Onlayn bankinq

Internet bankinqin tədqiqinin aktuallığı internet vasitəsilə xidmət göstərən bankların sayının artması ilə bağlıdır. Müştərilərinə internet vasitəsilə xidmət göstərən ilk bank 1995-ci ildə yaranmışdır. O, Security First Network Bank idi. Birinci ilin nəticələrinə əsasən ilin sonunda bankın aktivləri 110 mln dollar, kapitalın aylıq artma faizi 20%, müştəri hesablarının sayı isə on mini ötmüşdü.
2001-ci ilin mart ayında Yaponiya hökuməti Sony korporasiyasının onlayn bankının açılmasına lisenziya verdi. Bankın fəaliyyətinin ilk ayında artıq 21000 hesab açılmışdı. Yaponiya və Amerikada bu sahənin inkişafı artıq 2004-cü ilin sonunda hər 3 bankdan birinin internet bankinq xidmətini dəstəkləməsi ilə nəticələndi. Internet bankinq həm sistemin müştəriləri həm də banklar üçün üstün əhəmiyyətə malikdir. Əməliyyatların internet vasitəsilə aparılması bankların xərclərini azaldır. Internet bankinqin maya dəyəri bankomat şəbəkəsinin xidmət xərcləri ilə müqayisədə daha aşağıdır. Internet bankinq bankomatların saxlanması, inkassasiyası və sığortası xərclərini daxil etmir.
Internet bankinq müştərilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilib. Üstünlüklər kimi aşağıdakıları qeyd etmək olar:

  • əməliyyatların aparılmasının operativliyi
  • bankın ofisinə gəlmədən müştərinin günün istənilən vaxtında bir çox əməliyyatları aparmaq imkanının olması
  • kommunal ödənişləri aparmaq
  • valyutanı almaq və satmaq imkanı
  • hesab üzrə çıxarışları əldə etmək.
  • internet maqazinlərdə alış-veriş etmək imkanı və s. tipli xidmətlər
  • konsultasiya və informasiya məlumatlarının əldə edilməsi
  • hesabın idarə edilməsi və hesablar arası vəsaitlərin köçürülməsi
  • konvertasiya əməliyyatları, pul köçürmələrinin aparılması, kredit əməliyyatları

İnternet bankinq xidməti vasitəsilə ödənişlər onlayn rejimdə həm yerli valyuta, həm də xarici valyutada aparılır. Internet bankinqin tarifləri bankdan banka fərqlənir və bu tariflər adətən özünə aşağıdakıları daxil edir: qoşulma haqqı, abunə haqqı və müxtəlif növ ödənişlərin aparılması üzrə komissiya. Son vaxtlar qoşulma haqqı nadir hallarda tutulur və sistemin texniki təşkilini nəzərdə tutur. Abunə haqqı bütün banklarda mövcuddur, lakin qeyd olunmalıdır ki Alfa-bank Ekspess və Citibank kimi banklarda bu ödəniş tək internet bankinq xidmətlərini yox, həm də plastik kartın verilməsini də nəzərdə tutur. Ödənişlərin aparılması üzrə komissiya adətən aparılan ödənişin müəyyən faizini nəzərdə tutur.
Bankın internet saytına yalnız kompüter vasitəsilə yox, WAP texnologiyalı (Wireless Application Protocol) mobil telefondan da istifadə etmək olar. Bu xidmətə də ayrıca ad verilib — WAP bankinq və ya mobil bankinq (m-bankinq).
Bununla belə qeyd olunmalıdır ki internet bankinqdən söhbət gedəndə yüksək standartlaşmış əməliyyatlar nəzərdə tutulur, Internet bankinq xidmətindən istifadə edən müştəri banka getməyə də bilər. Qərb internet banklarında prosess aşağıdakı kimi olur: müştəri bankın saytında qeydiyyatdan keçir, şəxsiyyətinin təsdiqi üçün sosial sığorta nömrəsini qeyd edir və müvəqqəti parol əldə edir (hansını ki sonralar o özü dəyişə bilər). Poçt rekvizitlərini qeyd edəndən sonra sifarişçi poçt vasitəsilə lazımi məlumatları alır - rekvizitlər, çek, bank kartları, imza üçün kart (hansını ki banka geri göndərməlidir). Banka bütün pullar ya nağdsız yollas ya da poçt vasitəsilə göndərilir. Hesabın vəziyyəti ya internet ya da ATM vasitəsilə yoxlanılır. Bankomatdan hesab haqda məlumat alarkən autentifıkasiya üçün plastik kartlardan istifadə olunur. Hesabın idarə edilməsi, nağdsız hesablaşmalar internet vasitəsilə reallaşır. Internet vasitəsilə həmçinin kredit də götürmək olur. Əgər müştəriyə konsultasiya lazım olursa bu ya elektron poçt vasitəsilə,ya da telefonla canlı ünsiyyət vaxtı reallaşır.
Internet bankinq bank tərəfindən təklif edilən yeni xidmət deyil, bu sadəcə mövcud ənənəvi bank xidmətlərinin yeni texnika və texnologiya ilə təkmilləşmiş bir formasıdır. Internet şəbəkəsində yerinə yetirilən bank əməliyyatları bankın fıliallarında yerinə yetirilən əməliyyatlarla eynidir. Onlar yalnız müştəri ilə əlaqənin interaktiv forması ilə fərqlənirlər. Belə əlaqə daha səmərəli sayılır. Buna uyğun olaraq internet bankinqin aşağıdakı faktorları qeyd olunmalıdır:

  • elektron bankinq yüksək keyfiyyətli back-office sistemi tələb edir, hansı ki həm müştəri xidmətinin müxtəlif rejimlərini nəzərə almalı (standart, ekonom, VİP müştəri tarif planları), həm də əməliyyatlar vaxtı meydana gələn riskləri yoxlamalıdır.
  • Internet daha rəqabətli mühitdir, belə ki real zaman rejimində əməliyyatlar aparmağa imkan verir (axtarış sistemləri müştəriyə müxtəlif banklar tərəfindən təklif olunan xidmətlərin şərtini araşdırmaq və optimal olanı seçmək imkanı yaradır)
  • İnternet bankinq qlobal mühit olmaqla biznesin strukturunu internet-iqtisadiyyatın xeyrinə dəyişməyə məcbur edir
  • Internetin banklar üçün cəlbedici olmasının başqa səbəbi elektron kommersiyanın belə sürətli inkişafıdır

Ümumiləşdirilmiş şəkildə onlayn bankçılığın üstünlüklərini belə göstərmək olar:

  • Rahatlıq — adi banklardan fərqi ondan ibarətdir ki, onlayn bank saytları həmişə açıqdır: günün 24 saatı, həftənin 7 günü müştərilərin istifadəsindədir. Yerli bank tərəfindən göstərilən bütün xidmətləri web saytda tapmaq olur. Yeni çek kitabçası sifariş vermək və ya bank çekini ləğv etmək üçün yerli bank şöbəsinə getmək və ya ora zəng etməyə ehtiyac yoxdur - bunların hamısını internet vasitəsilə reallaşdırmaq olar.
  • Daşınan olması - əgər müştəri şəhər kənarındadır və pul problemi yaranırsa, bu zaman hesabın daşınan olması istifadəçiyə istənilən yerdə internet vasitəsilə hesaba girişi təmin edir. Bu onlayn bankçılığın adi banklardan ən üstün cəhətidir.
  • Hesablaşma sürəti - onlayn bank saytları hesablaşmanı ATM-lər kimi, hətta onlardan da sürətli icra edir və təsdiqləyir. Bu o deməkdir ki istifadəçi hesabından pul götürdükdə, və  ya hesabına pul  qoyduqda balansın yeniləşmə sürəti ATM-dəki kimi, hətta ondan da sürətli olacaq.
  • Effektivlik - hazırda bir çox onlayn bankçılıq saytları müştəriyə əmlakından daha effektli istifadə etmək üçün müxtəlif metodlar təklif edirlər. Bu metodların çoxu da maliyyənin idarə edilməsi proqramlarına( məsələn, Microsoft Money) uyğun tərtib edilir.

Bununla yanaşı onlayn bankçılığın bəzi mənfi tərəfləri də qeyd olunmalıdır.

  • ATM-lərin olmaması - virtual bankların ən əsas çatışmazlığı ATM-in olmamasıdır. Buna əsasən müştərilər digər bankların ATM-lərini istifadə edə bilər. Lakin bir çox virtual banklar depozitləri ATM vasitəsilə qəbul etməyə bilər. Bu səbəbdən hesaba pulu yaxud çeki köçürmək üçün ya poçtdan istifadə etmək (bu yol bir az etibarsız sayılır), ya da ki pulu başqa hesabdan köçürmək lazımdır.
  • Işə salma vaxt tələb edə bilər — bankın onlayn proqram qeydiyyatdan keçmək üçün müştəri bankın şöbəsinə gələrək səxsiyyət vəsiqəsini təqdim etməli və sənədi imzalamalıdır.  Əgər bu qəti virtual bankdısa, onda müştəriyə lazımi sənədlər poçt vasitəsilə göndərilir və müştəri sənədləri imzaladıqdan sonra onları geri göndərməlidir. Bununla əlaqədar olaraq hesabın aktivləşməsi bir neçə gündən 1 həftəyə kimi çəkə bilər.
  • Öyrənmə mürəkkəbliyi - ilk baxışda bankinq saytları çətin idarə olunan görsənə bilər. Xüsusilə də internetin istifadəsində o qədər də bacarıqlı olmayan şəxslər üçün onlayn hesabın açılması, və ya onlayn olaraq kredit götürmə qəliz proses kimi görsənə bilər. Bu əməliyyatların aparılma qaydasını öyrənmək vaxt tələb edə bilər.
  • Istifadəçi tərəfindən inamsızlıq - bir çox adamlar üçün virtual banklardan istifadəyə əsas maneə inamsızlıqdır. Şübhələrin yaranmasına səbəb də odu ki, bütün əməliyyatlar virtual olaraq həyata keçirilir - bank işçisi ilə canlı ünsiyyət olmur.
  • Bankın saytı dəyişə bilər - hətta ən böyük banklar vaxtaşırı onlayn proqramlarını yeniləşdirir. Bəzi hallarda istifadəçi hesabı haqqında məlumatı yenidən daxil etməli olur.

Telefon bankinq banklar tərəfindən müştərilərinə telefon vasitəsilə maliyyə əməliyyatı aparmaq imkanı verən xidmətdir. Təhlükəsizliyi təmin etmək üçün müştəri ilk olaraq bankın nümayəndəsinə parolu deməlidir. Nağd pulun çıxarılmasından başqa, bu sistem ATM-dəki bütün xidmətləri yerinə yetirir -balansdakı hesab haqqında məlumat və son sövdələşmələrin siyahısının əldə edilməsi, elektron hesab ödəmə, istifadəçi hesabları arasında pul köçürmə və s. Yuxarıda qeyd edilən xidmətlərdən savayı, telefon bankinqa çek kitabçalarının sifarişi, debit kartların dəyişdirilməsi, ünvanın dəyişdirilməsi, ssudaya müraciət və s. daxildir.
Hazırda telefon bankinqin bir qolu sayılan mobil bankinqdə geniş yayılmağa başlayıb. M-bankinq (və ya SMS-bankinq) mobil telefon vasitəsilə hesabin yoxlanılması, hesablaşmaların, ödənişlərin və s maliyyə xidmətlərinin aparılmasını təmin edən e-bankinq xidmətidir. Hazırda m-bankinq ya SMS, ya da mobil telefondakı internet vasitəsilə reallaşır. Mobil bankinq bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı 3 xidməti əhatə edir: mobil mühasiblik, mobil brokerlıq, mobil maliyyə informasiyası xidmətləri.

 

1 şərh

Arzt
Yeri var internet bankçılıq daha da asan olan versiyadır.Amma gərək hesab açmağa pul olsun da...:-)