“Bir zənglə bir ömrü uzatmaq olar”...

 

 

DƏYƏRLİ ŞAİRİMİZ ÇİNGİZ ƏLİOĞLUNUN DOĞUM GÜNÜNƏ

 

...Anlayıb, hiss edib, duyaraq yaşamağın çox əzabları var. Odur ki, təkcə yaşadığı məkanın yox, həm də dünyanın dərdi ilə yaşayan şairin qafasında həmişə bir qəzavü-qədər sevdası dolanar.

“Şair ürəyindən keçir Yer oxu” söyləyən şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun ayın 29- da doğum günüdür. Onu tanıyandan bu günədək nədənsə doğum gününü heç vaxt təbrik etməmişəm. Nəhayət bu gün  çoxlarının sadəcəbir şair kimi tanıyıb sevdiyi mənim üçün isə həm də olduqca xeyirxah, çətin anlarımda diqqət və qayğısını hiss etdiyim Çingiz müəllimi ürəyimdən gələn bir yazı ilə təbrik etməyi düşündüm.  Odur ki, məndən xeyli uzaqda olan, tanımadığım, oəvvəlki, gənclik illərindən başlayaraq şairin kitablarını vərəqləməyə başladım. Üz tutduğum yaxınlıqdakı kitabxanada sənətkarın beş kitabı var idi və onların hamısını evə götürdüm. Tanışlığa 1978-ci ildə “Gənclik” nəşriyyatında çap edilmiş“Soraqladı sevgi məni” adlı kitabdan başladım. Məlum oldu ki, bu, şairin “Nikbinlik”, “Vağzallar, yollar” adlı kitablarından sonra işıq üzü görən üçüncü kitabıdır. Kitabda hamıya deməyə sözü olan şairin şeirlərindən elimizin-obamızın havasıdoldu könlümə, ümumiyyətlə bu işıqlı duyğular, yaşantılar mənə çox doğma gəldi. Bu saf könüldən gələn boyasız, tər-təmiz düşüncələrə, xoş arzulara və ən əsası sevgiyə bükülmüş şeirlər oxucunu özünə elə çəkir ki, az qala birnəfəsə hamısınıoxumaq istəyirsən. Ondan ki:

 

Gəzib dolaşdığım bu şehli yaylaq

Sevgi sərgisidi, məhəbbət köşkü.

 

...Bir yanar tonqaldı –tufana düşüb

Közərir köz kimi xalı bu sazın.

Hər teli bir qulac işıqdır, oddur

Tutuşub alova qolu bu sazın.

 

Bütün varlığıyla torpağa, milli yaddaşa və xalqın mənəvi sərvətlərinə bağlı olan şairin şeirlərində nələr yoxdur. Saz, kaman, qaval, tütək vəs. qədim musiqi alətləri, el nəğmələri, layla, bayatı nəfəsi şeirlərin canına hopub sanki oxucunuonun kimliyi ilə tanış edir. Düşünürəm ki, bir əcnəbi vətəndaş bu şeirləri oxusa mənəvi sərvətlərimizlə əməlli-başlı tanış ola bilər.

“Ağaclar torpağın qanadlarıdır” söyləyən şair həm də bir təbiət aşiqidir. Meşə, çəmən, dəniz, yağış, külək, ulduz və s. bu şeirlərin dilində ayrı bir gözəllik tapır.

Bu meşənin yaddaşında qala biləydim

 

Və ya

 

Yorulsam bir axşam,

tükənsə sözüm, səsim

Dönüb bir şam ağacına

Bu yerlərə qayıdacağam.

 

...və bu cür istiqanlı şairi kim və kimlər incidib görəsən?

 

...Mənim gözlərimə siz açıq baxın

Sözün qiyməti yox sözlər nə gərək

Məni az incidin yandırıb-yaxın

Doğmalıq istəyir bu kövrək ürək.

 

Amma “Arxamca daş atan olsa da nə qəm” deyib keçərək, cavan şair sözlə elə lövhələr yaradır ki:

 

Bir ovuc Vətən torpağı,

Bir duyum muğamat

Bir udum dağ havası,

Bir əlçim bulud

Bir yağım yaz yağışı

Bir əsim “xəzri”

Qədim xalçaların sirli naxışı

Abşeron göylərinin

Rəng qarışığı-

Səni mənə bağışlayıb....

 

Yazıb da haradasa, kimdənsə sınan qəlbinə məlhəm edir elə bil...

İkinci kitabı götürürəm. “Ömür ağacı”, 1980-ci ildə “Yazıçı” nəşriyyatında çap edilib. Sevgi şeirləri ilə doludur. Və o qədər təbii, səmimi qələmə alınıb ki, oxuduqca yeni bir məna, bir gözəllik tapırsan.

Bu şeirlər “Əzizim, biz necə oxşarıq indi”, “Sonuncu nəfəsim sənin adındı”, “Nəfəs almaq kimi bir şeydir məhəbbət”, “Bu ayrılıq bir dənizmiş hara üzüm?”, “Könlümün sorağı, gözümün şəhdi!” və başqa bu kimi ürəkdən gələn zərif, incəmisralarla doludur.

 

Haçandır mən sənə şeir yazmıram.

Yox, səni bir an da unutmamışam!

Unutmaq olarmı ürək sevəni?

Unutmaq olarmı hər saat, hər an

 

Səni düşünəni, yol gözləyəni!

Yox, səni bir an da unutmamışam!

 

Yaxud da

 

Bu boyda səadət, bu boyda sevinc,

Bu kövrək qəlbimə sığışa bilmir.

Gözlərim öyrəşib, nə edim gözəl,

Gözlərim gözündən yığışa bilmir.

 

Və bir də şairin

 

Vaxt tapa bilmirik dosta zəng edək,-

Bir zənglə bir ömrü uzatmaq olar...

 

– bəndi çox xoşuma gəldi.

 

 Bu da 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Alnından ay doğan adam” kitabı. Digər kitablarından fərqli burada ön söz də verilib. “İstedad+zəhmət+dözüm” adlı ön sözün müəllifi unudulmaz Rəsul Rza yazır ki, şair birxarakter şeirindən də də tanına bilər. “Çingizin misralarında bu sadəliyi ilə mürəkkəb və dərin, geniş və düşünümlü olan sətirlərin orijinal ifadəsi, dadı, duzu ilə bərabər işığı başqa yöndən salınmış fəlsəfi tutumlu, lirik, düşündürücü rəngləri dəvardır”...

Deyirlər, şair odur ki, oxucu onun yazdıqlarında özünü tapır. Bu baxımdan Ç.Əlioğlunun şeirlərində o qədər özünü tapmalı anlar, mənalar var ki...

 

Özümü itirən anlarım olur.

Naqafil bir sözdən, nadan bir sözdən.

Bir axmaq baxışdan, şit bir gülüşdən

Özümü itirən anlarım olur

Danışa bilmirəm nitqim tutulur...

 

Doğrudan da, mən heç vaxt həmin o naqafil anlarda adamın cavabını verə bilmirəm. Tutulub qalıram və heç vaxt bunun sirrini tapa bilməmişəm.

 

Yükləyin bu yazı trolleybusa,

Metro qatarıyla daşıyın barı.

Alça çiçəyilə çiçəkləsin qoy

Şəhərin toz basmış tramvayları.

 

Bu da, dünyanı bir yaz kimi görmək istəyi, üzlərdə-gözlərdə bir çiçək təbəssümü...

Əlimdəki dördüncü kitab isə 1993-cü ildə “Şərq-Qərb” nəşriyyatında çap edilib. “Gün keçdi” adlı bu kitabın ön sözünün müəllifi filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğludur. Arif müəllim “Əzizdir keçdiyim bu əzablı yol mənə” adlıyazısında belə bir qənaəti söyləyir. “Şairi şəxsən və yaxından tanıyanlar poeziyasının heyrətamiz dərəcədə özünə bənzədiyini təsdiq edə bilərlər.Onun poeziyası da şəxsiyyəti kimi mədəni, abırlı və səliqəlidir, uşaqvari təmizliyini vəsadəlövhlüyünü, qədərini keçməyən çılğın romantikliyini qoruyub saxlayır, ən başlıcası isə təmənnasız və iddiasızdır”.

“Sözündən, gözündən tanınır şair” deyən 50 yaşlı şair dünyaya “unutma məni” deyir. Çünki özü unuda bilmir. Kitaba daxil etdiyi şeirlər həm quruluş, həm də məna etibarilə fərqlənir. Müxtəlif formalarda qələmə alınan bu rəngarəng şeirlərbəzən şirin bir nəğmə kimi səslənir .

 

Ürəyimdən keçənləri

Gözlərimdən oxuyursan.

..Bir az çiçək, bir az yağış,

Bir az alma qoxuyursan...

 

Və ya

 

Necə çıxdım bilmirəm,

Bu havalı yaza mən...

Sevdalıyıq birimiz

Ya sən, ya mən, yasəmən!

 

Gözəldi, deyilmi?

Gül içində gül var, başa dırmanar,

Mən xoşlayan – kol dibində itəndir...

Bu, əsl Çingiz müəllimin özüdü, öz ruhudu.

 

“Mən şeir qoşmuram bekarçılıqdan” söyləyən şair düşünür ki, hər kəs öz ağacına bənzəyir və o da:

 

Qərib qaraağacam mən də

Onların arasında...

 

– deyir. Sadə, adi ancaq möhkəm vücudlu dözümlü bir ağacdı qaraağac, hər əsən küləkdən sınmaz...

Məndə olan beşinci kitabı isə “Qapp-Poliqraf” nəşriyyatında 2003-cü ildə nəfis şəkildə çapdan çıxmış “Ruhumun həndəsəsi”dir. Kitaba müxtəlif səpkidə, həmçinin modern üslubda çox sayda şeir daxil edilib. Kitabın bir özəlliyi də şairinmüxtəlif ölkələrdə konqreslərdə, ədəbi müşavirələrdə, həmçinin səyahətdə olduğu zamanlarda bir anın yaddaşına çevrilən şəkilləri ilə bir az da oxucuya yaxın olmasıdır. Bu gün belə şəkilli kitablar dəbdə olsa da düşünürəm ki, Ç.Əlioğlunun bukitabı onlardan çox fərqlənir. Çünki şeirlərinin dili ilə desək, azad düşünən, nəğməylə qol-boyun gedən bir insandı və kiminsə şəklinin kölgəsinə sığınan, dediyi kimi, öz qalstukundan asılan adam deyil ki… Bu şəkillərdəki o xoş anlara baxdıqcadüşünürəm ki, yenə özü dediyi kimi ömründə nə bir kəsə tələ qurub, nə də tor hörməyən şairin xoşbəxt olmağa haqqı var. Və əgər səni sevirlərsə, düşünürlərsə, həmişə xeyirxah bir insan kimi xatırlayırlarsa, deməli xoşbəxtsən.

 

0 şərh