Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər

Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər. Avqurlar adlanan kahinlər gələcəkdə nəyin baş verəcəyini quşların uçuşuna görə müəyyənləşdirirdilər. Qaruspik adlanan kahinlər isə bunu qurbanlıq heyvanların daxili orqanları ilə yerinə yetirirdilər.
Kahinlər yaşadıqları   cəmiyyətlərdə nüfuzlu təbəqənin üzvləri hesab olunurdular. Ən tanınmış və hörmətli kahinlər pontifekslər (lat. pontifex) heyətini təşkil edirdilər. Bu heyətin başçısı Baş kahin vəzifəsini tuturdu. Günümüzdə də Roma Papasının adlarından biri də məhz pontifeksdir.
İlkin dövrlərdə romalılar tanrıları təsvir etmir, onları yalnız xüsusi rəmzlərlə (simvollarla) ifadə edirdilər. Məsələn, savaş tanrısı Marsın simvolu nizə, işıq və ildırımın simvolu olan Yupiterin rəmzi isə ox idi. Sonrakı dövrlərdə yunan mədəniyyətinin təsiri ilə Romada tanrıların panteonu (tanrılar toplumu) yaranmışdır. Yunan baş tanrısı Zeus'la eyniləşdirilən Yupiter panteonun başında dururdu. Başqa Roma tanrıları da yunan tanrıları ilə: Hera Yuno (Yunona) ilə, Minerva Afina ilə, Venus (Venera) isə Afrodita ilə eyniləşdirilmişdir.
M. ö. IV yüzillikdən başlayaraq Romada yunan dili, adətləri və mədəniyyəti yayılmağa başlamışdır. Bununla da inkişaf etmiş yunan dili, mədəniyyəti, elmi, fəlsəfəsi Romanın ənənəvi latın dili və mədəniyyəti ilə qarışmışdır.
Digər tərəfdən romalıların istila siyasəti genişləndikcə Romada digər mədəniyyətlərin, xüsusi ilə Şərq mədəniyyətinin və dinlərinin də təsiri güclənmişdir. Məsələn, orada iranlıların Mitra, misirlilərin İsis (İsida) və Serapis, finikiyalıların Astarta tanrılarına ibadət edilirdi. Eyni zamanda, Fələstinin istilasından sonra romalılar yəhudi monoteizmi ilə də tanış olmuşdurlar.

Müxtəlif dinlərin axını ilə birlikdə Doğudan Romaya çoxlu ovsunçular, sehrbazlar, cadugərlər gəlmiş və orada fəaliyyət göstərmişdirlər. Bunun da nəticəsində əhali arasında müxtəlif dinlər, inanclar, mövhumatlar, mistik təlimlər daha geniş miqyasda yayılmışdır. Bu durumla əlaqədar zamanla Roma imperiyasında həm siyasi-iqtisadi, həm də mənəvi böhran dərinləşmişdir. Belə ki, dinlərin və inancların çoxluğu cəmiyyəti parçalamışdır.
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh