Mexaniki hərəkət

Bilirsiniz ki, materiyanın başlıca xassəsi onun daim hərəkətdə olmasıdır. Fizikada müxtəlif növ hərəkətlər öyrənilir. Onlardan biri mexaniki hərəkətdir.
  • Nədən bilmək olar ki, cisim hərəkət edir?
  • Mexaniki hərəkət nədir?
Cismin hərəkət edib-etmədiyini müəyyənləşdirmək üçün, birincisi, elə bir cisim seçilməlidir ki, ona nəzərən baxılan hərəkəti araşdırmaq mümkün olsun. Məsələn, idmançı üçün qaçış meydançasının kənarında duran idman müəllimi və ya “start” sözü yazılan lövhə seçilən cisim ola bilər. İkincisi, onun seçilən cismə nəzərən vəziyyətinin dəyişib-dəyişmədiyi təyin edilməlidir.
Mexaniki hərəkət
İdmançının vəziyyətinin idman müəlliminə nəzərən dəyişdiyini müşahidə etmək olar. Bu dəyişmə qırmızı rəngli oxla göstərilmişdir. Beləliklə, mexaniki hərəkətə aid belə bir nəticə çıxarmaq olar:
Mexaniki hərəkət cismin vəziyyətinin digər cisimlərə nəzərən dəyişməsidir.
Cisim ətrafdakı cisimlərə nəzərən hərəkət etmirsə, o, sükunət halındadır.
Hərəkət müxtəlif xətlər üzrə baş verir. Cismin hərəkəti zamanı cızdığı xətt trayektoriya adlanır. Trayektoriya formasına görə əyrixətli və düzxətli olur.
Mexaniki hərəkətlərin müxtəlif növləri vardır.
Mexaniki hərəkət
 
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh