Bottiçelli tanrıçası – Venera!


Bottiçelli bu əsərini bir çox mənbədən ilham alaraq yaratmışdır. Bunlardan ən önəmlisi isə, öz dövrünün böyük şairi Ancelo Polizianonun “Veneranın doğuşu”ndan bəhs etdiyi şeiridir. Bu nəzm əsəri Afrodita üçün yazılmış bir antik yunan əfsanəsindən götürülmüşdür. Venera, Yunan məhəbbət və gözəllik ilahəsi Afroditanın latın və yaxud Roma mifologiyasındakı təzahürüdür.

Yunan mifologiyasında Afroditanın doğuş hekayəsi belədir: Xronos (Zevsin atası, “Zaman”a hökm edən tanrı) tanrılar dərgahında hakimiyyəti ələ keçirmək üçün atası Ouranosun cinsi orqanını kəsib Aralıq dənizinə atır. Dənizə düşən orqan, dənizdə köpüklər əmələ gətirir (“köpük” yunanca “afros” deməkdir) və bu köpüklərdən ilahə Afrodita doğulur. Afrodita bir inci sədəfinin içində, Kipr adası sahillərinə çıxır.

Bu əsərdə də Veneranın tam sahilə çıxmaq anı təsvir olunmuşdur. Sol tərəfdə Zefir və Xloris əstirdikləri qərb küləkləri ilə sədəfin sahilə çıxması üçün şərait yaradırlar. Digər tərəfdən isə küləklə birgə Veneranın simvolu olan çiçəklər ətrafa səpələnir. Yaxınlaşan sədəfin içində isə budur – Venera dayanıb! Təbii gözəlliyi, saflığı və zərafəti ilə ön planda! Bottiçellinin tanrıçası, dövrün ideal qadın gözəlliyi anlayışını özündə ehtiva bədən ölçüsü və üz xəttlərinə sahibdir. Bununla bahəm o həm də təvazökardır: öz üstünlük və məziyyətlərini gözə çarpdırmağa can atmayacaq qədər sadə və zərifdir! Veneranın bu cür duruşu klassik heykəl və anlayış forması olan “Venus Pudica – Modes Venus” olaraq tanınır. Bununla əlaqədar ki, Venera əlləri ilə sinəsini, saçları ilə cinsi orqanı zərif hərəkətlə örtür.

Sahilə yaxınlaşan Veneranı geydirmək üçün rəsmin sağ tərəfində qaçaraq gələn Horae görünür. Horae Latın (Roma) mifologiyasında fəsilləri, bəzən ayları və hətta saatları simvolizə edən ilahələrdir. Bu rəsmdə isə baharı təmsil edən tanrıçanı görə bilərik. Əynindəki libası və əlində tutduğu Venera üçün hazırladığı qiyafə bahar çiçəkləri ilə bəzədilmişdir.

Bottiçelli rəsm əsərində, təbii ki, tərzinə də sadiq qalmışdır, müəyyən nöqtələrdə sürreal duruş və formalar yaradaraq individuallığını qoruyub saxlamışdır. Veneranın standart insan ölçülərindən çox uzun olan ətrafları, çox aşağıda duran sol çiyni, Zefir və Xlorisin qəribə qucaqlaşma şəkli Bottiçelliyə məxsus rəsm meyarlarıdır.

Bottiçellinin, sözü gedən əsəri yaratmaqda başlıca məqsədi Paqanlığa aid simvolları tamaşaçıya nümayiş etdirmək və yaxud yunan mifologiyasına aid bu məşhur əfsanəni rəsmə köçürmək deyil – onun məqsədi Renessans dövründə xüsusən məşhurlaşan Paqan inancı ilə xristianlıq arasında bir sintez və uyum yaratmaqdır. Aydın dillə desək: Venera məhəbbət ilahəsidir və doğulması ilə dünyaya gözəllik və sülh gətirməkdədir, eyniylə xristianlığın gətirdiyi gözəlliklər kimi. Yəni Veneranı (eyni paraleldə xristianlığı) sevənlər və onun ardınca gedənlər müqəddəs bir işlə məşğuldurlar.

O dövr Florensiyada geniş yayılmış bu inanc Antik Yunan və Xristianlıq ideyalarını hansısa məqamda birləşdirir, onlar arasında vəhdət formalaşdırır. Veneranı mövzu kimi ön planda götürən Bottiçellinin bu əsərinin əsas qayəsi xristianlıq dininin bir növ mədhidir – rəsmin özəyində dayanan ilahi gücü təmsil edən qızılı rəng çaları (işıq) nəzərə çarpacaq dərəcədə aydın sezilir. Rəsmin ruhunu ələ keçirən bu işıq, sağ tərəfdəki portağal ağacı və bitkilərin yarpaqlarında, sədəfin üzəri və libasların səthində özünü biruzə verərək Uca Ruhdan xəbər verir.

Əsər, Renessans (İntibah) dövrü; Yüksək İntibah (XV əsrin axırı – XVI əsrin əvvəlləri) alt-kateqoriyasına aiddir. Florensiyada, Uffizi qalereyasında saxlanılır.
 

0 şərh