Əsl sultan kimdir?

Bir zamanlar uzaq diyarlardan birində ağıllı bir sultan yaşayırdı.
Hər hökmdar kimi, onun da ətrafı yaltaq insanlarla dolu idi. O, artıq “sən dünyanın ən qüdrətli sultanısan“, “dünyada hər şey sənin əmrinlə oturub durur“, “dünyada heç bir qüvvə sənin qüvvənlə müqayisə edilə bilməz“ sözlərini eşitməkdən bezmişdi. Ona görə də ətrafındakılara dərs vermək qərarına gəlir.
Bir gün dənizin kənarı ilə gəzərkən onu müşayiət edən saray əhlinə: “Siz mənim dünyada ən qüdrətli hökmdar olduğumu, heç kimin mənim əmrimdən çıxa bilməyəcəyini söyləyirsiniz. Elədirmi?“ — deyir. Saray əhli də bir ağızdan: “Əlbəttə, sultanım“, — deyirlər. Bu cavabı eşidən sultan dərhal taxtının gətirilməsini, dənizin kənarına qoyulmasını əmr edir. Əmr dərhal icra olunur: taxt düz dənizin kənarına qoyulur. Sultan taxta əyləşir və bir daha soruşur:

“Demək ki, siz dünyada heç bir şeyin mənim əmrimdən çıxa bilməyəcəyini söyləyirsiniz“. Bu dəfə də “elədir“ cavabını alan sultan sözlərinə belə davam edir: “Dənizdən mənə doğru bir dalğa gəlir. İndi mən ona “dur!“ əmri versəm, dayanarmı?“ Saray əhli bu sualdan şoka düşür. Əslində cavabın “xeyr“ olduğunu bilsələr də, bunu deməyə cəsarət etmirlər. Naəlac qalıb: “Bəli, sultanımız, dayanar“, — deyirlər. Sultan da üzünü dənizə tutub: “Ey dalğa, dayan“, — deyir. Təbii ki, bu əmrə riayət olunmur, dalğa sahilə vurur, hətta sultanın ayaqları da islanır. Sultan özünü bundan qəzəblənmiş kimi aparır. Ayağa qalxır və yenidən üzünü dənizə tutur:

“Ey dəniz, önümdən çəkil və dalğalanma!“. Bu dəfə daha böyük bir dalğa sahilə vurur, sultanın bütün paltarları suya batır. Dalğalar isə dayanmaq bilmir, sultanın taxtı, demək olar ki, suyun içində qalır. Sultana lazım olan da bu idi. Üzünü saray əhlinə tutub deyir: “Baxın, görün ki, dünyada hər şey mənim əmrimdə deyil. Nəinki dağlara, dənizlərə, dünyaya hökm edə bilirəm, kiçik bir dalğa belə, mənə qulaq asmır. Bu, sizə dərs olsun. Bundan sonra bilin ki, mən bu dünyanın tək sultanı deyiləm. Dağlara, dənizlərə, bütün dünyaya hökmü keçən Sultan var və mən də Onun quluyam. İndiyə qədər mənə dediyiniz sözlərin əsl sahibi də məhz Odur“...

Mənbə: Zaman qəzeti
 

0 şərh