Bekkerel Antuan Anri

Dünyanın fizika alimləri xəzinəsində Bekkerel familiyalı dörd nəfər fizik vardır.
1. Antuan Sezar Bekkerel (08.03.1788 — 18.01.1878), Paris EA-nın üzvü (1829), Paris Milli Təbiyyat-Tarix muzeyinin professoru (1837). Əsərləri: flüoressensiya, fosforessensiya, termoelektrik, elektrokapilyarlıq, kristallooptika, qalvanik elementlər nəzəriyyəsi və bu kimi elm sahələrinə aiddir. 1829-cu ildə zəif polyarlaşan qalvanik element kəşf edib.
2. Aleksandr Edmon Bekkerel (24.3.1820-11.5.1891) Antuan Sezarın oğlu. Paris EA-nın üzvü (1863), əsas tədqiqat sahəsi fosforessensiya hadisələrinin öyrənilməsinə aiddir. O, fosforoskop (qısa müddətli işıqlanma prosesini müşahidə edən cihaz) düzəldib, lüminessensiyanın öyrənilməsində onun tədqiqatlarının böyük rolu olub, infraqırmızı spektrlə, fotoqrafiya və s. üzrə əsaslı tədqiqatlar aparıb.
3. Antuan Anri Bekkerel haqqında geniş məlumat veriləcək.
4. Jan Bekkerel (5.2.1878-4.7.1953) — A.A.Bekkerelin oğlu. Paris EA-nın üzvü (1946), Paris Milli Təbiyyat-Tarix muzeyinin professoru. Anri Bekkerelin tədqiqatı radioaktivliyə, kristalların alçaq temperaturlarda optik uduculuğuna, fotolüminessensiyaya və bir sıra maqnit-optik hadisələrin öyrənilməsinə aiddir.
Anri Bekkerel Aleksandr Edman Bekkerelin oğludur. Anri Parisdə anadan olub, əvvəlcə liseyi (Fransada orta məktəb), sonra isə Politexnik institutu qurtarıb (1874). Anri 1878-ci ildə babasının ölümündən sonra atasının yanında assistent işləməyə başlayır.
1888-ci ildə Anri doktorluq dissertasiyası müdafiə edir və atası ilə birlikdə hərtərəfli elmi iş aparmağa başlayır, sonralar isə 1892-ci ildə Paris Milli Təbiyyat-Tarix muzeyinin direktoru olur.
Radioaktivliyin kəşfi görkəmli fransız fiziki Antuan Anri Bekkerelə məxsusdur. Rentgen şüasının öyrənilməsi ilə əlaqədar, 1896-cı ildə uran duzunu tədqiq edərkən Bekkerel uran şüasını kəşf edir ki, bu hadisəni Mariya Kyüri radioaktivlik adlandırmışdır.
Bekkerel günəş şüalarının təsiri altında müxtəlif maddələrin buraxdığı şüaları tədqiq etmişdir. O, fotoplastinkanı qara kağıza büküb, tədqiq olunan duzu onun üstünə qoyaraq Günəş işığına çıxarardı. Sonra fotoplastinkanı aşkarladıqda görüb ki, lövhənin duz qoyulduğu yerləri qaralmışdır.
Əvvəlcə Bekkerel güman edib ki, bu şüalanma günəş şüalarının təsiri altında meydana çıxır. Lakin 1896-cı ilin fevralında hava buludlu olduğundan təcrübəni aparmır və üstündə uran duzu, içərisində mis xaç və fotoplastinka qoyulmuş qara kağıza bükülü lövhəni qaranlıq şkafda saxlayır. İki gündən sonra hər hansı ehtimala qarşı fotolövhəni aydınlaşdırdıqda lövhənin üzərində xaçın formasında qaralmış yer görüb. O, belə nəticə çıxarıb ki, deməli uran duzları xarici amillərin təsiri olmadıqda da özbaşına şüalanma yaradır. Bu şüalar uran şüaları adlandırıldı. Bekkerelin kəşfindən sonra geniş tədqiqat işləri başlandı. O, tezliklə öyrənir ki, uran və onun birləşmələrinin buraxdığı şüalar, havanı ionlaşdırır, istilik yaradır və yüksək keçicilik qabiliyyətinə malikdir.
Beləliklə, radioaktivlik hadisəsinin kəşfi XIX əsrin sonunda atomun quruluşunu öyrənmək üçün geniş imkan yaratdı. Radioaktivlik hadisəsi atomun quruluşunun mürəkkəbliyini sübut etdi və fizikanın sonrakı inkişafını düzgün istiqamətləndirdi.
Bekkerel 1900-cü ildə beta-şüasını elektrik və maqnit sahəsindən keçirərək birinci olaraq onun yükünün kütləsinə olan nisbətini ölçmüş və müəyyən etmişdir ki, katod şüaları ilə eyni təbiətlidir.
Bekkerel sürmənin diamaqnit xassəsini də öyrənmişdir. Onun baş­qa elmi işləri optika, elektrik, maqnetizm, fotokimya, elektrokimya, və meteorologiyaya aid olmuşdur.
Anri Bekkerel 1889-cu ildən Paris EA-nın üzvü, 1892-ci ildən Paris Milli Təbiyyat-Tarix muzeyinin professoru olub.
Təbii radioaktivlik hadisəsinin kəşfinə görə Bekkerel 1903-cü ildə Nobel mükafatına layiq görülmüşdür.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
 

0 şərh