Lend-liz haqqında

  • Hərb
Təqvimin müəyyən günləri var ki, onlar yaxınlaşarkən aktuallaşan mövzular olur. Belə mövzulardan biri də İkinci cahan savaşı illərində ABŞ-nın SSRİ-yə lend-liz proqramı çərçivəsində göstərdiyi yardımdır. İyunun 22-i belə təqvim günlərindən biridir – Almaniyanın SSRİ-yə hücumunun ildönümüdür.
Lend-liz barədə bir qayda olaraq sosial şəbəkələr üzərində gedən mübahisələrdə tərəflər cəmiyyətimizdə həmişə olduğu kimi iki antaqonist mövqe sərgiləyirlər. Bir tərəf yardımın əhəmiyyətli olmadığını və nasizm üzərində qələbədə cüzi rol oynadığını iddia edir. Digər tərəf isə lend-liz olmadan SSRİ-nin Almaniya qarşısında duruş gətirə bilməyəcəyi fikrini müdafiə edir.
Bəs əsl həqiqət necədir? İctimai maraq doğura biləcəyini nəzərə alaraq mövzu barədə məlumatları bölüşmək qərarına gəldim.
Arktika karvanlarından biri
Arktika karvanlarından biri
 
1941-ci il martın 11-də ABŞ prezidenti Franklin Delano Ruzvelt konqres tərəfindən qəbul edilmiş “Birləşmiş Ştatların müdafiəsinin təmin olunması haqqında” Qanunu imzaladı. Bu qanun prezidentə “müdafiəsini ABŞ üçün əhəmiyyətli” saydığı istənilən ölkəyə yardım etmək hüququ verirdi. Yardıma hərbi texnika, silah və sursat, ərzaq, strateji xammal, tibbi ləvazimatlar və dərmanlar daxil idi. Artıq martın 27-də lend-liz proqramı üçün 7 milyard dollar həcmində ilk vəsait ayrıldı. Yardımın aid edildiyi ilk ölkələr Böyük Britaniya və Çin oldu.
SSRİ müharibəyə qoşulandan sonra ilk yardım karvanı Böyük Britaniyadan gəldi. “Dərviş” adını almış bu karvan 6 yük gəmisi və 1 tankerdən ibarət idi. Avqustun 31-də Arxengelskə yetişən gəmilər 10 min ton kauçuk, 1500 ton hərbi çəkmə, qalay, yun, 3800 dərinlik bombaları və maqnit minaları, 15 ədəd Harrikeyn qırıcı təyyarələri (quraşdırılmamış vəziyyətdə) gətirmişdilər.
Karvanın mühafizəsini hərbi gəmilər təşkil edirdilər. Belə gəmilərdən biri, aviadaşıyıcı “Arqus”dan havaya qalxan daha 24 ədəd Harrikeyn təyyarəsi Murmansk yaxınlığındakı aerodroma endilər. “Dərviş” karvanı “Lend-lizə qədər” yardım sayılır və sovet hökuməti bu yardımın dəyərini ödəməyi öhdəsinə götürmüşdü.
1941-ci il oktyabrın 1-də Moskvada SSRİ, ABŞ və Böyük Britaniya arasında imzalanan müqavilə ilə lend-liz şərtləri SSRİ-yə də şamil edilirdi. Bu şərtlərə görə: a) sərf edilmiş və döyüşlərdə itirilmiş materiallara, texnikaya görə heç bir ödəniş olmayacaqdı; b) yalnız müharibədən sonra qalmış və mülki işlər üçün yararlı olan texnikanın dəyərini ödəmək lazım idi. Bunun üçün də ABŞ uzunmüddətli və faizsiz kredit açmağa boyun olurdu; c) hərbi materiallar qarşı tərəfdə qalırdı, lakin ABŞ istərsə, geri qaytarılmalı idi.
Yardım karvanları əsasən üç marşrut üzrə həyata keçirilirdi. Bunlardan birinci Şimal Buzlu Okean dənizləri ilə həyata keçirilən Arktika karvanları idi. Bu marşrut ən qısa (10-14 gün) və ən təhlükəli idi. Almanların Norveçi işğal etməsi bu marşrutu daim təhlükə altında saxlamağa imkan verirdi.
Xüsusən, RQ-17 kod adı ilə tanınan karvanın kədərli taleyi tarixçilərə yaxşı məlumdur. Bu karvana daxil olan 35 yük gəmisindən 22-i Lüftvaffe (alman aviasiyası) və Kriqsmarine (alman donanması) tərəfindən batırıldı. Yeri gəlmişkən, bu karvanda SSRİ-nin “Azərbaycan” adlı tankeri də iştirak edirdi. Gəmi ağır xəsarət aldı, daşıdığı kətan yağının xeylisi dənizə axdı, lakin limana yetişə bildi.
1941-1945-ci illərdə Arktika marşrutu ilə 1400 gəminin iştirak etdiyi 78 karvan göndərildi. Bu zaman 85 ticarət və 16 döyüş gəmisi olmaqla 101 gəmi almanlar tərəfindən batırıldı. Göndərilən yardımın 7%-i itirildi.
 
Sakit Okean marşrutu nisbətən təhlükəsiz idi və 18-20 gün vaxt tələb edirdi. Lakin ABŞ-ın Yaponiya ilə müharibə vəziyyətində olması üzündən daşınmalarda yalnız sovet gəmiləri iştirak edə bilərdi (SSRİ Yaponiyaya qarşı müharibəyə yalnız 1945-ci ilin yayında qoşuldu).
Ən təhlükəsiz marşrut İran dəhlizi idi. Lakin bu, həm də ən uzun marşrut idi, 75 günə qədər vaxt sərf olunurdu. Üstəlik İranın nəqliyyat infrastrukturu (həm limanlar, həm də dəmir yolu) böyük həcmdə yüklərin daşınmasına imkan vermirdi. Buna görə də, İranı işğal edən sovet-ingilis qüvvələri bu sahələrdə ciddi yenidənqurma işləri apardılar.
Lend-liz çərçivəsində həm hərbi, həm də mülki təyinatlı məhsullar çatdırılırdı. Müharibənin ilk iki ili ərzində SSRİ-nin ərzaq ehtiyatları tükəndi. 1943-1944-cü illərdə kəskin çatışmazlıq səbəbindən ərzaq məhsullarının gətirilməsi üstünlük təşkil etməyə başlayır. 1944-cü ildə ABŞ-ın SSRİ-yə göndərdiyi 3,5 milyard dollarlıq yardımın 69%-ni (2,37 milyard) ərzaq və digər mülki təyinatlı məhsullar təşkil edirdi.

Aşağıdakı cədvəldə SSRİ-yə göndərilən hərbi texnikanın miqdarı və onun SSRİ-dəki istehsala nisbəti göstərilir.
Aşağıdakı cədvəldə SSRİ-yə göndərilən hərbi texnikanın miqdarı və onun SSRİ-dəki istehsala nisbəti göstərilir.
Bundan əlavə, lend-liz çərçivəsində 5000 tank əleyhinə top, 131 633 avtomatik silah, 12 997 tapança, 8218 tüfəng, 127 min ton barıt, 345 735 ton müxtəlif partlayıcı maddələr, 331 min litr yüksək təmizlənmiş etanol, 903 min ədəd detonator, 4338 ədəd radiostansiya, 2074 ədəd radiolokator, 105 sualtı qayıq əleyhinə gəmilər, 202 torpeda qayığı, 90 yük gəmisi, 4 ədəd sualtı qayıq, 11075 yük vaqonları, 8071 traktor, 38100 metalkəsən dəzgah, 2,5 milyon telefon, 4 478 min ton ərzaq, 1,1 milyard dollar həcmində maşın və avadanlıq, 2,8 milyon ton polad, 802 min ton rəngli metal, 2,67 milyon ton neft məhsulları, 107 min ton pambıq, 842 min ton kimyəvi məhsullar, 50 min ton dəri, 3 786 000 ədəd təkər, 15 417 000 cüt hərbi çəkmə, 1,5 milyon ədəd adyal, 258 milyona yaxın düymə göndərilib.
ABŞ lend-liz üzrə 2 milyon 13 min ton aviabenzin göndərib (daha 500 min ton da Böyük Britaniya, Kanada). ABŞ öz aviabenzinini hazırlamaq üçün SSRİ-yə neft emalı avadanlıqları göndərirdi. Xeyli dərəcədə məhz, bu avadanlıqların sayəsində 1941-ci ilə (110 min ton) nisbətən 1944-cü ildə (1,67 milyon ton) aviabenzin istehsalını 15 dəfə artırmaq mümkün olmuşdur.
Bundan əlavə, yüz min tonlarla ehtiyat hissələr, təyyarələr üçün naviqasiya avadanlıqları (radiokompas, avtopilot, radar, sektant, aviahorizont), 5700 təyyarə mühərriki, eləcə də sovet qırıcılarında quraşdırmaq üçün 9351 radiostansiya göndərilmişdi.
Sovet təbliğatı etiraf etməsə də, ABŞ təyyarələri keyfiyyətcə daha üstün idilər. Sovetlərin ən məşhur təyyarəçisi Aleksandr Pokrışkin 1943-cü ilin yanvarından amerikalıların “Aerokobra” təyyarəsində uçurdu. O, şəxsən vurduğu 59 düşmən təyyarəsinin 48-ni məhz bu təyyarə ilə məhv etmişdi.
Nəticədə 3 ay fasilə ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Üçüncü qəhrəmanlığı isə artıq sərkərdə kimi qazandı.
Sovet ordusunun təkər üstünə çıxarılmasında lend-lizlə gələn avtomobillərin böyük rolu oldu. Yuxarıdakı cədvəldən göründüyü kimi, lend-lizlə gələn avtomobillər yerli istehsaldan 1,63 dəfə çox idi. Keyfiyyət baxımından fərq isə daha böyük idi.
ABŞ istehsalı olan Studebaker avtomobilləri həm canlı qüvvə daşımaqda, həm də yedəkçi kimi əsas texnika idi. Bundan əlavə, Studebaker reaktiv Katyuşa raket sistemləri üçün əsas şassi rolunu oynayırdı. Müharibənin ikinci yarısında demək olar ki, bütün Katyuşa sistemləri bu avtomobillərə yüklənirdi. Dodge və Villis avtomobilləri də sovet ordusunun hərəkətliliyində böyük rol oynadı.
Amerikalılar qısa müddət ərzində İranda iki avtomobil zavodu (Əndimeşk və Xürrəmşəhrdə) tikdilər. SSRİ-yə göndərilən avtomobillərin 184 mini bu zavodların istehsalı idi.

SSRİ-yə göndərilən Studebaker avtomobilləri
SSRİ-yə göndərilən Studebaker avtomobilləri

Sovet hospitallarında milyonlarla yaralının həyatını xilas edən streptosid və penisillinin demək olar ki, hamısı lend-lizlə gətirilirdi.
Ümumiyyətlə, ABŞ-ın SSRİ-yə göstərdiyi yardımın dəyəri 10,8 milyard dollara bərabər idi. Dolların 2015-ci ildəki kursu ilə ölçəndə bu 160 milyard dollar edir. Müharibədən sonra yaradılan ikitərfli komissiya salamat qalan mülki texnikanın müqabilində SSRİ-nin ABŞ-a nə qədər pul ödəməli olduğunu müəyyən etməli idi. Lakin razılığa gəlmək asan olmadı.
1948-ci ildə baş tutan danışıqlarda amerikalılar sovetlərin 1,3 milyard dollar ödəməli olduğunu söyləyirdilər. Qarşı tərəf isə cəmi 170 milyon dollar ödəmək niyyətində idi. Üç il davam edən alış-verişdən sonra amerikalılar rəqəmi 800 milyon dollara endirdilər, SSRİ isə 300 milyon dollara qaldırdı. Konsensus təbii ki, alınmadı.
Lend-liz üzrə borc barədə razılığa yalnız 1972-ci ildə gəlindi. SSRİ 2001-ci ilə qədər 722 milyon dollar ödəməyi öhdəsinə götürdü. 1973-cü ildə cəmi 48 milyon dollar olan üç ödəniş həyata keçirildi. Lakin ABŞ konqresinin insan hüquqlarını pozan dövlətlərə qarşı yönəlmiş Cekson-Venik qanununu qəbul etməsindən sonra Moskva ödənişləri dayandırdı.
SSRİ-nin süqutundan sonra bu borc Rusiyanın üzərində qaldı. İkinci cahan savaşının bitməsindən 61 il sonra, 2006-cı ildə borc ödənildi. Formal olaraq lend-liz üzrə alınmış yardımın 6,5%-i həcmində borc ödənildi. Lakin inflyasiya nəzərə alınarsa bu ödəniş yardımın cəmi 0,4%-ni təşkil edirdi.
Birinci cədvəldə və mətnin bəzi yerlərində (məsələn, aviabenzinlə bağlı) Böyük Britaniyadan göndərilən məhsulların bir qismi barədə məlumat var. Əlavə edək ki, 1942-ci il iyunun 27-də tərəflər arasında imzalanmış razılaşmaya əsasən Böyük Britaniyadan SSRİ-yə göndərilən bütün yardım tamamilə pulsuz idi.
İkinci cahan savaşından dərhal sonra sovet dövlət xadimləri və tarixçilər tərəfindən nasist Almaniyası üzərində qələbədə lend-lizin əhəmiyyətini kiçiltmək tendensiyası müşahidə olunur. Bunun iki əsas səbəbi vardı. Birincisi, ümumi qələbədə öz payını olduğundan xeyli böyütmək, hətta tamamilə inhisara almaq istəyi. İkincisi, Qərblə münasibətlərin korlanmasından doğan siyasi-ideoloji səbəblər.

1948-ci ildə SSRİ Dövlət Plan komitəsinin sədri Nikolay Voznesenski lend-lizlə gələn məhsulların Sovet İttifaqındakı istehsalın yalnız 4%-ni təşkil etdiyini söylədi. Bu rəqəmin həqiqiliyi heç zaman araşdırılıb təsdiq olunmasa da, sovet tarixçilərinin istinadına çevrildi.
Əslində isə bu kiçik məqalədə göründüyü kimi, bütün əsas sahələrdə yardımın həcmi iddia edilən 4%-dən dəfələrlə çox olub. Digər tərəfdən, sovet istehsalının artmasında lend-lizlə gələn avadanlıqlar ciddi rol oynayıb. Yuxarıda aviabenzin istehsalının 15 dəfə artmasında bu nümunəni görmüşdük. Başqa məhsulların istehsalında da Qərbdən daxil olan dəzgahların rolu böyük idi.

Bundan əlavə, daxili istehsalda lend-liz çərçivəsində daxil olan xammal böyük rol oynayırdı. Məsələn, 2,8 milyon ton ABŞ poladı sovet tank istehsalında ciddi rol oynadı. Təsadüfi deyil ki, hətta marşal Jukov sonralar deyirdi: “Məgər amerikalıların poladla yardımı olmasaydı, biz tank istehsalını belə tez bərpa edə bilərdikmi?”
Elə hallar olurdu ki, məhsul ABŞ-dan gələn xammalla və ABŞ-dan gələn dəzgahlarda istehsal olunurdu, lakin statistikada təbii ki, sovet istehsalına yazılırdı. Məsələn aviazavodlara ABŞ-dan 1488 dəzgah (daha 178 İngiltərədən), çoxlu sayda press, qayçılar, qaynaq aparatları, kəsici və ölçmə alətləri gətirilmişdi. Üstəlik təyyarə istehsalında istifadə edilən alüminiumun yarıdan çoxu lend-lizlə gəlirdi.
Sovet İtitfaqını kəskin ərzaq böhranı keçirərkən Qərb təkcə ərzaq göndərmir, eyni zamanda toxum, digər əkin məhsulları göndərirdilər. Təkcə 1942-ci ildə 9 min ton əkin məhsulu göndərilmişdi. Beləcə, sovet kəndlilərinin öz məhsullarını yetişdirməsinə kömək olurdular.
Nəhayət, külli miqdarda istehsal və idxal olunan hərbi və qeyri-hərbi məhsulları lazımi nöqtələrə çatdırmaq lazım idi. Xatırldaq ki, zavod və fabriklərin böyük əksəriyyəti ölkənin şərqinə köçürülmüşdü. Onların məhsullarını daşınmasında gərəkən nəqliyyat vasitələri üzrə lend-liz məhsulları yerli istehsaldan ciddi üstünlüyə malik idilər: lokomotivlərdə 2,4 dəfə, vaqonlarda 10 dəfə, avtomobillərdə 1,63 dəfə.
SSRİ-nin ən kütləvi yük maşını QAZ-AA 1,5 ton yük götürürdü. ABŞ-ın Studebaker maşınların təlimatında 2,5 ton yük götürməsi yazılmışdı. Lakin sovet istismarında 4 tona qədər yük tövsiyə edilirdi. Yəni bir Studebaker bir QAZ-AA-dan az qala 3 dəfə çox yük götürürdü. Aydındır ki, bu lokomotivləri, vaqonları, avtomobilləri nəzərə almadan istehsal olunan hərbi texnika, silah və sursatı cəbhə xəttinə çatdırmaq problematik görünür.
Fikrimizcə, göstərilən rəqəmlər lend-lizin əhəmiyyətsiz olması barədə iddiaları təkzib edir. Hətta bəzi faiz cəhətdən az olan məmulatlar belə müəyyən zaman kəsimində əhəmiyyətli rol oynamışlar. Məsələn, lend-liz təyyarələri və tankları yerli istehsalın müvafiq olaraq 11,7 və 16,3% – ni təşkil etsələr də, müharibənin ilk dövrlərində SSRİ-nin müdafiəsinə ciddi yardım etmişlər.
Məlum olduğu kimi, o zaman SSRİ ağır məğlubiyyətlərə uğrayırdı, zavodların bir hissəsi almanların əlinə keçmiş, digərləri isə şərqə köçürülsə də hələ tam quraşdırlıb istehsala başlanılmamışdı. Həmin dövrdə ABŞ-dan gələn təyyarə və tankların əhəmiyyəti çox böyük idi. Moskva ətrafında gedən döyüşlərdə lend-liz tankları ümumi sayın 20-30%-ni təşkil etdiyi barədə məlumatlara rast gəlinir.

Lend-liz olmadan SSRİ qalib gələ bilərdimi? Zənnimizcə bu sual hipotetik xarakter daşıyır, dəqiq cavabını tapmaq qeyri-mümkündür. Bu zaman quru rəqəmlərdən əlavə mənəvi-psixoloji amillər də rol oynayacaqdı, onları ilə hesablamaq olmur. Eləcə də, 1943-cü ildən etibarən yaranan kəskin ərzaq çatışmazlığı da ciddi amil olacaqdı.
Lend-lizin əhəmiyyəti barədə gedən diskussiyalarda tez-tez səslənən fikirlərdən biri də “göndəriblər, pulunu alıblar” iddiasıdır. Halbuki, bunun heç də belə olmadığını gördük. ABŞ göndərilən materialların real dəyərinin yalnız 0,4%-ni 60 il sonra ala bildi. Böyük Britaniya isə heç bir ödəniş istəməyəcəyini əvvəldən razılaşmışdı.
Nəhayət, burada bir mənəvi məsələ də var. SSRİ-yə göndərilən məhsullar ağır insan zəhməti bahasına başa gəlirdi. Milyonlarla fəhlə müttəfiqlərinə kömək etmək üçün var gücləri ilə işləyirdilər. Minlərlə insan bu yardımı SSRİ-yə çatdırmaq istərkən həyatını itirib. Məsələn, təkcə Arktika karvanlarında ölənlərin sayı 3 mindən çox olub. Lend-lizin əhəmiyyətini qəsdən azaltmaq o insanlara qarşı hörmətsizlikdir.
Sonda bir məqamı da qeyd edək, ABŞ ictimai təşkilatlarının başlatdığı yardım kampaniyası zamanı 1,5 milyard dollara qədər vəsait yığılıb və bu pula əsasən dərmanlar, tibbi ləvazimat və avadanlıq, paltar və ərzaq alınaraq göndərildi. Lakin bu yardım lend-lizə daxil deyildi.
 
 
Müəllif: Yadigar Sadıqlı
Mənbə: libre.az
 

0 şərh