29. Açıq iqtisadiyyatın makroiqtisadi nəzəriyyəsi

Son on ildə ABŞ-da əmtəə və xidmətlərin idxalı ixracı həmişə üstələmişdir. Başqa sözlə, Birləşmiş Ştatların xalis ixracı göstəricisi mənfi olmuşdu. Hərçənd iqtisadçılar amerikan iqtisadiyyatı üçün xarici ticarət kəsiri probleminin ciddilik dərəcəsi haqqında mübahisəni davam etdirirlər, işgüzar dairələrin onun barəsində özlərinin dəyişməz fikri var. ABŞ-ın çoxlu biznesmenləri göstərirlər ki, ticarət kəsiri haqsız rəqabətin ifadəsidir. Onların fikrinə görə xarici firmalara amerikan bazarlarında məhsul satmağa icazə verilir, eyni zamanda digər ölkələrin hökumətləri isə öz­ləri­nin daxili bazarlarında ABŞ-ın ticarət kompaniyalarına maneələr yara­dırlar.
Təsəvvür edin ki, siz ABŞ-ın prezidentisiniz və iqtisadiyyatı ticarət kəsirindən qurtarmaq qərarına gəlirsiniz. Siz nədən başlamalısınız? Bəlkə idxala məhdudiyyət qoymaq, məsələn, Yaponiyadan gətirilən avto­mo­billərə kvota qoymaq lazımdır? Və yaxud xarici ticarət kəsirinə digər üsullarla təsir etməyə cəhd etmək lazımdır?
Ölkənin xarici ticarət balansını hansı amillərin müəyyən etdiyini və ona dövlətin iqtisadi siyasətinin necə təsir etdiyini başa düşmək üçün bizə açıq iqtisadiyyatın makroiqtisadi nəzəriyyəsi lazımdır. Əvvəlki fəsildə biz müxtəlif ölkələrin iqtisadiyyatının qarşılıqlı fəaliyyətinin təsvirini verən əsas dəyişənlərlə – xalis ixrac, xalis xarici investisiya, real və nominal mübadilə kursu ilə tanış olmuşduq. Fəsil 29-da isə biz bu kəmiyyətləri müəyyən edən qüvvənin təbiətini, həm də baxdığımız göstəricilərin qarşılıqlı əlaqəsini başa düşməyə imkan verən model quracağıq.
Açıq iqtisadiyyatın modelini yaratmaq üçün biz bizim əvvəlki tədqiqatımızın iki nəticəsinə diqqət yetirəcəyik. Birincisi, bizim modeldə məlum parametr kimi ümumdaxili məhsulun (ÜDM) kəmiyyəti istifadə olunacaqdır. Biz nəzərdə tuturuq ki, ÜDM-la ölçülən ölkə iqtisadiyyatının buraxdığı əmtəə və xidmətlər istehsal amillərinin təklifilə və mövcud sənaye texnologiyası ilə müəyyən olunur. Ikincisi, modeldə məlum kimi iqtisadiy­yatda əmtəə və xidmətlərin qiymət səviyyəsi istifadə olunacaqdır. Biz ona əsaslanırıq ki, qiymətin səviyyəsi pula tələb və təklifi tarazlıq vəziyyətinə gətirib çıxaracaqdır. Başqa sözlə, bu fəsildə tədqiqatın başlanğıc nöqtəsi kimi biz tərəfdən alınmış istehsalın həcminin və qiymətin səviyyəsinin müəyyən olunmasına aid olan nəticələr istifadə olunur.
Bizim model qurmağımızın məqsədi – milli iqtisadiyyatın xarici ticarət balansını müəyyən edən iqtisadi qüvvələri və mübadilə kurslarının rolunu göstərməkdir. Bu mənada model sadədir: biz tələb və təklifin qarşılıqlı fəaliyyət mexanizmini açıq iqtisadiyyata tətbiq edirik. Eyni zamanda da biz iki qarşılıqlı əlaqədə olan bazarlara: borc vəsaitləri bazarına və xarici valyutanın mübadiləsi bazarına eyni vaxtda baxdı­ğımız­dan da o əvvəlkindən çox mürəkkəbdir. Açıq iqtisadiyyat modelini işləyib hazırladıqdan sonra, biz onu xarici hadisələrin və dövlətin xarici ticarət balansına və milli valyutanın mübadilə kursuna təsir göstərən müxtəlif siyasi fəaliyyətlərin tədqiqi üçün istifadə edirik. Sonra biz ABŞ-ın xarici ticarət kəsirinin ən böyük ehtimalla azaldılmasına səbəb olan dövlət siyasətinin istiqamətini müəyyən edirik.

 

0 şərh