14. Əgər siz bunu edərsinizsə, heç vaxt sizə edilmiş nankorluğa görə iztirab çəkməsiniz

Bu yaxınlarda Texasda qəzəblənib özündən çıxan bir adamla tanış oldum. Məni xəbərdar etmişdilər ki, o, görüşünüzdən on beş dəqiqə keçdikdən sonra öz qeyzi haqda söhbət açacaqdır. Bu belə də oldu.
Onu qəzəbləndirən hadisənin on bir ay bundan qabaq baş verməsinə baxmayaraq, o, hələ də olduqca hiddətli idi. O, başqa heç nə haqqında danışmaq iqtidarında deyildi. Bu adam özünün otuz dörd əməkdaşına milad bayramı münasibətilə hər işçiyə təxminən üç yüz dollar olmaqla cəmi on min dollar miqdarında mükafat ayırmışdı. Lakin onların heç biri ona təşəkkür etməmişdi. «Mən təəssüflənirəm, — deyərək o, acı-acı şikayətləndi, onlara bir sent də verməməli idim!»
Konfusiy demişdir ki, hirsli adam həmişə dolu zəhər bardağıdır. Bu insan isə o qədər zəhər ilə dolu idi ki, mənim ürəkdən ona yazığım gəldi. Onun yaşı altmışa yaxın olardı. Yaşadığımız dövrdə sığorta şirkətləri hesablamışlar ki, bizim hər birimizin təxminən bundan sonra nə qədər ömrü qalmışdır. Onların hesablamalarına görə bundan sonra indiki yaşımızla səksən yaş arasındakı fərqin təxminən üçdə ikisindən bir qədər çox yaşaya bilərik. Beləliklə, bu adam, əgər onun bəxti gətirsə, bundan sonra təxminən on dörd və ya on beş il yaşaya bilər. Amma o, onsuzda az qalmış ömrünün bir ilə qədərini baş vermiş və bir daha geriyə qaytarılmaz hadisəyə görə incik və böyük narazılıqlar içərisində keçirmişdi. Doğrusu, mənim ona yazığım gəldi.
Dərd və qəm-qüssə çəkmək əvəzinə o, özündən soruşa bilərdi ki, nəyə görə onun bu xeyirxah işi lazımınca qiymətləndirilmədi. Bəlkə o, öz əməkdaşlarını normadan artıq işlədərək pullarını tam ödəməmişdir? Bəlkə ola bilər ki, onlar milad mükafatını bəxşiş kimi deyil, onu öz zəhmət haqları hesab etmişdilər. Ola bilər o, özü olduqca ciddi və təbiətcə məğrur olmuşdur və ona görə də heç kəs cəsarət etməmiş və ya təşəkkür etməyi lüzumsuz saymışdır. Ola bilər, onlara pul mükafatı ona görə verilmişdi ki, artıq gəlirin onsuz da əlavə vergilərə sərf olunacağı düşünülmüşdü.
Bununla belə, ola da bilər ki, əməkdaşlar xudpəsənd, alçaq və tərbiyəsiz insanlardır. Belə də ola bilər, başqa cürə ola bilər. Mən bu barədə sizdən çox bilmirəm. Ancaq mən bir şeyi yaxşı bilirəm ki, doktor Semuyel Conson demişkən: «Təşəkkür insanın mənəvi inkişafının yüksək səviyyəsinin nəticəsidir. Siz belə yüksək mənəvi davranışı tərbiyəsiz adamlarda görə bilməzsiniz.» Görün sizə nəyi izah etmək istəyirəm: Bu adam minnətdarlıq gözləməklə təbii və kədər doğuran səhv buraxmışdır. O, bu səhvə sadəcə olaraq insanın təbiətinə yetərincə bələd olmadığı üçün yol vermişdir.
Əgər siz bir insan həyatını xilas etmişsinizsə, ondan təşəkkür gözləyərdiniz mi? Ancaq hakimlikdən qabaq vəkil işləmiş məşhur Semuyel Leybovits yetmiş səkkiz insanı elektrik stulundan xilas etmişdi! Siz necə düşünürsünüz, onlardan neçəsi təşəkkür etməyə vaxt tapmışdı və yaxud zəhmət çəkib onun ad gününə heç olmazsa açıq təbrik məktubu göndərmişdi? Neçəsi? Tapın görək? Düzü, heç biri!
İsa peyğəmbər bir gündə cüzamla xəstələnmiş on adama şəfa vermişdir. Bəs bu xilas edilmişlərdən, görəsən, neçəsi qayıdaraq ona təşəkkür etmişdir? Yalnız biri. Siz bu haqda Lukinin İncilindən oxuya bilərsiniz. İsa peyğəmbər öz şagirdlərinə müraciət edərək soruşmuşdu: «Bəs doqquzu hanı?» Sən demə, onların hamısı çıxıb getmişdi. Heç bir təşəkkür etmədən gözdən itmişdilər! İcazə verin sizə sual verim: «Bəs nə üçün siz və mən və yaxud texaslı biznesmen etdiyimiz kiçik bir xidmətə görə İsa peyğəmbərə göstərilən minnətdarlıqdan daha böyük təşəkkür gözləməliyik?»
Amma söhbət puldan gedərsə, vəziyyət daha ümidsiz olur. Çarlz Şvab bir dəfə birjada bank pulları ilə möhtəkirlik edən bank xəzinədarını necə xilas etdiyini mənə söylədi. Şvab öz pullarını banka köçürməklə həmin xəzinədarı həbsdən xilas etdi. Bu xəzinədar ona təşəkkür etdimi? Bəli etdi, ancaq bu çox da davamlı olmadı. Sonradan isə o, Şvaba qarşı çıxdı və onu böhtanladı. O, elə bir adamın üzərinə qalxdı ki, onu həbsdən qurtarmışdı.
Əgər siz öz qohumlarınızın birinə milyon dollar versəydiniz, ondan minnətdarlıq gözləyərdinizmi? Endryu Karnegi məhz belə hərəkət etmişdi. O, öz qohumuna bir milyon dollar vermişdi. Əgər Endryu Karnegi bir müddətdən sonra qəbirdən qalxıb eşitsəydi ki, bu pulu alan qohumu onu necə lənətləndirir, yəqin ki, dəhşətə gələrdi! Nə üçün? Məhz ona görə ki, qoca Endryu xeyriyyə cəmiyyəti üçün üç yüz altmış beş milyon dollar ayırdığı halda, qohumunun dediyi kimi, ona cəmi əhəmiyyətsiz bir milyon dollar vəsiyyət etmişdir.
Bax belədir vəziyyət! İnsanın təbiəti həmişə insan təbiəti olmuş, çətin ki, sizin həyatınız boyu bu hal dəyişmiş olsun. Bəs nə üçün onu necə varsa, elə də qəbul etməyək? Nə üçün buna vaxtı ilə Roma imperiyasına rəhbərlik etmiş ən müdrik insanlardan biri olan Mark Avreliy kimi realist mövqedən yanaşmayaq? Bir dəfə o, gündəliyinə belə yazmışdı: «Mən bu gün ən çox danışan insanları, nanəcibləri, xudpəsəndləri, yalnız özü haqqında düşünənləri qarşılayacağam. Lakin bu, məni təəccübləndirmir və narahat etmir. Ona görə ki, mən dünyanı belə adamlarsız təsəvvür edə bilmərəm.»
Bu ağıllı fikirdir, elə deyilmi? Əgər siz və mən həmişə nankorluq barədə donquldansaq, burada kimi günahkar saymalıyıq? İnsanın təbiətinimi, yoxsa bizim bunu dərk edə bilməməyimizmi? Məhz buna görə, təşəkkür gözləməməliyik.
Əgər bu zaman kim bizə təşəkkür etsə, bu, bizim üçün gözlənilməz bir hədiyyə olardı! Əgər bizə təşəkkür etməmişlərsə, biz buna görə fikir çəkməməliyik.
Bu başlıqda qeyd etməyə cəhd etdiyim I tezis bax budur: «Minnətdarlıq hissini unutmaq insanlar üçün təbii hal sayılır. Ona görə də yaxşılığın müqabilində təşəkkür gözləməklə siz qanı qaraçılıq, mənəvi əzab qazanmış olarsınız. Beləliklə, əvəz gözləmə sizə çoxlu kədər bəxş gətirə bilər.»
Tənhalıqdan daim şikayətlənən Nyu-Yorklu bir qadın tanıyıram. Qohumlarından heç kəs onu görmək istəmir və burada təəccüblü heç nə yoxdur. Əgər siz onun yanına gələrsinizsə, o, sizə saatlarla danışacaqdır ki, mən ən yaxın qohumlarıma onların uşaq çağlarında gör nə qədər yaxşılıqlar etmişəm: qızılca, parotit, göy öskürək xəstəliklərinə tutulduqda onlara qulluq etmişəm, uzun illər onlar mənim yanımda qalmışlar: qohumlarımdan bir qız da ticarət məktəbini bitirənə qədər kömək etmişəm: başqa bir qohumum olan qızın ta o, ərə gedənə qədər öz evimdə qalmasına izn vermişəm və s.
Bəs onlar bu qadını yoluxmağa gəlirlərmi? Hə, hərdən bunu öz borcları xatirinə edirlər. Amma onlar bu yoluxmalardan qorxurlar. Onlar bilirlər ki, saatlarla oturub onun üstüörtülü eyhamlarına qulaq asmaq məcburiyyətində qalacaqlar, məcbur olacaqlar ki, onun ah-vayına, sonsuz acı deməsinə, tam yazıqlıq ifadə edən görkəminə baxmağa, sözlərinə qulaq asmağa dözsünlər. Onları tənə və hədə ilə yanına gəlməyə məcbur edə bilmədikdə isə bu adamda özündəngetmə, ürək tutmaları olurdu.
Həqiqətənmi onda ürək tutmaları olurdu? Bəli, həkimlər deyirlər ki, onun "əsəbi ürəyi" vardır. O, taxikardiyadan əzab çəkir. Həm də həkimlər deyirlər ki, ona heç bir kömək edə bilmirlər, onun ürək tutmaları emosiya əsasında baş verir.
Həqiqətdə də bu qadın sevilməyə və diqqətə möhtac idi. O, isə bunları təşəkkür adlandırırdı. Ancaq o, bunların heç birinə nail ola bilmirdi, çünki bunları o, özü tələb edirdi. Onda belə bir inam yaranmışdı ki, hörmət etdiyi doğmalarının minnətdarlığı, məhəb­bəti ona çatası borcdur.
Minlərlə buna bənzər qadınlar mövcuddur ki, «təşəkkür» almadıqlarına, tənhalıqlarına, yaxınlarının onlara diqqət yetirmədiklərinə görə xəstədirlər. Onlar sevimli olmaq həsrətindədirlər. Bu dünyada məhəbbət qazanmağın ancaq yeganə bir üsulu vardır ki, bu da məhəbbət tələb etməkdən əl çəkib, minnətdarlıq gözləmədən məhəbbət və sevgi bağışlamağa başlamaqdan ibarətdir.
Qeyri praktik xəyalpərəst idealistlər beləmi mühakimə yürüdürlər? Heç də yox. Bu sadəcə olaraq sağlam təfəkkürdür. Bu, mənim və sənin arzu etdiyimiz xoşbəxtlikləri əldə etməyin ən yaxşı üsuludur. Mən bilirəm, mənim ailəmdə də belə olmuşdur. Mənim anam və atam başqalarına xoş niyyətlə və sevinclə kömək edirlər. Biz çox kasıb dolanırdıq və borclarımız həmişə bizi əldən salırdı. Amma buna baxmayaraq mənim valideynlərim nə yollasa imkan tapıb Ayova ştatının Kaunsil-Blafs şəhərindəki yetimlər evinə yardım pul göndərmişdilər. Yəqin ki, bu ianəyə görə onlara heç kəs məktubdan başqa ayrı cür minnətdarlıq etmədi. Lakin mənim valideynlərim minnətdarlıq tələb etmədən və gözləmədən balaca uşaqlara yardım göstərməklə özlərini yüksək mükafatlandırılmış hesab edirdilər.
Mən ailəmizdən ayrılıb getdikdən sonra hər il ata və anama milad bayramını keçirmək üçün pul çeki göndərir və xahiş edirdim ki, bu pula özlərinin xoşuna gələn nə istəsələr alsınlar. Milad bayramından bir-iki gün əvvəl evimizə gələndə atam mənə söylədi ki, o, pula kömür və ərzaq məhsulları alıb, çoxlu uşaqları olan, pulu isə çox az olan kasıb bir dul qadına göndərmişdir. Mənim valideynlərim etdikləri bu bəxşişə görə nə qədər böyük sevinc hissi keçirirdilər; sevinirdilər, ona görə ki, onlar bəxşişlərinin əvəzində həmin yoxsul ailədən heç bir təşəkkür və minnətdarlıq gözləmirdilər.
Mən inanıram ki, mənim atam Aristotelin təsvir etdiyi ideal insana demək olar ki, uyğun idi, o insana ki, onun xoşbəxt olmağa tam hüququ vardır. Aristotel demişdi ki, «ideal insan başqalarına iltifat və yaxşılıq göstərdikdə sevinc, fərəh hissi duyur, ancaq o, başqasından iltifat qəbul etməkdən utanır.» Yüksək xasiyyət sahibi xeyirxahlıq törədir, ən aşağı xasiyyət sahibi isə onu qəbul edir.
Bu başlıqda qeyd etmək istədiyim ikinci tezis bax budur: «Xoşbəxtliyə nail olmaq istəyiriksə, gəlin təşəkkür barədə və ya nankorluq haqda düşünməyə son qoyaq, ancaq keçirdiyimiz daxil sevincimiz naminə iltifat göstərək və yaxşılıqlar edək!
On illərdir ki, nankor övladlarına görə valideynlər saç yolur.
Hətta Şekspirin Kral Liri hayqıraraq demişdi:
»...O, nə qədər
Ağrılıdır ilan sancmasından daha çox
nankor övladın olması!"
Bu hissi onlarda tərbiyə etməmişiksə axı nə üçün onlar minnətdar olmalıdırlar? Nankorluq alaq otları tək təbiidir. Xeyirxahlıq isə təbii olmaqla yanaşı qızıl gülə oxşardır. Qızıl gülü isə sevə-sevə bəsləmək üçün onun qayğısını çəkmək və ona yaxşı qulluq etmək gərəkdir."
Əgər uşaqlar nankor və naşükürdürlərsə, kimdir günahkar? Ola bilər biz özümüz günahkarıq. "Əgər biz onlara başqasına minnətdarlıq etməyi öyrətməmişiksə, onlardan necə tələb edə bilərik ki, minnətdar ola bilsinlər?
Mən Çikaqodan bir nəfərlə tanış idim. O, öz oğullarının nankorluğundan daim şikayətlənirdi. O, hər gün yorulub əldən düşənə qədər karton qum hazırlayan fabrikdə işləyir və nadir hallarda həftəyə qırx dollardan bir qədər çox pul qazana bilirdi. O, bir dul qadınla evlənmişdi. Bu dul qadın daim onu dilə tuturdu ki, borc pul əldə etsin ki, onun yaşca böyük iki oğlunun kollecdə oxumalarına imkan yaransın. Bu adam aldığı qırx dollar məvacibə ərzaq, yanacaq, geyim almalı, evin kirayə haqqını ödəməli idi. Bundan başqa, həmin puldan öz veksel haqlarını da verməli idi. O, dörd il ərzində sərasər öküz kimi işləmiş və «yoruldum» deyib, heç zaman şikayətlənməmişdi.
Bunların müqabilində bir kimsə ona təşəkkür etdimi? — Yox, bu haqda bir söz demək heç kəsin ağlına belə gəlmədi. Onun arvadı bunların hamısına ərinin borcu kimi baxdı. Oğlanları da analarının yolu ilə getdi. Onlar atalıqlarına nədə isə borclu olduqları barədə heç düşünmədilər də. Minnətdarlıq barədə heç söhbət ola bilməzdi.
Görəsən, bunun günahkarı kimdir? Oğlanlar? Şübhəsiz, anaları isə daha çox günahkar idi. Analarına elə gəlirdi ki, oğlanlarının cavan cavan həyatlarını" «borcluluq hissləri ilə alçaltmaq olmaz. Onun heç ağlına da gəlmədi ki, onlara desin ki, „Sizin atalığınız xeyirxah şahzadə kimidir! O, sizin kollecdə təhsil almağınıza kömək etdi. Bunun əvəzində isə o, aşağıdakı nöqteyi-nəzərdən çıxış edirdi: “Eh, bu onun görə biləcəyinin ən azıdır.»
Bu qadına elə gəlirdi ki, bununla o, oğlanlarına rəhmdillik göstərir. Əslində isə, o, oğlanlarını öz həyatları üçün qorxu törədən ruhda tərbiyələndirir və onlara elə gəlirdi ki, bütün dünya onlara nə isə borcludur. Həqiqətən də, bu qorxulu ideya oğlanlarından birini uçuruma gətirib çıxardı. O, cəhd etmişdi ki, sahibkarlardan «borc pul» əldə eləsin, axırda özü qazamata düşdü.
Yadımızda saxlamalıyıq ki, əksərən biz uşaqlarımızı necə tərbiyələndiririksə, onlar həyatda da elə ədəbdə olurlar. Məsələn uşaqlarının nankorluq və naşükürlüklərindən heç zaman şikayətlənməyən və bu baxımdan qadınların ən müsbət, ən bariz nümayəndəsi mənim xalam Vuoladır. Hələ mənim uşaqlıq çağlarımda o, öz sevdiyi və qayğısına qaldığı anasını öz yanına götürmüşdü. O, öz qayınanası ilə də elə münasibətdə idi. Mən gözlərimi qapayaraq fikrən keçmişə qayıdıram. Mənə elə gəlir ki, sakit və səmimi olan bu iki qoca, firmanın yaşlı qadınının Vuola xalanın ocağı başında mehriban oturub səmimi söhbət etdiklərini görürəm. Onlar Vuola xalaya narahatçılıq yaradırdımı? Düşünürəm ki, hə, özü də tez-tez. Ancaq bunu onun davranışlarından qətiyyən sezmək mümkün deyildi. O, qoca qadınların ikisini də sevirdi və onların hər ikisi xalamın ərköyünləri idilər. Onun evində bu qadınlar özlərini evlərindəki kimi aparırdılar. Viola xalamın altı uşağı olmasına baxmayaraq, onları hər vaxt qəbul edirdi. Ancaq o, bununla heç zaman belə hesab etmirdi ki, kiməsə yaxşılıq edir və onlardan təntənəli təşəkkürlər gözləmirdi. Viola xala üçün isə bunların hamısı təbii hal idi. O, bunları öz ürəyinin hökmü ilə edirdi.
Bu saat Viola xala görəsən haradadır? O, artıq 20 ildən çoxdur ki, dul qadındır. Onun ayrıca öz ailəsi ilə yaşayan beş böyük övladı vardır. Onlar hamı Viola xalanı səbirsizliklə gözləyirdilər və onu dəvət edirdilər ki, birgə yaşasınlar! Uşaqlar ona pərəstiş edir və onunla mümkün qədər çox əlaqə saxlamağa can atırdılar. Bu minnətdarlıqdan idi mi? Heç də yox! Onlara səmimi istək və sevgi hissi rəhbərlik edirdi. Onlar sıcaq mühit və hər şeyi əhatə edən xeyirxahlıq şəraitində yetişmişlər. Buna görə də heç də təəccüblü deyildir ki, indi vəziyyət dəyişdiyindən onlar analarına cavab olaraq öz sevgilərini təzahür edirlər.
Ona görə də biz yadımızda saxlamalıyıq ki, qədir bilən övladlar tərbiyələndirmək üçün biz özümüz də gərək başqa insanlara qarşı münasibətimizdə xeyirxah olaq. Həmişə yadınızda olsun ki, uşaqlar böyüklərin sözlərinə qulaq asmağı sevirlər. Ayıq olun. Misal gətirmək xatirinə uşaqların yanında edilmiş yaxşılığın dəyərindən, qiymətindən söhbət salmayın. Heç vaxt deməyin ki, «xalaqızı Syunun ad gününə gətirdiyi süfrə-dəsmallar dəstinə bir baxın. Onları özü toxumuşdur. Bunların hasil edilməsinə onun bir sent də belə xərci çıxmayıbdır!» Bu hal bizə tamamilə təbii görünə bilər, amma bilin ki, uşaqlar bizə qulaq asırlar. Olmazdımı xalaqızı. Syunu ürəkdən tərifləyəsiniz. Siz bir fikir verin, xalaqızı Syu bizə bəxşiş etmək üçün bunların üzərində neçə saat vaxt sərf etmişdir. Görün o, nə gözəl insandır! Gəlin elə indicə ona açıq təşəkkür məktubu yazaq və ona minnətdarlıq edək. Beləliklə, bizim uşaqlara edilmiş xeyirxahlığın qiymətləndirilməsi və xeyirxahlıq göstərən kəsə necə təşəkkür etmək bacarığı aşılanacaqdır.
Peşmançılıq və narahatçılıqdan qaçmaq üçün III qaydanı yerinə yetirin.
A. Nankorluqdan iztirab çəkmək əvəzinə, təşəkkür gözləməsəniz, daha yaxşı olar. Yadınıza salın ki, İsa Peyğəmbər bir gündə on nəfərə şəfa vermişdi, onlardan yalnız biri ona təşəkkür etmişdir. Bəs nəyə görə biz İsa Peyğəmbərin qəbul etdiyi təşəkkürdən daha artıq minnətdarlıq gözləməliyik?
B. Bilin ki, xoşbəxtlik qazanmanın yeganə üsulu minnətdarlıq gözləmədən öz sevinciniz naminə yaxşılıq etməkdir.
V. Yaddan çıxarmayın ki, təşəkkür etmə elə bir insani keyfiyyətdir ki, bu tərbiyə edilməklə başa gəlir, ona görə də əgər biz istəyiriksə ki, bizim uşaqlar da minnətdar olsunlar, onda biz bunu onlara öyrətməliyik.

Oxşar məqalələr

 

0 şərh