Sokratçı məktəblər

Qeyd olunduğu kimi Sokratın irsini davam etdirən çoxlu öyrənciləri olmuşdur. Onun ölümündən sonra onlar müxtəlif fəlsəfi məktəblər yaratmışdırlar. Bu məktəblərə “sokratçı” məktəblər deyilir. Ümumiyyətlə, bir çox araş-dırmaçılar qədim yunan fəlsəfəsini iki mərhələyə bölürlər: sokratöncəsi və sokratsonrası. Bu da onu göstərir ki, Sokratın irsi qədim yunan fəlsəfə tarixinin mərkəzində durur.
Kinik məktəbi
Sokratçı məktəblərdən biri olan Kinik ya da Sinik (yun. KVViKol — it, lat. cynici) məktəbinin ardıcıllarının fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar. Kiniklər çox vaxt ictimai əxlaqa və qaydalara qarşı olduqlarını açıq olaraq sərgiləyirdilər. Buna da sinizm (kinizm) deyilir.
Kiniklər bütövlükdə dərin fəlsəfi təlimlər ortaya qoymamışdılar. Kinizm daha çox bir həyat tərzi idi. Onlar abidliyi, yoxsulluğu və cəmiyyətdən ayrılaraq xüsusi bir həyatın sürülməsini təbliğ edirdilər. Onların fikrincə həyatın məqsədi azadlığa nail olmaqdır ki, bunu da cəmiyyətdə yaşayaraq əldə etmək mümkün deyildir.
Kiniklərin daimi yaşayış yeri olmamışdır. Onlar təkliyə çəkilərək fərdi həyat sürür, köhnəlmiş libaslar geyinib gəzir,dilənçiliklə məşğul olurdular. Yoxsulluq kiniklər üçün vacib şərtlərdən biri idi.
Daha sonra kiniklər heç bir avtoritetləri tanımır, başqa ideyaları və fəlsəfi məktəbləri inkar edir, beləliklə öz həyat tərzlərini istənilən vasitələrlə olsa belə müdafiə edirdilər. Onlar üçün vətənə bağlılıq anlayışı olmamışdır, hər bir cəmiyyətdə öz qanunları ilə yaşaya bilərdilər. Kos-mopolitizm adlanan bu dünyagörüşün əsasını onlar qoymuşdur. Həmçinin onlar mübahisələrdə rəqiblərinə qarşı dözümsüzlük sərgiləyirdilər.
Kiniklərin yolunu sonralar Xristian abidləri və müsəlman dərvişləri davam etdirmişdirlər. Müasir dövrdə inkişaf etmiş ölkələrdə bu kimi baxışlar metallistlər, hip-pilər, anarxistlər kimi qruplarda və təlimlərdə özünü göstərməkdədir.
Kinik məktəbinin yaradıcısı Antisfenes sayılır. An-tisfenes öncə Qorgiasın öyrəncisi, sonra isə Sokrat təliminin ardıcılı olmuşdur. Onun fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfenes deyirdi: “Mən atı görürəm, atlığı yox” və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, “at atdır”, “fil fildir”. Ümumi şeylər isə yoxdur, onlar yalnız insan düşün-cəsindədir. Bu baxımdan Antisfeni ilk nominalist63 adlandırmaq mümkündür. Bu problem sonralar ortaəsr fəlsəfəsinin əsas mövzularından biri olmuşdur.
Antisfenesə görə fəlsəfənin vəzifəsi insanın iç aləminin araşdırılmasından ibarətdir. Ərdəmə çatmaq, xeyirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə çatmaq mümkündür. İnsan öz təbiətinə uyğun yaşamalı, şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün saymalıdır. Heyvanların (özəlliklə də itlərin) həyatı insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə də, Antisfenesa “İt” ləqəbini vermişdirlər. Bu səbəbdən sonralar onun bütün ardıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata görə məktəbin adı Antisfenesin dərs dediyi yerin adı ilə bağlıdır.
Eyni zamanda, Antisfenes özünü hansısa dövlətin deyil, bütün dünyanın vətəndaşı elan etmişdir. Dini və ictimai qanunlar da onun tərəfindən inkar olunurdu.
Sinoplu Diogenes da kinik məktəbinin tanınmış təmsilçisi, An-tisfenesin öyrəncisi idi. Onun barəsində əsasən Diogenes Laertius yazmışdır.
Sinoplu Diogenes özünü açıq şəkildə ictimai əxlaqa qarşı qoyan adam olmuşdur. Buna da epataj deyilir. Onu epataj üslubunun ilk fəlsəfi nümayəndəsi saymaq mümkündür. Məsələn, günlərin birində Diogenes meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogenes onlara demişdir: “Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız”.
Bir kərə çəlləkdə oturan Diogenesin yanına Makedoniyalı İskəndər gəlib demişdir ki, “məndən dilədiyin bir şey varmı?”. Diogenes isə cavabında: “Sən mənim isindiyim günəşin önünü kəsdin; ona görə istəyim odur ki, qarşımdan çəkiləsən”.
Bundan başqa Diogenes bir çox cəmiyyət tərəfindən qınanılan hərəkətləri hamının qabağında edirdi. Bununla da öz azadlığını sərgiləyirdi. Diogenesin fikrincə əxlaq nisbi anlayışdır. O, bu hərəkətləri ziyan vermək üçün deyil, insanların diqqətini müxtəlif problemlərə cəlb etmək üçün edirdi. O həm də, hər şeyi üzə deyən kobud insan olmuşdur. Ona görə Platon ona “Dəli Sokrat” demişdi. Diogenes dünyadan ayrılaraq abid həyatı keçirdirdi. O hətta, evini tərk edib çəlləkdə yaşamış və orada olarkən dünya haqqında fikirlərə qapanmışdır. Diogenes zənginliyə nifrət edib və köhnə geyimlərdə gəzirdi. Həmçinin o, evlənməyə qarşı idi. O deyirdi ki, kişilərlə qadınların münasibətləri azad olmalıdır.
Diogenesə görə xeyrə yönəlmək ictimai qanunlara riayət etməkdən üstündür. O, dövləti və dini də inkar edərək onları bəzi demaqoq insanların uydurması hesab edirdi.

Tanınmış kiniklərdən biri də Bion Boristenes olmuşdur. Bion Boristenes öncə bir neçə fəlsəfi məktəblərin ardıcılı olmuş, ancaq sonra kinik olaraq əyninə xirqə, əlinə əsa alaraq gəzən abid həyatını yaşamışdır. Bion sadə xalq kütlələri arasında fəlsəfi fikirləri ədəbi üslub vasitəsi ilə yayırdı. Bunun üçün o parodiya, istehza, ironiya, sarkazm və kinayədən istifadə edirdi. Beləliklə, başqa kiniklər kimi Bion “diatriba”64 adlanan ədəbi janrının yaradıcılarından biri olmuşdur. Bu janrda ciddi və dərin mövzular sadə xalq dilində anlaşıqlı olaraq təqdim edilir; həmçinin, burada müqayisələrdən, əsatirlərdən, xalq deyimlərindən, istehzadan, bayağı xalq sözləri və zarafatlarından da geniş istifadə edilirdi. Bion öz diatribalarında insanların nöqsanlarını, varlanmaq istəklərini və ağılsızlıqlarını tənqid etmiş; tanrıları və onlara yönələn duaların əhəmiyyətini inkar etmişdir.
Filosof Kerkidasın da Misirdə tapılan və “meliambalar” adlanan poetik üslubu diatribalara çox yaxın idi. Kerkidas aristokratlardan idi, ona görə də başqa kinik filosoflarından fərqli olaraq daha da mötədil mövqedə durmuşdur. Meliambalarda Kerkidas təvazökarlığın və sadəliyin carçısı kimi çıxış etmiş, var-dövlətə nifrət hissləri aşılamış, insanları ədalətə və yüksək əxlaqa çağırmışdır. Ona görə də sonralar bəzi Xristian ataları onu hörmətlə yad edirdilər.
Kinik məktəbinin daha bir tanınmış nümayəndəsi Diogenesin öyrəncisi Krates  və onun həyat yoldaşı Hipparxia (yun. İnnapxia) olmuşdur. Məlumdur ki, onlar da abid həyatı sürmüşdürlər. Onların ikisi də varlı ailədən olduqlarına baxmayaraq hər şeydən imtina etmiş, abid həyatı yaşamışdırlar. Onlar hesab edirdilər ki, zənginliyi və şöhrəti dəyər kimi qəbul etmək olmaz. Çünki, müdrik insan üçün bütün bunlar şərdən başqa bir şey deyildir. Krates və Hipparxia cəmiyyətdə hökm sürən ictimai əxlaq qaydalarına istehza ilə yanaşır, imkan olduqda onları hamının gözü önündə kobudcasına pozurdular.
 
Kirena məktəbi
Daha bir sokratçı məktəb Kirena şəhərində yerləşmiş və o məktəbin ardıcılları isə kirenaçılar adlandırılmışdır. Onlara ilk hedonistlər də deyirlər.
Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsi ilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın (idrakın) əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir.
İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır. Azadlıq xoşbəxtliyə aparan nemətdir.
Kiniklər kimi bir çox kirenaçılar da əxlaqi qadağanların insan təbiətinə zidd olduğunu iddia edib, onlara riayət edilməsini vacib saymırdılar. Hətta, “xeyir” və “maddi zənginlik” kimi anlayışlar əslində həzz almaq üçün vasitədirsə, onda gərəkli və yararlı sayıla bilərlər. Belə olmasa onda onlar mənasızdır.
Kirenalılar dinə qarşı da inkarçı mövqedə durmuşdular. Ona görə də onların bəzilərini “ateist” adlandırırdılar. Onların fikrincə vətənə bağlanmaq yox, dünya vətəndaşı olmaq lazımdır. Onlardan bəziləri bu dünyada yaşamağın mənasız olmasını və intihar etməyin üstünlüyünü də iddia edirdilər.
Eyni zamanda, kirenalıların mötədilləri də olmuşdur. Mötədillər bu kimi aşırı fikirləri qəbul etmirdilər. Onların fikrincə insan cəmiyyətdə yaşamalı, onun qanunlarına tabe olmalıdır. Ancaq eyni zamanda bacardığı qədər həyatından həzz də almalı, narahatlıqlardan qaçmalıdır.
Kirena məktəbinin yaradıcısı Aristippus olmuşdur. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdur .
Aristippusa görə biz yalnız öz duyğularımıza əsaslanaraq bu, ya digər şey haqqında hökm veririk. Halbuki bu heç də o demək deyil ki, duyğularımız o şey haqqında doğru bilgi verib. Deməli, əslində şeylərin əsl mahiyyətini açmaq olmaz və təbiətin öyrənilməsi imkansızdır.
Təbiətdə isə hər şeyi yalnız “xeyir” və “şərə” bölmək mümkündür. Ona görə də, onlara müvafiq dəyərlər ancaq “yaxşı” və “pis” ola bilər. Bu səbəbdən də, Aristippus bu anlayışlar arasında fərq qoymayan riyaziyyatı inkar edirdi. Aristippusa görə həyatın məqsədi həzz almaqdan ibarətdir. Bununla belə, bunu edərkən aşırılığa yol vermək və həzzlərin köləsi olmaq olmaz.
Aristippus şəxsi azadlığı yüksək dəyərləndirmişdir. Onun fikrincə, hansısa ölkənin vətəndaşı olmaq vacib deyildir. İnsana yetər ki, hər yerdə yadelli kimi yaşasın. Çünki, var-dövlət insan azadlığını məhdudlaşdırır. Ona görə də, onun miqdarı gəmi qəzası anında apara biləcəyin qədər olmalıdır.
Hegesias və onun ardıcıllarının fikirlərini də Diogenes Laertius açıqlamışdır. Onlar hesab edirdilər ki, həzz və ağrı hissləri vardır. Məqsəd ağrıdan qaçıb həzzə doğru yönəlməkdir.
Əslində nə dostluq, nə ərdəm, nə kimdənsə razılıq kimi hisslər yoxdur. Biz onlara hansısa məqsədlər üçün yönəlirik, çünki məqsədlər olmasa bu hisslər də olmaz.
Xoşbəxtliyi əldə etmək mümkün deyildir. Çünki, həyat istənilən arzuların qarşısını alır. Həzz almaq üçün varlı və ya yoxsul olmağın fərqi yoxdur. Çünki, həzz alırsansa hər iki durumda onu ala bilirsən. Əgər həzz ala bilməsən, o zaman var-dövlətin heç bir əhəmiyyəti yoxdur.

Bizim duyğularımız dəqiq biliyə gətirib çıxartmır. Ona görə ağılımıza güvənməliyik. Başqa adamların yanlışlıqlarını bağışlamaq lazımdır. Çünki onlar bilmirlər ki, yanılırlar. Ona görə insanlara davranışlarına görə nifrət etməkdənsə, onları öyrətmək yaxşıdır. Beləliklə də, başqa adamların davranışlarına və hərəkətlərinə qarşı biganə olmaq lazımdır. Biganəlik isə iztirabın qabağını ala bilməyəndə, onda insana ancaq ölmək qalır.
Son olaraq Hegesias belə bir nəticəyə gəlmişdir ki, həzzə çatmaq mümkün deyildir. Ona görə də, yaşamağın mənası yoxdur. Bu fikri inkişaf etdirərək o, “Aclıqla özünü öldürmək” (yun. änoKapTEpväı) kitabını yazmışdır və buna görə də ona “Ölüm müəllimi” adı vermişdilər. Onun bir çox öyrəncisi intihar etməklə həyatlarına son qoymuşdular.
Daha bir kirenaçı Annikeris  olmuşdur. Annikeris və onun ardıcılları haqqında da Diogenes Laertius xəbər vermişdir. Onun fikrincə dostluq, valideynlərə ehtiram, vətənə qulluq hissləri reallıqda vardır. Dosta yalnız maraqlarla yanaşmaq olmaz. Onunla münasibətlərdən ruhi məmnunluq alınmalıdır. Hegesiasdan fərqli olaraq o, müdrik insanın xoşbəxtliyə çatmağını mümkün saymışdır.
Diogenes Laertiusa görə Kirena məktəbinin ardıcıllarından biri Teodorus  olmuşdur. Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır.
Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.
Dostluq əslində yoxdur. Maraqlar sona çatan kimi dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir, ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.
Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi əməllərdən ikrah doğuran bir şey yoxdur. Bu anlayışlar təbiətdən deyil, yalnız insan cəmiyyətindən irəli gəlir. Buna görə də, bu anlayışlar haqqında cəmiyyətdə qəbul olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin öz fikri olmalıdır. Bu əməllərə görə ictimai qınaqlar ağıl-sızların qarşısını almaq üçün tətbiq edilmişdir. Bunlar müdrik insan üçün deyildir.
Kirena məktəbinin daha bir ardıcılı Euhemerus  olmuşdur. Euhe-merus Messena şəhərindən idi. Bizim zamanımıza onun Panheya adasına səyahəti haqqında “Müqəddəs siyahı” adlı utopik hekayəsi çatmışdır. Bu əsərin fraqmentləri qədim yunan tarixçisi Siciliyalı Dio-dorusun kitabında verilmişdir. Orada Euhemerus bir məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını görmüşdür. O yazıda yunan tanrılarının siyahısı verilmiş və onların keçmişdə krallar olduqları haqqında məlumat verilmişdir.
Beləliklə, Euhemerus qədim tanrıları inkar edirdi. Onun fikrincə bütün tanrılar əslində ölümlərindən sonra tanrılaşdırılan krallar və qəhrəmanlar idilər. Məsələn, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra isə tanrılaşdırıldığını iddia edirdi. Euhemerusun bu fikirləri “euhemerizm” adlanmışdır və buna görə onu ateizmdə suçlamışdılar. Sonralar euhemerizm dinşünaslıq elmində bir nəzəriyyə kimi istifadə edilmişdir.
 
Meqara məktəbi
Meqara məktəbi daha bir Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi və onun adı yerləşdiyi şəhərlə bağlı olmuşdur. Onları daha çox metafizika, məntiq və ərdəm kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər"  və ya “dialektiklər" də adlandırmışdırlar.
Meqara məktəbi Sokratın öyrəncilərindən olan Me-qaralı Euklides tərəfindən yaradılmışdır. O, Sokrat kimi bir çox zamanımıza çatmayan dialoqların müəllifi olmuşdur. Onun çoxlu öyrənciləri var idi.
Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır. Bir olan Xeyri deyil, başqa xeyirləri axtaranlar hər zaman ziddiyyətlərlə qarşılaşırlar. Beləliklə, Euklidesə görə varlıq birdir.
Euklides həm də analogiyalarla (bənzər hallarla) nəyinsə haqqında qəti qərar verməyə qarşı çıxmışdır. Çünki, analogiya nə qədər hansısa olaya yaxın olsa belə, ondan fərqlənir və onun mahiyyətinə uyğun deyildir. Beləliklə, bir şey haqqında fikir yürütmək üçün bənzərinə deyil, o şeyin özünə müraciət edilməlidir.

Diogenes Laertius Meqara məktəbinin daha bir görkəmli nümayəndəsi Stilpon haqqında xəbər vermişdir. O, fəlsəfi polemikanın ustadlarından biri idi, həm də siyasətlə də məşğul olurdu. Misir hökmdarı Ptolemeus Soter ona yaxşı münasibət bəsləmiş, ölkəsinə dəvət edərək ona çoxlu pul təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o pulun isə çox az hissəni götürmüşdür.
Meqarada savaş zamanı Stilponun evi qarət olunmuşdur. Makedoiya kralı Antiqonun oğlu Demetriusa bu xəbər çatdıqda o Stilpona təklif etdi ki, zərərin qarşılanması üçün qarət olunmuş əmlakının siyahısını gətirsin. Kralın məqsədi ondan ibarət idi ki, ona itirilmişləri geri qaytarsın. Ancaq, Stilpon isə krala dedi ki, ona heç bir zərər dəyməmişdir. Çünki, onun malı, mülkü oğurlansa da, əxlaqı və ağlının ondan alınmamasını qeyd edərək, əsl zənginliyin də məhz bu olduğunu bildirmişdir.
Stilpon həm də tanrılara və dinə qarşı şübhəçi mövqedə dururdu. O demişdir ki, memar Fidiusun ərsəyə gətirdiyi Afinanın heykəli onun yaratdığı incəsənət incisidir. Deməli o, tanrı ola bilməz. Bu iddiaya görə onu mühakimə edib sürgün etmişdirlər.
Stilpon ümumi anlayışların var olub-olmaması haqqında düşünən ilk filosoflardan biri olmuşdur. Onun fikrincə “insan” sözünü deyən heç nə demir, onun bu ifadəsinin mənası yoxdur. Çünki “insan” deyilən söz ümumi bir şeydir; nə bu, nə də o adama aid deyildir. Yuxarıda qeyd edildiyi kimi, ümumi anlayışların var olub-olmaması problemi sonralar formalaşan ortaəsr fəlsəfəsinin ən maraq doğuran mövzularından birinə çevrilmişdir.
Miletli Eubulides də Meqara məktəbinin tanınmış nümayəndələrindən idi. Onun fikrincə duyğularımız bizə ətrafımızda olan şeylər haqqında yanlış bilgi verir. İstənilən şeyin həqiqi mahiyyəti onun görkəmində deyil, mahiyyətindədir. Məqsəd də o mahiyyətləri qavramaqdır. Bu kimi iddiaları irəli sürməklə o, Elealı Zenonun yolunu getmiş, bir çox ziddiyyətləri (paradoksları) açıqlamış, onların vasitəsi ilə öz fikirlərini əsaslandırmağa çalışmışdır. Bu paradokslar haqqında Diogenes Laertius xəbər verərək onlardan bəzilərinin başqa meqaraçı Diodorus Kronosa aid olduğunu qeyd etmişdir. Həmin paradoksların ən
tanınmışları “Yalançı”, “Keçəl”, “Qalaq”, “Elektra” və “Buynuzlu” adlanır. Günümüzə qədər elmi ədəbiyyatda onların çözülməsi haqqında müxtəlif fikirlər irəli sürülür.
“Yalançı” adlı paradoksda “Mən yalan danışıram” iddiası araşdırılır. Bir tərəfdən bunu iddia edən kəs heç də yalan danışmır, həqiqəti deyir. Çünki, yalan danışdığını etiraf edir. Digər tərəfdən isə bu iddiada o adamın yalan danışdığı iddia edilirsə onda o yalandır. Beləliklə, danışan yalan deyirsə düz danışır. Düz danışırsa, yalan deyir.
Daha bir paradoks “Keçəl” adlanır. Burada Eubu-lides deyir ki, bir tükü itirən keçəl olmaz, ikincisini itirsə də olmaz. Bəs onda neçənci tükün tökülməsindən başlayaraq insanı keçəl saymaq olar?
Buna bənzər daha bir paradoks “Qalaq” adlanır. Bir ya iki taxıl dəni qalaq deyil. Bəs neçənci dəndən qalaq başlanır?
Bir başqa paradoks “Elektra” adlanır. Elektra adlı qadının qarşısında örtük altında onun qardaşı durub. O, öz qardaşını tanıyır. Ancaq o, o örtüyün altında kimin olduğunu bilmir. Deməli, Elektra öz qardaşını eyni zamanda həm tanıyır, həm də tanımır.
“Buynuzlu” adlanan paradoks isə daha da çox so-fizmə yaxınlaşır. Burada Eubulides iddia edir ki, insan bir şeyi itirməmişdirsə, deməli o şey onda var. Əgər o buynuzları itirməyibsə, deməli buynuzludur. Burada bir tərəfdən demək olar ki, olmayan şeyi itirmək olmaz, ancaq digər tərəfdən “məndə olmadığı şeyi heç vaxt itirə bilmərəm” də demək mümkündür.
Meqara məktəbinin məşhur nümayəndələrdən biri misirli Diodorus Kronus idi. O, Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür.
Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər. Ancaq, olan yerdə o hərəkətsizdir, olmayan yerdə isə hərəkət olmaz. Beləliklə, o zaman hərəkətdən deyil, yerdəyişmədən söhbət gedə bilər .
Daha sonra Diodorus ehtimal edilən şeyləri var olmuş kimi sayırdı. Ancaq, oluşan (həyata keçirilən) ehtimallar haqqında söhbət açmaq mümkündür. Oluş-mayanlar isə mövcud deyildir. Yəni, gələcəkdən keçmişə baxanda məlum olur ki, həyata keçirilən ehtimallardan başqa digər ehtimallar olmamışdır. Belə olanda bu ehtimal deyil, həqiqətdir. Ancaq, bu gündən gələcəyə baxdıqda bizə elə gəlir ki, bir neçə ehtimallar vardır.
Diodorusa görə mövcud olmaq və mümkünlük eyni anlayışlardır. Çünki, mümkünlük mümkünsüzlüyə çevrilə bilməz, bu anlayışlar bir-birinə ziddir. İki hadisədən biri baş vermişdirsə, deməli ikincisi mümkünsüz imiş. Çünki, o öncədən mümkün olsaydı, onda mümkünsüzlük mümkünlükdən doğmazdı. Belədirsə, onda deməli öncədən bu mümkün olmamışdır. Beləliklə, ancaq mövcud olan şey mümkün ola bilər. Məsələn, “Dünya var” və “Dünya yoxdur” bir-birinə qarşı olan iddialardır. Ancaq biz görürük ki, dünya var. Deməli, onun olmaması imkansızdır. An-caq, dünyanın yoxluğu mümkün olsaydı, onda imkan imkansızlığa çevrilərdi. Bu isə ola bilməz. Deməli, dünyanın yox olması ehtimalı heç vaxt olmayıb.
 
Eretriya məktəbi
Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir.
Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara mək-təbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi ere-triyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar.

Məktəbin yaradıcıları Elidalı Fedonvə Eretriyalı Menedem olmuşdurlar. Platonun məşhur dialoqlarının biri olan “Fedon” Elidalı Fedonun adını daşıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraqmentlərdən başqa heç bir məlumat zamanımıza çatmamışdır.
 
Mövzu ilə əlaqəli suallar:
    1. Kiniklər kim olmuş, onların həyat tərzi necə olmuşdur?
    2. Kiniklərin təlimlərinin əsas müddəaları nədən ibarət idi?
    3. Kiniklərin ictimai qanunlara münasibətləri necə olmuşdur?
    4. Antisfenes ümumi anlayışların mövcud olmasını nəyə istinad edərək inkar etmişdir?
    5. Antisfenesə görə insan həyatını necə yaşamalı, hansı dəyərlərlə üstünlük verməlidir?
    6. Sinoplu Diogenesin dünyagörüşünün özəllikləri nədən ibarət olmuşdur?
    7. Bion Boristenes və Kerkidas öz fəlsəfi fikirlərini açıqlayaraq hansı üslubdan istifadə etmişdilər?
    8. Krates və Hipparxia nəyi təbliğ etmişdilər?
    9. Kirenaçıların fəlsəfəsinin əsas müddəaları hansılar idi?
    10. Aristippusa görə həyatın mənası nədən ibarətdir və insan dünyanı necə dərk edir?
    11.  Aristippus insan azadlığı haqqında nə düşünürdü?
    12. Hegesiasa görə həyatın mənası nədədir və xoşbəxtliyə necə çatmaq olar?
    13. Hegesias öz fəlsəfəsində hansı nəticəni əldə etmişdir?
    14. Annikeris hansı fikirlərlə çıxış etmişdir?
    15. Teodorusun insanın çeşidli halları və dostluq haqqında fikirləri nədən ibarət olmuşdur?
    16. Euhemerusun dinə və tanrılara münasibəti necə olmuşdur?
    17. Meqara məktəbinin fəlsəfi təlimi nədən ibarət idi?
    18. Euklides varlığı necə təsəvvür edirdi?
    19. Stilponunun tanrılara və ümumi anlayışlara münasibəti necə olmuşdur?
    20. Miletli Eubulides hansı paradokslarla çıxış etmiş və onların məzmunu nədir?
    21. Diodorus Kronosun hərəkət, ehtimal, imkan, imkansızlıq, və var olmaq haqqında hansı fikirləri irəli sürmüşdür?
    22. Eretriya məktəbinin fəlsəfəsi nəyin üzərində qurulmuşdur?

Ədəbiyyat:
    1. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801.
    2. Copleston F. A History of Philosophy. Greese and Rome. New York: İmage Book, 1993.
    3. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
    4. Gilbert Leung. A Critical History of Cosmopolitanism // Law, Culture and the Humanities 2009.
    5. Marcus Tullius Cicero. On the Nature of the Gods / Translated by F. Brooks. London: Methuen, 1896.
    6. Samuel C. Wheeler. Megarian Paradoxes As Eleatic Arguments // American Philosophical Quarterly Volume 20, Number 3, July 1983 / University of Illinois.
    7. Асмус В.Ф. Античная философия. М.: Высшая школа, 1976.
    8. Две книги против физиков // Секст Эмпирик. Сочинения. Том. 1. М: Мысль, 1976.
    9. Диодор Сицилийский. Греческая мифология (Историческая библиотека) / Перевод О. П. Цыбенко. М.: Лабиринт, 2000.
    10. Киники // Философский энциклопедический словарь. М.: Советская энциклопедия. Гл. редакция: Л. Ф. Ильичёв, П. Н. Федосеев, С. М. Ковалёв, В. Г. Панов. 1983.
    11. Ксенофонт. Воспоминания о Сократе / Перевод С.И.Соболевского. М.: Наука, 1993.
    12. Маковельский А.О. История логики, М.: Кучково поле, 2004.
    13. Нахов И. М. Киническая литература. М.: Наука, 1981.
    14. Элидо-Эритрейская школа // Античная философия: Энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh