Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi

Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Bu halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici) xarkter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları  liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.
İkinci qrup institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial      demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial dövlətin İsveç modelini göstərmək olar.
Hər iki qrup arasında fərq bu və ya digər amillərin hamısının olub      olmamasından deyil, onlar arsında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.
Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial müdafiə vətəndaşların ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır.
Əhalinin sosial müdafiəsai yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumi və orta təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri olan tədbirləri və s. əhatə edir.
Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir. Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir. Deməl olar ki, bütün ölkələrdə sosial sığota və yoxsullara dövlət köməyi proqramları vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin itirilməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə dövlət yardımı proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə sıöortalanması və s. daxildirlər.
Əhalinin sosial müdafiə tədbirləri müxtəlif fondlar hesabına maliyyələşdirilir. Buraya müxtəlif səviyyəli fondlar, sosial müdafiənin büdcədənkənar dövlət fondları, işsizliyə görə sığorta fondları, ictimai və xüsusi xeyriyyə fondları aiddir.
Əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının nəzərə alınmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə, indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir.
İndeksasiya sistemi bir sıra meyarları ilə səciyyələnir.İndeksasiya qiymətlərin qadırılmasından əvvəl və ya sonra həyata keçirilə bilər.İndeksasiya makro və mikrosəviyyədə həyata keçirilir. Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş ən yüksək gəlirləri olanların minimum kompensasiyasını əhatə edir.
 

0 şərh