Vladimir Vısotski

Vladimir Semyonoviç Vısotski (Владимир Высоцкий) 1938-ci ilin 25 yanvarında Moskvada doğulmuş, 1980-ci ilin 25 iyulunda elə orada dünyasını dəyişmişdir. Aktyor, şair, mahnıların müəllifi və ifaçısı idi. Moskva İnşaat-Mühəndislər İnstitutunda oxumuşdu. Moskva Bədaye Teatrı (MXAT) məktəbini bitirəndən sonra paytaxtın Taqanka teatrında aktyor işləməyə başlayır. Hamlet roluna görə məşhurlaşır. Öz mahnılarının ifası ilə bütün ölkədə tanınır və onun mahnıları yazıflmış maqnitafon lentləri nəinki ən müxtəlif ölkələrə, ittifaqın özündə ən uzaq aullara da gedib çıxır.
Bir çox mahnıları məxsusi olaraq kino üçün yazılmışdır: "Skalolazka", "Oğullar döyüşə gedir", "Tündməcaz atlar", "Dağ əks-sədasının güllələnməsi", "Cənnətə getmək haqqında ballada", "Qara gözlər" və s. Bir çox filmlərdə çəkilib":Qısa görüşlər" (1967, rejissor Kira Muratova), "Vertikal" (1967), "Tayqanın sahibi", "İki dost xidmət edirdi", "Yeganə yol", (hamısı 1974), "Pis yaxşı adam", "Sannikov torpağı" , "Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl", "Mister Mak-Kinlinin qaçışı (hamısı 1975), "Görüş yerini dəyişmək olmaz" və s.

Vısotski fransız aktrisası Marina Vladiya (Polyakova-Baydarova) evlənmişdi. Qısa həyatının sonunda gənclərin kumiri idi. Ömrünün son 10 ilində həddən artıq populyardı. Onun ölümünə bütün ölkə yandı. Dəfninə on minlərlə adam gəldi.

Vaqanka qəbirstanrlığında qəbri üzərində abidə qoyulub. Taqanka teatrında oğlunun rəhbərlik etdiyi Vısotski adına muzey var. Kitabları və mahnıları ölümündən sonra hamı üçün əlyetən oldu.

Vladimir Vısotskinin şəxsi həyatında indiyə qədər ağ ləkələr, müəmmalar qalmaqdadır. Bunlardan biri onun kəbindən kənar qızı haqda söhbət idi ki, demək olar ki, bu haqda heç nə məlum deyil. Məhz aktyorun həyatının bu bağlı tərəfi ilə əlaqədar bəzi söhbətlərə işıq salmaq üçün Vısotskinin sevimli qadınları haqda bir neçə açıqlama verək.

"Komsomolskaya pravda"nın müxbirinə rejissor Yunqvald-Xilkeviçin dediklərindən":Onun qızğın energetikası çoxlarının ağlını başından çıxarırdı. Poçt qutusuna "Mən səni istəyirəm" kağızı ilə birgə nişan üzükləri qoyurdular. Amma onun həyatının əsas qadını Taqanka teatrının aktrisası Tanya İvanenko idi. Vladimirlə onların əlaqələri onun həyatında Marina Vladinin peyda olmasından çox-çox qabaq başlamışdı və onun vaxtında da davam edirdi. Volodya bilirdi ki, Tatyanaya əzab verir, amma onu ata bilmirdi. Tanya ondan heç nəyi əsirgəmirdi. Mən qadınlarda belə patoloji sadiqliyi heç vaxt görməmişəm. Volodya Odessada içib pis günə düşəndə o, Moskvadan gəlib Vladimiri adam vəziyyətinə gətirirdi. Yığışdırırdı, yedizdirirdi və ağzından bir dənə də gileyli söz çıxmırdı. O, Volodyanın istədiyi hər şeyi edirdi. Bircə şeydən başqa, o, uşaqdan imtina etmədi. Uşağı doğdu və sonra Volodyanın və onun dostlarının həyatından qeyb oldu. Hətta ona zəng etmək də mümkün olmadı. Mən onların qızını görməmişəm. İstəyirdi ki, qızına Vısotski familyasını versin. Bu çox müəmmalı və mübahisəli hekayədi. Ad günündə təfərrüata varmağa ehtiyac yoxdu. Sadəcə olaraq onu demək kifayətdir ki, qız anasının soyadını və atasının adını götürüb. Anastasiya Vladimirovna İvanova 26 sentyabr 1972-ci ildə doğulub.

Onda Vısotski artıq Marina Vladiyə evlənmişdi. Ümumiyyətlə, Vladimir Vısotskinin həyatında babat bir arvad kolleksiyası var: Birinci arvadı İza Jukova ilə MXAT məktəb-studiyasında birgə oxuyublar. Kəbin uğursuz və qısa olur. İkinci arvadı- Lyudmila Abramova VQİK-in məzunudur, Vısotskiyə iki oğul doğub. Dostlarının sözlərinə görə, Lyudmila bir oğlunu Vladimirin əleyhinə kökləyə bilir, ikincisi ilə atası gizli görüşürmüş. Vısotskinin üçüncü rəsmi arvadı fransız kino ulduzu Marina Vladi olub.

Hətta ölümündən sonra da bir çox qadınların kumiri kimi qalan Vladimir Vısotskinin donjuanlıq siyahısında Lionella Pırevanın (Pırevin keçmiş arvadı, indi Oleq Strijenovun arvadı), aktrisa Klara Rumyanovanın, İrina Peçernikovanın, İrina Mazurkeviçin, maniken Qalyanın, Oksana Yarmolnikin (sonra Leonid Yarmolnikin arvadı olur), Larisa Lujinanın və başqalarının adı var. Amma bütün bunlara baxmayaraq, Vladimir Vısotskinin adı, şerləri və mahnıları indi də yaşayır, sevilir və filmləri maraqla baxılır. Razılaşın ki, belə şöhrətli ömür yaşamaq və ölümündən sonra da yaşamaq hər adama qismət olmur.

Müəllif: TOĞRUL
Mənbə Ədalət qəzeti
 

1 şərh

Qiyasli
Yanvarın 25 Vladimir Visotskinin ad günüdür