Gənclik yaşı

Gənclik insan həyatında uşaqlıq dövrünün başa çat­ması, insanın fiziki cəhətdən yetkinləşməsi psixoloji cəhət­dən özünəməxsus yüksək keyfiyyətlərin formalaşması dövrüdür.
İnsanın yaşlılıq həyatı məhz bu dövrdən başlanır.
Bu dövr özünüdərketmə, mənlik şüuru və dünya­gö­rüşünün formalaşması mərhələsi, məsul qərarların qəbulu mərhələsi, dostluğun, məhəbbətin, intim yaxınlığın yüksək qiymətləndirildiyi insani yaxınlıq mərhələsi kimi qiymət­ləndirilir.
Gənclik yaşı dövrünün başlanması və sonu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bunlardan daha çox qəbul edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar həmin dövrün iki mərhələni keçdiyini qeyd edirlər: ilkin gənclik (15-17 yaş) və yetkin gənclik (18-21 yaş). Bəzi mütəxəssislər yetgin gəncliyə 18-25 yaş dövrünü aid edirlər.
Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz. Gənc­lərin formalaşması həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial — psixo­loji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd etmək olar.
Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən əsaslı surətdə dəyişir və onun inkişafı əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz “mən”lə­rini, imkanlarını dərk edir, idrak fəaliyyətləri və dünyagörüşləri geniş əhatəli olur.
Psixoseksual baxımdan cinsi yetişmə əsasən tamamlanmış olur, psixoseksual davranış sosial normalara uyğunlaşır.
Sosial baxımdan gənclər ictimai münasibətlər qovuşuğunda həmin münasibətləri mənimsəməklə sosiallaşırlar. Nəticədə bu dövrdə gənclər ictimai münasibətlərin məcmuu kimi, sosial varlıq kimi ye­tişir, həyat hadisələrinə fəal mövqedən yanaşırlar.
Bütövlükdə, götürdükdə, gənclik dövründə şəx­siyyət biososial-psixoloji varlıq kimi formalaşır. Gənclərin davranışında təşəbbüskarlıq, prinsi­piallıq, məsuliyyətlilik yüksəlir. Onların intellek­tual fəaliyyətində, qabiliyyətlərinin inkişafında əsasən irəliləyiş, sosial-psixoloji varlıq kimi formalaşma baş verir.

İlk gənclik yaşında şəxsiyyətin inkişafı

İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı dövrü üçün ən yüksək səviyyəyə qalxır. Bu dövrdə həqiqi yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək səviyyədə formalaş­ması və ünsiyyət fəaliyyətinin sürətli inkişafı mühüm rol oynayır. Böyük məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduqları sinif kol­lektivinin, valideynlərin rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kollektivin ictimai rəyi xüsusi yer tutur. Böyük məktəblilər sinif və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə həssas yanaşır, öz fəaliyyətlərində onları nəzərə alırlar. Bu dövrdə valideynlərlə ünsiyyət də istəni­lən nəticəni verir. Ailə tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övlad­larını başa düşmələri, onlarla ünsiyyətdə avtokra­tiklikdən uzaqlaşmaları, demokratik mövqe tutma­ları lazımi nəticə verə bilir.
İlk gənclik dövründə yeniyetmələrin ünsiyyət­lərin­dəki emosionallıq aydın təzahür edir. Onlar ünsiyyətin gedişinə özlərinin münasibətlərini emo­sional cizgilərlə təzahür etdirirlər.
Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin in­kişafında yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər öz yoldaşlarında yüksək əqli və əxlaqi key­fiyyətlərin olmasını arzulayırlar. Bu dövrdə yol­daşlıq hissi ilə yanaşı dostluq hissi də inkişaf edir, mürəkkəbləşir və davamlılığı ilə fərqlənir. Bu dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə dostluq hissi yeni motivlərə malik olur. Dostlar bir-birinə yüksək tələblər verməyə başlayırlar. Psixoloqlar bu cür tələblərə aşağıda­kıları aid edirlər. Gənclərin fikrincə dost, birinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dostunun köməyinə çatmalıdır; ikincisi, dostluq onların həyat və fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü, onların dost­luğu ən çox emosional olmalıdır, dost öz dostunun sevinc və kədərini onunla bölüşdürməlidir.
İlk gənclik dövründə oğlanlarla qızlar ara­sındakı qarşılıqlı münasibətlərdə də əsaslı dəyi­şiklik baş verir. Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar arasındakı qarşılıqlı müna­sibətlər xeyli fəallaşır. Yoldaşlıq münasibətləri­nin sahəsi genişlənir. Xüsusilə qızlarda qarışıq dostluğa tələbat güclənir. İlk gənclik yaşının əv­vəllərindən başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə başlayır. Ona görə də cinslərarası qarşılıqlı münasibətlər tərbiyə işinin əsas prob­lemlərindən birinə çevrilir.

Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Mək­təblilər özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bütün bunlar həmin dövrdə özünüdərk­etmə meylinin daha sürətlə inkişaf etdiyini gös­tərir. Bu dövrdə gənclər özlərini, öz şəxsiyyətlə­rini yaxşı anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri dəyişir. Onlar bir növ öz mənlərini dərk edirlər. bu dövrdə məktəblilərdə özünüdərketmənin inkişafı ilə yanaşı mənlik şüurunun məzmunu da dəyişir, özləri haqqında təsəv­vürləri artır. Oğlan və qızlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavra­mağa başlayırlar. Zahiri görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə narahat edir. İlk gənclik dövründə gənclər özlərini qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri haqqın­da müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən fərqli olaraq böyük məktəblilərdə özünüqiymətlən­dirmə onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə özünüqiymətlən­dirmədə bir sıra uyğunsuzluqlar özünü göstərə bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik dövründə ən mühüm psixoloji hadisə özünüdərk­etmənin və öz «mən»inin, öz şəxsiyyətinin davamlı obra­zının yaranmasıdır. Bu dövrdə özünüdərketmənin, mənlik şüurunun inkişafı bir neçə istiqamətdə baş verir.
Birinci növbədə gənclərin öz daxili aləmləri açılır.  Gənc oğlan və qızlar öz emosiyalarını ətrafda baş verən hadisələrin doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti kimi qavramağa başlayırlar. Öz xüsusiyyətlərini, başqalarına oxşamamalarını hiss etmək baş verir, eyni zamanda təklik hissi özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və ya çox real fəaliyyət planlarını hazırlamağa başlayır və bunlardan birini seçməli olurlar. Gənclərin həmin həyati planları onların bütün özünütəyin sahələrini: mənəvi simalarını, həyat tərzlərini, iddia səviyyələrini, peşə və həyatda öz yerlərini seçmələrini əhatə edir. Öz məqsədlərini, həyati niyyətlərini, həyati planlar qurmalarını dərk etmələri onların özlərini dərk etmələrinin, mənlik şüurlarının mühüm elementini təşkil edir.
Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haq­qında tam təsəvvür formalaşır. İnsanın özünə müna­sibəti, birinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-psixoloji, əqli, iradi keyfiyyətlərini dərk etməsi əsasında yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli olur.
Müxtəlif fəaliyyət növlərində əldə edilmiş nəticələrin təhlili, onun haqqında başqa adamların fikirləri və özünümüşahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləşmiş münasibət yaranır.
İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.

Əxlaqi şüurun inkişafı. İlk gənclik döv­ründə mənlik şüuru ilə yanaşı əxlaqi şüurun inkişafında da əsaslı dəyişiklik baş verir. Bu dövr yeni əxlaq səviyyəsinə — konvensional əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu cəhəti onunla izah edirlər ki, uşaq öz inkişafı prosesində əvvəlcə əxlaqi davranışın “xarici” nor­malarına istinad edir. Böyüklərin onu cəzalandır­masından yaxa qurtarmaq, onlar tərəfindən rəğbət­ləndirilmək üçün özünü yaxşı aparır, hərəkətlə­rinin böyüklər tərəfindən necə qarşılanacağını əsas götürürlər. Lakin inkişafın sonrakı mərhələ­sində şagirdlərdə əxlaqi davranışın “xarici” norma və qaydaları daxili — əqli plana keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı aparmağa çalışırlar. Buradan isə aydın olur ki, bu dövrdə məktəblilər hələ də xarici, formal əlamətləri əxlaqi tələblərin mənbəi kimi qavrayırlar. Tədricən psixi inkişafın yüksəlməsi ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi prinsiplər təşəkkül tapmağa başlayır. Əxlaqi davaranış konkret şəraitin və ayrı-ayrı şəxslərin təsirindən azad olur. Oğlan və qızlar avtanom əxlaqa malik olur.
Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on illiklərindən fərqli psixologiyanın formalaşmasına səbəb olmuşdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik problemlərə münasibəti də dəyişmişdir. Bu sahədə gənclərin daha cəsarətli baxışları özünü göstərir.
Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayışlara münasibəti dəyişmişdir. Məsələn, «ədalətlilik» anlayışı artıq gənclər tərəfindən əvvəllər başa düşülən stereotip şəklində – «ədalətlilik odur ki, heç kimin arasında fərq qoyulmasın» şəklində qavranılmır. Müasir böyük məktəblilər ədalətliliyi «hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü işə və ya insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə» yanaşmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi anlayışlara münasibətləri də dəyişmişdir. Bu anlayışlar, bir tərəfdən yaş artdıqca böyük məktəblilər üçün öz əbədi romantikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real mövqeyə əsaslanır və adamların: valideyn­lərin, müəllimlərin, yoldaşların və dostların həqiqi hərəkətləri bundan asılı olaraq qiymətləndirilir. Bu prinsip daha aydın şəkildə böyük məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb yaşı və yeniyetməlik dövründə özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, gənclik dövründə məktəblilər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təva­zökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. Bununla belə onlar həmin anlayışların şərhi zamanı, eləcə də əxlaqi davranışı həyata keçirərkən bəzi qüsurlara yol verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən formalaşmış, yetgin və kifayət qədər davamlı əxlaqa yiyələnmiş adam kimi göstərirlər. Bu isə qabiliy­yətlər, motivlər və xarakter əlamətləri ilə yanaşı şəx­siyyətin dördüncü mühüm yenitörəməsi kimi özünü göstərir.

Böyük məktəblilərin təlim fəaliyyəti və idrak proseslərinin inkişafı

İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi xarakteristikası. İlk gənclik dövründə təlim fəaliyyəti bir sıra xüsusiyyətlərinə görə məktəb yaşının əvvəlki dövrlərindən fərqlənir. Bu dövrdə təlim fəaliyyəti həm məzmun, həm də formaca yeni xüsusiyyətlər kəsb edir. Təlim fəaliyyətinin məzmununa yeni anlayışlar sistemi daxil olur. On­lar özlərinin əhatəliyinə görə əvvəlkilərdən fərq­lənir. Mücərrəd anlayışların miqdarı artır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi tələb olunur. Təlimin formasında da dəyişiklik baş verir. Tədris prosesində müasir texniki vasitələr­dən istifadəyə geniş yer verilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək hazırlıq, nəzəri təfəkkürün inkişafını, yaradıcılıq qabi­liyyətlərinin təşəkkülünü tələb edir.
Böyük məktəblilər təlimin nə kimi həyati əhə­miyyət daşıdığını dərk edirlər. Ona görə də məktəb­lilərdə təlimə münasibət əsaslı şəkildə dəyişilir. Bu dövrdə məktəblilərdə müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə başlayır. Böyük mək­təblilərin təlim fəaliyyəti onların əqli inkişa­fına əsaslı təsir göstərir.
Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil olduqları spesifik sosial inkişaf şəraitinin təsiri altına düşürlər. Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti, yeni məzmunu ilə fərqlənir. Tədris fənnlərində nəzərdə tutulmuş biliklərə yiyələnmə zamanı şəxsi məna əhəmiyyəti daşıyan daxili idrak motivləri ilə yanaşı geniş sosial və dar şəxsi xarici motivlər də özünü göstərir. Bunların içərisində nailiyyət, müvəffəqiyyət motivləri xüsusi yer tutur. Təlim fəaliyyətinin özü böyük məktəblilərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi olduğu üçün, təlim motivləri də öz quruluşuna görə keyfiyyətcə dəyişir. Təlimi biliklərə yiyələnməyə yönəlmiş fəaliyyət kimi bir sıra motivlərlə səciyyələndirmək olar, şagirdlərin əksəriyyəti üçün əsas daxili motiv kimi nəticəyə nail olmağa yönəlişlik təşkil edir.
Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini, başqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təşkili, fərdi təcrübənin stimullaşdırılması, bunun hesabına yeni məlumatların genişləndirilməsi, əlavə olunması, daxil edilməsi təşkil edir. Məsələlərin həllinə müstəqil, yaradıcı şəkildə yanaşma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və onları tənqidi konstruktiv şəkildə anlamaq bacarığı da böyük məktəblilərin təlim fəaliyətinin məz­mununu təşkil edir. Bu yaş dövründə mühüm psixoloji yenitörəmə olan şagirdin həyati planları tərtib etmək, onları həyata keçirmək vasitələrini axtarmaq bacarığı böyük məktəblilərin təlim fəaliyyətinin məzmununun spesifikasını müəyyən edir. Bu özü həmin planların həyata keçirilməsi vasitəsinə çevrilir.
Əgər yeniyetməlik dövründə şagirdlər üçün müəllim və valideynlərin nüfuzu öz həmyaşıdlarının nüfuzu ilə bir növ tənzim olunursa, böyük məktəbli üçün ayrı-ayrı fənn müəllimlərinin nüfuzu məktəbin nüfuzundan fərqləndirilir. Böyük məktəblinin şəxsi özünütəyinində iştirak edən valideynlərinin nüfuzu artır.
Böyük məktəblilərin peşə və şəxsi özünütəyinlərinə hazırlığı özünün sərvət meylləri sistemlərinə aydın şəkildə ifadə olunan peşə istiqamətini və peşə maraqlarını, nəzəri təfəkkür formalarının inkişafını, elmi idrak metodlarına yiyələnməyi, özünütərbiyə bacarığını daxil edir. Şəxsiy­­yətin yetişməsi və formalaşmasının bu yekun mərhələsi  məktəblinin qiymət və bələdləşmə  fəaliyyətinin daha tam təzahür etdiyi vaxtda başa çatır. Bu yaş dövründə məktəblinin müstəqilliyə cəhd göstərməsi əsasında onda mənlik şüurunun tam strukturu formalaşır, şəxsi refleksiya inkişaf edir, həyati planlar və pespektivlər dərk olunur.

İdrak proseslərinin inkişafı. İlk gənclik dövründə idrak prosesləri inkişaf edərək yeni key­fiyyətlər kəsb edir. Bu dövrdə qavrayışın seçiciliyi və mənalılığında əsaslı dəyişiklik baş verir. Mək­təblilər daha çox əhəmiyyətli, təlimin məqsədləri ilə səslənən obyektləri və materialları seçir və qav­rayırlar. Nitqin və təfəkkürün inkişafı qavrayı­şın mənalılığını artırır. Onların qavrayışları daha çox məqsədyönəlmiş xarakter daşıyır. Məkan, zaman, hərəkət qavrayışı geniş və əhatəli olur.
Diqqət tam mənasında ixtiyari xarakterə malik olur. Böyük məktəblilər maraqlılıq dərəcəsindən asılı olmayaraq diqqətlərini onlar üçün zəruri olan obyektin üzərinə yönəldə və onun ətrafında mərkəzləşə bilirlər. Böyük məktəblilərdə diqqətin davamlılığı, mərkəzləşməsi əsaslı şəkildə yüksəlir. Bu ən çox böyük məktəblilərin hər gün məktəbdə, sinifdə, ictimai işlər zamanı yerinə yetirdikləri işlərin əhəmiyyətini dərk etmələri ilə bağlı olur. Böyük məktəblilər bəzən bütün dərs müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. Bununla yanaşı olaraq böyük məktəblilərdə diqqətin həcmi əsaslı şəkildə genişlənir. Bu, böyük məktəblilərin öyrən­diklərini əvvəllər öyrənmiş olduqları ilə əlaqələndirə bilmək bacarığı ilə şərtlənir. Böyük məktəblilər diqqətlərini paylamaqda və keçirməkdə çətinlik çəkmirlər.
İlk gənclik yaşında hafizənin inkişafı nəzərə çarpacaq dərəcədə yüksəlir. Mənalı, məntiqi yaddasaxlama üstünlük təşkil edir. Bu dövrdə məktəb­lilər yaddasaxlamanın səmərəli yollarından istifa­dəyə geniş yer verirlər.
İlk gənclik dövründə təfəkkürün inkişa­fında da əsaslı yüksəliş baş verir. Bu dövrdə mək­təblilərin təfəkkürü özü­nün müstəqilliyi, tənqidi­liyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter daşıması ilə fərqlənir. Təfəkkürün proseslərindən və formalarından yerində və düzgün istifadə etmək imkanları artır. Bütün bunlarla yanaşı bu dövrdə məktəblilərin ümu­miləşdirmələrində bəzən tələs­gənlik ucundan qü­sur­­lar özünü göstərə bilir.
Təlim prosesində böyük məktəblilərdə bərpa­edicitəxəyyüllə yanaşı yaradıcıtəxəyyülün inki­şafı üçün də geniş imkan yaranır. Bu hal ən çox şagirdlərin yaradıcı fəaliyyətdə özünü aydın göstərir.
Bütün qeyd edilənlərlə yanaşı ilk gənclik dövründə məktəblilərdə maraqtələbatlar, xüsu­silə mənəvi tələbatlar inkişaf edir. Onlar elmin, texnikanın, cəmiyyət və onun həyat tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaşı, onlarda ünsiy­yətə, incəsənətə, əxlaqi davranış normalarını həyata keçirməyə mənəvi tələbatlar formalaşır.

İlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri (15-17 yaş)

-ÖZÜNÜ DƏRK ETMƏNİN (mənlik şüurunun) – özü haqqında təsəvvürlərin, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərinin qiymətləndirilməsi
-Özünün öz ideallarına münasibətləri baş verir, özünütərbiyə imkanları meydana gəlir
-İRADİ TƏNZİM yüksəlir
-Diqqətin mərkəzləşməsi, hafizənin həcmi, təlim materialının məntiqiləşdirilməsi yüksəlir, mücərrəd-məntiqi təfəkkür formalaşır
-Mürəkkəb məsələlərdən müstəqil olaraq baş çıxarmaq bacarığı meydana gəlir
-Tam baxışlar, bilik, inam, özünün həyat fəlsəfəsi sistemi kimi DÜNYAGÖRÜŞÜ formalaşır
-Özünün şəxsi həyat, məhəbbət, siyasət nəzəriyyəsinin yaranması, mühakimələrinin maksimalizmi
-Özünün müstəqilliyi, orijinallığının təsdiqinə cəhd
-Böyüklərin məsləhətinə məhəl qoymamaq
-Tənqidbazlıq, inamsızlığın təzahüri
-Quru rasionalizm, praktisizm
-Özünüidarəyə, ətrafdakıları yenidən anlamağa cəhd göstərmək, psixoloji yetginliyin müəyyən dərəcəsinə yiyələnmək
-İdrak fəaliyyətinin əsas motivi kimi PEŞƏYƏ YİYƏLƏNMƏYƏ cəhd
-Həqiqi müstəqilliyin olmaması. Həmyaşıdlarının təsirinə meyllilik, həmyaşıdlarına münasibətdə yüksək təlqin və konformizm
-Cinsi yetişmənin başa çatması
-İlk MƏHƏBBƏT hissinin, dostluğun meydana gəlməsi
-Emosional sahədə əsaslı yenidənqurmanın baş verməsi
-Öz hərəkətlərini kifayət qədər dərk edə bilməməsi.

İlk gənclik dövrü dünyagörüşünün formalaş­ması üçün də həlledici dövrdür. Bu dövrdə təlim və tərbiyənin, məktəblilərin idrak imkanları və sahə­lərinin genişlənməsinin təsiri altında böyük mək­təblilərdə dünyagörüşü formalaşır.
İlk gənclik dövründə məktəblilər yeni aparıcı fəaliy­yət tipinə – tədris-peşə fəaliyyətinə keçirlər. Bu fəaliyyət tipinin düzgün təşkili şagirdlərin sonrakı əmək fəaliyyətinin subyektinə çevrilməsini, onların əməyi sevmələrini şərtləndirir.
İlk gənclik dövründə təlim-peşə fəaliyyəti əsas fəaliyyətə çevrilməklə bu dövrdə məktəblilərdə peşəyönümü və peşəseçməyə meyli də yüksəlir. Gənclər öz maraq və imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Lakin bəzən imkanlarını düzgün qiymətlən­dirə bilmədiklərinə görə bu sahədə düzgün olmayan istiqamət tuturlar. Ona görə də bu işdə müəllimin gənclərə istiqamət verməsi zəruridir.

 

0 şərh