Kemp-Devid danışıqları

Kemp-Devid danışıqları seriyası 1967-ci il Misir-İsrail müharibəsinin Qahirə üçün ağrılı nəticələrini aradan qaldırmaq yönündə səylərin davamı kimi ortaya çıxdı. Danışıqlar əvvəlcə Misirlə İsrail arasında gedirdi. Misir prezidenti Ənvər Sədatın İsrailə getməsindən sonra onun uğuruna ümidlər xeyli artdı, amma vasitəçilərin olmaması danışıqların gələcəyini böyük sual altına alırdı. Belə bir vəziyyətdə ABŞ prezidenti Cimmi Karter danışıqları "ölü nöqtə«dən qaldırmaq üçün Ənvər Sədatı və İsrail baş naziri Menehem Beqini Merilenddəki iqamətgahına — Kemp-Devidə dəvət etdi.

Kemp-Devid razılaşmalarının bazasını təşkil edən birinci sənəd 1978-ci il sentyabrın 17-də imzalandı. Bu, ərəb və yəhudi dövlətləri arasında imzalanmış ilk çərçivə razılaşması idi. Sənəd İsrail qoşunlarının 3 il ərzində 1967-ci il sərhədlərinə çəkilməsini, ərəb qaçqınlarının öz torpaqlarına qaytarılmasını nəzərdə tuturdu. Misir ABŞ-dan alacağı hərbi-texniki yardım müqabilində İsrailin müstəqilliyini tanımağı vəd edirdi. Bununla İsrailin müsəlman dövlətlərinin birgə blokadasından çıxması yönündə ilk addım atıldı. Misiri Kemp-Devid sülhünü imzalamağa vadar edən ciddi səbəblər vardı.
1967-ci ildə SSRİ-nin fəal yardımı ilə İsraillə müharibəyə (»6 günlük müharibə") başlayan Misir tezliklə məğlub olmuş və Sinay yarımadasını itirmişdi. Kemp-Devid razılaşması ilə İsrail dövlətini tanıyan Misir yarımadanı geri qaytarmağa müvəffəq oldu. Beləcə, Fələstin məsələsi ümumərəb problemindən Fələstin-İsrail münaqişəsi müstəvisinə keçməyə başladı. Təbii ki, belə iri sövdələşmələrin baş tutması ölkə daxilində birmənalı qarşılanmır. Təkcə Misirdə deyil, müsəlman dövlətlərinin əksəriyyətində Ənvər Sədatın atdığı addım xəyanətkarlıq kimi xarakterizə olunurdu. İsraildə isə narazı radikallar uzun və üzücü zəhmət bahasına başa gəlmiş Kemp-Devid razılaşmalarının nəticəsini bircə cümlə ilə ifadə edirdilər: "Ənvər Sədat bütöv Sinayı, Menahem Beqin isə bir parça kağız aldı". Çərçivə razılaşmasından dərhal sonra ərəb ölkələri Sədatın planlarının qarşısını almaq üçün Misiri Ərəb Dövlətləri Liqasından xaric etdilər. Bu sanksiya 5 il davam etdi. Amma bunlara baxmayaraq, 1979-cu ilin martında Sədatla Beqin yekun razılaşmaya imza atdılar. Bir qədər sonra dünya ictimaiyyəti Sədatla Beqini Nobel sülh mükafatına layiq gördü. Razılaşmaya vasitəçilik etmiş Karter isə Nobel sülh mükafatını yalnız 23 il sonra — 2002-ci ildə aldı.

1981-ci il oktyabrın 6-da prezident Sədat Qahirədə keçirilən hərbi parad zamanı öldürüldü. Qətlin bilavasitə icraçısı, ordu zabiti Xalid İslambulinin adı İran paytaxtı Tehranda mərkəzi küçələrdən birinə verildi. Yeri gəlmişkən, həmin küçənin adının yenidən dəyişdirilməsi haqqında qərar yalnız bu yaxınlarda — 24 illik fasilədən sonra İranla Misir arasında diplomatik münasibətlərin bərpa edilməsi ilə mümkün olub. Küçə bundan sonra "İntifada" adlanacaq.
Şəksiz, Sədat Kemp-Devid razılaşmasının qurbanı oldu. Onun qətlinin mümkün təşkilatçıları ilə bağlı mülahizələr haçalansa da, bütün hallarda əsas motiv kimi Kemp-Devid razılaşması göstərilir. Bəzi mülahizələrə, o cümlədən rəsmi versiyaya görə, Sədatın qatili Xalid İslambuli Misirin "İslam cihadı" təşkilatının üzvü idi. Beləliklə, Sədat radikal islamçıların hədəfi olub. Başqa bir versiyaya görə, Sədat artıq öz missiyasını yerinə yetirmiş və ərəb dövlətlərini parçalamaq yönündə əsas işi görmüşdü. Buna görə də Kemp-Devid razılaşmasının memarlarından olan bu ərəb lideri həmin razılaşmanın növbəti uğuru yolunda bir maneəyə çevrilmişdi. ABŞ üçün daha sərfəli tərəf-müqabil lazım idi.

Tarixçilərin başqa bir qismi belə hesab edir ki, Sədatın qətlində maraqlı olan əsas dövlət SSRİ idi. Sədat hələ 70-ci illərdə sovet hərbi təlimatçılarını ölkədən qovmuşdu. Vaxtilə sovet ideologiyasının Yaxın Şərqdəki ən böyük dayaqlarından biri olmuş Misirin xarici siyasətində Qərblə, xüsusilə ABŞ-la hərbi-texniki əməkdaşlığa meyllənmə baş qaldırmışdı. Xarici siyasi kursdakı bu aşkar təbəddülat çox mənada 1967-ci il müharibəsindən çıxarılan acı nəticələrdən irəli gəlirdi. Misir bu müharibədə sovet texnikası ilə silahlanmışdı və buna güvənərək İsrail üzərinə hücuma keçmişdi. Müharibənin əvvəlində Misirin 450 təyyarəsi, 1200 artilleriya qurğusu, 243 min əsgəri, ABŞ-dan aldığı hərbi arsenala güvənən İsrailin isə 300 təyyarəsi, 800 topu, 283 min əsgəri vardı. Amma müharibənin ilk saatlarında Misirin 416 təyyarəsi məhv edildi. Özü də onların böyük bir hissəsi — 393-ü elə yerdəcə vuruldu. Sovet istehsallı tanklar döyüş meydanlarında tezliklə adi dəmir parçasına çevrilirdi. Bir neçə saat davam edən əsas əməliyyatlar sovet hərb sisteminin nə dərəcədə geri qaldığını göstərdi...

Sədatın öldürülməsinə baxmayaraq, Misirin yeni rəhbərliyi Qahirənin Kemp-Deviddə götürdüyü öhdəliklərin arxasından qaçmadı. 1987-ci il dekabrın 4-də Fələstinin Qəzzə bölgəsində intifada («intifazə» ərəbcə «qiyam» deməkdir) başladı. Əhalinin İsrail hakimiyyət dairələrinə qarşı çıxışları, İsrail əsgərlərinə və dinc yəhudilərə qarşı hücumlar, İsrail tərəfinin reydləri nəticəsində onlarla adam həlak oldu, yüzlərlə insan yaralandı. Fələstinin sənaye infrastrukturuna güclü zərbələr dəydi. Bu vəziyyət Fələstinlə İsrail arasında növbəti sülh danışıqlarının gerçəkləşdiyi 1993-cü ilədək davam etdi.
Fələstin-İsrail danışıqlarında vasitəçiyə çevrilən Misir prezidenti Hüsnü Mübarəkin fəal səyləri nəticəsində 1993-cü ildə Vaşinqtonda İsrail və Fələstin liderləri İshaq Rabinlə Yasir Ərəfat bir-birinin əlini sıxıb məşhur Oslo razılaşmasını imzaladılar. Oslo razılaşması Kemp-Devid sülhünün əsas prinsiplərini inkişaf etdirərək Fələstinin müstəqil dövlət halına gətirilməsi zəruriliyini təsdiqlədi. Amma Oslo razılaşması münaqişənin həllinə ümidləri artırsa da, real sülh sənədinə çevrilmədi.

Oxşar məqalələr

 

0 şərh