Qərb cəbhəsində Milad bayramı var

  • Hərb
Hələ də davam edən müharibə ab-havası və bir neçə gün əvvəl katoliklərin qeyd etdiyi Milad bayramı yadıma 1914-cü ilin “Milad atəşkəsini” saldı. Birinci Dünya Müharibəsində hər şeyə rəğmən, birinci və axırıncı dəfə birgə qeyd edilmişdi bu bayram. Müharibəyə başlayan imperiyaların planı əslində 1914-cü ilin dekabr ayına qədər idi, yəni dekabr ayında müharibə yekunlaşacaqdı. Fəqət, heç kim bu müharibənin dörd il davam edəcək bir cahan savaşına dönəcəyini və 25 milyon insanın həyatını itirməsinə səbəb olacağını fikirləşməmişdi. Müharibənin başladığı il Qərb cəbhəsində ilk Milad bayramını tərəflər qısa müddətlik, ancaq rəsmi olmayan bir atəşkəs ilə qeyd etməyi qərara aldılar və bu bəlkə də, çoxlarının həyatında sonuncu Milad bayramı olacaqdı.
Birinci Dünya Müharibəsi 1914-cü il 28 iyul tarixində başladı və böyük imperiyalar bu müharibənin iştirakçısı oldu. Maraqlısı burasındadır ki, cahan savaşının əsas hərb meydanı Qərb yox, məhz Şərq oldu. Almaniya Fransaya müharibə elan etsə də, aralarındakı savaş bir müddət sonra “aşınıdırma müharibəsinə (war of attrition)” çevrildi, belə ki, ordular uzunluğu yüzlərlə kilometr olan səngərlər qazır, mövqelərində möhkəmlənir və ciddi irəliləyişlər baş vermirdi. Məhz buna görədir ki, Qərb cəbhəsində təbəddülad yox idi, hətta 1917-ci ilə qədər tərəflər arasında “sərhədlər” az dəyişmişdi.
Qərb cəbhəsində Milad bayramı var
1914-cü ilin dekabrında artıq qələbə qazanacağını proqnozlaşdıran tərəflər hesablamalarında səhv etdiklərini artıq başa düşmüşdülər və buna görə də uzunmüddətli mübarizəyə hazırlaşırdılar. Dekabr ayında “aşındırma müharibəsi”nin reallığı özünü göstərməyə başlamışdı – həftələrlə dayanmadan yağan güclü yağışlar hər iki tərəfin səngərini və onları bir-birindən ayıran neytral zonanı bataqlığa çevirmişdi. Gündəlik həyatın hər iki tərəf üçün səfalətdən fərqi yox idi.
Təqribən 6 ay sonra Milad bayramına az qalmış, 7 dekabr tarixində, Vatikan kilsəsinin baş pontifiki XV Benedikt Avropa liderlərinə müraciət ünvanladı: “heç olmasa mələklərin ilahilər oxuduğu bir gecədə silahlar susmalıdır”. Papanın məqsədi liderləri qısa müddətdə də olsa atəşkəsə razı salmaq və bu müddətdə bəlkə sülh haqqında düşündürmək idi. Nəticə isə gözlənilən kimi olmadı, heç kəs Milad bayramı üçün belə olsa rəsmi atəşkəsə getmədi.
25 dekabra doğru artıq güclü yağışlar yerini dondurucu soyuğa verir və Flandriyanın müharibə meydanı yavaş-yavaş qar ilə örtülürdü. Milad bayramı ərəfəsində bəzi aşağı rütbəli ingilis zabitləri öz əsgərlərinə qarşı tərəfdən onlara atəş açılmadıqca atəş açmamağı əmr etmiş və bu davranış “yaşa və yaşat” şüarı kimi tarixə keçmişdir. Müharibənin aktiv olmayan fazalarında da bu davranış öz aktuallığını qoruyurdu. Düzdür, bu qərarları zabitlər özləri qəbul etmişdi, çünki yuxarıdan belə əmr yox idi və bu səbəblə, qeyri-rəsmi atəşkəs az da olsa hiss edilirdi.
Alman imperatoru II Vilhelm səngərdəki əsgərlərin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə cəbhəyə yeni il ağaclarının göndərilməsini əmr edir. Bəzədilmiş şam ağacları artıq 23 dekabr tarixindən alman səngərlərinin ayrılmaz hissəsinə çevrilmişdi, hətta bəzilərini daha yuxarıya – parapetlərin üzərinə qoymuşdular. Almanlar “Stille Nacht (Səssiz Gecə)” şərqilərini oxuyur, qarşı tərəf isə öz Milad mahnılarını səsləndirir, sanki qarşı tərəfə cavab verirdilər.
Bir irlandiyalı zabit mərkəzə göndərdiyi hesabatda bunları qeyd edirdi: “Milad ərəfəsində almanlar öz səngərlərini işıqlandırmışdı. Onlar Milad mahnıları oxuyur, bizə “Milad bayramınız mübarək” deyirdilər. Biz də onların bayramını təbrik edirdik. Mən hər ehtimala qarşı, bütün hərbi tədbirləri almışdım”.
Milad günü isə tam fərqli mənzərə ortaya çıxdı: bayram gününün sabahı alman əsgərlər yalın əllərini havada yelləyərək öz səngərlərindən çıxmağa, düşmən tərəfə doğru hərəkət etməyə başlamışdı. Xoş niyyətli olduqlarını nümayiş etdirmək üçün silahlarını özləri ilə götürməmişdilər. İngilislər arxayın olandan sonra almanlara qoşulmağa, bir-birlərinə bayram hədiyyələri verməyə başladılar.
Müharibədən əvvəl alman əsgərlər arasında Britaniyada, ingilis əsgərlər arasında isə Almaniyada işləyənlər olduğundan, alman və ingilis dillərini bilənlər az deyildi. Milad günü əsgərlərin köməyinə məhz dil bilikləri gəldi, qarşı tərəfin dilini bilmək qısa müddət üçün də olsa qarşılıqlı hörmət yaradırdı. Xüsusən, daha isti münasibət almanların Sakson alayı ilə ingilislər arasında idi. Hətta almanlardan biri “Biz sakson, siz anqlo-sakson, niyə müharibə edirik?” sualını vermişdi. Harada ki, almanların Sakson alayları ingilislərlə üz-üzə idi, orada atəşkəs zamanı Milad bayramı daha səmimi və şən qeyd edilirdi. Fransızların əksəriyyəti isə torpaqları almanlar tərəfindən işğala məruz qaldığına görə bu məsələyə isti yanaşmırdı. Doğrudur, cəbhə boyu bayramlaşma hər yerdə eyni deyildi. Hətta bəzi yerlərdə Milad günü belə atışmalar davam edirdi.
Bayramı birgə qeyd edənlərin isə müxtəlif maraqlı xatirələri var. Şotland əsgər Murker alman patrulu ilə görüşdüyünü, alman əsgərinin ona bir qədəh viski, bir neçə siqar verdiyini və bu mesajı “düşmənlərə” çatdırmasını istədiyini yazırdı: əgər atəş açmasanız, atəş açmayacağıq. Cəbhənin başqa bir nöqtəsində, alman əsgərləri axşama doğru ingilisləri “gəlin, ingilis əsgərləri, bura gəlin” deyə səsləyirdilər. İngilis əsgəri, sıravi Frederick Heath ailəsinə yazdığı məktubda bunları qeyd edirdi: “onlar bizə “ingilis əsgər, ingilis əsgər, Milad bayramın mübarək” deyirdi. Biz bir müddət ehtiyatlı davrandıq və cavab vermədik. Zabitlər düşmənin hiylə işlədəcəyindən çəkinirdi, ona görə bizə susmağı əmr etdilər. Ancaq bir nəfərin düşmənin bayram təbrikinə cavab verdiyini eşitdik. Düşmən də olsaq, bir-birimizin Milad bayramını necə təbrik etməyə bilərdik? Əllərimiz tətikdə olsa belə, almanlara söhbət etdik. Qan və sülh, düşmənçilik və qardaşlıq – müharibənin ən valehedici paradoksu. Artıq sübh açılırdı, gecə isə alman səngərlərindən gələn mahnılar, bizim səngərlərdəki gülüş səsləri və Milad şərqiləri ilə daha rahat keçdi. Atəş açılmadı”.
Bəzi bölgələrdə birgə bayram qeyd edənlərin sayı yüzlərlə idi. Aralarında səmimiyyət və inam o qədər yüksək idi ki, hətta futbol yarışı da təşkil etmişdilər. Mənbələrin verdiyi məlumatlar müxtəlif olsa da, bir çoxlarının gəldiyi qənaətə görə almanlar ingilisləri bu yarışda 3-2 hesabı ilə məğlub etmişdi. Donmuş yer belə əsgərlərin futbol həyəcanına mane ola bilməmişdi.
Leytenant Johannes Niemann Şotland futbolçuların kiltin altından alt paltarı geyinmədiklərini oyun vaxtı külək əsərkən öyrəndiyini və buna almanların təəccübləndiyini yazır. Hər dəfə külək əsərkən şotlandların kiltləri havaya qalxır, onları çılpaq görən almanlar isə fit çalırdılar.
Əlbəttə ki, əsgərlər bu atəşkəsin əbədi olmadığını, bir müddət sonra hazırda birlikdə bayram qeyd etdikləri insanlarla yenidən düşmən olacaqlarını, bir-birlərinə silah doğruldacaqlarını bilirdi. Ona görə Milad atəşkəsindən istifadə edərək, bəziləri neytral zonada qalan əsgərlərin cəsədlərini toplayıb dəfn edir, səngərlərdə bərkitmə işləri aparırdı. Yaxşı ingiliscə bilən bir alman əsgəri yeni tanış olduğu ingilis əsgərə “Bu gün biz sülh içindəyik. Sabah sən öz ölkən, mən isə öz ölkəm üçün savaşacam. Uğurlar!” demişdi. Hər iki tərəfdən Milad bayramının birgə qeyd edilməsinə kəskin müxalif olanlar da var idi. Bunlardan biri də, gələcəkdə dünyanı yeni bir müharibəyə aparacaq olan Adolf Hitler idi. O, öz əsgər yoldaşlarını düşmənlə bir yerdə Milad bayramı qeyd etdiklərinə görə qınayır, “Müharibə vaxtı bu cür şeylər yolverilməzdir. Hanı sizin alman şərəfiniz?” deyirdi.
Qeyri-rəsmi Milad “atəşkəsi” əsgər və zabitlərin özbaşına verdikləri qərar olsa da, heç bir tərəf öz əsgərlərini bu hadisəyə görə cəzalandırmadı, lakin alman və ingilis generallar bu cür “yaxınlaşmaların” qarşısını almaq haqqında ciddi tədbilər gördülər. 1915-ci ildə yenidən Milad bayramının birgə qeyd olunması üçün edilən cəhdlərin qarşısı alındı və 1918-ci ilin noyabr ayına qədər bir daha birlikdə Milad bayramı qeyd edilmədi. Müharibə insanlara xoşbəxtlik gətirməsə də, onlara bəzən xoş anlar yaşamağa imkan yaradır.

P.S. Bu hadisə ilə bağlı maraqlı bir film – “Joyeux Noël” (Milad bayramın mübarək) – 2005-ci ildə çəkilmişdir. Filmin treylerini aşağıdakı linkdən izləyə bilərsiniz:
 
 
Müəllif: Rəşad Bağırov
Mənbə: azlogos.eu
 

0 şərh