Yeni pifaqorçuluq

Yeni pifaqorçuluq m. ö. I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.
Yeni pifaqorçuluq bir çox əlamətlərinə görə fəlsəfi cərəyandan daha çox dini təlim idi. Onun hətta Pifaqora aid edilən vəhy kitabları da mövcud olmuşdur. Bu təlimin əsasında kəskin dualizm dururdu. Maddi aləm şərlə, ruhi və səmavi başlanğıclar isə xeyirlə əlaqələndirilirdi. Bu baxımdan onlar düşünürdülər ki, Tanrı dünyanı rəqəmlərlə eyniləşdirilən ideyaların əsasında qurmuşdur.
Yeni pifaqorçular Bir rəqəmini xeyir olan və hər şeyin başlanğıcında duran Tanrı ilə eyniləşdirirdilər. Şərin təcəssümü olan İki rəqəmindən isə artıq çoxluq, dəyişkənlik, xaos başlayır. Bütün rəqəmlər ideyalarla eyniləşdirilir və onların nisbətinə görə dünyada hər şey var olur. Ancaq, rəqəmlərin sərbəst varlığı yoxdur, onlar Birdən çıxırlar.
Yeni pifaqorçular həm də dünyanın əbədiliyinə inanırdılar. İnsana isə “mikrokosm” kimi baxırdılar. Yeni pifaqorçuluqda tək tanrılığın əlamətləri olsa da, onunla maddi dünya arasında vasitəçi olan kiçik tanrıların və şər qüvvələrin varlığı da inkar edilmirdi. Həqiqi Tanrı ən yüksək mənəvi təbəqələrdə sonsuz uzaqlardadır. Vasitəçi kiçik tanrılar isə kamil olmadıqlarına görə, insanlara özlərinə tapınmağı buyururlar. Əbədiyyətə çatmaq üçün isə onlara deyil, həqiqi Tanrıya doğru mənəvi cəhətdən yönəlmək lazımdır. Bunun üçün əxlaqlı abid həyatı yaşanmalı, qidalanma, and içmə, qüsul və dəstəmaz alma qaydalarına riayət edilməli idi.
 
Yeni pifaqorçuluğun ilk nümayəndəsi kimi tədqiqatçılar Publius Nigidius Fiqulus'un adını qeyd edilər. O, filosof Siseronun yaxın dostu idi. O, bir çox elmlər haqqında kitablar yazmışdır. Siserona görə, o qədim pifaqorçuluğu yenidən dirçəltmək istəmişdir. Publius Fiqulus mistikaya çox meylli idi. Siseron xəbər vermişdir ki, o öncədəngörənlik edərək Oktavianus Avqustusun doğum günündə onun imperator olacağını bəyan etmişdir. Fiqulusun ən tanınmış əsərlərindən biri dilçiliyə aid olan “Qrammatikaya aid şərhlər” kitabı idi. Bundan başqa o tanrılara tapınma və onlara ehtiram etmə haqqında “Tanrılar haqqında”, eləcə də münəccimlik, öncədəngörənlik və yuxu yozumları sahəsində də əsərlər yazmışdır. Onların yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır.
Yeni pifaqorçuluğun ən tanınmış nümayəndəsi Tiyanalı Apollonius olmuşdur. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır. Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada Pifaqor məktəbini yaratmışdır. Beləliklə, Apollonius filosof kimi deyil, daha çox bir peyğəmbər, sehrbaz, öncədəngörən kimi təsvir olunmuş və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.

Bir çox Roma filosofları Apolloniusun həyatını İsa Məsihin həyat yolu ilə müqayisə edib, onun (Apolloniusun) daha da çox peyğəmbərliyə layiq olduğunu iddia edirdilər. Bununla da, onlar Xristian ehkamlarını təkzib etməyə çalışmışdırlar. Məsələn, Roma filosofu Hierokles yazırdı ki, Apollonius İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli olaraq, onu heç kəs tanrı elan etməmişdir. Daha sonra Hieroklesin fikrincə Romada Xristianlığı yayan həvari Paulus (Pavlos) və Petrus etibarlı adamlar olmamışdırlar. Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən Filostratus və Damis isə öz möminlik və doğruluqları ilə xalq arasında tanınmışdırlar. Hieroklesi təkzib etmək üçün kilsə tarixçisi Eusebius “Həqiqət sözü” əsərini yazmışdır. Üstəlik Apolloniusun ölümündən sonra onun şərəfinə məbədlər tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara görə də sonralar qalib gəlmiş Xristianlıq onun kitablarını tonqallarda yandırmış, məbədlərini isə darmadağın etmişdirlər.
Filostratusun romanından belə nəticəyə gəlmək olar ki, Apollonius pifaqorçuluğa xas olan çətin riyazi problemlərlə deyil, daha çox dini və əxlaqi məsələlərə önəm vermişdir. O, ruhların bir bədəndən digərlərinə köçməsinə inanırdı. Eləcə də Apollonius hesab edirdi ki, qanlı qurbanların kəsilməsi, ətin yeyilməsi, çaxırın içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. Həyatın mənası Tanrını anlamaq, onu duymaqdır. Onun fikrincə bütün dinlərdə həqiqət vardır və onların hamısı Tanrıya aparan yollardır. Bununla belə, o tanrılar haqqında Yunan və Misir xalq dinində olan ibtidai təsəvvürləri də pisləyirdi. Apollonius öz həyat yolunu mömin insanın örnəyi kimi təqdim edirdi.

Gerasalı Nikomaxus da yeni pifaqorçuluğun tanınmış nümayəndələrində biri olmuşdur. O, daha çox riyazi məsələlərlə məşğul olmuş, rəqəm düzənini ilahiləşdirmiş, ona ilahiyyat məzmununu qazandırmışdır. Onun əsərlərindən biri “Arifmetik ilahiyyat” adlanır89. Orada Nikomaxus ona qədər olan rəqəmlərin mistik mənalarını verirdi. Kitabın birinci hissəsində birdən dördə qədər olan, ikincisində isə qalan rəqəmlər haqqında düşünülür. Hər bir rəqəm əxlaqi, təbii və ilahi obrazlarla uyğunlaşdırılır, onların arasında qanunauyğunluqlar araşdırılırdı.
Tanrı bir rəqəminə uyğundur, çünki ondan hər şey başlanır, həm də bir rəqəmi başqa rəqəmlərin əsasında durur. Ona görə də, ona uyğun olan Tanrı hər şeyin “əvvəli, ortası və sonudur”.
İki rəqəmindən başlayaraq çoxluq başlanır. O materiyaya uyğunlaşdırılır və bir olan Tanrıya qarşı durur. Bütün ziddiyyətlər ikilidir: isti-soyuq, xeyir-şər, işıq-qaranlıq və s.

Üç rəqəmində isə əvvəl, orta və son vardır. O hər şeyin tamlığının təcəssümüdür. Hətta canlılar üç cürdür: uçanlar, yeriyənlər və suda üzənlər. İnsanın yaşam dövrləri da üçdür: gənclik, yetkinlik və qocalıq. Tanrıya üç kərə dualar edilir və ümumiyyətlə hər şeyin üç dəfəsi ən mükəmməldir. Üç ahəng, barış və dostluqdur. O həm də bütün ziddiyyətləri bir-birinə yaxınlaşdırır.
Bu birinci üç rəqəm başqalarının əsasını təşkil edir. Bundan sonra gələnlər onların kombinasiyalarıdır. Kainat, kosmik təsəvvürlər, dairələrin bölgüsü dörd rəqəmində təcəssüm olunur. Bunların mahiyyətini anlamaq və onların üzərində riyazi hesablamalar aparmaq üçün onları xaç şəklində olan dörd hissəyə bölürlər. Bu bölgüyə əsasən elmlər arifmetika, həndəsə, harmoniya və astronomiya; canlılar isə məlaikələr, şər qüvvələr, diri canlılar və bitkilər olmaqla dördə bölünürlər. İnsanın da dörd hissəsi vardır: baş, bədən, əllər və ayaqlar.
Beş rəqəmində ilk cut və tək rəqəmlər (2 və 3) birləşir. O həm də on rəqəminə qədər olan ortadır. İki beşin cəmi ilk tamlıq olan ondur. Kainatın beş ünsürü vardır. Bunlar hava, od, su, torpaq və efirdir. Əxlaqda da beş rəqəmi ədalətin təcəssümüdür.
Altı rəqəmi birin, ikinin və üçün cəmindən, eləcə də ikinin üçə vurulmasından ibarətdir. Bu da kişi və qadın başlanğıcı, eləcə də evliliyin rəmzidir. Həm də altı iki əvvəli, ortası və sonu olan üçlüklərdən ibarətdir. Bu da kosmosun təcəssümüdür ki, Yaradan Tanrı onu altılıqla kamilləşdirir.
Yeddi rəqəminin özəllikləri çoxdur. Dörd yeddinin cəmindən kamil olan 28 rəqəmi yaranır. Bu da ay təqviminin günləridir. Antik dövrlərdə məlum olan və tanrılar kimi tanınan planetlərin sayı yeddi idi. Hərəkətlər də yeddidir: önə, arxaya, yuxarı, aşağı, sağa, sola və öz oxu ətrafında. Yeddi musiqi səsi (notlar) vardır. Yeddi yaşam dövrü vardır: uşaqlıq, gənclik, yetkinlik, kişilik, ahıllıq və qocalıq. Məhz yeddinci ayda uşaq doğulmaq üçün hazır olur. Toxum da yerə düşəndə təxminən yeddi günə bitməyə başlayır.

Səkkiz rəqəmi iki rəqəminin kubudur. Deməli, qütblülüklər və ziddiyyətlər olan 2 rəqəmi onun əsasında durur. Bu isə həm sevginin, həm də doğuluşun əlamətidir. Səkkizlik göydə də özünü göstərir, çünki ulduz dairələri də səkkizdir.
Doqquz rəqəmi üçün kvadratıdır O onluğun içində ən böyük rəqəmdir ki, ondan sonra heç nə yoxdur. Ona görə də, ondan sonra dairəvi hərəkət baş verir. Hər şey ona doğru gəlir və sonra ondan uzaqlaşır.
On rəqəmi isə təbiətdə olan tamlıq, düzənlik və müvazinətin rəmzidir. Onun içində bütün başqa rəqəmlər vardır. Beləliklə, onluq bütün dünya və kainatdır. Ondan yüksək heç bir təbii rəqəm yoxdur. Çünki yüz on, min isə yüz onluqdan ibarətdir.
Yeni pifaqorçuluğun daha bir tanınmış nümayəndəsi Apameyalı Numenius olmuşdur. Onun fikrincə tam olan varlığın üç əsası vardır. Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir.
Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü. Ondan insan ruhunun ölən hissəsi yaranmışdır. İnsan ruhunun əqli hissəsi isə ölməzdir və dünya Əqlinə yönəlir.
Numenius platonçuluğu Müqəddəs kitabın (Bibliyanın) dünyagörüşünə, eləcə də Hind, Misir və digər dini təlimlərlə yaxınlaşdırmaq və uyğunlaşdırmaq istəmişdir. Hətta o, Platonu Musaya bənzədir. Bunun da zərurəti ondan doğmuşdur ki, o zaman Romada ənənəvi yunan-roman dini böhranda idi və eyni zamanda imperiyada çoxlu dinlər ortaya çıxmışdır. Onlardan biri də sonralar dövlət dininə çevrilmiş Xristianlıq idi. Buna görə də, o dövrün filosofları bu həqiqətləri nəzərə alıb antik təlimləri başqa inanclarla, xüsusən də Xristianlıqla qarışdırmağa çalışırdılar. Numeniusun varlıq haqqında nəzəriyyəsi də bu qəbildən idi. Sonralar bu ideya yeni-platonçular tərəfindən daha da inkişaf etdirilərək Xristian inancına uyğunlaşdırıldı.
Qadesli Moderatus da yeni pifaqorçulardan biri idi. O yeni -platonçu Plotinin ifadə etdiyi üçlük haqqında fikirlərinin əsasını qoymuşdur. Belə ki, Moderatusa görə bütün varlıq birdir və üç hissədən ibarətdir. Birincisi hər şeydən yüksək olan Vahiddir. İkincisi ideyalar toplusu və həqiqi varlıqdır ki, onu düşüncə ilə qavramaq mümkündür. Üçüncüsü isə Ruhdur ki, o birinci və ikinci hissənin sayəsində mövcud olur. Eyni zamanda, Moderatus Pifaqor fəlsəfəsinə üstünlük verərək hesab edirdi ki, Platon, Aristotel və digər filosoflar onun fikirlərini mənimsəmişdirlər. Bunu edərək, onlar bütün mənfilikləri və qüsurları pifaqorçulara aid edərək onu gözdən salmışdırlar.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh