Yeni Zelandiya niyə bu qədər mütərəqqidir?

«Axşamınız xeyir, düşündüm ki, bir neçə həftəlik sakitliyə hazırlaşarkən, tez-tələsik internetə girib hər kəsin halı ilə maraqlanım,” — Covid-19-la bağlı bir aylıq karantindən əvvəl Facebook-un canlı yayımında həmvətənlərinə müraciət edən Yeni Zelandiyanın baş naziri deyib.
O, özünün səliqəsiz sviterinə işarə edərək “körpəni yatızdırmaq asan iş deyil” deyə zarafat edib.
Jacinda Ardern həmin axşam „whānau“sunu (maori dilində — ailəsini) yoxlayan yeganə kivi (Yeni Zelandiya sakini – red) anası deyildi.
Yeni Zelandiya
Jacinda Ardern koronavirusun yayılmasına ən çevik və sərt reaksiya verən dünya liderlərindən biridir. O, mütəxəssislərin rəyinə əsasən beynəlxalq və daxili səyahətlərə qadağa ilə yanaşı, mart ayının 25-indən etibarən təxminən bir ay müddətinə karantin elan etdi.
39 yaşlı siyasətçi üç il ərzində sürətlə irəliləməyə müvəffəq olub: vaxtilə Əmək Partiyasında təvazökar rola sahib Ardern hazırda Time jurnalının ən nüfuzlu 100 insanı siyahısına düşən qlobal simaya çevrilib. New York Times nəşri onu „Trump, Orban və Modi kimi sağçı qüvvələrə mütərəqqi təzad“ olaraq xarakterizə edir.
2019-cu ilin mart ayında Christchurch şəhərinin məscidinə hücumdan sonra onun qayğıkeş liderlik üslubu diqqəti çəkdi: müsəlman soydaşlarını qucaqlayan hicablı Ardern-in görüntüləri yayıldı. O, ötən ilin dekabrında Ağ adalarda vulkan püskürməsindən sonra yas tutan ailələrə təsəlli verərkən də yadda qalır.
2018-ci ildə isə Yeni Zelandiyanın Baş naziri BMT Baş Assambleyasında çıxış edərkən onun nişanlısı dörd yaşlı qızını qucağında saxlayırdı.
O, hesab edir ki, “uğur yalnız millətin ÜDM-i (Ümümi Daxili Məhsul — red) ilə deyil, xalqın daha keyfiyyətli yaşaması ilə ölçülür”. Buna görə bir çoxları Yeni Zelandiyanı mütərəqqi hökumətin istehkamı olaraq qəbul edir.
Tezliklə beş milyon əhaliyə sahib olacaq Sakit okean ölkəsi bir sıra sosial və siyasi nailiyyətlərə imza atıb: yerli xalqlar üçün parlament yerləri yaradılıb (1857); qadınlara səsvermə hüququ verilib (1893); səkkiz saatlıq iş günü təsbit olunub (1840); yaşlılar üçün dövlət pensiyası təsis olunub (1898); dünyanın ən əhatəli pensiya və sosial təminat sistemi qurulub (1938); misilsiz qəza kompensasiya sxemi yaradılıb (1974).
1890-1920-ci illərdə qabaqcıl siyasi təşəbbüslərə görə, xarici müşahidəçilər Yeni Zelandiyanı „sosial laboratoriya“ kimi qəbul ediblər.
Hazırda rifahın artması, ətraf mühit və sosial inkişaf kimi məsələlərə verilən diqqət və Ardern-in “rifah” meyarlarına sadiqliyi köhnə siyasətə qayıdış kimi dəyərləndirilə bilər.
Bəs görəsən, çox ucqar ölkədə belə mütərəqqi siyasət necə ortaya çıxıb?
Wellington-dakı Viktoriya Universitetinin siyasi elmlər üzrə professoru Stiven Levine ölkənin rəsmi onlayn ensiklopediyası — »Te Ara«da yazır ki, ilk Britaniya mühacirləri bərabərlik, ədalət və dürüstlük dəyərlərini rəhbər tutublar.
»1948-ci ildə Yeni Zelandiyanın ilk siyasi elmlər doktoru Leslie Lipson yazırdı ki, yerli sakinlər millətin siyasi görüşlərini əks etdirən Azadlıq Heykəlinə bənzər bir abidə ucaltmaq istəsə idilər, çox güman ki, bu, Bərabərlik Heykəli olacaqdı”.
«Bu, göstərir ki, bərabərlik (azadlıq deyil) Yeni Zelandiyalılar üçün ən vacib siyasi dəyərdir və ona can atıb, müdafiə etmək cəmiyyət üçün ən mühüm hədəfdir.»  Digər Britaniya müstəmləkələrindən fərqli olaraq, adalar fəth edilməyib, onlar Maori və Britaniya arasında 1840-cı ildə imzalanan Waitangi Müqaviləsinə (Maori dilində Tiriti o Waitangi) əsaslanır. Müqavilə Konstitusiya deyil (Yeni Zelandiyanın yazılı əsas qanunu yoxdu), bu daha çox məskunların təhlükəsizliyinə yönələn sənəd sayılır. Bir çoxları deyə bilər ki, bu həmçinin «pakeha»lara (qeyri- maori, ingilisdilli mühacirlər) ərazi və sərvət iddiası üçün əsas verirdi. O cümlədən silah istifadəsiylə yerli xalqları və mədəniyyətləri sıxışdıran tacir, sənətkar və fermerlər (əsasən Britaniyadan gələnlər) özləri ilə siyasət və hakimiyyətə dair dünyagörüşlərini də gətirdilər. Yeni gələnlər Avropanın qərəz və qarşıdurmasından uzaqda yeni həyat qurmağa ümid edirdilər. Onlar qanun qarşısında hamının bərabər olduğuna inanırdılar. Mühacirlər rəsmi kilsə ideyasını rədd etdilər; bu gün Yeni Zelandiya dünyanın ən dünyəvi cəmiyyətlərindən biridir.
Yeni Zelandiya
İlk mühacirlər ucqar dağ və vadilərdə təsərrüfat qurmağa başladılar.
Tez bir zamanda aydın oldu ki, yeni texnikanın düzəldilməsi və ya təmiri üçün yeganə çarə əl altında olan qırıntılardır. Təcrid olunmuş fermerlər hər şeydən, o cümlədən hasarlardakı məftildən faydalanırdılar və «8 nömrəli məftil zehniyyəti» kimi tanınan bu bacarıq milli təfəkkürün tərkibinə çevrildi.
Bərabərlik hissi başqa bir milli xüsusiyyətdə də təzahürünü tapdı.
Təvazökarlığı yüksək qiymətləndirən Yeni Zelandiyalılar özlərini başqalarından üstün hesab edənlərə şübhə ilə yanaşırlar. Kivilərə xas qara yumorda, John Clark-in yazdığı “Nə qədər bəxtəvər olduğumuzdan xəbərimiz yoxdu" adlı qeyri-rəsmi dövlət himni arxayınlıq hissini tərənnüm edir. Yeni Zelandiyalılar özlərini təcrübəli, yaxşı həyat bacarıqlarına sahib və əməkdaşlığa açıq və hər şeyin “öhdəsindən gələ bilən” insanlar kimi görmək istəyirlər.
Bu müsbət dünyagörüşü Yeni Zelandiyanı yeddinci ildir ki, BMT-nin Dünya xoşbəxtlik reytinqində səkkizinci yerə çıxarır. Eyni sıralamada Wellington dünyanın üçüncü ən xoşbəxt şəhəri tanınıb. Christchurch şəhəri, dağıdıcı zəlzələ və keçən il 51 nəfərin ölümünə səbəb olan hücuma rəğmən, ilk 20 şəhər arasındadır. İlk iyirmilikdə Auckland şəhəri da var.  İngiltərədə nəşr olunan Teleqraf qəzetinin oxucuları yeddi ildir ki, Yeni Zelandiyanı ən sevdikləri ölkə adlandırırlar.
«The Guardian» qəzetinin yazdığına görə, 2016-cı ildə Donald Trump seçildikdən sonra, ABŞ-da Yeni Zelandiyaya miqrasiya müraciətlərinin sayı 24 dəfə artıb. Səyyahları buraya daim dəyişən mənzərələr də cəlb edir: təmiz meşə; göllər; şəlalələr; fiordlar; aktiv vulkanlar; isti bulaqlar; geyzerlər; ağ və qara qum çimərlikləri; Alp və buzlaqlar.
Ölkənin qonaqları öz evlərinə qayıdarkən, kivilərin mülayimliyi, səmimiyyətini və yerlilərin Maori mədəniyyətinə (tikanga Maori) ehtiramını qeyd edirlər.
Ancaq ucqar ölkə göründüyü qədər mükəmməl deyil.
Müqavilə tərəfdaşlığı və “te reo maori”nin (Te reo maori Yeni Zelandiyanın üç rəsmi dilindən biridir) geniş əhatəsi irqi gərginliyə işarə etmir. Ancaq irqçilik mövcuddur. Massey Universitetinin sosioloqu, doktor Paul Spoonley vəziyyəti belə təsvir edir:
“Qlobal miqyasda irqi münasibətlərimiz o qədər də pis deyil. Avropa ölkələrində rast gələ biləcəyiniz dərəcədə nifrət cinayətləri yoxdur", — 2018-ci ildə Yeni Zelandiya Radiosuna danışan alim deyib. «Ancaq ölkə daxilində gündəlik və tez-tez üzə çıxan səthi irqçilik var. Onun burada mövcud olmadığını düşünmək, sadəlövhlük olardı.»
Müqavilənin fərqli yozulması 135 il ərzində, sosial və irqi gərginliyə səbəb olub. 1975-ci ildə ona qanun şəkli veriləndən sonra, münaqişə və şikayətlər sovuşub. Hazırda səhiyyə, təhsili və ədliyyə sahəsində maorilərə aid göstəricilər rüsvayçı bərabərsizliyi əks etdirir və gənclər arasında intihar halları faciəvi dərəcədə yüksəkdir.
Bu bərabərsizliyə görə bəzi şərhçilər ölkənin mütərəqqi imicinə şübhə ilə yanaşır. Onlara əsasən, bir çox nailiyyət şüurlu şəkildə dəyişikliyə can atmağın nəticəsi deyil, onlar ədalət və bərabərlik dəyərlərinin praktiki tətbiqindən irəli gəlir.
Yeni Zelandiya
Yəni, cəmiyyət sadəcə olaraq müəyyən qərarların dürüst və ya layiqli olduğuna inanıb.
«1890-cı illərdə qadınların səsvermə hüququna baxsanız, heç kim demirdi ki, „Biz birinci olmaq istəyirik ..., “ — tarixçi və sosial şərhçi professor Paul Moon deyir. — Yanaşma belə idi: bu mühümdür, çünki qadınlara siyasi hüquq və ya daha çox nümayəndəlik verəcək, daha çox demokratikləşmə olacaq və s.»
Moon-un dediyinə görə, bu bərabərlik və ədalət təmayülləri 1970-80-ci illərə qədər davam etdi.
«Düşünürəm ki, hələ də buna inanan insanlar var — bu çox uzun davam etdi və Yeni Zelandiya kimliyinin təməl tərkibidir,”- Moon deyir.
Bu arada çoxmədəniyyətli ölkə sosial cəhətdən mütərəqqi qanunların qəbulunu davam etdirir. Buraya nikah bərabərliyi, fahişəliyin və abortların dekriminallaşdırılması, abortların səhiyyə problemi tanınması kimi qanunvericiliyi aid etmək olar. Lakin Moon motivasiyada dəyişikliyin nəzərə çarpdığını deyir.
»Hazırda xeyli ritorika görmək olar: «Yaxşı, bunu etsək, dünya lideri olacağıq. Bu, bir çox hallarda mütərəqqi təşəbbüsün əhəmiyyətini üstələyir.”
Bu arada, Aotearoa (Yeni Zelandiyanın maori dilində adı) Utopiya deyil. Ölkənin koronavirusa qarşı reaksiyası Yeni Zelandiyanı bu sahədə nümunəyə çevirib.
28 apreldə, beş həftəlik sərt karantinin ardınca məhdudiyyətlər bir az yumşaldıldı. Ardern elan etdi ki, Yeni Zelandiya cəmi „bir neçə ölkənin edə biləcəyinə” nail oldu və Covid-19-un yaylmasını dayandırmağa müvəffəq oldu.
Dünyanın diqqəti bir daha Yeni Zelandiyaya yönəldi və bəziləri hökumətin reaksiyasını tənqidlə qarşıladı. Digərləri isə deyirlər ki, Yeni Zelandiya mərhəmət, aydınlıq və elmə etimad modelini təklif edir.
Baş nazir və hökumət üzvləri koronavirusdan təsirlənən sakinlərlə həmrəylik naminə yarım il müddətinə öz maaşlarını 20 faiz azaldıblar. Ola bilsin ki, bu qərara səbəb ədalət və bərabərlik idealları olub.
“Əgər nə vaxtsa müxtəlif mövqelərdəki Yeni Zelandiya insanları arasında fərqi aradan qaldırmaq üçün fürsət olubsa, bu indidir».
 
 
Mənbə: bbc.com
 

0 şərh