«Həbsxanada duzlu uşaqlığ»ın «onları hansı ana dünyaya gətirmişdi» sualı (REPRESİYA)

Stalinizmlə, onun represiyaları ilə bağlı mübahisələr on illərdir davam etməkdədir. Məsələyə xüsusi diqqət yetirilməsi isə Aleksandr Soljenitsinin «İvan Denisoviçin bir günü» povestinin 50 illik yubileyi ilə bağlıdır. 1962-ci ildə povestin senzuradan yayınaraq işıq üzü görməsi sanki barıt çəlləyini ildırımın vurması effekti yaratmışdı. Amma daha böyük səs-küy müəllifin 1990-cı ildə çapa getmiş «QULAQ arxipelaqı» əsərindən sonra qalxmışdı. Həmin əsərdə artıq hansısa məhbusun bir günündən söhbət açılmırdı. Bolşevizmin yaratdığı qeyri-insani sistemdən danışılırdı.

Hazırda QULAQ (SSRİ dövründə islam-əmək düşərgələrinin baş idarəsi) barədə danışmaq asandır. Amma maraqlıdır ki, indi Rusiyada stalinizm və onun repressiyalarına münasibət ötən əsrin 90-cı illərinə nisbətən birmənalı deyil. Ölkənin liderləri belə demək mümkünsə, destalinizasiya barədə pafoslu danışmaqlarına baxmayaraq, bu mövzudakı diskussiyanı tez bir zamanda bağlayırlar. Əlbəttə, tarixçilər, siyasətçilər və tarixi keçmişlə maraqlanan vətəndaşlar üçün hər şey aydındır… Amma Rusiya əhalisinin müəyyən hissəsi heç də stalinizmin mənfi təsirlərindən danışmır. Bu günlərdə keçirilmiş rəy sorğularının nəticələri göstərib ki, respondentlərin 10 faizi Kobanın hakimiyyəti illərində kütləvi repressiyaların ümumiyyətlə olmadığını düşünür. 12 faizin fikrincə, baş vermiş zorakılıq hallarına bəraət qazandırmaq mümkündür. Maraqlıdır ki, rəyi soruşulanların üçdə biri məsələyə cavab verməkdə çətinlik çəkdiyini vurğulayıb. Düşüncələri dumanlı olanların sayının artacağı da proqnozlaşdırılır. Çünki 90-cı illərdə Rusiyanın birinci prezidenti Boris Yeltsinin fərmanı ilə təhqiqat işləri üçün açılan arxivlər yenidən bağlanıb. Maraqlıdır, belə bir addımın atılması kimə lazımdır?

Rusiya ictimaiyyətinin çox hissəsi buna qarşı çıxır. Çünki kütləvi repressiyaların və qorxu mühitinin ümumilikdə xalqın mənəvi-psixoloji durumuna mənfi təsir göstərdiyi şübhəsizdir. Amma adamlar sadə sovet insanının, həmçinin azərbaycanlının da həmin vaxtkı mühitdə necə dözdüyünə, hansı məşəqqətlərdən keçdiyinə, yaşantılarının xüsusiyyətlərinə dair çox az şey bilir. Məlumatların əksəriyyəti ümumi səciyyə daşıyır, yaxud digər siyasi proseslərin tərkib hissəsi kimi nəzərdən keçirilir. Rusiyada məsələyə önəm həm də ona görə aktualdır ki, ictimaiyyətin əhəmiyyətli kəsimi baş verənlərin heç də keçmişdə qalmadığını vurğulayır. Belə düşünənlərin qənaətincə, ölkə və xalq zorakılığa, təcavüzə və yalana qarşı loru desək, peyvənd olunmayıb. Görünür, elə buna görədir ki, Rusiyada stalinzmin mahiyyəti ilə əlaqədar yeni əsərlər meydana çıxmaqdadır. Bu baxımdan tanınmış yazıçı-jurnalist Vyaçeslav Kostikovun «Həbsxanada duzlu uşaqlıq» kitabına maraq böyükdür. Hələ kütləvi nəşri həyata keçirilməmiş əsər barədə söz-söhbətlər indidən başlayıb. Deyilənə görə, əsəri oxumaq «İvan Denisoviç»in bir gününü mütaliə etməkdən daha qorxuludur. Məsələ burasındadır ki, kitab müəllifin uşaqlıq gündəliyi əsasında yazılıb. Kostikov əsərində bədiiliyə qaçmır və mövcud cəhət onun həqiqətini daha təsirli edir. Hansısa mənada gündəliyi məşhur «Anna Frankın gündəliyi» ilə də müqayisəyə gətirmək mümkündür. Qeyd edək ki, «Anna Frankın gündəliyi» 1942-1944-cü illərdə Hollandiyanın paytaxtı Amsterdamdam şəhərindəki evlərin birinin gizli sığınacağında ailəsi ilə birlikdə faşistlərdən qorunan yəhudi qızının xatirələrindən bəhs edir. Onu da deyək ki, İkinci Dünya Müharibəsindən dərhal sonra çap olunmuş gündəlik böyük rezonans doğurmuşdu.

«Həbsxanada duzlu uşaqlıq» «Anna Frankın gündəliyi» kimi tutarlı yaradıcılıq nümunəsi olacaqmı, bu barədə indidən nə isə söyləmək çətindir. Hər halda kitab haqqında irəli sürülən fikirlər ilkin təəssüratları formalaşdırmaq baxımından maraqlıdır.

Məlumat verək ki, müəllif Pixtov komendant zonasının düşərgə həyatının əzablarını təsvir edir. O, yeni kitabı ilə bağlı deyir: «Yenidənqurma vaxtı bütün dünya düşərcələrlə və həbsxanalarla bağlı həqiqətlərdən agah oldu. Amma heç vaxt bizim Pixtov həbsxanası barədə eşitməmişik. Bizimlə bir yerdə məşhur adamlar - güllələnmiş Nikolay Buxarinin (sovet partiya xadimi) qızı Svetlana Buxarina, güllələnmiş yazıçı Artyom Vesyolının qızı Zayara Vesyolaya yaşayıblar. Çoxlu sayda aktyorlar, musiqiçilər, alimlər, rəssamlar, zabitlər, mühəndislr, iqtisadçılar, həkimlər, sadə insan var idi. Burada «Stalinin çəkməsi» tamamilə heç bir günahı olmayan adamları təpikləyirdi…»

Müəllif əsərində Vasyuqansk bataqlığından keçən Bakçar yolunun tikintisindən söhbət açır. Bu yolun inşası əmrini Pixtov həbsxanasının rəhbərliyi 1949-cü ildə, yəni repressiyaların növbəti dalğasının başlandığı vaxt verib. O zaman ərazidəki köhnə yol məhbusların daşınmasının öhdəsindən gələ bilmirmiş. Yeni yol həm bu vəzifəni asanlaşdırmağa yönəlibmiş, həm də bataqlıqda boğulub ölən belə desək, köhnələrin yeri boşaldılırmış. Beləcə yenilərin saxlanılması üçün xərclərdən qənaət edilirmiş: «…Bizim yolumuz tayqanın dərinliklərinə uzanırdı. Yolun hər iki tərəfi isə xaçsız qəbirlərlə dolu idi. Bunu izin qalmaması üçün edirdilər. Ölənləri ya kiçik xəndək qazıb orada basdırır, ya da bataqlığa atırdılar. Bizi adam yerinə qoymurdular. İtdən də betər yanaşırdılar. Əgər gündəlik plan yerinə yetirilmirdisə, döyürdülər. Azacıq danışanı qorxulu ölümlə qətlə yetirirdilər - çılpaq soyundurur, ağaca bağlayırdılar. Soyuqda sabahadək saxlayır, dondurur, isti havalarda isə bataqlıqdan qalxan ağcaqanad və digər həşəratların dəstəsinə yem edirdilər. Səhərə yaxın qışqırıq səsləri azalır, tədricən sakit ah-naləyə çevrilirdi. Səhər ağarmış, qan çıxmamış meyitləri ağacdan açırdılar. Dəhşətli səhnə idi! Bu vəhşiliyi edənlər gülüb danışırdılar. Onları hansı ana dünyaya gətirmişdi? Onlar haradan idilər?»

«Onları hansı dünyaya gətirmişdi?» deməklə müəllif əslində Stalin repressiyaları dövrünün ən ağır suallarından birinə toxunur. Hazırda repressiya qurbanlarını yada salarkən çoxları məsələnin qeyd etdiyimiz tərəfinə diqqət yetirmir. Görəsən, onların sayı nə qədər idi? Söhbət prokurorlardan, «NKVD» təhqiqatçılarından, mühafizəçilərdən, «işverənlərdən» gedir. Məsələn, Soljenitsinin «QULAQ arxipelaq»ına diqqət yetirsək, belələrinin sayı on minlərlədir. «Kimlərdir onlar?» sualını verən dahi belələrini anadangəlmə cəllad adlandırır və deyir: «…və ya onlar «böyük dəyişikliklər» əsrinin məhsulları, Stalinin murdar uşaqları idilər».

Vyaçeslav Kostikov üsyana qalxan barakla (kiçik dəstə düzümü) qəddar rəftardan da söhbət açır: «Üsyançıları qovurdular. Hamısı çılpaq və əlləri bağlı halda idi. Bayırda isə şaxtalı hava hökm sürürdü. Mühafizəçilər onları üç tərəfli dövrəyə alırdılar və itləri üzərilərinə salırdılar. Artıq müqavimət də göstərmirdilər, qarın üzərində uzanırdılar. Onlara başqalarının gözləri önündə əzab verirdilər ki, digərləri sınsın, mübarizəyə qalxmasın. Bu adamların bədən üzvlərini, gözlərini, bağırsaqlarını çıxarıb itlərə yedizdirirdilər. Görəsən, ölkədə bu qədər vəhşi haradan tapılırdı?»

Ümumən bu dövrü tədqiq edən müəlliflərinin bir çoxu bildirir ki, boşşevizmin, sonra isə stalinizm mahiyyətcə insanları təkcə ağlagəlməz qəddarlıqla öldürməklə məhdudlaşmır, eyni zamanda onların daxilində vəhşi, mutant yaradırdı. Bu baxımdan «Həbsxanada duzlu uşaqlıq»da yer alan qeydlər də maraq doğurur. Əsərin kuliminasiya anı isə ondadır ki, müəllif o zaman tikilən yolun hazırda yenidən bataqlıq olduğuna diqqət çəkir və mistikaya varır: «Deyilənə görə, hərdən insan sümükləri bataqlığın üzərinə çıxır. Hətta insanların gözünə ölənlərin ruhları görünür. Bu ruhlar «Stalin xöşbəxtliyi» yolunu salırdılar, indi o yolun yerində bataqlıqdır. Bütün bunları unutmaq olarmı?»

 

0 şərh