vaxt beynəlxalq ticarət tərəfindən onların köməkliyi ilə istehsal edilən məhsullar kimi qəbul edilir. Məsələn, kasıb kənd təsərrüfatı ölkəsi üçün kompüter sahəsində inqilab həyata keçirmək üçün ən yaxşı üsul onların daxildə istehsalını təmin etməyə cəhd göstərmək deyil, xaricdən kompüterlər almaqdır.
Beləliklə, azad beynəlxalq ticarət istehlakçıları müxtəlif mallarla təmin edir, firmalara istehlakın miqyasının artması ilə şərtlənən qənaətdən istifadə etməyə imkan verir, bazar rəqabətinin intensivləşməsinə şərait yaradır və yeni texnologiyaların yayılmasını asanlaşdırır. Əgər Izolandiya iqtisadçıları bu nəticələri həqiqətən vacib hesab etsəydilər, onlar prezidentlərinə daha qətiyyətli fəaliyyət göstərməyi tövsiyə edərdilər.

Iş yerləri
Azad ticarətin əleyhdarları çox vaxt iddia edirlər ki, digər ölkələrlə əmtəə mübadiləsi ölkədə iş yerlərinin ixtisarı ilə nəticələnir. Bizim misalda poladın azad ticarəti poladın daxili qiymətlərinin azalmasına, onun istehsalının aşağı düşməsinə və buna uyğun olaraq Izolandiyanın metal­lurgiya sənayesində məşğulluğun aşağı düşməsinə gətirib çıxaracaqdır.
Bəli, azad ticarətin nəticələrindən biri iş yerlərinin azalmasıdır, lakin digər nəticəsi yenilərənin yaranmasıdır. Əgər izolandiyalılar polad alırlarsa, deməli, digər ölkələr Izolandiyada zəruri mallar almaq üçün vəsait əldə edirlər. Izolandiya fəhlələri poladtökmə sənayesindən Izolandiyanın müqayisəli üstünlüklərə malik olduğu digər sahələrə keçəcəklər. Bu cür yerdəyişmə qısamüddətli dövrdə bəzi fəhlələrin vəziyyətinin pisləşməsinə gətirib çıxarsa da, bütövlükdə izolandiyalılara yüksək həyat səviyyəsi təmin edəcəkdir.
Ticarətin əleyhdarları çox vaxt xarici ticarət nəticəsində yeni iş yerlərinin yaranması fikrinə şübhə ilə yanaşırlar. Onlar deyə bilərlər ki, bütün malların istehsal xərcləri aşağı səviyyədədir. Azad ticarət şəraitində izolandiyalılar guya ki, heç bir sahədə səmərəli fəaliyyət göstərə bilməzlər. Lakin ticarətin faydası mütləq deyil, müqayisəli üstünlüklərə əsaslanır (3-cü fəsil). Hətta hər hansı bir ölkə digər ölkəyə nisbətən bütün malları daha yaxşı istehsal etsə də, bir-biri ilə ticarətdən hər iki tərəf fayda götürür. Son nəticədə, hər bir ölkədə fəhlələr öz ölkələrinin müqaysəli üstünlüklərə malik olduqları sahələrdə özlərinə iş yeri tapa biləcəklər.

 

0 şərh