Qida zəhərlənmələri

Xüsusilə də, yay aylarında qida zəhərlənmələrinə daha çox rast gəlinir və hətta bu zəhərlənmələrin bəziləri ölümlə nəticələnir.
Bu dəhşətli təhlükədən qorunmaq üçün ən mühüm şərt təmizlikdir.
Cürbəcür dondurmalar, vaxtı keçmiş, istifadə müddəti məlum olmayan ərzaqlar, buz kimi limonadlar, üzərinə min cür mikrob qonmuş, alaçiy, mənşəyi məlum olmayan ətdən hazırlanmış dönərlər, kabablar, yaxud cürbəcür yeməklər yeyərkən bizə nə qədər xoş gəlirsə, az vaxt keçdikdən sonra bizim üçün bir o qədər zəhərə çevrilir.
Qeyd etdiyimiz kimi, qida zəhərlənməsinə əsas səbəb qidanın təmiz olmamasıdır. Qidaların çirkli olması və mikrobların artıb çoxalması yoluxucu xəstəlik olan qida zəhərlənməsinə gətirib çıxarır.
Yayda süd və süd məhsulları, kremli, mayonezli, yumurtalı yeməklər, uyğun şəraitdə saxlanmayan bişmiş ət və dəniz məhsulları daha tez xarab olur. Mənşəyi məlum olmayan sular və yeməklərdən istifadə etmək də zəhərlənməyə yol açır. Odur ki, qidaların təmizliyinə diqqət yetirmək lazımdır. Gündəlik istifadə edilən ət, toyuq, süd kimi məhsulları saxlayarkən aralarında xarab olmuş məhsullar olmamasına diqqət yetirin. Xüsusilə də, nəm yerlər mikrobların artıb çoxalması üçün münbit şəraitdir. Yeməklər sağlam yerlərdə hazırlanırsa, təmizliyə riayət olunursa və ya mikrobların çoxalmasına şərait yaradılmırsa, demək, zəhərlənmə təhlükəsinə də əsas yoxdur. Əgər meyvə-tərəvəz kanalizasiya sularına qarışmış su ilə yuyulursa, yaranan münbit şəraitə görə qida zəhərlənməsi qaçılmazdır.

Qida zəhərlənməsinin əlamətləri
Qida zəhərlənməsi 2-10 gün arasında baş verir və ishal, ürəkbulanma, qusma, güclü qarın sancıları, qızdırma, başağrısı, yorğunluqla özünü göstərir. Bəzən eyni qidanı yeyən iki nəfərin biri zəhərlənir, digəri isə yox. Bu, yaşla, genetik sağlamlıqla da bağlı ola bilər. Xüsusilə də, uşaqlar, yaşlılar, hamilə və immunitet sistemi zəif olan insanlar qida zəhərlənməsindən daha çox əziyyət çəkirlər.

Zəhərlənən xəstə nə etməlidir?
Təcili bir şəkildə həkimə müraciət olunmalıdır. Çünki qida zəhərlənməsi öldürücü təsir göstərə bilər. Bu xəstəlik ciddi olduğundan evdə qətiyyən müalicə olunmamalıdır. Mikrobların mənbəyi fərqli olduğundan zəhərlənmənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq lazımdır.

Qarşısı alınmasa, öldürə bilər
Orqanizmdə həddindən çox su itkisinə səbəb olan zəhərlənmə ölümlə nəticələnə bilər. Yaşlılar və uşaqlar bu mənada daha həssasdırlar. Zəhərlənmə zamanı və sonra orqanizm enerji itkisinə məruz qaldığından şəkərli qidalardan və bol miqdarda sudan istifadə etmək məsləhətdir.

Qida zəhərlənmələrindən qorunmaq üçün...
— Qidalar hazırlanarkən kifayət qədər isidilməlidir;
— qida bişirildikdən sonra 1 saat ərzində yeyilməlidir;
— süd məhsullarının pasterizə və bayat olmasına diqqət yetirilməlidir;
— tərkibində qatqı maddəsi olmayan təbii qidalardan istifadə olunmalıdır;
— yemək-içməklər mümkün qədər açıq yerdə saxlanmamalıdır;
— meyvə-tərəvəz möhkəm yuyulmalıdır;
— ət yaxşıca bişirilməlidir;
— məhsulu alarkən son istifadə tarixləri yoxlanmalıdır;
— konservləşdirilən qidaların qutusu əzik, qapağı şişmiş olmamalıdır;
— yeməklər yenidən qızdırıldıqda qaynama nöqtəsinə qədər isidilməlidir;
— mətbəx və ehtiyat yemək saxlanan yer təmiz olmalıdır;
— xüsusilə, ictimai yerlərdə yemək verən aşpaz və personal maarifləndirilməlidir.

Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti
 

0 şərh