Roma məktəbi

Roma məktəbinin və ümumiyyətlə, yeni-platonçuluğun ilk filosofu Ammonius Sakkas hesab edilir. O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur.
Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar.
Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər. Ammonius və onun öyrənciləri ilk dəfə “Teosofiya” sözünü işlətməyə başlamış və bu anlayışı təlim halına gətirmişdirlər. Bu təlimin vasitəsi ilə Ammonius bütün dinlər və inancları birləşdirmək istəmişdir.
Ammoniusun öyrəncisi Plotin yeni platoçuluğun nəzəri əsaslarını qoymuşdur. Ona görə də Plotinə “İkinci Platon” da deyirlər.
 
Ammonius Sakkas
Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.

244-cü ildə Romaya qayıtdıqdan sonra Plotin orada məktəb yaratmış və 25 ilə yaxın müddətdə ona başçılıq etmişdir. Bu məktəbdə müxtəlif ictimai təbəqə və millətlərin nümayəndələri oxuyurdular.

Əvvəllər Plotin öz təlimini yalnız şifahi olaraq tədris etmiş, daha sonra isə onu yazmağa başlamışdır. Plotinin öyrəncisi Porfirius isə onun əsərlərini yığmış, redaktə etmiş, altı fəsilə ayırmış və yayımlamışdır (7, 5-28). Bu fəsillər isə öz növbəsində, doqquz hissədən ibarət olmuşdur. Buna görə də həmin əsər “Enneadalar” (yun. EvveäÖEç — doqquzluq) adlanır. Əslində Enneada qədim Misir əsatirlərində Heliopolis şəhərinin doqquz tanrısının95 ümumiləşmiş adıdır. Enneada tanrıları Misirin ilk kralları hesab olunurdular. Misirin digər şəhərlərinin isə öz tanrı doqquzluqları var idi.
Plotin bütün varlığı vahidlikdə görürdü, yəni onun dünyagörüşünün əsasını monizm təşkil edirdi. Plotinin Vahidi tanrıdır. Məsələyə bu cür yanaşılırsa, onda dünyada olan çoxluq və müxtəlifliyi izah etmək lazım olur. Yəni, əgər bütün varlıq Vahidin törəməsidirsə və onunla vəhdət təşkil edirsə, onda o digər varlıqlarla eyniləşməli, bərabərləşməli, qarışmalı yoxsa öz fərdiliyini saxlamalıdırmı?

Bu suala cavab verən Plotin Vahidi fərdiləşdirmiş, onu bütün digər şeylərdən ayıraraq üstün tutmuşdur. Ancaq belə olduqda Vahid dərk olunmaz, duyulmaz və görünməzdir. Hətta, onun var olması belə sual altına qoyulur. Bu da Plotinin fikrincə təbiidir, çünki Vahidin var olması iddiası onu müəyyən çərçivəyə salınması, zaman və məkanda təsəvvür edilməsi deməkdir. Beləliklə, Vahiddən hər şey törənir, ancaq o özü hansısa forma ya da çərçivə anlayışlarına sığmır. Çünki O, bütün varlıqlardan və təfəkkürdən daha üstündü, dərk olunmazdır (8, 616617). Eyni zamanda, Plotin Vahidi günəşin, işığın, istinin, xeyrin mənbəyi hesab edirdi.
Hər bir anlayışdan uca olan Vahiddən hər bir şey törənir, doğulur. Monoteizmdə olan Tanrıdan fərqli olaraq Vahidin heç bir istək və iradəsi yoxdur. Dünyanın doğuşu (törəməsi) prosesi obyektiv bir hadisədir, kiminsə iradəsindən asılı deyildir. Bu törəmə emanasiya (axma, tökülmə) adlandırılır. Emanasiyanı Plotin Vahiddən ayrılan ışıq (nur) şəklində təsəvvür edirdi. İşıq mənbəyinə yaxın olduqca parlaqlaşır, ondan ayrıldıqca isə tədricən sönür və qaranlığa çevrilir. Vahiddən törənən çoxluq heç də onun azalmasına və ya kiçilməsinə dəlalət etmir. O olduğu kimi bir ideal olaraq qalır.

Emanasiya nəticəsində Vahiddən daha iki substansiya (hipostasis) yaranır. Birincisi Əqldir. Vahiddən fərqli olaraq o artıq mövcuddur. Əql özünü dərk edir. Plotinin Əqli Platonun ideyalar aləminə bənzəyir. O, bütün ideyaların cəmidir.
İkinci substansiya isə Ruhdur. Vahiddən ayrılan İşıq bütövlükdə Əql tərəfindən mənimsənilmir. Ona görə İşıq hərəkətini davam edir və bunun nəticəsində Ruh yaranır. Eyni zamanda, onu Əql doğur. Ruh hər şeyin yaradıcısıdır. O bütün canlıları onlara həyat üfürərək yaratmışdır. Ruhdan günəş, göy və başqa kosmik cisimlər yaranmışdır. Eyni zamanda, Ruh hər şeyi hərəkətə gətirir (hərəkətverici qüvvədir).
Ruh iki tərkib hissədən ibarətdir. Birincisi səmavidir; Əqlə yaxındır və maddi aləmlə əlaqəsi yoxdur. İkincisi isə dünyəvidir; maddi aləmlə əlaqəlidir və təbiətin bütün proseslərini həyata keçirir.
Beləliklə Ruh, səmavi və yüksək qüvvələrlə dünyəvi qüvvələrin əlaqələndiricisidir. Ruhda ideyalar əks olunur. Plotinin təlimində yuxarıda göstərilən üç substansiya (Vahid, Əql və Ruh) hipostasis adlanır. Yəni hipostasis birliyin üzvlərinin hər birisidir. Vahid tanrı Uran, Ruh tanrı Zeus, Əql isə Kosmosla eyniləşdirilir. Əqldə yaşayan ideyalar da tanrılardır.
Təbiətə gəldikdə onun ən yetkin tərəfi Ruhun aşağı təbəqəsidir. Əqldə cəmləşən ideyalar bu təbəqədə konkret şeylərdə təzahür olunur. Əslində isə şeylər ideyaların əks olunmasıdır. Fenomenal96 aləmdə Ruh hissəciklərə bölünür və hər şeyin əsasını, canını təşkil edir. Beləliklə, hər şeyin ruhu vardır: o cümlədən planetlərin və yerin. Yerin ruhundan bitkilərin və heyvanların ruhları; eləcə də insan ruhunun aşağı, qaranlıq hissəsi yaranır. Bu hissənin vasitəsi ilə insanlar dünyaya bağlı olurlar, ağırlaşırlar.
Təbiət dünya Ruhunun qaranlıq hissəsidir. Onun ən alçaq hissələri isə materiyadan yaranır. Materiya (maddə) Plotin fəlsəfəsində yoxluqdur. Ancaq materiya mütləq yoxluq deyil, sadəcə var olan şeydən fərqli bir şeydir (8, 67-68). Materiya əbədidir, ancaq Vahidlə birlikdə mövcud olan ikinci ilk substansiya deyildir. Buna görə də, Plotinin materiya haqqında fikirləri ziddiyyətlidir. O Vahiddən törənir və ondan ayrılan işığın sönməsinin nəticəsidir. Deməli, materiya zülmətdir (qaranlıqdır) və şərlə, hətta yoxluqla eyniləşir. Vahid isə xeyirdir.
Yuxarıda qeyd edildiyi kimi Plotinin fəlsəfəsində Vahid enərək çoxluğun yaranmasına səbəb olur. Ancaq çoxluq da Vahidə tərəf yönəlir, onunla qovuşmağa can atır. Bu cür yönəlmə insanda daha da çox təzahür olunur. İnsan ruhu dünya Ruhunun hissəciyidir. Onun yüksək və aşağı hissəsi vardır. İnsanların çoxusunda ruhun aşağı hissəsi üstünlük təşkil edir və onlar həddən artıq şərin təcəssümü olan materiyaya bağlanırlar. Ancaq, hər bir insan özündə ruhun yüksək hissələrini duyub inkişaf etdirə bilər. Bu isə ekstaz halında mümkündür. Ekstazda ruh artıq bədənlə özünü eyniləşdirmir və ondan müstəqil şəkildə varlıq qazanır. O Vahidə can atır, onunla qovuşur, onda əriyir. Ekstaza çatmaq üçün mənəvi həyat sürmək lazımdır. Plotin ruhların köçməsinə də inanırdı.

Plotinin təlimi sonrakı orta əsr Avropa və Yaxın Şərq fəlsəfi fikrinə çox böyük təsir göstərmişdir. Avqustin, Boesius, Fərabi, İbn Sina kimi filosofların təlimlərində Plotinin ideyalarından istifadə edilmişdir. Onun varlıq haqqında baxışlarını bu və ya digər dərəcədə ən tanınmış düşünürlər öz təlimlərində tətbiq edib inkişaf etdirmişdirlər.
Başqa tərəfdən Plotinin təlimi sonralar müxtəlif dini-mistik təlimlərin yaranmasına təkan vermişdir. Yəhudi (Kabbala), Xristian (İsihazm) və İslam (Təsəvvüf) mistisizmi ondan bəhrələnərək təlim halına gəlmişdirlər.
Yeni-platonçuluğun Roma məktəbinin daha bir tanınmış filosofu Porfirius olmuşdur. O, Plotinin öyrəncisi olmuş, onun həyatını qələmə almış, əsərlərini (o cümlədən «Enneadalar»ı) toplamış və yaymışdır. Bundan başqa Porfirius yetmişdən çox fəlsəfi əsərin müəllifi olmuşdur. Onların çoxusu bizim zamanımıza gəlib çatmamışdır.
Hal-hazırda onun əsərlərindən ən tanınmışı «Aristotelin kateqoriyalarına giriş və şərhlər» kitabıdır. Bu kitabda Porfirius məntiq problemlərinə toxunurdu. O yazırdı ki, hər bir şey həmin şeyin müəyyən növünə aiddir. Növlər isə ona yaxın olan növlər və cinsləri təşkil edir. Ancaq, növlər arasında fərqlər vardır. Buna görə hər bir şeyi cins, növ və növ fərqi xarakterizə edir. Eyni zamanda, hər bir şeyin ona məxsus, keçici və təsadüfi olan əlamətləri də vardır.
Sonra Porfirius ümumi şeylərin necə mövcud olması sualını ortaya qoyur. Yəni növlər və cinslər fərdlərdən fərqli olaraq varlıqlardır, yoxsa onlar yalnız düşüncənin məhsuludurlar? Əgər ümumi şeylər düşüncədən kənar mövcuddurlarsa, onda onların təbiəti nədir: ruhdur yoxsa materiyadır? Onlar fərdlərin bədənlərində yaşayırlar, yoxsa onlardan fərqli varlıqdırlar? Beləliklə, orta əsrlərdə müzakirələr səbəb olan ümumi anlayışların var olub-olmaması problemini ilk dəfə Porfirius səsləndirmişdir.
 
Porfiriusun ikinci məşhur əsəri «Sentensiyalar»97 (lat. Sentenze sugli intellegibili) adlanır. Bu əsərdə Porfirius ruhun xilas olmasının yolları haqqında fikirlər irəli sürmüş, bunu da bədəndən ayrılmada, ehtiraslardan təmizlənməsində və Tanrıya (Əqlə) qayıdışda görmüşdür. Bədən ruhu saxlaya bilməz, o özü-özünü bədənə bağlayır. Çünki, o duyğular aləminə yönəlir və özünü onunla eyniləşdirir. Belə olduqda ruh özünü duyğu orqanları vasitəsi ilə göstərir. Ona görə ruh bədəndə deyil, bədən ruhdadır demək daha doğrudur.
Ruhun Əqlə qayıtması üçün ona özəl bilik olan “qnosis” lazımdır. Ruh Tanrıdan ayrı da deyil, o hər yerdə var və eyni zamanda heç yerdə yoxdur. Qnosisə çatan insan Tanrını hər zaman duyur. Tanrı hər yerdə olsa belə, o cahil insan üçün yox kimidir.
Öldükdən sonra “qnosisə” çatmayan ruh Tanrıya qayıtmır, o yenə də özünü duyğular aləminə yönəldir, kabusa çevrilir və bu yaşam da əslində Aiddir (cəhənnəmdir). Filosoflar isə başqa cür ölür. Onların ölümü təbii qocalmadan və xəstəliklərdən öncə baş verir. Bunun üçün onlar ehtiraslardan azad olmalı, özlərini bədənlə eyniləşdirməməli, öz həqiqi təbiətinə qayıtmalıdırlar (13, 49). Belə olduğu halda onlar Tanrıya qovuşurlar. İnsanların, tanrıların, demonların, heyvanların və bütün canlıların ruhlarının təbiəti birdir.

Porfirius həm də Xeyrin növləri məsələsinə diqqət yetirmişdir. Onlar ruhun kamilliyə çatması (qnosis) üçün pillələrdir. Birinci pillə vətəndaşların xeyirləridir. Onları özündə tərbiyə edənlər mənfi ehtiraslarının qarşısını ala bilərlər. İkincisi pillə katarsis halına çatmışların xeyirlərdir ki, bunu ruhu yüksəklərə yönəlmişlər özündə tərbiə edir. Bu da dünyaya bağlılıqdan uzaqlaşaraq, yüksək ideallara doğru yönəlməkdir. Üçüncü pillə ruhi xeyirlərdir. Onlar bu təmizlənməni pozitiv aspektlərlə təkmilləşdirir, ruhu ilk səbəbə (Tanrıya) yönəldir. Dördüncü pillə isə mənəvi (yaxud əqli) xeyirdir. O, bütün xeyirlərin ilk obrazını (paradiqmasını) təşkil edir, bütün xeyir növlərini özündə birləşdirir.
Porfirius Roma imperiyasında yayılan Xristianlığa qarşı şiddətli tənqidlərlə çıxış etmiş, bu mövzuya həsr olunmuş 15 cilddən ibarət “Xristianlara qarşı”adlı külliyyatını yazmışdır. Bu kitabda Porfirius, Əhdi-Ətiqi və Əhdi-Cədidi çox ciddi elmi tənqidə məruz qoyurdu. O, ilk dəfə iddia etmişdi ki, Tövratın müəllifi Musa ola bilməzdi. Onun yazdığına görə Musanın Tövratı yəhudi məbədi ilə birlikdə Qüdsü ələ keçirmiş Babil kralı Buhtunnəssarın əskərləri tərəfindən yandırılmışdır. Yəhudi və xristianlarda olan nüsxələri isə Musadan 1180 il sonra Ezdra (Üzeyir) yazmışdır (22, 349). Daha sonra o, «Daniel» kitabının qədim zamanlarda deyil, Suriya kralı Antioxus Epifanes dövründə (m. ö. 165) yazılmasına dair dəlillər irəli sürmüşdür. Porfirius İncillərdə olan ziddiyyətləri qabarıq şəkildə ortaya qoymuş və İsanın tanrılaşdırılmasına qarşı çıxış etmişdir.

Xristianlığın tənqidi kilsə xadimlərinin etirazları ilə qarşılanırdı. Porfiriusun dəlillərini təkzib etmək üçün onlar çoxlu kitab yazmışdırlar. Daha sonra təəssübkeş xristianlar onun “Xristianlara qarşı” külliyyatını 448-ci ildə tonqallarda yandırmışdılar. Ancaq, onun bəzi hissələri bizim zamanımıza kilsə xadimlərinin müxaliflərə qarşı yazdığı rəddiyyə əsərlərində gəlib çatmışdır.
Porfirius dinin tənqidinin fəlsəfi və elmi əsaslarını qoymuşdur, buna görə də o, dinşünaslıq elminin əsasını qoyan sələflərindən biri kimi tanınmaqdadır. Onun metodlarından sonralar bütün din tədqiqatları istifadə etmişdirlər.
Yeni-platonçuluğun Roma məktəbinin filosoflarından biri Amelius olmuşdur. O, Plotinin öyrəncisi idi və bir çox zamanımıza çatmayan kitabların müəllifi olmuşdur. Amelius Plotinin irəli sürdüyü bəzi anlayışları üçlükdə təsəvvür edirdi. Belə ki, Amelius Demiurqos (ikinci yaradıcı) kimi təsəvvür edilən Əqli üçlükdə görürdü. Üçlüyün birinci üzvü (hipostasisi) Əqlin özüdür. İkinci hipostasis birincini, üçüncü isə ikincini dərk edir. Bunlar da Platonun “Timeus”unda söhbət açılan üç krallardır (demiurqoslardır): Fanet (varlığın əsası), Uran (hər şeyin sahibi) və Kronos (hər şeyi görən tanrı).



Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh