Data jurnalistikası

Hamı maraqlı və fərqli kontent axtarışındadır. Nə edim, necə edim ki, daha çox izlənilən, daha cəlbedici, eyni zamanda daha informativ kontent olsun? Yəni söz və rəqəm yığını deyil, mövzu haqda dolğun təsəvvür yaradan, eyni zamanda daha çox insanın marağına səbəb olan, hətta faydalı nəticələr çıxarmağa yardım edən bir yazı, bir səs, bir görüntü.
Data jurnalistikası
Məsələn, ənənəvi jurnalistikadan bir nümunə: jurnalist bir hadisə yerinə gedir, hadisəni öyrənir, təsvir edir, bir-iki şəkil-video əlavəsi və işi tamamdır. Bəs bu xəbər digər xəbərlərdən nə ilə fərqlənir? Hansı dəyərləri aşılayır cəmiyyətə? Hər hansı inkişafa səbəb olurmu? Çox zaman bu sualların cavabı – neqativdir (“yox”). Uzağı, nəticə etibarilə xəbərin linki üzərinə bir neçə yüz və ya yaxşı halda bir neçə min “tıklama” sayı olur. Xüsusilə, müasir texnika və texnologiyaların inkişafı sayəsində, demək olar, bütün xəbər agentliklərinin, qəzet və jurnalların internet saytları, sosial şəbəkə səhifələri var. Onlar bu “tıklama”ların nəticəsi ilə kifayətlənirlər.
Lakin bəziləri üçün bu, yetərli deyil. Daha maraqlı, fərqli və nəticə etibarilə faydalı bir kontent axtarışında olan bu qrup üçün daha çox baxış sayı sadəcə hədəflərdən biridir. Onların əsas hədəfi xəbərin keyfiyyətini artırmaqdır. Bunun üçün onlar gedərək daha çox inkişaf edən müasir texnologiyaların imkanlarından istifadə edirlər. Məsələn BBC, “The New York Times”, “The Guardian” kimi nəhəng media orqanlarını misal göstərə bilərik. Onlar “big data” – böyük data ilə işləməyə başlayaraq əldə etdikləri dataları analiz edir və yeni trendlər ortaya qoymağı bacarırlar. Onların big data ilə işləyən böyük departamentləri, çalışma qrupları, analitikləri var. Nisbətən kiçik qurumlar isə öz jurnalistlərinə müəyyən qədər data analizi bacarıqları aşılamaqla (müxtəlif kurs və təlimlərlə) bu işi daha sadə formada həyata keçirə bilirlər. Big data haqqında daha öncəki yazımdan məlumat ala bilərsiniz.
Azərbaycan nümunəsində bir misal çəkim. Məsələn, bu günlərdə əksər xəbər agentliklərinin yaydığı və demək olar, hər kəsin oxuduğu 20 yaşlı Sevilin intiharını xəbərə çevirmək sayta sadəcə müəyyən izləyici kütləsini qazandırıb. Lakin big data analizi həyata keçirərək ölkədə baş verən intihar hallarını araşdırmaq, hansı regionda nə qədər, hansı səbəblə nə qədər, hansı yaş qrupları arasında nə qədər intihar baş verdiyi arasında əlaqə qurmaq, bu kimi hallara qarşı ölkədə mövcud vəziyyəti və qanunvericiliyi öyrənmək, boşluqları tapmaq olar. Bu artıq sadəcə bir xəbər deyil, data jurnalistikasıdır. Həm xəbər, həm statistika, həm analiz, həm də nəticə və həllər təqdim edən geniş bir araşdırmadır. Burada əsas məsələ dataya girişin təmin olunmasıdır. Belə ki, hər kəsin big data məlumatlarına əli çatmır. Bu, bəzən administrativ maneələr səbəbilə mümkünsüz olur. Lakin big dataya girişi təmin edən böyük şirkətlər, yaxud öz data bazasında data analizi həyata keçirə bilən qurumlar (həm dövlət, həm özəl qurumlar, həm də media orqanları) bundan çox böyük faydalar əldə edə bilirlər.
Məsələn, Facebook, Twitter, Linkedin, Trendyol, Netflix kimi saytlar böyük izləyici və üzv və abunə kütləsi vasitəsilə həmin insanların düşüncələrini, fikirlərini rahatlıqla öyrənə, əldə etdikləri big datanı depolaya, istədiyi yöndə analiz edə, trendlər yarada və nəticə etibarilə yenə həmin insanların fikir və gözləntiləri yönündə onlara təsir edə biləcək məhsul və xidmətlər ortaya qoya bilirlər. Eynilə yuxarıda adını qeyd etdiyim media qurumları da yaratdıqları trendlərlə öz izləyicilərinin fikirlərini yönləndirməyi bacarırlar. Bəs onlar insanların fikirlərini necə öyrənirlər? Bu, “istifadəçilərin məlumat gizliliyi” qaydasının pozulması deyilmi? Əslində, tamamilə belədir. Lakin həmin quruma məhz “John və ya Jenny”nin fikri deyil, ümumi mənzərə və trendlər maraqlıdır. Üstəlik bu məlumatlar anonimləşdirilərək də analiz edilə və ya analiz üçün üçüncü tərəflərə təqdim edilə bilər (Azərbaycanda bu təcrübə yoxdur). Əslində, hər hansı sayta abunə olarkən çoxumuz “istifadəçi qaydaları ilə razısınızmı?” sualını oxumadan “bəli/ok” düyməsini basdığımız anda saytın bizim “məlumat gizliliyimizi qorumaq” və öz məqsədləri çərçivəsində istifadə etmək haqqını tanıyırıq. Bunu da həmin saytı pulsuz şəkildə istifadə etmənin “haqqı” hesab edə bilərik.

Qayıdaq media qurumlarının big data analizi vasitəsilə yaratdığı trendlərə və data jurnalistikasına. Data jurnalistikası daha çox:

  •  Ənənəvi xəbərlərdən fərqli olaraq daha böyük həcmli, yəni big data turalı və əsasən, hər kəsə açıq mənbələrdən (adətən, internet üzərindən) əldə olunan datanın analizinə söykənən araşdırmaçı jurnalistika növüdür.
  •  İstifadə olunan mənbələrin əksəriyyətini xalqa açıq mənbələr (dövlət orqanlarının və beynəlxalq təşkilatların günlük, aylıq, illik hesabatları, rəsmi statistikalar, şirkətlərin ictiamiyyətə açıq məlumatları və s.), yaxud kütləvi analiz metodları ilə (məsələn, anket tətbiqi və s.) əldə olunan məlumatlar təşkil edir. Müasir texnoloji vasitələrlə istifadəçi məlumatlarının gizliliyini pozaraq məlumatların əldə olunması və istifadəsi etik normalardan kənar vasitə hesab edildiyi üçün çox vaxt təqdim olunmur.
  •  Data jurnalistikası data toplamaq, analiz etmək və vizuallaşdırmaq kimi yeni üsul və vasitələrə ehtiyac duyduğu üçün jurnalistlərin bu sahədə bilik və bacarıqlarını artırmalarını, yaxud quruma data ilə işləyə bilən mütəxəssisləri cəlb edərək yeni iş departamentlərinin qurulmasını tələb edir. Datanın vizuallaşdırılması üçün istifadə olunan əsas alətlər qismində Tableau, RawGraps, R/RStudio, D3.js kimi proqram və proqram dilləri göstərilə bilər.
  •  Datanı əldə etmək, analiz etmək, vizuallaşdırmaq və içindən maraqlı, faydalı və trend yarada biləcək bir hekayə çıxarmaq isə data jurnalistikasının əsas vəzifəsidir.

Gəlin, belə bir empirik çalışma həyata keçirək. Google Trends vasitəsilə 20.02.2021 tarixində dünyada ən çox oxunan mövzunun hansı olduğunu müəyyən edək. Bunun üçün trends.google.com saytına girib sutka ərzində trenddə olan əsas axtarışların hansılar olduğunu görə bilərik. Hətta ölkələr üzrə hansı mövzuların daha çox axtarışa verildiyini də müqayisə edə bilərik. Məsələn, 20 fevral 2021-ci il tarixində ABŞ-da sutka ərzində ən çox (500min+ və 200min+) baxış sayı toplayan xəbərlərin idman (tennis (Avstraliya çempionatı), UFC turniri, idman-gender xəbərləri) və əyləncə ilə ilə bağlı olduğunu qeyd edə bilərik. İsraildə həmin sutka ərzində ən çox axtarılan mövzu koronavirusla bağlı olub. Belə ki, ən yüksək (20 min+) baxış sayı olan xəbər koronavirusla bağlıdır, digər yüksək izlənmə sayı olan (20 min+ və 10min+) xəbər vaksinasiya olunanların idman zallarına girməsinə icazə verildiyi haqqındadır, daha sonra karantinə görə bağlanmış Hermon kurort dağçılıq mərkəzinin yenidən açılması, əraziyə daxil olma şərtləri, vaksinasiya prosesi və İsrail futbol kuboku haqqında xəbərlər gəlir. Rusiyada bu tarixdə ən çox (50 min+ və 20min+) baxış sayı olan xəbərlər idman və şou-bizneslə bağlıdır. Türkiyədə 20 fevral tarixində ən çox izlənən xəbərlərin arasında birinci yerdə (1 milyon+ və 200min+ baxış sayı ilə) idman (xüsusilə futbol), daha sonra şou-biznes və sosial-siyasi (200 min+ və 100 min+ baxış) xəbərlərin dayandığını görə bilərik. Yaponiyada isə həmin tarixdə ilk yerləri idman (Avstraliyadakı dünya tennis çempionatı) və startup xəbərləri (Puzzle&Dragons məntiq oyununun buraxılmasının 9-cu il dönümü) tutur.
Biz, hansı növ xəbərlərin ən çox baxış sayı topladığını analiz edib qarşılaşdıraraq müxtəlif millətlərin maraq dairəsində nələrin olduğunu öyrənə bilərik. Beləliklə, millətindən asılı olmayaraq, demək olar, hər yerdə ən çox maraq doğuran sahənin idman olduğunu, ikinci maraqlı sahənin isə dəyişdiyini qeyd edə bilərik: məsələn, ABŞ-da əyləncə, Rusiyada şou-biznes, Türkiyədə sosial və şou-biznes, Yaponiyada biznes-startupları ilə bağlı xəbərlər. Təəssüf ki, Google Trends-in Azərbaycanla bağlı belə bir hesabatı yoxdur. Bunu dəqiq müəyyən etmək üçün əlimdə resurslara (big data) giriş olmasa da, belə bir analiz edə bilərik. Məsələn, baxış sayını açıqlayan news.milli.az saytında 20 fevral tarixində ən çox oxunan və ən çox baxış sayı toplayan xəbərləri mövzularına görə belə sıralaya bilərik:

  •  Türkəçarə müalicə üsulları
  •  Qarabağ və Paşinyan
  •  Karantin rejimi ilə bağlı yeniliklər və ən son statistika
  •  Qeybət mövzuları – intihar edən Sevilin yazışmaları, müğənnilərlə, aparıcılarla, artistlərlə bağlı xəbərlər, etiraflar, ittihamlar, toy-yas xəbərləri.

Beləliklə, news.milli.az oxucusu üçün İlon Maskın Bitcoini pul olaraq kağız puldan üstün hesab etdiyini açıqlaması və bu əsnada Bitcoinin hədsiz bahalaşması, yaxud hər hansı startup ideyası, biznesdəki yeniliklər qətiyyən maraq doğurmazkən aparıcı Vüsalənin etirafı daha maraqlı gələ bilər. Odur ki, məsələn, ən yaxşı reklam başlığını hansı xəbərin altında yerləşdirmək lazım gəldiyini müəyyənləşdirməyə çalışan sayt heyəti sadalanan mövzulardakı xəbərlərə üstünlük verə bilər. Biznes həlli təklifi üçün təşəkkürə ehtiyac yoxdur, bunu sadəcə mövcud vəziyyətdən əyan olmaq və yerli oxucunu anlamaq üçün etmişəm. Big data analizində ən önəmli məqam mümkün qədər çox data əldə etməkdir. Belə ki, data nə qədər çox olarsa, əldə olunan nəticə o qədər dəqiq ola bilər. Məsələn, eyni analizi, ən az, 10 sayt üçün aparıb oxşar nəticələr əldə etsəm, o zaman bu iddiamın azərbaycanlı oxucu üçün 95% dəqiqliklə doğru olduğunu iddia edə bilərəm.
Beləliklə, media quruluşlarının mövzu və əlaqəli seçimlərində big data analizinin önəmli rolu olduğu kimi, dövlət və özəl qurumların işinin optimallaşdırılması və inkişaf strategiyasının müəyyənləşdirilməsində də ciddi rola malik olduğunu vurğulayıram və yazımı sonlandırıram. Önəmli bir fikri də unutmayaq: sən tək olsan da, azlıqda olsan da, həqiqət həqiqətdir. Odur ki, Azlogos heyətinin üzvü olaraq çoxluğun istəyi əsasında yazılar yazmağı deyil, insanları aydınlatmağı, daha maraqlı, dolğun və faydalı mövzular haqqında düşünməyə sövq etməyi üstün tuturuq.
 
 
Müəllif: Şəhla Cəlilzadə
Mənbə: azlogos.eu
 

0 şərh