Karikatura və şarj

Kino, xüsusən də animasiya filmləri ilə sıx bağlı olan hər hansı əhvalatın bəhs edildiyi təsvir silsiləsinə komiks1 deyilir.
Bu şəkilli əhvalatlar, rəsmlərlə təqdim edilən hekayələr özündə ədəbiyyat və təsviri sənət kimi incəsənət növlərinin xüsusiyyətlərini birləşdirir.
İlk komikslər XX əsrin əvvəllərində Avropa və Amerika komikslərqəzetlərində görünməyə başlayıb, sonralar isə onların ən məşhurları ayrıca kiçik jurnal kimi nəşr edilib.
Komikslərin tarixi qədimdən başlayıb və bu janr ABŞ-da yaranıb. 1892-ci ildə Amerikanın “The San Francisco Examiner” jurnalında “Ayı balası və pələng” adlı ilk Amerika komiksi dərc edilir. Sonralar isə komiks yaradıcısı kimi məşhurlaşan və öz komiks seriyalarını təqdim edən Riçard Autkolt oldu. Janrın inkişafına öz töhfəsini həm də Rudolf Derks verib. Personajların nitqinin yerləşdirildiyi bulud formalı “qovuq” çərçivələri məhz o icad etmişdir.
Komikslərdə ən azı 2 şəkil olmalıdır. Odur ki yalnız 1 təsvirdən ibarət illüstrasiya, rəsm komiks adlana bilməz. Komikslər bəzən hər hansı bir süjetdən bəhs edən ardıcıl mətnlə müşayiət olunur. Komisklərdə çəkilmiş personajlar öz aralarında söhbət edirlər, bu söhbət onların ağızlarından çıxan buludun içində mətn kimi təsvir edilir. Oxunan mətn təsvirlə harmoniya yaratmalıdır. Əsl komiks yaratmaq üçün təkcə maraqlı əhvalat yox, həm də maraqlı qrafika üslubu lazımdır.
Bunun ardınca da komikslərin gur inkişafı başlayır, bu gün də yaşayan yeni qəhrəmanlar meydana çıxır: Supermen, Betmen, Hörümçək adam, Donald Dak, Mikki Maus və b.
XXI əsrin əvvəlində komikslər yeni təcəssümünü tapdı. Bu, komikslərin rənglənməsində istifadə edilən yeni kompüter texnologiyaları hesabına, həmçinin bir sıra istedadlı rəssamların bu janra marağı sayəsində mümkün oldu. Komiksləri artıq təkcə karandaşla deyil, həm də yağlı boya ilə boyamağa, üstəlik, birinci ilə ikincini qrafik rəqəmsal texnologiyalarla kombinə etməyə başladılar. Komikslər kino, xüsusən də animasiya ilə sıx bağlıdır. Komikslərin əksəriyyəti Hollivudda ekranlaşdırıldı, filmlər isə bütün dünyada uğur qazana bildi.
Brüsselin görməli yerlərindən biri artıq 25 il boyunca davam edən unikal küçə layihəsidir. 1991-ci ildə küçə rəssamları Brüssel küçələrindəki evlərin və binaların görkəmini dəyişmək, onları daha da əlvan, yaddaqalan etmək üçün bu tikililəri məzəli komiks əhvalatları ilə boyamağa başladılar.
Komikslər Belçikada çox populyardır və milli qürurun bir hissəsi sayılır. Bəzi qraffitilər2 artıq ölkənin əsl qüruruna çevrilib və özlüyündə küçə incəsənətinin şedevri sayılır.
Tarixən belə gətirib ki, komiksin ən geniş yayılmış janrı karikaturadır3. Bu janr yumor hissindən, gülmək qabiliyyətindən doğulub. Məqamında məharətlə deyilən gülməli söz insanı öz davranışı haqqında düşünməyə, öz əməllərinə yeni tərzdə yanaşmağa vadar edir. Ağıllı zarafat çox zaman geniş, düzgün, amma darıxdırıcı nəsihətlərdən daha inandırıcı çıxır. Gülüş bir tərəfdən insanı əyləndirə, başını qata, həvəsləndirə, özünə inamını artıra bilir, digər tərəfdən isə ictimai həyatdakı mənfi təzahürlərlə mübarizə aparmağa kömək edir. Karikaturaçı rəssamlar öz yaradıcılıqlarında məhz istehzanın bu güclü tərəflərindən istifadə edirlər. Başqa sözlə desək, rəssamlar konkret tipajları müəyyən şəraitdə çəkməklə onları təbii, həqiqətəuyğun görkəmdə göstərmirlər, onların əsl, gerçək cizgilərini həm də komik keyfiyyətlərlə artırırlar.
Karikatura bəlkə də gündəlik hadisələrə dərhal, hadisə baş verən anda münasibət bildirməyə qabil olan yeganə janrdır. Karikaturada ən uyğunsuz görünənlər — gerçəklik fantastikayla, həqiqətəuyğunluq ağla- sığmazlıqla qarışa bilər.
Karikatura sənətiKarikatura cəmiyyətin siyasi həyatının müxtəlif tərəflərinə, sosial problemlərə toxunur və yumoristik vəziyyəti əks etdirir.Zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi müxtəlif inkişaf yolu keçmişdir.
Azərbaycanda karikatura janrının yaranması 1906-cı ilin aprel ayında “Molla Nəsrəddin” adlı həftəlik satirik jurnalın nəşri ilə bağlıdır. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru olub. Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərliklərini,qüsurlarını heç kimdən çəkinmədən, heç nədən qorxmadan açıb göstərib, müsəlmanları, bir növ, cahillik yuxusundan oyatmağa çalışıb.
İlk karikaturaçı rəssamımız isə Azərbaycan satirik qrafikasının təməlini qoymuş, jurnalın baş rəssamı Əzim Əzimzadə olmuşdur.
Karikaturaçı rəssamlar S.Şərifzadə, S.Salamzadə, M.Vlasov və başqalarının xidmətləri danılmazdır.
Azərbaycanda karikatura janrının inkişafında yeni ənənələrin yaranmasına 1952-ci ildən “Kirpi” satirik jurnalının nəşrə başlaması da təkan verib. Nəcəfqulu, H.Əliyev, Z.Kərimbəyli, P.Şandin, Ə.Zeynalov, A.Ələsgərov, A.Quliyev kimi rəssamlar bu jurnalın səhifələrində cəmiyyətdəki nöqsan və problemləri, əsasən, karikaturalar vasitəsilə əks etdiriblər.
Karikatura janrına marağın artması bu sahəyə peşəkar rəngkarların axını ilə müşayiət olunub. 1950-1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları — M.Abdullayev, T.Salahov, O.Sadıqzadə, K.Kazımzadə, A.Hacıyev, G.Mustafayeva və başqaları bu sahədə layiqli əsərlər yaradıblar
1960-1970-ci illərdə R.Qədimov, A.Ələsgərov, E.Abdullayev, F.Əliyev, M.İsmayılov, E.Avalov, M.Məmmədov və başqa rəssamların bu sahədə peşəkar işləri son nəticədə Azərbaycan karikatura sənətini zənginləşdirməyə xidmət edib.
Bəzən ilk baxışdan elə görünür ki, şarj — sadəcə adi şəkildir, əslində isə böyük məharət və zəngin təcrübə tələb edir. Şarj — rəssamın gördüklərinin vizual müşahidəsidir. Şarjı elə çəkmək lazımdır ki, onda təsvir edilən şəxsə qarşı təhqirə çevrilməsin. Şarj qəhrəmana istehza etməkdən daha çox, onu xoş təbəssümlə işıqlandırır, məşhur insanı sadə adamlara yaxınlaşdırır.
Şarjın yaradılmasında mühüm məqam kompozisiya sayılır. Şarj çəkən təcrübəli rəssam şəkildə yalnız qabarıq məqamı əks etdirmir, o həm də insanın ümumi psixoloji ovqatını, onun daxili aləmini kağızda ifadə etməlidir.


Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK
 

0 şərh