Turizmin sosial-mədəni əhəmiyyəti

Turizm sahəsi bir növ ayrı-ayrı sahələrin birləşməsi nəticəsində formalaşan bir sahədir, yəni bir neçə ayrı peşələrə sahib olan insanların bir sahədə çalışması deməkdir. Bu da, turizmin səyahət olunan ərazidə yerləşən digər obyektlərə də müsbət təsirlərindən xəbər verir. Əraziyə gələn səyahətçi sayısındakı artma yeni yerləşmə, yiyəcək-içəcək, rekreasiya obyektlərinə, alış-veriş sahələrinə və digər sahələrə sərmayələrin qoyuluşuna olan gərəyi də artırır. Bütün bu fəaliyyətlər üçün özəl sektor, yerli idarəetmə orqanları və dövlət görüləcək işlər doğrultusunda yeni sərmayələrin qoyuluşunu hədəfə alırlar. Buna görə, turizmin iqtisadi təsiri sadəcə sektor içində özünü göstərmir. Turizm sektorunda qoyulan bir yatırım digər sektorlar üçün də bir iqtisadi fəaliyyəti bərabərində gətirir və yeni məşğuliyyət sahələrinin yaradılmasına kömək göstərir. Yaradılan vahid gəlir isə həm turizm sektorunda həm də digər sektorlardakı yatırımlara müsbət təsir göstərir. Məsələn, turizm sektorundakı bir yatırım, inşaat sektoruna da təsir göstərir; əraziyə artan turist axınları isə bərabərində hava yolu, dəniz yolu və dəmir yolu nəqliyyatını da canlandırır. Turizmin digər sektorlar ilə olan əlaqələri səbəbiylə ortaya çıxa biləcək müsbət və ya mənfi dəyişikliklər, qısa müddətdə və dəyişən ölçülərdə digər əlaqəli sektorlara da əks olunur. Bir turist getdiyi ərazidəki oteldə yerləşir, restoranda yemək yeyir, alış-veriş edir, nəqliyyat vasitələrindən istifadə edir, ərazinin əhalisi ilə ünsiyyətdə olur və müxtəlif obyektlərə baş çəkir. Bu səbəblə, unudulmamalıdır ki, regional turizm sektoru ilə dolayı və birbaşa əlaqəsi olan hər bir fərd dominant təsiri səbəbiylə, keyfiyyətli xidmətin təqdim edilməsində və nəticədə turistin təmin olunub-olunmamasının meydana gəlməsində, ya da, turistin təkrar eyni regiona səyahət edib-etməmə meylində müəyyən formada rol oynayır. Turizmin bir sıra növlərinin səyahət olunan ərazinin əhalisi üçün böyük gəlir mənbəyi olduğu şübhəsizdir. Bu gəlirlərin əhalinin yaşayış səviyyəsinin inkişafına çox böyük təsiri olur. Hər gələn turist həmin ərazidə müəyyən miqdarda pul xərcləyir ki, bu turistin tələbatını təmin edir, yerli əhali üçün də yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, maddi rifahın və sosial-mədəni səviyyənin artmasına səbəb olur. Turizmin inkişaf etməsi yeni iş yerlərinin açılması deməkdir. Yüksək işsizlik səviyyəsi olan ölkələr üçün bu böyük əhəmiyyət kəsb edir. Yerlərdə sakinlərin miqrasiyası baş verir. Yeni yaşayış məskənləri yaranır. Bu isə ölkədə infrastrukturun və müvafiq xidmət sahələrinin təkmilləşməsini tələb edir. Turizm müəssisələrində bəzi iş yerləri mövsümi xarakter daşıyır və müəyyən hallarda daha çox qadın əməyinin (xadimə, paltaryuyan, mətbəx işçisi və s.) istifadəsini tələb edir. Bu isə qadınların da iş fəaliyyətinə cəlb olunması deməkdir. Ərazidə turizmin inkişafı yeni iş yerlərinin açılması ilə nəticələnir. Yerli sakinlərdə əlavə gəlir mənbəyi əmələ gəlir, bununla da ailələrdə sosial vəziyyəti yaxşılaşdırmaq imkanı yaranır. Yeni məişət texnikasının əldə edilməsi, istirahətlərini ölkənin başqa regionlarında və ya xaricdə keçirmək imkanı yaranır. Turizmin inkişafı əhali arasında ölkədaxili sosial-mədəni mübadilənin baş verməsinə səbəb olur. Xarici turistlərin gəlməsi isə xarici vətəndaşların yerli mədəniyyətlə tanış olmağa, mədəniyyət nümunələrinin özləri ilə vətənlərinə aparmağa və burada öz mədəniyyətlərinin bir hissəsini qoymağa imkan yaradır. Turizmin əhalinin yaşayış səviyyəsinə təsiri nəticəsində ərazidəki evlərin, ticarət obyektlərinin, istirahət obyektlərinin tikintisi və müasirləşdirilməsi, əhalinin iş yerlərinin və iş şəraitlərinin inkişafı sürətlənir. Turizmin ərazinin infrastrukturuna təsiri xüsusi qeyd olunmalıdır. Belə ki, ərazidə tikilən obyektlər turistlərə xidmət etməklə yerli əhaliyə də xidmət göstərirlər. Nəticədə isə yerli əhali üçün olduqca faydalı və rahat şərait yaranır. Yaradılan infrastruktur ərazinin iqtisadi inkişafında eləcə də, yerli əhalinin həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Həmin infrastrukturun ərazidə qalması və istifadə olunması buna münasib şərait yaradır. Turizmin inkişafı yeni iş yerlərinin açılmasına və artmasına, yerli əhalinin işlə təmin olunmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Yerli əhalinin maddi rifahı yüksəlir. Pul gəlirlərinin səviyyəsi artır. Təsadüfi deyil ki, World Travel & Tourism Council (WTTC) təşkilatının məlumatlarına görə dünyada turizm və səyahətlər sahəsində çalışanların sayı 1993-cü ildə 130 mln. nəfər (və ya ümumi məşğulların 7%-i), 2005-ci ildə isə 221,6 mln. nəfər olmuşdur. Turizmin vacib xüsusiyyətlərindən biri ondadır ki, turizmdən əldə olunan gəlir əhali arasındakı müxtəlif təbəqələr üzrə nisbətən bərabər bölünür. Belə ki, turizm xidmətlərini hazırlayan da, suvenirlər hazırlayan və satan da, öz mənzilini kirayə verən də, yeyinti məhsullarını hazırlayan da turizmdən gəlir götürə bilir. Turizmin əhalinin maddi rifahının artmasına müsbət təsiri ilə yanaşı olaraq ölkənin sosial səviyyəsinə də müsbət təsiri olur. Çünki maddi rifahın artması nəticəsində təhsilin, mədəniyyətin, incəsənət növlərinin və həyat tərzinin müsbət inkişafı ölkənin sosial səviyyəsinin də yüksək inkişafına səbəb olur. Sosial nöqteyi-nəzərindən turizm regionların inkişafına böyük təsir göstərir, regionlarda minlərlə iş yerləri açılır, kommunikasiya inkişaf edir, yerli əhalinin mədəniyyət, savad və dünyagörüş səviyyəsi yüksəlir. Regionlarda turizmin inkişafı işsizlərin paytaxta axınının qarşısını alır. Sadaladığım bu təsirlər turizmin müsbət təsirləridir. Amma turizmin mənfi təsirləri də vardır. Səyahət zamanı turistlərin yerli xalqın mədəni və əxlaqi dəyərlərinə hörmətsiz davranmaları (dini və ənənəvi dəyərlərə, yerli geyim nümunələrinə, əyləncə formalarına və s.), yerli mədəni əsərlərə və ekologiyaya qeyri-mühafizəkar davranmaları bu qəbildəndir. Turizmin regional inkişafa təsirlərini aşağıdakı kimi görmək olar: Kənd rayonlarında yeni iş yerləri; Kənd təsərrüfatı mallarının sərfəli satışı; Kənd əhalisinin həyat səviyyəsinin artması; Yerli büdcəyə əlavə daxilolmalar; Mənfi təsirləri. Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssislərinin proqnozlarına görə 2020-ci ildə 2000-ci ilə nisbətən səyahət edən turistlərin sayı 1,6 milyard nəfərə qədər artacaqdır. O cümlədən, turizmdən əldə olunan gəlirlərin miqdarı 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaqdır. 2020-ci ildə ən çox turist axını olan ölkə Çin, dinamik inkişaf edən turizm ölkəsi isə Türkiyə olacaqdır. Bu da turizmin yuxarıda sadaladığım müsbət və mənfi təsirlərinə səbəb olacaqdır. Turizmin təbii turizm növü ilə əlaqədar yaranan və çox yayılmış bir problemi onun mövsümi xarakter daşımasıdır. Turizm fəaliyyətinin pik və zəif mövsümi dövrləri vardır. Bu da o deməkdir ki, otellər, nəqliyyat və digər infrastruktur obyektləri, həmçinin iş personalı ilin əhəmiyyətli hissəsində məşğuliyyətsiz qalır. Bundan başqa kəndlərdə turist mövsümünün pik dövrü məhsul yığımı və digər vacib işlərlə eyni vaxta düşür. Lakin, turizm, xüsusən də əgər turist mövsümünün pik dövrü ilə kənd təsəttüfatı işləri ilin ayrı-ayrı vaxtlarına uyğun gələrsə, yerli əhalinin bütün növ fəaliyyət növlərinə uğurlu əlavə ola bilər.
 

0 şərh