Dünyanın siyasi münaqişə regionları

Siyasi münaqişə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət, təsir dairəsi və resurslar uğrunda mübarizədir. Müasir dünyada baş vermiş iki dünya müharibəsi miqyasında münaqişələr olmasa da, onların sayı çoxdur. Hazırda dünyanın, demək olar ki, hər yerində kiçik müharibə ocaqları mövcuddur. Bu münaqişələr etnik, siyasi, ərazi və s. səbəblərdən yaranır.
Müxtəlif dövlətlərin ərazisində separatçı qüvvələrin təsiri ilə tanınmamış qurumların yaranması və uzun illər ərzində fəaliyyət göstərməsi dünya xəritəsində “qaynar nöqtələr”in yaranmasına səbəb olmuşdur. Belə qurumlar yaranma səbəbləri və xarakterinə görə bir-birindən fərqlənir. “Qaynar nöqtələr”ə Cənub-Qərbi Asiyada kürd problemi (Suriya — İraq — Türkiyə), Şimali Kipr Türk Respublikası, İsrail — Fələstin münaqişəsi, Cənubi Asiyada Tamil İlam (Şri-Lanka), Azad Kəşmir (Hindistan — Pakistan), Şərqi Asiyada Tayvan, Tibet (Çin) və s. aiddir.
Avropada belə gərginlik ocaqları Ukrayna — Rusiya, Şimali İrlandiya (Olster), Basklar ölkəsi (İspaniya), Afrikada Böyük Səhra Demokratik Respublikası (Qərbi Böyük Səhra), Dnestryanı (Moldova), Abxaziya, Cənubi Osetiya (Gürcüstan), Dağlıq Qarabağ (Azərbaycan) və digər bölgələrdə mövcuddur.
Dünyada mövcud olan münaqişə ocaqlarının əksəriyyəti dövlətlər arasındakı sərhəd mübahisələri ilə bağlıdır. Bu mübahisələr çox vaxt sərhədlər müəyyən edilərkən yaranan çətinliklərlə bağlı olmuşdur. Sərhədlərin tez-tez məcrasını dəyişən çay dərəsindən, səhralıqdan, yaxud çətin keçilən dağlıq ərazilərdən keçməsi sonradan ərazi iddialarına səbəb olur; məsələn,əvvəllər Səudiyyə Ərəbistanı ilə Yəmən, Liviya ilə Çad arasında sərhəd səhralardan keçdiyi üçün dəqiq sərhədlərin müəyyənləşdirlməsi bu ölkələr üçün böyük əhəmiyyət kəsb etmirdi. Lakin həmin rayonda neft və digər təbii ehtiyatlar kəşf olunduqdan sonra sərhəd xətti mübahisə obyektinə çevrilmişdir. Belə mübahisələr ölkələr arasında demarkasiya xətlərinin * yaranmasına səbəb olmuşdur.
Siyasi münaqişələrin həllinin 2 variantı var — hərbi müdaxilə və ya siyasi danışıqlar yolu. Siyasi münaqişələri danışıqlar yolu ilə həll etmək üçün beynəlxalq təşkilatlar yaradılmışdır. Onlardan ən nüfuzlusu Birləşmiş Millətlər Təşkilatıdır (BMT).
Eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa İttifaqı (Aİ — əvvəlki Avropa İqtisadi Birliyi), Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), Müstəqil Dövlətlər Birliyi (MDB) və s. təşkilatlar fəaliyyət göstərir. Avropa ərazisindəki sərhəd münaqişələrinin əksəriyyəti buradakı dövlətlərin Avropa İttifaqına daxil olması ilə əlaqədar öz həllini tapmış və dövlətlərarası müqavilələrlə tənzimlənmişdir.
Münaqişələrin həlli yollarının araşdırılması və müzakirə edilməsi məqsədilə beynəlxalq təşkilatlar mütəmadi surətdə konfranslar və yüksək səviyyədə görüşlər keçirir. Bu tədbirlər müntəzəm olaraq münaqişələrin həlli üçün dünyanın müxtəlif sivilizasiyalarının əlaqə mərkəzləri hesab edilən Avropanın Cenevrə, Davos, Brüssel, Haaqa, Helsinki, Lissabon, Strasburq və s. şəhərlərində keçirilir.
Bu şəhərlərin yerləşdiyi ölkələrdə siyasi sabitlik hökm sürür. Belə ölkələrdə daxili münaqişə ocaqları və digər dövlətlərlə münasibətlərində mübahisə doğuran problemlər yoxdur. Bəzi ölkələr isə heç bir hərbi münaqişədə iştirak etməmək öhdəliyini götürmüşdür. Belə dövlətlər neytral dövlətlər adlanır; məsələn, Avstriya, İrlandiya, Kosta-Rika, Panama, Kamboca, Özbəkistan, Türkmənistan, Finlandiya, İsveçrə, İsveç və s. neytral ölkələrdir.


Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
 

0 şərh