Günəş adam - Albert Aqarunov

  • Hərb
Albert Bakının Əmircan kəndində, sadə bir ailədə doğulmuşdu. Valideynləri əslən yəhudi idi. Ancaq Albert həmişə özünü azərbaycanlı hiss edirdi. Onun fikrincə, insan ayaq basdığı torpaqların oğluydu.
Tək arzusu var idi Albertin. Qanadlanıb Günəşə doğru uçmaq istəyirdi. Hər gün Günəşə baxır, qəribə bir həzz alırdı. Utandığından arzusunu heç kimə demirdi. Düşünürdü ki, onu dəli hesab edərlər. Çünki Günəşə doğru uçmaq insan arzusunu da aşırdı. Ancaq Albert öz arzusunu aşmır, nədənsə, inanırdı ki, bir gün Günəşə doğru qanadlanacaq.
Albert Aqarunov
Tay-tuşları, yaxın əqrəbaları Albertin xarakterini sevirdi. Hamı onunla söhbət etmək, dərdləşmək, əylənmək istəyirdi. Çünki Albert çox azad düşüncəli, rahat insan idi. Hamı ilə açıq danışmağı, sülh yaratmağı və xoş olmağı sevirdi. Heç kimdən heç nə gizlətməzdi. Yalnız öz arzusunu kiməsə deməyə cəsarət etmirdi. Qorxurdu. Kimə deyə bilərdi ki, mən Günəşə doğru uçmaq istəyirəm?
Hər gün Günəş batanda kefi pozulurdu Albertin. İstəmirdi Günəş batsın. Ona elə gəlirdi ki, Günəş batanda planetdə həyat dayanır. Öz aləmində Günəşi özəlləşdirmişdi. Sanırdı, Günəş yalnız onun Günəşidir. Səhərlər durub Günəşə salam verər, qayıtdığı üçün təşəkkür edər və ondan üzr istəyərdi ki, gecikir, ona doğru uça bilmir.
Qəribəydi ki, Günəş də Albert üçün darıxırdı, hər gün çıxmağa tələsirdi, onu görüb gülümsəyirdi. Nə vaxt Albert xəstələnirdisə, Günəş çıxmırdı. Çıxırdı, amma buludlar qarşısını alırdı. Bəlkə də Günəş görünmürdü deyə, Albert xəstələnirdi. Deyəsən, ikisi də bir-birinə doğru uçmaq istəyirdilər.
Bir gün Ablert ailəsinə dedi ki, mən müharibəyə gedirəm. Qarabağda vuruşacam. Həmin gün hava günəşliydi. Heç kim deyə bilməzdi ki, səmada bir əlcə də olsun bulud var.
Albertin ailəsi onun müharibəyə getməsinə razı deyildi. Çünki o zaman Albert çox gənc idi. Düzdür, əsgərlikdə olmuşdu, təcrübəsi var idi. Amma ailəsi üçün o, hələ də balaca Albert idi. Nə qədər dedilərsə getmə, xeyri olmadı. Albert Qarabağ müharibəsinə getdi. Onu tank komandiri qoydular. Tez-tez başını tankdan çıxarıb səmaya baxır, elə tankla da Günəşə doğru uçmaq istəyirdi.
Demək olar ki, hər gün Albert erməni tankı vururdu. Hətta bir atəşə iki tank vurduğu vaxtlar da olurdu. Bütün briqadalar danışırdı ki, Albertin açdığı atəş yan keçə bilməz. Elə bil mərmi yox, Günəş atırdı. Hədəf yerlə-yeksan olub alışırdı.
 
1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan «fəxri» erməni bayrağı verilib. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən «yəhudi buterbrodu» adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.
Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. 2019-cu ilin noyabrında Bakının Nərimanov rayonunda xatirəsinə heykəl ucaldılıb.
Ermənilərin komandiri demişdi ki, kim Alberti öldürsə, ona beş milyon rubl mükafat verəcəm. Ancaq Albertin adı gələndə bütün ermənilərin çənəsi əsirdi. Heç kim onu öldürəcəyinə ümid etmirdi. Qorxurdular. Çünki Albert üçün erməni öldürmək iki vur ikiydi. Elə bil toyuq boğazı üzürdü.
Bir gün Albertin vuruşduğu kəndə bir neçə erməni bölüyü hücum çəkdi. Qızğın döyüş başladı. Ermənilər sayca bəlkə də on dəfə çox olardılar. Albert tankın lüləyini qızışdırmışdı. Düşməni zəmi kimi biçirdi. Bir də arxaya baxdı ki, heç kim yoxdur. Hamısı şəhid olub. Albertə səsötürücüdən əmr gəldi ki, ərazidən çıx, ermənilər səni mühasirəyə alırlar. Albert çəkilmək istəmirdi. Leşi leş üstünə yığır, tankı tank üstünə yıxırdı. Bəlkə də bölük-bölük ermənilərin hamısını məhv edəcəkdi. Ancaq ona növbəti əmr gəldi, ərazidən çıx. Artıq bu əmri poza bilməzdi. Tankını geri çevirdi. Bu dəfə ermənilərə yox, sanki Günəşə atəş açırdı. Qarşıda döyüş yoldaşlarının cəsədləri vardı. Onları tankla əzib keçə bilməzdi. Dünən eyni qabdan yemək yediyi silahdaşları bu gün torpağa sarılmışdılar. Tankdan düşüb onların cəsədlərini kənara çəkmək istədi. Elə onlara çatan anda düşmənin snayper gülləsinə tuş gəldi. Ağır bir nəfəs dərib silahdaşlarının yanında uzandı. Son nəfəsini alırdı. Barmağını qaldırıb Günəşə doğru uzatdı və gülümsədi.
 
 
Müəllif: Elşad Barat
Mənbə: edebiyyatqazeti.az
 

0 şərh