Katarakta

Göz insan həyatını işıqlandıran ən vacib orqandır. Amma təəssüf ki, xəstəliklər ondan da yan keçmir. Ən çox tanınan xəstəlik isə xalq arasında mirvari suyu adı ilə tanınan kataraktadır. Hazırda dünya ölkələrində olduğu kimi katarakta Azərbaycanda da geniş yayılıb. Katarakta gözdə büllurun bulanması nəticəsində əmələ gəlir. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, buna Mirvari suyu da deyirlər.
Əksər hallarda, kataraktanın səbəbləri kimi irsi faktor və qocalıq çıxış edir. Yəni babada-nənədə varsa, bu özünü gələn nəsildə də göstərir. Yaşlı insanlarda isə qidalanma pozulduğundan, eləcə də gözdaxili mayedə toksiki maddələr yığıldığından, büllur bulanmağa başlayır.
Lakin daha cavan yaşlarda, günəşin ultrabənövşəyi şüalarına həddindən çox məruz qalan, zəif qidalanan və şəkərli diabeti olan xəstələrdə də kataraktaya rast gəlinir. Bu, həmçinin gözətrafı nahiyələrdə zədələr və dəlib keçən yaralanmalar zamanı baş verə bilər.

Büllurun bulanması isə görmənin getdikcə zəifləməsinə və itməsinə gətirib çıxarır. Oftalmoloq-cərrah Namiq Mustafayevin sözlərinə görə, büllur gözdə bəbəyin arxasında yerləşir. Buynuz qişadan gözə düşən şüaları büllur sındırır və ordan da sinirlə beyinə gedir. Ona görə büllur bulananda şüa gözün dibinə çatmır və görmə itir.
“Statistikaya görə, dünyada katarakta ilə əlaqədar korluğun sayı 40-48 faizdir. Ən çox korluğun səbəbi kataraktadır”, deyə N. Musayev bildirib.

Qeyd edək ki, katarakta zamanı əvvəlcə insan zəif görməyə başlayır. Getdikcə isə görmə tamamilə itir. Amma bəzi hallarda bu əlamətlər aldadıcı formada üzə çıxa bilər:
“Elə insanlar var ki, 40-50 yaşdan sonra eynək taxırlar və 1-2 ayın içində hiss edirlər ki, daha onlara oxuyarkən eynək taxmaq lazım deyil. Onda fikirləşə bilərlər ki, mirvari suyu əmələ gəlir. Ona görə ki, büllur bulananda şişir və onun refraksiya imkanları artır və oxumaq asanlaşır. Amma bir qədər vaxtdan sonra büllur tam bulanır və o görmək də itir”. deyə oftalmoloq-cərrah xəbərdarlıq edir.

Həkimlər gözdə zəifləmə hiss etdikdə mütləq oftalmoloqa müraciət etməyi tövsiyə edir. Qeyd edək ki, katarakta zamanı bəzən gözün bülluru bulanmağa başlayır və bu, 10-20 il müddətində davam etdikdən sonra korluq yaradır. Bəzənsə büllur bulandıqdan cəmi bir-iki aydan sonra görmə itir.
Oftalmoloq əksər halda bulanmanın tədricən getdiyini və üç, beş il vaxt apardığını bildirir. Amma vaxtdan asılı olmayaraq, kataraktanın yeganə müalicə yolu əməliyyat sayılır.

Ümumiyyətlə isə həkimlər gözü kataraktadan qorumaq üçün qidalanmaya fikir verməyi, tərkibində A, E vitamini olan balıq, kök, eləcə də protein və mikroelementlərlə zəngin qida məhsulları qəbul etməyi məsləhət bilir. Həmçinin gözü ultrabənövşəyi şüalardan qorumaq üçün günəşli vaxtlarda gün eynəkləri taxmaq lazımdır.

Mənbə: http://anspress.com

Oxşar məqalələr

 

0 şərh