Qırmızı Damla - (Qorxulu Əhvalatlar silsiləsindən) - 3-cü fəsil

I I I

ARZUOLUNMAZ QONAQ

2020- Yer Planetinin orbiti, Azərsat-1

Azersat-1 kosmik stansiyasına Qazaxıstan seqmenti olan “Bakıt” –ın qoşulmasından artıq 1 həftə ötürdü.  Baş və törəmə modulun lehimlənməsindən sonra, çəkisizlik şəraitində əsas girişdən yuxarı doğru üzən,  Bakıtın yeganə ekipaj üzvü Müslüm Kaibov, ilk baxışdan,  idarəetmə otağında səbirsizliklə gözləyən heyətdə, komik, duzlu-məzəli bir astronavt təəssüratı yaratmışdı. Heç 2 gün çəkmədi ki, orta boylu, çatma qaşlı, əsgər saç düzümlü bu astranavtın sözün əsl mənasında zəhər tuluğu olduğunu anlasınlar, Belarusdan  olan Andrey Kazanov,  Gürcüstandan olan Nado Gelaşvili, Rusiyadan olan  Yeqor Mironov, ABŞ-dan olan Keyt Blək və heyət lideri olan Azərbaycanlı  Etibar Dadaşov,  Qazaxstanlı həmkarlarının belə soyuqqanlı olmasından çaşqınlıq içində idi. Adətən ağırlıq qüvvəsindən sonra çəkisizlik mühitinə düşəndə və əksinə transformasiyalar zamanı kosmonavtlar çox xoşagəlməz hallar keçirir, bir növ revmatizmin ən sərt formasını özlərində yaşamalı olurdular. Bədənə təsir edən cazibə qüvvəsi qaib olduğundan, bədəndə sümüklərin nisbətən ləng yeyilməsi, əzələlərin boşalması prosesi işə düşür. Bu baxımda, kosmonavtlar 3 aydan sonra Yerə “qayğanaq” formasında qayıtmamaq üçün yeməkdən çox müntəzəm idmanla məşğul olmağa məcbur idi. Kaibovun belə uyğunlaşma keçirdiyi gümanı ilə, onu ilk əvvəl elə ən unikal idman alətləri ilə təchiz olunmuş  məşq şöbəsinə yolladılar.

***                       ***                        ***

Bir neçə gün sonra

-         Yuxarıdan Yerə baxanda, adamın ürəyindən pəncərəni açmaq keçir, sanki illüminator bu dəqiqə necəsə açılsa, ordan içəri sərin meh daxil ola. Sən belə hiss keçirməmisən Yeqor?

Andreylə Yeqor istirahət vaxtı, öz aralarında danışa bilsinlər deyə, alt və üst kabinanı yataq otağı seçmişdilər, çəkisizlik şəraitində yuxarı-aşağı anlayışı aradan qalxdığından, üzbəüz kabinalarda, uzanmış vəziyyətdə, bir-birlərini görə bilirdilər. Yandakı kabinetdə  tənzimləyici yataq kostyumunda yatan gürcüstanlı astronavt Nado, belarus və rus həmkarının ucadan danışmasına etiraz olaraq öz dilində nə isə donquldandı.

-         Andrey sən lap çığıra-çığıra danışırsan, görmürsən artıq yuxuya gediblər....-Yeqor gileyləndi-… Hə düz deyirsən...Eh sənə nə var ki, kabinandakı illüminator düz bizim sevimli mavi planetə baxır, məndə isə bu ayıra bilmədiyim bürclərdən başqa heç nə gözə dəymir.

(sənə heç lazım da deyil, onsuzda qayıdanda Yerdən bir şey qalmayacaq, bəlkə heç qayıtmadında “Samovar”)

Çay məcrasından çıxan kimi, qan dövranında da nəisə çalxalanmaların-təlatümlərin getdiyini hiss etdi, eşitdiklərindən sonra. Boynunda soyuq tər damcısı əmələ gəlib, beli boyunca aşağı yayıldı. Tükləri də iynə kimi biz-biz durmuşdu. Onu “Samovar” deyə uşaqlıqda Rostovda oxuduğu orta məktəbdə çağırırdılar. Çünki yeniyetməlik dövründə siması bir qədər eybəcər, idi başı “qazan”, çənə hissəsi isə arıq olduğundan, yadplanetliləri xatırladırdı, görünür hansısa yaramazın gözündə Yeqor yadplanetliyə yox samovara bənzəyib. Moskvaya köçdükdən sonra, tam yeni həyata başlamışdı, hörmət-izzət sahibi olmuşdu. Təxminən 30 ildən sonra yenidən Samovar deyən çağırılması, qıcıq bir yana onu qorxuya saldı. Axı Andrey bunu hardan bilə bilərdi?

-         Nəisə dedin Andrey? – Yeqor çaşqın vəziyyətdə soruşdu. Ona elə gəldi ki, sabit tonlu bu səs heç də Andreyin səsinə oxşamır, üstəlik elə bil lap qulağının dibinə pıçıldamışdılar.

-         Mən heç nə...hə, bayaq deyirdim ki, Yer üçün çox darıxmışam.-  Andrey  yanındakı elektron düymələrin qırmızı-yaşıl diodlarından çıxan işığın gözünü dəlməməsi üçün artıq üzərinə qara parçadan olan gözlüyü keçirmişdi. Bu  “artıq yuxuya gedirəm” anlamını gəlirdi.

Yeqor  həyəcanını boğa bilməsə də, artıq dostunun yatdığını görüb, tənzimləyici kostyumda yerini rahatladı, bir söz demədən gözünü yummağa çalışdı. Müəmmalı səs nəidisə, fikrindən çıxmırdı.  Qarşısında anidən qaraltı gözə dəydi.

-         Qorxutdun məni, PATSAK!

...necə də ağlından çıxıb, ekipaj üzvlərindən olan tibbi və xidmətçi robot ona dövri başağrılarına qarşı həb gətirmişdi. Robot  məşhur Sovet filmi Kin-dza-dza –dakı eyni adlı yadplanetliyə bənzədiyindən kosmik stansiyanın heyət üzvləri əsl adı qəliz seriya və rəqəmlərdən ibarət olan bu robotu PATSAK adlandırırdı. Film nə qədər qəribə səslənsə də, 21-ci əsrin üçüncü-dördüncü onilliyində birdən birə şöhrət qazanmışdı. Rus dilini bilməyən yeganə ekipaj üzvü Keyt Bləkə gəlincə, o ümumiyyətlə söhbətin nədən getdiyini bilmədiyindən, tibb robotunu sadəcə Patz adlandırırdı.

Patsak Yer-dəki mühəndislər tərəfindən elə qurulmuşdu ki, baş hissəsini 360 dərəcə fırlaya bilirdə, və buna görə istiqaməti dəyişməsi üçün gövdəsini burmağa lüzum qalmırdı. Bu onun ən qorxulu cəhəti idi, və astronavtlar, Bakıdakı mərkəzə aylıq şikayət və təkliflərində, hərəkət zamanı belə vahiməli görünüşün onlarda narahatlıq yaratdığını bildirmiş, yeni buraxılışlarda bunun nəzərə alınmasını təklif etmişdi.

Necə deyərlər “Yeddi kürdün işini görən” və ekipaj üzvlərinin əmrlərinə müntəzir olan Patsak yerindən götürüldü, qrafiq üzrə görməli olduğu prosedurları davam etdirməyə yollandı. Uşaqlıqda  Suxumidə meşəlikdə gəzişərkən, iri hörümçək toruna necə ilişmişdisə, hər dəfə həyəcanlı anlar keçirəndə özünü həmin ağ tələyə düşmüş  kimi hiss edirdi. Yəqin ki, Yerdəki psixoloqlar onun bu  araxnofobiyasından bixəbər idi, özü yaxşı bilirdi ki, cüzi bir psixoloji qüsur onun uzun illər kosmik uçuşla bağlı gözləntilərini bir anın içində puç edə bilər. Ürəyi sıxıldığından yataq kostyumundan çıxıb arakəsməyə tərəf süzdü. Stansiyada bütöv bir mətbəxi balaca bir rəf əvəz edirdi, içindən istənilən yerli xarici yeməklərin balaca tubiklərdə jele forması vardı. Əlini atıb, konservləşdirilmiş banan pudinqi qamarladı. Birdən yadına düşdü ki, ona həkim qəti şəkildə banan yeməməyi tapşırmışdı.

Çox keçmədən  qatı sarı, kənardan baxana sümük bərkidən,zədələrə qarşı dərman geli kimi görünən, sıxlaşdırılmış məhlulun artıq acımış mədəsinə yağ kimi yaxıldığını hiss etdi.  Tübiki əlindən qoymamış diqqətini  stansiyanın kiril “q” hərfi şəklində burulan sağ bucaq seqmentindən gələn pıçıltı diqqətini cəlb etdi.  İstənilən modulun və seqmentin divarlarında sonadək uzanan dəmir dəstəklər quraşdırılmışdı ki, ekipaj üzvləri ondan tutmaqla çəkisizlik şəraitində süzmək üçün özlərinə daha yaxşı təkan verə bilsin. Bu qəza, fors-major hallarda vaxta qənaət demək idi. 45 dərəcə burulan dəstəkdən yapışdı və artıq dönməyə hazırlaşırdı ki,  arxadan kimsə yaxşıca köynəyindən yapışdı, onu saxlamağa çalışdı. Gövdəsi yerində qaldığından ayaqları özündən asılı olmayaraq havada ondan qabağa qalxdı. Ayaqları aşağı salmadan,  bu darısqal mətbəx keçidində  onu saxlayan bu güclü əl sahibinin kim olduğunu öyrənmək istədi.  Onu saxlayan Birləşmiş Ştatlardan olan astronavt Keyt Blək idi. Rusca qırıq-qırıq cümlə ilə:

-         Tss… Yavaş səs çıxarma –söhbəti sonra öz ana dilində, ingilis dilində davam etdirdi-  2 saata yaxındı onu izləyirəm...Bunun nəisə ciddi problemləri var, özün başa düşürsən də məni ?- deyə barmağını gicgahının ətrafında sanki gözəgörünməz  milçək tuturmuş kimi fırlamaq Yeqora işarə etdi.

Yeqor bir qədər donub qalmışdı. Çünki başa düşə bilmirdi, söhbət kimdən gedir, nə barədə gedir.  Yeqorun gözlərini bərəldiyini görüb başını buladı, yenidən nazik, solmuş dodaqlarını az qala rusiyalı həmkarının qulaqlarına “dürtüb”,

-         Qazaxı deyirəm...2 saatı  holoqramlı lövhə ilə kiminləsə danışır. Hərdən çığırır, hərdən küçük kimi zingildiyir, başa düşə bilmədiyim dildə, nəisə yalvarırcasına ifadələr işlədi.

Yeqor köks ötürdü...Bu qadınlar hər şeyə görə təşvişə düşürlər… Yetər ki, birində nəisə əyər-əksiklik aşkar etsinlər, ondan sonra dünyada nə qədər insani-qeyri insani qüsurlar var hamısını həmin şəxsin boynuna qoyurlar- deyə özlüyündə gileyləndi.

-         Keyt, canım...(ingilis dilin “honey”- balım müraciət formasını işlətməyi çox sevərdi, xüsusilə ona yaxın olan qadınlara)..görürsən ki, bu yazığı ölkəsindən güc-bəlayla göndəriblər,....yox-yox...səni əmin edirəm bu elə məcbur olub uçub bura...Yəqin Qazaxstanla danışır, bu adam ipə-sapa yatan deyil. Gəl onda işin olmasın, qoy neyniyir eləsin?

-         Onu demirəm… qəribə insan olmağını məndə bilirəm… Siz bayaq uşaqlarnan  laboratoriya seqmentində, gövdə hüceyrələri üzərində sınaqlar aparanda, mən  bildiyin kimi “sibirdə” (ekipaj üzvləri  ən son nöqtədə yerləşən ən erkən modullardan olan bu  şöbəni, qaranlıq və vahiməli olduğu ilə yanaşı həm də nadir istifadə zərurətinə görə belə adlandırırdı) speysuolk skafandrımı dəyişməyə çalışırdım...Yadındadır da mənlə Nado gələndə ehtiyat geyimləri, bizə aid ləvazimatların bir hissəsini bura qoymuşdum...  İçəri qaranlıq olsa da səliqə-səhman yaratdığımnan, nəyin harda olduğunu yaxşı bilirdim. Təkcə sistem blokunu yandırmışdım ki, azınan siferblatın işıqları azda olsa mənə yardımçı ola.  İstəyirsən inan-istəyirsən inanma...amma vicdanıma and içirəm, qəfildən  çıxış lyukuna nəyinsə guppultu ilə çırpıldı....Ürəyim yerinnən qopdu. Qorxudan yerimdə lal-dinməz qalmışdı....Dedim yəqin göydə yuvarlanan meteorit parçası idi dəyən… skafandr bağlamasını götürüb aradan çıxmaq istəyirdim ki, gördün, lyukun dairəvi dəstəyi burulur....Bax xatırladıqca əllərim tir-tir əsir.

Tam əmin olsun deyə yarpaq kimi əsən barmaqlarını Yeqora göstərdi...Yeqor əllərini ovucunun içinə alıb, ovxalamağa başladı...

hə onu deyirəm də, gördüm dəstəy açılır...məcbur olub siferblatı söndürdüm, altında gizləndim… Lyuk açılan kimi, ağ skafandrlının sanki təqibdən qaçan biri kimi, özünü içəri soxduğunu, arxasıncada  lyuku var gücü ilə bağladığını gördüm… skafandr bizim skafandr idi (Keyt NASA-nı nəzərdə tuturdu)....kaskasını çıxaran kimi, onun Qazax olduğunu başa düşdüm.  Əynini tez dəyişib skafandrı yenidən qablaşdırdı.

Bəli Yeqor məsələnin ciddi olduğunu fərqinə vardı.  Bakı Kosmik İdarəetmə Mərkəzinin icazəsi olmadın kimin nə ixtiyarı vardı, açıq kosmosa çıxa,  yalnız qəza zamanı və ya Yer planetindən olan jurnalların “çoxminmanatlıq” sifarişi əsasında kosmosun, Yer planetinin və ya bürclərin yüksək dəqiqlikli fotoşəkillərin çəkməz lazım gələndə, stansiyanın hüdudlarını tərk edə bilərdi. Nə olsun! İstər-istəməz kosmosa çıxışı Bakı ilə uzlaşdırmaq lazım gəlirdi. Əks təqdirdə, bu kosmonavtın ranqının aşağı salınması bahasına başa gələ bilərdi. Yeqorun ilk ağlına gələn  Kaibovun vəzifədən suistifadə edib, əlavə qazanc əldə etməyə çalışması və ya sadəcə iki cəbhəyə işləməsi idi...Yeqor özü rus idi, və müştərək layihədən həm Rusiyanın həm ABŞın, həm də Avropa ölkələrinin öz maraqları vardı...Onlar istər istəməz öz kosmonavtları və ya astronavtları sayəsində buradan məxfi və ya “şəffaf” məlumatları öz ölkə rəhbərliklərinə çatdırırdı. Ona görə iki cəbhə dedikdə, ikinci cəbhə Çin və ya başqa radikal yönümlü şərq dövləti ola bilərdi. Kosmik nailiyyətləri ilə NASA-nı üstələməyə çalışan Hindistan belə istisna deyildi.

-         Belə...Gəl bir yerdə yaxınlaşaq Dadaşova..-Yeqor qolundakı “ağıllı” saata baxdı. Lazımı düyməni basıb, heyət liderinin loginini seçdi. Budur artıq  ekranda bığıburma, saçlarını səliqəli şəkildə yana daramış, suyuşirin Dadaşovun siması canlandı. Xüsusi idman geyimində idi. Trenajorlara bütün enerjisini sərf edərdi, Alnında yığılan tər damcılarından biri başından ayrılıb köpük şəklində sərbəst kurs götürdü.  Stansiyada hər şeydən əvvəl  su ilə diqqətli olmaq lazım gəlirdi. Ağırlıq qüvvəsi olmadığından, su kosmosda “hərəkətdə olan ölümə” bərabər idi, ehtiyatsızlıq üzündən dağılmış su, iri  damlalara çevrilərək, xaotik şəkildə hərəkət edir. Vaxtından quru əskiylə yığmadıqda, sistem blokuna, seqment qurğlarına, kondensatora hopub, sistemdə ciddi pozuntulara və bəzən qəzaya, yanğına belə səbəb ola bilərdi. Dadaşov dərhal tər damcısını əli ilə tutub xüsusi olaraq suyu özünə hopdura bilən materialdan hazırlanmış idman kostyumuna sürtdü.

-         Buyur Yeqor...eşidirəm səni...Aha...Keyt də burdadır ki,...niyə belə qaş-qabağınızı sallamısız.- yenidən üz-gözünü dəsmalla quruladı...- Bir qədər təngnəfəs oldum, gərək məni bağışlayasız.

-         Ciddi bir məsələ var, yoldaş kapitan.

Keytin sözü ağzında deyil boğazında qaldı, çünki sözü gedən şəxs şaməridən baxışları ilə yanlarından necə ötüb keçdisə,keytin bütün bədənini təlatüm bürüdü. Yeqora tərs-tərs baxıb başını buladı, arxası üstə onlara baxmağa davam edərək, süzdü və yataq kabinasına yollandı. Yeqorun diqqətini çəkən özündən sonra arxasında qoyduğu tünd maye damcısı idi. Xaotik şəkildə hərəkət edən damcın qan zərrəsi olduğunun fərqinə vardı

-         Yeqor orda hər şey qaydasındadır?- Dadaşov artıq ağıllı saatın ekranında həyəcanlı görünürdü-  Yeqor saatının kamerası ilə   qan damlasını göstərdi.

Dadaşovun göstərişi ilə Keyt və Yeqor dərhal  Qazaxın bayaqdan özünü məşğul etdiyi seqmentə kombustiya seqmentinə yollanmalı oldu .

***                       ***                       ***

Macarıstan  istehsalı olan bu kombustiya seqmentində adətən çəkisizlik şəraitində alışma  ilə əlaqədar sınaqlar aparılardı. Otağda olan  iri  peç,  təzyiq və termo-sızmalara qarşı ilkin xəbərdarlıq sistemi, o cümlədən CCTV kameralar,  istilik sensorları, avto-bloklaşdırma vasitəsi ilə  təchiz olunmuşdu. Ona görə, Dadaşov  seqmentə daxil olmazdan əvvəl  smartfonunda olan tətbiqlə, otağa ötəri nəzər yetirdi.  Portativ ekrandan heç bir kənar faktor, diqqət cəlb edən bir şey sezilmirdi. Bircə Bakı ilə kommunikasiya qurğusunun ekranı göy fon göstərirdi.  Göy rəng  kosmik stansiya ilə İdarəetmə Mərkəzi arasında rabitənin gözləmə rejimini keçdiyi anlamına gəlirdi. Yəni kimsə bir neçə dəqiqə əvvəl yerlə danışmışdı. Ancaq o da ola bilərdi ki, canlı rabitə heç idarəetmə mərkəzi deyil, videfonu olan istənilən idarəyə və ya sadəcə yaşayış evinə qoşulsun.   Kapitan Dadaşov, Keyt və Yeqor, müvafiq ardıcıllıqda, dəstəkdən tuta-tuta ehtiyatlı şəkildə sağ seqmentdən buruldu.

-         Kəskin qoxu hiss etdiz ?– deyə Dadaşov Keytin də anlaması üçün sərt ləhcə ilə ingiliscə soruşdu.

Hər ikisi təsdiq olaraq başı ilə işarə etdi.  Gözləri önündə açılan heç də xoşagələn mənzərə deyildi.  Kosmonavtlar istənilən ekstrimal hallara  reflektiv olan insanlar arasından seçilirdi, elə biriləri ki, gözlənilməz şəraitdə soyuqanlı şəkildə yerində donub qalmasın, əksinə istiqanlı hərəkət edib, necə deyərlər fiziki baxımdan “hazırcavab” olsun. Ancaq indi elə bir durumla üz-üzə idilər ki, kapitan Dadaşov da daxil olmaqla, gözləri önündə havada xaotik şəkildə üzən, divarların skoçlarından sallanan, peçin borusuna dəyib fışıldayıb buxarlanan çoxsaylı irili-xırdalı  qan damlalarına çapkın şəkildə tamaşa edirdi.  Qoxunun insan qanının çürümüş iyi olduğunu Dadaşov sanki əvvəldən duymuşdu. Çaşqın durumdan çıxan nə qədər qəribə olsa da birinci Amerikalı xanım oldu.  Keyt bədəndən çıxan tər damcılarından ötrü, hər ehtimala qarşı bütün otaqlara qoyulmuş  hopdurucu  əl dəsmallarından  çıxardaraq,  üzən qan damcılarını qurutmağa çalışdı. Dəsmal qan-qeysan olan kimi, onu xüsusu su çəkən nasosa  yaxınlaşdırdı və yenidən havada sanki rəqs edirmiş kimi sonuncu damlasına kimi  insan orqanizminin bu qırmızı “yanacağını” təmizlədi, Yeqor da ona qoşulmuşdu. Dadaşov özünü ələ aldı, peçə yaxınlaşıb  pəncərəsindən içəriyə baxdı. Alov olmasa da, hiper-alışmadan sonra qara kül fonunda nəinsə közərdiyini gördü.  Qırtlağı quruduğundan udqundu. Közərən şey heç də sınaq obyekti deyildi, insana məxsus ayaq oynağı idi, skeletin qalan hissəsi kül təbəqəsi ilə örtülmüşdü. GÖrünür əclaf Kaibov onu öldürdükdən sonra tez-bazar sobaya atmış heç, alışma rejimini də düzgün seçə bilməmişdi ki, maddi sübutu külə döndərsin. Dadaşov artıq  mədəsi bulanan Yeqora üzünü tutdu:

-         Yeqor tez özünü yetir yataq otağına, gör Andreylə Nado hardadır...gözlə -yenidən ingiliscə — Keyt səndə onunla get!

Dadaşov yaxşı anlayırdı ki, ya Belarus Andrey yerində olmayacaqdı, ya da Gürcü  mexanik Nado, çünki sobada olan faktiki skelet, başqasının ola bilməzdi, hər halda,  stansiyada yalnız 6 nəfərdən ibarət idilər. Ancaq uşaqları qorxutmaq istəmədi. Ona görə də sobada meyit qalıqları aşkarladığını bildirmədi.  Artıq Yeqora sola burulurdu ki, Dadaşov eşitsin deyə qışqırdı.

-         Kimi tapsan dərhal interkomla mənə məruz elə....yox yaxşısı budur smart saatıma zəng elə...

-         Oldu

Dadaşov özünü kommunikasiya qurğusuna yetirdi. 76 diaqonal ekranla işləyərkən otərəf-butərəfə uçmamaq  üçün xüsusi dayaqlı kresloya əyləşdi,  kip qalması üçün lazımı remenləri və qasığ kəmərini bərkitdi.  Enter klavişinə enmiş qan damcısını əli ilə silib üst geyiminə sürtdü. Əstağfurullah,   beş saatdan sonra namaz qılmaq üçün formasını dəyişməli olacaqdı. Bəli Dadaşov kosmosda namaz qılan 3-cü müsəlman kimi tarixə düşmüşdü.  Onun istəyi ilə stanstiyaya rüku və səcdə zamanı sabit qala bilməsi və möhürün uçmaması üçün xüsusi qurğu da fikirləşmişdilər. Ancaq namazın vaxtına  hələ vardı. Nə baş veribsə, Yerlə birbaşa əlaqədən sonra olub.  Nə qədər gözlənilməz olsa da, Bakı özü zəng edir. Ekranda  kompuyer arxasında əyləşmiş Kosmik İdarəetmə İdarəsinin rəhbəri Rəşadət Sənanov canlandı. Rəng-ruhundan həyəcanlı lakin sözü-dolu insana bənzəyirdi. Xəttin qarşı tərəfindən Dadaşovun olduğunu görcək, Sənanov ona danışmağa mafar vermədi:

-         Bura bax Etibar, vəziyyət çox gərgindir...burda aləm dəyib bir-birinə heç bilmirəm nədən başlayım...bir sözlə  zibilə keçmişik...Gürcüstanla Rusiya arasında yenidən münaqişə yaranıb.  Rusiya-yönümlü döyüşçülər guya  Batumidə terror aktı törədib,  uşaqları  bulvara aparan  mini aerobusu havaya uçurub. Gürcüstan bizim nazirliyi   e-nota göndərib ki, onların vətəndaşlarının rusiyalı biriylə bir tədqiqatda iştirak etməsini istəmirlər. Dərhal Nado-nun Yerə qaytarılmasını tələb edirlər. Bir şeylər edin,  ilkin növbədə ekspedisiyanın rəhbəri kimi bu sənin boynuna düşür Etibar,  müharibənin getdiyi barədə xəbəri nə gürcü nə rus kosmonavta demirsən… Bu günü bir təhər yola verin, onların Yerlə kommunikasiya yaratmasına imkan verməyin, interneti də müvəqqəti olaraq Sizin üçün dayandırırıq.  Deyərsən ki, peyk qovşağında texniki problemlər yaranıb, nə bilim eh, ən uyğun bir şey fikirləşib de...Sabah isə  saat 12.00-da Gelaşvili Nado-nu kapsula qoyub yollayın Yerə. Rusiya hələ ki, öz kosmonavtını geri istəmir. Nado qayıdandan sonra internetdə bərpə olar, ekipaj üzvlərinə də olanları danışarsan...

Dadaşov tam çaşqınlıq içində idi, müdaxilə etməyə məcbur oldu.

-         Sözünüzü kəsirəm, ancaq bizdə daha pis insident baş verib...Kombustiya kamerasından kosmanavtlardan birinin....- yenidən sözü ağzında qaldı..

Sənanov başını bulayaraq.

-         Dadaşov sən görürəm məsələnin nə qədər ciddi olduğunu anlamağ istəmirsən, çox danışmaq olmaz, daxili problemlərinizi özünüz həll edin, di bəsdi, saatını sinxronlaşdır, dediklərimi vaxtında yerinə yetir, uşaqlar gəlib eşidərlər, əlaqəni kəsirəm...Sabah axşama kimi bizimlə əlaqələ bloklanacaq...Di muğayat ol...Nadonu yerdə gözləyəcəyik.

-         Yox...Bir dəqiqə, bir dəqiqə-   Dadaşov nə qədər bərpa düyməsini basdısa, bir faydası olmadı. Rabitə artıq birdəfəlik kəsilmişdi...İşə bir bax bu işlərin Qazaxa nə aidiyyatı vardı...Axı o əmin idi ki, hələlik naməlum kosmonavtın naməlum qatili elə Kaibov idi..

Vəziyyəti daha da qəlizləşdirmək mənasızdır. Kaibov ekipajın ən potensial təhlükəli üzvüdür, özünümüdafiə məqsədilə silahlanmaq lazımdır, amma nəylə...bax məsələ də bundadır, hansı vasitəylə...Bakıdan göndərilən  kapsullarda və yük gəmilərində  odlu silahların daşınmasına icazə verilmirdi. Odlu silahdan istifadə mənasız olmağı bir yana, çəkisizlik şəraitində açılan güllə olduqca təhlükəli olurdu.  Havanın müqavimətinə rast gəlmədiyi üçün hər hansı bərk obyektlə təmas edənə qədər durmadan hərəkətdə ola bilir. İstənilən xəfif xəta, milyonlarla manat dəyəri olan avadanlıqlarına axırına çıxa bilərdi. Bircə variant  işçi-medik robotları olan “Patsak”  fövqəladə rejimə keçirib,  Kaibovu  qandallamasına dair əmr verməkdi. Dadaşovun bir ekspedisiyə rəhbəri olaraq buna rəqəmsal səlahiyyəti çatırdı.   Yerindən qalxırdı ki, ağıllı saatının siferblatında Yeqorun həyəcanlı siması peyda oldu.

-         Boss, pis xəbərim var...

Əsəb gərginliyindən Dadaşovun başı dinamit  tək partlayacaqdı. Bir gün ərzində bu qədər gərginlik, bu qədər hadisə, yüksək dözümlülük testi keçmiş olsa belə,heyətin rəhbəri olmasına rəğmən qorxu hissi tədricən onu boğurdu. Nə olursa olsun, bu təşviş hissini boğmağa məcbur idi.

-         Nə Yeqor...Nə olub yenə?

-         Keytlə birgə bayaqdan Nadonu oyadırıq oyanmır,   elə bildik, yuxu dərmanı içib, ancaq nəbzini yoxladıq, öldüyünü başa düşdük, zəhərlənmə əlamətləri hiss olunur.

Bakı xəbər tutsaydı ki, Yeqor belə bir gərgin vəziyyətdə, Gürcüstanlı kosmonavta yaxınlaşıb, ardınca isə ikinci ölü vəziyyətdə aşkarlanıb, bu Dadaşovun karyerasının üzərindən birdəfəlik xətt çəkə bilərdi. Kim inanacaqdı ki, NADO-nu  dırnaqarası düşməni Yeqor deyil Kaibov qətlə yetirib.

-         Yeqor,  Nadonun tüpürcək nümunəsini götür, özünü çatdır 4-cü seqmentə, dolğun analizdən keçir, mənə zəhərlənmə barədə ətraflı məlumat lazımdı, Bakıya heç bilmirəm bu hadisəni necə məruzə edim… Guya sabah onu təcili Yerə yollamalıydıq. indi isə kapsula ölüsünü qoymalı olacam.

-         Necə? Cənab Kapitan, eləsən gizlətdiyiniz bir şey var.

-         Əvvəl axır, onsuzda bilməlisən, Bakıdan əlaqə saxladılar, Rusiya ilə Gürcüstan arasında müharibə başlayıb, yüzlərlə itki var, Gürcüstan höküməti dərhal nota göndərərək,  kosmosdakı vətəndaşını təhlükəsizliyi naminə Yerə qaytarmağı istəyib. Üstəlik sabaha kimi Sizi bir-birinizdən uzaq tutmalıydım, ki, şayət arasınzda bir münaqişə yaşanır, İndi ki, onun meyiti tapıldı, həm sənin işin fırığdı, həm mənim.  Şübhələr sənə yönələcək, məni isə vəzifəmi layiqincə yerinə yetirməməkdə, ekspedisiya üzvlərinin təhlükəsizliyini lazımınca təmin etməməkdə, səriştəsizlikdə ittiham edəcəklər. Ona görə dərhal meyitdən nümunə götürməliyik ki, gecəylə testlərin nəticəsi hazır olsun,  Nado-nu hazır tibbi raportla birgə yollayaq. İşlər olduqca qəlizdir Yeqor, bəlkə ümumiyyətlə missiyanı yarımçıq dayandırdılar...Keyt hardadır? Keyti görmürəm.  

-         Ayaq yoluna çıxıb

-         Onda dərhal  dediyimi yerinə yetir, diqqətli ol, mənim yataq otağıma gir, orada  divara sağdan asılmış rük-zaqın içində bir dəmir çəkic görəcəysən, ondan özünümüdafiə üçün istifadə elə, əclaf hər an qarşına çıxa bilər. Mən özüm də Patsakı götürüb, gəlirəm… Gecəyə kimi onu əclaf Qazaxı tutub,  təcrid etmək lazımdır.

Nado da tapıldısa deməli, sobada qalıqlarını aşkarladığı şəxs Belarus Andrey imiş.

 

0 şərh