Can verənin hökmləri

Məsələ 539: Mühtəzir olan, yəni can verməkdə olan bir müsəlmanı, kişi olsun və ya qadın olsun, böyük olsun və ya kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə, ayaqlarının altı qibləyə tuşlanacaq şəkildə arxası üstə uzandırılmalıdır.
Məsələ 540: Meyitin qüslü tamamlanmayanadək onu üzü qibləyə uzandırmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra, onu namaz qıldığı zaman uzandırıldığı şəkildə uzandırmaq daha yaxşıdır.
Məsələ 541: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. Belə ki, mühtəzirin özü razı olsa və nöqsanlı da olmasa, bu iş üçün onun vəlisindən icazə almaq lazım deyildir. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən lazımdır.
Məsələ 542: Can verən halda olan şəxsə, şəhadət kəlməsini, on iki imam əleyhimus-səlamın təsdiqi və sair haqq əqidələri başa düşəcək bir qayda ilə öyrətmək müstəhəbbdir. Yuxarıda deyilənlərin ölən vaxtadək təkrar olunması müstəhəbbdir.
Məsələ 543: Mühtəzirə bu duanı başa düşəcəyi qaydada təlqin etmək müstəhəbbdir:
Əllahumməğfir liyəl kəsira min məasikə vəqbəl minnilyəsira min taətikə ya mən yəqbəlul yəsir, və yəfu ənil kəsir iqbəl minni əl yəsir və'fu ənni əl kəsir innəkə əntə əl əfuvvul ğafur. Əllahummə irhəmni fəinnəkə rəhim.
Məsələ 544: Müstəhəbbdir ki, çətin can verən şəxsi, əgər ona narahatçılıq olmasa, namaz qıldığı yerə aparsınlar.
Məsələ 545: Müstəhəbbdir ki, can verən şəxsin rahat olması üçün başı üstündə mübarək «Yasin», «Saffat», "Əhzab", «Ayətəl-kürsi», "Əraf', surəsinin 54-cü ayəsi və «Bəqərə» surəsinin son üç ayəsini, Qurandan mümkün olan digər ayələri oxusunlar.
Məsələ 546: Can verəni tək qoymaq, qarnının üstünə ağır bir şey qoymaq, yanında cünub və hayizin olması, həmçinin çox söz danışmaq, ağlamaq və qadınları onun yanında tək qoymaq məkruhdur.

ÖLÜMDƏN SONRAKI HÖKMLƏR
Məsələ 547: Ölümdən sonra meyitin gözlərini, dodaqlarını və çənəsini bağlamaq, əllərini və ayaqların uzatmaq, üzərinə bir parça örtmək, əgər gecə ölmüşdürsə, öldüyü yerdə çıraq yandırmaq, onun dəfn edilməsi üçün möminlərə xəbər ver­mək və onun dəfninə tələsmək müstəhəbbdir. Amma əgər öldüyünə əmin deyillərsə, ölməsi məlum olana qədər gözləməlidirlər. Həmçinin əgər meyit hamilədirsə və bətnindəki uşaq diridirsə, onun bir yanını yarıb, uşağı çıxararaq yenidən onu tikincəyə qədər dəfn işini yubandırmalıdırlar.

 

0 şərh