55 ilə 5 min illik töhfə

Hər bir xalqın tarixi onun ədəbiyyat və incəsənətində daha çox qorunur və gələcəyə çatdırılır. Bu mənada arxivlərin rolu və xidmətləri əvəzedilməz hesab edilir. Respublikamızda müxtəlif sahələrin arxivlərinin fəaliyyət göstərməsi də şəksiz milli-mənəvi dəyərlərimizə aid maddi-mədəni nümunələrin, o cümlədən ədiblərin — yazıçı və şairlərin, eləcə də incəsənətin müxtəlif qollarının yadigarlarının qorunub saxlanmasında, bununla da mədəniyyət və ədəbiyyat tariximizin daha da zənginləşdirilməsində daşıdıqları əhəmiyyət çox böyükdür.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Belə arxivlərdən biri də Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxividir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı əsasında 1966-cı ilin yanvar ayından fəaliyyət göstərən, bu il yaradılmasının 55 ili tamam olan Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi xalqımızın ədəbiyyat, mədəniyyət, incəsənət tarixinin öyrənilməsi və qorunub saxlanılmasına mühüm töhfələr verib.
Xatırladaq ki, 1996-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə arxivə mətnşünas Salman Mümtazın adı verilib. Əziz Şərifin arxivdə mühafizə olunan şəxsi fondu təxminən 100 ildən artıq Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixi haqqında qiymətli məlumatlarla zəngindir.
Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən bu sahədə çalışmış sənət adamlarının avtoqrafları, habelə həyat və yaradıcılıqlarına aid nadir sənədlər var.
On doqquzuncu yüzillikdən indiyədək Azərbaycan ədəbiyyatı və incəsənəti xadimlərinin, eləcə də bu sahədəki dövlət idarələrinin və yaradıcılıq təşkilatlarının sənədlərini toplayıb, onların mühafizəsini və istifadəsini təşkil edən arxiv, əslində, zəngin eksponatları ilə xalqa və dövlətə xidmət göstərən bir muzey təsiri də bağışlayır. Ona görə ki, Azərbaycan yazıçı, şair, dramaturq və ədəbiyyatşünaslarının burada saxlanılan şəxsi fondlarındakı sənədlər ölkəmizdə milli ədəbiyyatın təşəkkülü və inkişafı məsələlərini özündə geniş əks etdirir. Bu zəngin sənədlərin arasında kimlərin adları yoxdur? Burada H.B.Zərdabi, Ə.Vahid, H.Cavid, Ə.Cəmil, Mir Cəlal, Ə.Cəfər, A.Zamanov, Ə.Vəliyev, M.Ordubadi, C.Xəndan, A.Şaiq, İ.Şıxlı, M.Dilbazi, H.Arif, H.Billuri, Ə.Tudə, A.Babayev və s. kimi ədəbiyyat və incəsənət korifeylərinin şəxsi fondlarında saxlanan sənədlər göz bəbəyi kimi qorunur.
Azərbaycan ədəbiyyat tarixini öyrənmək üçün arxivdə qorunan Yazıçılar Birliyinin, Ədəbiyyat Fondunun, ədəbiyyat məsələlərinə aid nəşriyyatların («Azərnəşr”, „Gənclik”, “Yazıçı”), qəzet və jurnal redaksiyalarının (»Azərbaycan”, «Literaturnıy Azərbaycan”, „Ədəbiyyat”, “Ulduz”, „Qobustan”) fondlarında da bir-birindən dəyərli, çox qiymətli sənədlər mühafizə olunur. Həmin fondlarda bədii əsərlərin əlyazmaları, yazıçıların qurultay, plenum və iclaslarının stenoqrafik hesabat və protokolları, müvafiq idarə, təşkilat və müəssisələrlə yazışmaları, habelə hesabatlarına da rast gəlmək olar.
 
Arxivdə Azərbaycan teatr tarixi haqqında da zəngin materiallar toplanıb. Demək olar ki, ölkəmizdə ötən əsrin əvvəllərindən fəaliyyətə başlamış bütün teatrların arxivləşdirilən sənədləri də burada ayrı-ayrı fondlarda qorunur. Bu fondlarda teatrların yaradılması, fəaliyyəti və təşkili haqqında hökumət qərarları, tamaşaya qoyulan əsərlərin qəbulu və onların məşqləri barədə məlumatlara, ixtisas komissiyalarının, bədii şuraların iclas protokollarına, hesabatlara və digər sənədlərə rast gəlinir.
Arxivdə həmçinin Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş M.Əliyev, M.Haşımov, Ə.Ələkbərov, R.Əfqanlı, S.Hacıyeva, M.Davudova, Kazım Ziya, F.Qədri, Ş.Bədəlbəyli, M.Məmmədov, M.Mərdanov, İ.Osmanlı, S.Ruhulla, A.Sadıqov, H.Salayev, M.Sənani, B.Səfəroğlu, H.Sadıxov, A.Tuqanov, İ.Talıblı, H.Şəmsizadə, Y.Bağırov, A.Gəraybəyli, L.Bədirbəyli, N.Məlikova, S.Bəsirzadə və digər bu kimi görkəmli rejissor və aktyorların şəxsi fondları da mühafizə olunur.
Milli və klassik musiqi mədəniyyətinin inkişafı məsələləri, bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Arxivdə ölməz bəstəkar başda olmaqla, Azərbaycan Bəstəkarlar İttifaqının, Dövlət Konservatoriyasının, habelə F.Əmirov, Ə.Bədəlbəyli, S.Hacıbəyov, Niyazi, T.Quliyev, S.Ələsgərov, Q.Hüseynli, A.Zeynallı, M.Maqomayev, müğənni və musiqi ifaçılarından X.Şuşinski, H.Rzayeva, S.Qədimova, Ş.Ələkbərova, H.Əliyev, A.Əlizadə, B.Mansurov, M.Mansurov, R.Muradova, K.Cəlilov və digərlərinin şəxsi fondlarında saxlanan yadigarlar da olduqca dəyərlidir. Bu fondlarda eyni zamanda not əlyazmaları, musiqi mədəniyyətinin görkəmli xadimlərinin həyat və fəaliyyətinə dair çoxlu qiymətli sənədlər toplanıb.
Arxivdə diqqəti çəkən digər fondlar da var ki, Azərbaycanda rəngkarlıq və memarlıq sənətini özündə əks etdirən sənədləri qoruyur. Respublika Rəssamlar, Memarlar ittifaqlarının, Azərbaycan Dövlət rəssamlıq məktəbinin fondları da belələrindəndir.
Kinematoqrafiyanın və ekran sənətinin inkişafı da arxivdə diqqətdən kənarda qalmayıb. Belə ki, daim zənginləşdirilən Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, kinolaşdırma idarəsinin, görkəmli kino-rejissorlardan A.Quliyev, L.Səfərov, H.Seyidbəyli, H.Seyidzadə, İ.Əfəndiyev, R.Təhmasib və başqalarının fondlarında respublikamızda kino sənətinin inkişafına aid məlumatlar əldə etmək olar.
Arxivdəki fondlardan biri də xalq yaradıcılığı ilə bağlıdır. Ölkəmizdə xalq yaradıcılığının inkişafı ilə bağlı, habelə bu sahədə mədəni-maarif işlərinin təşkili məsələlərinə aid sənədlər Respublika Elmi-Metodiki Mərkəzin (Xalq Yaradıcılığı Evi) fondunda cəmləşdirilib. Burada bədii şura iclaslarının, aşıqların və xalq nəğməkarlarının konsertlərinə baxış, qəbul protokolları, xalq yaradıcılığına həsr olunmuş konfransların stenoqrafik hesabatları, habelə tarixi ulu folklorumuz barədə metodiki ğöstərişlər və s. mühafizə olunur.
Ədəbiyyat xadimləri toplusunda Səməd Vurğun, Məsud Şeyxzadə, Böyükağa Talıblı, Aşıq Valeh, Hümmət Əlizadə, Qafur Əfəndi (Qantəmir), İsmayıl Qasir, Yəhya bəy Şeyda və başqalarının sənədləri, yaradıcılıqlarına aid sənədlər tədqiqatçıya böyük material verə bilər.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ilk dəfə olaraq xaricə mühacirət edərək uzun illər vətən həsrəti ilə yaşayıb yaratmış Ceyhun bəy Hacıbəyli, Abay Dağlı, Almaz İldırım, Əlibəy Hüseynzadə, Timurçin Hacıbəyli, Səlim Turan, Yusif İsmayıl, Ümbülbanu, S.Ağabəyov və başqalarının sənədləri də dəyərli xalq əmlakı kimi burada qorunur.
Bir sözlə, arxiv bu gün də müntəzəm olaraq ədəbiyyat və incəsənət xadimlərinin, respublikanın mədəniyyət sahəsindəki dövlət idarələri və yaradıcılıq təşkilatlarının sənədlərini mühafizəsinə qəbul edərək, öz fondlarını daha da zənginləşdirir. Belə demək mümkünsə, fəaliyyət göstərdiyi 55 ildə arxiv beş min illik ədəbiyyat və incəsənətimizin tarixini özündə yaşadan sənədlərin keşikçisinə çevrilib. Bu da onun mühüm dövlət qurumu olması ilə yanaşı, həm də xalq əmlakını qoruyan saxlanc yeri kimi dəyərini və əhəmiyyətini təsdiqləyir. Ona görə də dövlətin arxivlərə qayğısından ona da pay düşüb.
 
 

Müəllif: Məhəmməd NƏRİMANOĞLU,
Mənbə: azerbaijan-news.az
 

0 şərh