25. Həmkarlar ittifaqları və kollektiv müqavilələr

UNIONS AND COLLECTIVE BARGAINING
Əmək haqqı və əmək şəraiti ilə bağlı iş verənlərlə danışıqların aparılması ilə məşğul olan əməkçi təşkilatları həmkarlar ittifaqları adlanırlar. Amerika fəhlə və qulluqçularının 16%-nin hazırda həmkarlar təşkilat­la­rının üzvü olduqlarına baxmayaraq keçmişdə bu təşkilatlar ABŞ-ın əmək bazarında əhəmiyyətli rol oynamışlar. Belə ki, 1940-1950-ci illərdə həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinin ən yüksək zirvədə olduğu illərdə bütün işçilərin üçdə biri həmkarlar ittifaqlarının üzvü idilər. Həm­kar­lar ittifaqları bir çox Avropa ölkələrinin həyatında mühüm yer tuturlar. Isveç və Danimarka kimi dövlətlərin əməkçilərinin 75%-i bu təşkilatların üzvüdürlər.

Həmkarlar ittifaqlarının fəaliyyətinin nəticələrinin iqtisadi təhlili
THE ECONOMICS OF UNIONS
Öz mahiyyətinə görə həmkarlar ittifaqları bir növ kartel xarakteri daşıyırlar. Hər hansı monopolistik birləşmə kimi o, öz daxilində birlikdə fəaliyyət göstərən və bazar qanunlarını birgə səylər vasitəsi ilə dəf etməyə güman edən satıcılar qrupunu təmsil edir. Fəhlələrin əksəriyyəti müəssisə sahibləri ilə əmək haqqı məsələlərini, pensiya təminatını və əmək şəraitini fərdi surətdə müzakirə edirlər. Həmkarlar ittifaqlarında toplaşmış işçilər isə bunu başqa şəkildə edirlər. Onların iş verənlərlə işə qəbul olma haqqındakı şərtlər barəsində razılaşmaları kollektiv əmək müqaviləsinin bağlanması haqqında danışıqlar zamanı əldə edilir.
Iş verənlərlə danışıqlar zamanı həmkarlar ittifaqları sahə üçün təyin edilmiş adi səviyyədən daha yüksək əmək haqqı, daha yaxşı pensiya təminatı və daha yaxşı iş şəraiti tələb edirlər. Əgər həmkarlar ittifaqlarının rəhbərləri müəssisənin sahibləri ilə razılıq əldə edə bilməsələr, onlar əməkçiləri işi dayandırmağa, yəni tətilə səsləyirlər. Tətil nəticəsində məhsul istehsalının və onun satışı həcmlərinin aşağı düşməsi, nəticədə isə şirkətin gəlirlərinin azalması baş verdiyinə görə işin mütəşəkkil surətdə dayan­dırılması ilə üzləşən müəssisə sahibləri əmək haqqının artırılmasına razılıq verməyə məcbur olurlar. Həmkarlar təşkilatlarının fəaliyyətini öyrənmək ilə məşğul olan iqtisadçılar müəyyən etmişlər ki, həmkarlar ittifaqları üzvlərinin maaşı ona üzv olmayan eyni ixtisaslı fəhlələrin maaşından orta hesabla 10-20% yüksək olur.
Həmkarlar ittifaqları tarazlaşdırılmış səviyyədən yüksək olan əmək haqqının alınmasına nail olduqları zaman işçi qüvvəsinə olan tələb azalır, işçi qüvvəsinə olan təklif və işsizliyin səviyyəsi isə yüksəlir. Həmkarlar ittifaqlarının fəaliyyəti bir çox hallarda müxtəlif işçi qrupları arasında, yəni müəssisədə işləyən və əmək haqqının yüksəlməsi üstünlüklərindən istifadə edən insayderlərlə işi olmayan autsayderlər arasında konfliktlərə səbəb olur. Bu cür şəraitdə autsayderlər adətən iki davranış üsulundan birini seçirlər. Bəziləri işsiz statusunu qəbul edərək iş əldə edənləri və insayderə çevriləcəkləri anı gözləməyə başlayırlar. Başqaları isə həmkarlar ittifaqları olmayan şirkətlərdə işə düzəlirlər. Beləliklə, həmkarlar ittifaqlarının iqtisadiyyatın bir sahəsində əmək haqqının yüksəlməsinə nail olmaları işçi qüvvəsinə olan təklifin yüksəlməsinə və iqtisadiyyatın həmkarlar ittifaqları olmayan başqa sahəsində isə əmək haqqının aşağı düşməsinə səbəb olur. Başqa sözlə desək, həmkarlar ittifaqlarının üzvləri kollektiv müqavilənin müəyyən etdiyi güzəştlərdən istifadə edirlər. Bu zaman başqa işçilər isə onların belə güzəştli vəziyyətlərinin haqqını qismən ödəmək məcburiy­yətində qalırlar.
Həmkarlar ittifaqlarının iqtisadiyyatdakı rolu müəyyən dərəcədə onların daxili nizamnaməsindən və kollektiv müqavilənin şərtlərindən asılıdır. Adətən kartelin üzvləri arasındakı konkret razılaşmalar qanunla ziddiyyət təşkil edirlər. Belə ki, əgər eyni məhsul istehsal edən firmalar onun satış qiymətlərinin yüksəldilməsi barəsində razılığa gəlmiş olsaydılar belə bir razılaşma «ticarət azadlıqlarını məhdudlaşdırmağa yönəldilmiş gizli  sövdələşmə» adlandırılardı, dövlət isə antitrest qanunlarını poz­duqlarına görə onları məhkəmə məsuliyyətinə cəlb edərdi. Lakin həm­karlar ittifaqlarının fəaliyyəti antiinhisar qanunvericiliyinin təsiri altına düşmür. Antitrest qanunları qəbul etmiş siyasətçilər inanırdılar ki, iş verənlərlə danışıqlarda işçilərin əlavə güzəştlərə ehtiyacı vardır. Həmkarlar ittifaq­larının fəaliyyətini rəğbətləndirən xeyli sayda qanunlar hazırlanmışdır. O cümlədən 1935-ci ildə qəbul edilmiş Vaqner qanunu iş verənləri həmkarlar ittifaqlarının yaradılmasına maneçilik etməməyi, onlarla sərfəli və vicdanlı əsaslarla danışıqlar aparmağa məcbur edirdi. Əmək münasibətləri məsələləri üzrə milli idarə kimi dövlət strukturu da əməkçilərin həmkarlar ittifaqları yaradılmasında hüquqlarının qorunması məsələləri ilə məşğul olur.
Həmkarlar ittifaqlarının hüquqlarına toxunan qanunvericilik məsələləri siyasi diskusiyaların daimi mövzusudur. Qanunvericilər vaxtaşırı olaraq həmkarlar ittifaqları hərəkatının yayıldığı firma işçilərinə onun sıra­larına daxil olmamaq imkanları verən əmək hüququ haqqında qanunları müzakirə edirlər. Belə bir imkan olmadıqda həmkarlar ittifaqları kollektiv müqavilə imzalandığı zaman şirkətin bütün işçilərinin icbari olaraq ona üzv olmalarını tələb edə bilərlər. Son illərdə işverənlərə tətillərdə iştirak edənlərin yerinə yeni işçilərin qəbul edilməsini qadağan edən qanunun qəbul edilməsi təklifi ciddi şəkildə müzakirə edilir. Belə bir qanun tətillərin vurduğu ziyanları çoxaldar, həmkarlar ittifaqlarının mövqelərini isə qüvvətləndirərdi.
Həmkarlar ittifaqlarının iqtisadiyyat üçün əhəmiyyəti
ARE UNIONS GOOD OR BAD FOR THE ECONOMY?
Iqtisadçılar arasında həmkarlar ittifaqlarının müasir iqtisadiyyatda rolu ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hər iki tərəfin arqumentlərini nəzərdən keçirək.
Həmkarlar ittifaqlarını tənqid edənlər bildirirlər ki, onlar kartellərin spesifik tipini təmsil edirlər. Həmkarlar ittifaqının təzyiqi altında əmək bazarında formalaşmış əmək haqqının yüksəldilməsi baş verdikdə bu işçi qüvvəsinə olan təklifin çoxalmasına, işsizliyin artmasına və iqtisadiyyatın başqa sahələrində əmək haqqının azalmasına səbəb olur. Alimlərin fikrincə, nəticədə işçi qüvvəsinin qeyri effektiv və ədalətsiz istifadəsi baş verir. Qeyri-effektivlik özünü həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə fəhlələr arasında sağlam rəqabəti təmin edən səviyyədən daha aşağı səviyyədə məşğulluğun azalması ilə özünü biruzə edir. Ədalətsizlik isə ondan ibarətdir ki, fəhlələrin bir hissəsinin vəziyyətinin yaxşılaşması digər hissəsinin vəziyyətinin pisləşməsi hesabına baş verir.
Həmkarlar ittifaqlarını müdafiə edənlər isə bildirirlər ki, əməkçi təşkilatları işverənlərin tam hökmranlığına qarşı müqavimətdir. Belə bir şəraitin bariz nümunəsi «şəhər-şirkətlər»dir ki, iri bir firmanın müəs­sisələrində şəhər əhalisinin əksəriyyəti çalışır. Əmək haqqının səviyyəsi və əmək şəraiti ilə razı olmayan şirkət işçisinin bu şəhərdə iki çıxış yolu vardır: ya işdən azad olmalı, ya da işləməyə davam etməlidir. Təbiidir ki, həmkarlar ittifaqlarının mövcud olmadığı belə şirkətlərdə işçilərin maaşları azaldıla və əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilən ehtiyatlar məhdudlaşdırıla bilər. Halbuki, başqa iri şirkətlərlə işçi qüvvəsi uğrunda rəqabət şəraitində belə bir vəziyyət mümkün deyildir. Belə hallarda həm­karlar ittifaqlarının fəaliyyəti iş verənlərin özbaşınalığından qorunmaqda fəhlələrin imkanlarını artırır.
Həmkarlar təşkilatlarının müdafiəsi üçün təklif olunan arqumentlər ara­sın­da əməkdaşların tələblərinə adekvat reaksiya verməkdə həmkarlar ittifaq­la­rının firma rəhbərliyinə köməklik göstərmələri də irəli çəkilir. Belə ki, yeni işçi­­lərin işə qəbul edilməsi zamanı əmək haqqı məsələsinin həllindən başqa əmək fəaliyyətinin digər aspektlərinin, yəni iş həftəsinin və məzuniyyət müd­də­tinin davamiyyəti, əlavə iş saatlarının və xəstəlik vərəqələrinin ödənilməsi, ixtisasın artırılması və əmək mühafizəsi mə­sələlərinin də razılaşdırılması həyata keçirilir. Fəhlələrin bu məsələlər ba­rəsindəki rəyini ifadə edərək həmkarlar ittifaqları şirkətlərə əməyin normal təşkili üçün lazım olan şəraitin yaradılması haqqında düzgün məlumatlar almağa imkan yaradırlar. Buna görə həmkarların fəaliyyətinin əmək haqqının tarazlaşdırılmış səviyyədən yüksəyə qaldırılmasında və işsizliyin artmasında müəyyən mənfi nəticələrə səbəb olmasına baxmayaraq onlar işçi qüvvəsindən səmərəli istifadə etmək üçün lazımi şəraitin yara­dılmasında müəssisənin rəhbərliyinə kömək edirlər.

Yekun olaraq bir daha təkrar edirik ki, həmkarlar ittifaqlarının rolunun dəyərləndirilməsində iqtisadçılar arasında vahid rəy yoxdur. Başqa təşkilatlar kimi onların fəaliyyətinin bir şəraitdə müsbət, digər şəraitdə isə mənfi nəticəsi ola bilər.

 

1 şərh

Aysel218
tesekkurler men de iqtisadci olacam gelecekde...universitetde THI-de feal telebelerdenem