Lev Qumilyov-Etnogenezin passionar nəzəriyyəsi

    Lev Qumilyev 1912-ci ildə Sarskoe Seloda doğulmuşdur. Nikolay Qumilyov və Anna Axmatovanın yeganə oğludur. Atası kimi Lev Qumilyov da sovet dövründə represiyaya məruz qalmışdır. İkinci Dünya müharibəsində iştirak etməsi də onu represiyadan qoruya bilməmişdir. Stalinin ölümündən sonra anasının inadlı mübarizəsi sayəsində azadlığa çıxmışdır. Leninqrad universitetinin tarix fakültəsini bitirmişdir. Sovet şərqşünaslığında qədim türk tarixinin ən yaxşı araşdırmaçılarından biri hesab olunur. Lev Qumilyovun yaradıcılığının əsasını passionar nəzəriyyə təşkil edir. Etnogenezə dair passionar nəzəriyyənin banisidir. Bununla belə nəzəriyyəsi nə qədər məşhur olsa da bir çox tarixçilər tərəfindən qəbul olunmur.

   Lev Qumilyov etnogenezə aid saysız-hesabsız məqalələri, yeni ideyaları, parlaq analizi və orijinal nəticələri ilə seçilir. Onun fikrincə etnosların(xalqların) taleyində əsas rolu təbii amillər və onların məhsulu olan passionlar-ehtiraslı şəxsiyyətlər oynayır. Passionarların azlığı da, çoxluğu da etnos üçün fəlakətdir. Passionarların yaranmasında biosferin enerjisi başlıca rol oynayır.

    Maraqlı burasıdır ki, passionarlar təkcə müharibə dövründə azalmır. Belə olsaydı öz kollektivinin təntənəsi naminə həyatını qurban verən ayrı-ayrı şəxslərin məhvini asanlıqla izah etmək olardı. Lakin passionarlıq uzun sürən dinclik dövründə də, sülh zamanı da eyni sürətlə azalır. Həm də amansız dövrlərə nisbətən daha sürətlə. Lakin etnos üçün ən qorxunc dövr dinc həyatdan başqa etnosların hücumundan müdafiəyə keçid dövrüdür.

    Feodal müharibələri dövründə qadınlar döyüşə gedən qəhrəmanları sevirdilər. Beləliklə igidlər məhv olmamışdan əvvəl qeyri-qanuni olsa da bir nişanə qoyub gedirdilər. Uşaqlar böyüyüb atalarını tanımasalar da genlərin təsiri ilə onların əməllərini təkrar edirdi.

   Dinc dövrdə isə əksinə səliqəli və sakit adamlar qadınlar üçün ideala çevrilir, passionarlara həyatda yer olmur. Qonçarovun “Uçurum” romanında olduğu təsvir olunduğu kimi, qız inqilabçıya və artistə getməyib mülkədarı sevir. Belə vaxtlarda passionarlar lüzumsuz, çox vaxt isə cəmiyyətdə artıq adama çevrildiyinə görə sonsuz kimi məhv olub gedirlər. Etnos kənar zərbələrdən sarsılanadək onların itkisi hiss olunmur. Hiss olunanda isə itkinin nə dərəcədə ağır olduğu meydana çıxır.

   Hər hansı etnosun inkişafının dörd dövründə 4 imperariv qayda hökm sürür.

1. Əmələ gəlmə dövrü-“kim olmalısansa, elə də ol”

2. Cəmiyyətin individiumlara tələbatı dövrü-“necəsənsə, elə də ol”

3. İndividiumların bir-biriylə qanlı toqquşmaları dövrü-“mən necəyəmsə, sən də elə ol”

4. Etnosun dağılma dövrü-“özündən razı ol”

 

0 şərh