“Teylor Lageri” - İtirilmiş cənnət

Okeanın sahilində yerləşən “Teylor Kamp” adlanan yer siyasətdən, qayda-qanunlardan, etik normalardan kənar bir yaşayış yeridir. Asosial mühiti özündə əks etdirən bu cəmiyyətdə pul, geyim, texnologiyalar heç bir rol oynamır.

“Teylor Lageri”nin əsası 1969-cu ildə qoyulub. Həmin dövrdə ABŞ polisi və siyasətinin əlindən təngə gələn şəxslər məhz bu lagerdə özlərinə sığınacaq tapıblar. Evlərini və ailələrini tərk edən insanlar Havayda bərqərar olublar. Sözügedən məkanı real dünya ilə birləşdirən yeganə ortaq cəhət okeanda yerləşdirilən mayak idi.

“Biz anti-hərbi hərəkatının üzvləri idik. Berklidə elə zorakı ab-hava var idi ki, Berkli hər an məhv ola bilərdi. Bizim iki seçimimiz var idi: ya əllərimizə silah alıb müharibəyə qoşulmalı idik, ya da şəhəri tərk etməli idik”. – bunu məlum hadisələr zamanı Berklini öz həyat yoldaşı Viktorla tərk edən Sandra Şaub deyir. “Bu səbəbdən biz şəhəri tərk edib Avropaya üz tutmaq qərarına gəldik. Daha sonra isə ağlımıza bir fikir gəldi: Biz ki heç vaxt Havayda olmamışıq. Biz Avropaya da, Asiyaya da, Havay adasına da üz tuta bilərdik. Lənət şeytana, o an yaşadıqlarımız bizə düşünməyə imkan vermirdi”.

Evsiz, heç bir siyasi və iqtisadi maraq güdməyən bu insanlara yerləşdikləri ərazidə yaşamaq icazəsi verilmir. Hippi gənclərdən bir neçəsi sərsərilik bəhanəsi ilə polis tərəfindən tutulduqdan sonra isə hər şey dəyişir. Hippilərin heç vaxt ağlına gəlməzdi ki, belə çətin vəziyyətdə onların imdadına məşhur Hollivud simaları çatacaq. Belə ki, bir gün Elizabet Teylor və Hovard Teylor adadakı gəncləri görür və onlarla maraqlanmağa başlayır. Bu tanışlıqdan sonra Teylorlar hippilərə heç bir məvacib ödəmədən adada yaşamaq icazəsi verir. Bu şəkillər Teylor Kampın daimi sakini olan Con Veyrhem tərəfindən lentə alınıb. Conun icazəsi ilə onun fotoalbomu mətbuatda işıq üzü görüb.

Sözügedən “möcüzələr diyarı”nda elektrik, kanalizasiya yox idi. Hovard Teylor adaya ilk gəldiyi günlərdə ağac kötüklərindən, bambukdan öz tələbatlarını ödəmək üçün lazım olacaq əşyalar düzəltməyə müvəffəq olur. Daha sonra isə adaya gələn digər ailələrlə birlikdə yaşayış üçün şərait yaradılır. Adanın sakinlərinin sözlərinə görə, onlar öz xəyallarındakı cənnəti öz əlləri ilə bu adada yaradıblar. Burdakı ailələr kobud desək, təbiət hesabına yaşayırlar, ağaclardan yığdıqları meyvələrlə və tutduqları balıqlarla qidalanırlar. İllər ötdükcə “Teylor Lageri”nin sakinlərinin sayı da artmağa başlayır. Dünyanın müxtəlif ölkələrində siyasi qarşıdurmalardan, müharibələrdən, sivilizasiyanın fəsadlarından bezən şəxslər və ailələr məhz bu adaya üz tutur.

Hazırda adada çoxsaylı veteranlar, Vyetnam müharibəsindən qaçıb bu adaya sığınan gənclər, anarxistlər və hippilər birlikdə yaşayır. Hər kəs çılpaq və ya yarıçılpaq gəzir. Adaya turist olaraq qonaq gələn şəxslərlə dialoqa demək olar ki, girilmir. Kampusun keçmiş sakini Rozi Rozetal hazırda ESPN-də müxbir vəzifəsində çalışır və Böyük Adanın merinin köməkçisidir. Rozi lagerdə yaşadığı zamanları xatırlayaraq deyir:

Biz çılpaq gəzirdik, çünki özümüzü təbiətin övladları kimi hiss etmək istəyirdik. Bunu görən hər kəs elə düşünürdü ki, biz orda hər gün cinsi əlaqədə oluruq. Amma başa düşə bilmədikləri o idi ki, hər gün sənin qarşında çılpaq gəzən qız vaxt keçdikcə sənin bacına çevrilir və sən ona qarşı heç bir şəhvət hissi yaşamırsan. Bizim cəmiyyətimizin əksər nümayəndələri ailəli gənclər idi. Düzdür, sevgililər də var idi, amma bu hansı normal cəmiyyətdə yoxdur ki?” Adanın sakinləri onlara üz tutub sığınacaq istəyən, öz ölkəsindən didərgin düşən hər kəsi qəbul etməyə hazırdırlar. “Biz televizora baxmırdıq. Nəyimizə lazımdır ki? Biz, onsuz da, nə baş verdiyini bilirdik”. – Sandra Şab deyir. “Biz Vyetnam müharibəsinin veteranları ilə birgə yaşayırıq. Adi oğlanlardan onların fərqi bilirsiniz nədədir? Onlar artıq gülümsəməyi bacarmırdırlar. Bizsə, onlara gülməyi bacarmayan balaca uşaq kimi yenidən gülümsəməyi öyrədirdik”.

Sakinlər marixuana və digər narkotik, psixoz maddələrin istifadəsi ilə bağlı da açıqlama veriblər: “Kampusda Terri və Debbi bacıları var idi. Onlar hər kəsdən daha çox narkotikə meyilli idilər və hər gün LSD-dən istifadə edirdilər. İndi onlar San Fransiskoda çox normal bir həyat yaşayırlar. Bir hippi xanım da var idi ki, o, təkcə kampus ərazisində olduğu müddətdə 300 dəfədən çox LSD-dən istifadə etmişdi. İndisə vəkil olaraq fəaliyyət göstərir və uğurlu karyera qurub. Təəssüf ki, tez və ya gec hər Şeysona çatır. Çünki hər cənnətin sonunda belə bir qaranlıq məkanın başlanğıcı bizi gözləyir… Hamilton adada bir neçə uşaq böyüdüb. 8 illik ada həyatından sonra “Teylor Lageri” də sona çatır. Yerli sakinlər hippilərin əlindən təngə gəlirlər. Onların burda heç bir məvacib ödəmədən yaşamaları və adanın ən gözəl turistlik ərazisini zəbt etməsi sakinləri boğaza yığır.

Antisanitariya, narkotikdən istifadə, səs-küylü partilərin sonu, şikayətlərə baxılması nəticəsində bir sıra tədbirlərin görülməsinə gətirib çıxarır. Hakimiyyət nümayəndələri lageri dağıdır və bu gənclərin bir daha bu əraziyə gəlməməsinə nəzarət edir. Hal-hazırda “cənnət şəhərciyi”nin yerində turistlik zona fəaliyyət göstərir. 

 

Mənbə:www.kult.az

0 şərh