Bolqarıstan ikinci Dünya müharibəsi illərində

İkinci Dünya müharibəsi başladıqda Q.Koseiva-novun hökuməti Bolqarıstanın bitərəfliyini elan etsə də, ölkə böyük güclərin cazibə mərkəzində dayanmışdır. Yaranmış beynəlxalq vəziyyətlə əlaqədar olaraq SSRİ Bolqarıstanı öz siyasəti dairəsinə çəkməyə çalışırdı. 1934-cü ildə bolqar-sovet diplomatik münasibətlərinin bərpasından 1939-cu ilin ortalarına qədər Xalq Xarici İşlər Komissarlığı Bolqarıstana Bal-kanlardakı “müşahidə məntəqəsi” kimi baxırdı və həm də SSRİ öz sərhədlərinin təhlükəsizliyini təmin edən sistem yaratmağa səy göstərirdi. Bolqarıstanda Sovet təbliğatını genişləndirmək üçün əlverişli zəmin yaranmışdı. Sovet qəzetləri, kitabları, kinofilmləri ölkədə böyük maraq doğururdu. Bolqarıstan ictimaiyyətinin böyük bir hissəsi SSRİ-də baş verən hadisələri ideallaşdırırdı və hər hansı bir neqativ informasiyanı yalan kimi qəbul edirdi. Bununla yanaşı, Bolqarıstanda mövqeləri kifayət qədər möhkəm olan Berlin Moskvaya güzəştə getmək istəmirdi. Umumbalkan müdafiə bloku yaratmaq niyyətində olan İngiltərə və Fransa isə SSRİ və Almaniyaya qarşı mövqey tutmuşdur.

Birinci Dünya müharibəsində olduğu kimi xarici siyasətdə müxtəlif istiqamətlər Bolqarıstanın daxili siyasi qüvvələrini parçalayan əsas amilə çevrilmişdir. 1939-cu ilin dekabrı -

1940-cı ilin yanvarında Xalq Məclisinə seçkilər keçirildi. Seçkilərdə müharibədə bitərəflik, həm Almaniya, həm də SSRİ ilə münasibətlərin inkişaf etdirilməsi və milli ərazi problemlərinin sülh yolu ilə həll olunmasının tərəfdarları olan hökumət qələbə çaldı, parlamentdə 160 yerdən 140-nı aldı. 1940-cı ilin fevralında Q.Koseivanovun istefasından sonra B.Filov başda olmaqla yeni hökumət təşkil edildi. Lakin hakim dairələrdə yekdil fikir yox idi. Çar Boris isə onları məzəmmətləyərək qeyd edir ki, “mənim generallarım almanofıl, diplomatlarım anqlofıl, çariça italyanofil, xalq isə rusofıl əhval-ruhiyyədədir. Təkcə mən bolqa-rofıləm”.

Bəhs etdiyimiz dövrdə Bolqarıstanın xarici siyasətinin qarşısında Dobruca və Frakiya məsələsinin Bolqarıstanın xeyrinə həll edilməsi dururdu. Frakiyanın Bolqarıstana birləşdirilməsi onun Egey dənizinə çıxışını təmin etmək baxımından vacib sayılırdı. Makedoniya məsələsi öz əhəmiyyətini itirməsə də şəraitdən asılı olaraq hələlik bu arxa plana keçdi. Yaranmış əlverişli vəziyyət, xüsusuilə SSRİ-nin Bessarabiyanı və Şimali Bukovinanı tutması Cənubi Dobrucanın Bolqarıstana qaytarılması üçün Rumıniyaya qarşı iddianın təkidilə irəli sürülməsinə şərait yaratmış oldu. İki ölkə arasında 1940-cı il avqustun 19-da başlanan danışıqlar 1940-cı il sentyabrın 7-də Krayov müqaviləsinin imzalanması ilə nəticələndi, 400 min nəfər əhalisi olan Cənubi Dobruca ərazisi Bolqarıstana keçdi.

Krayov müqaviləsi ilə əlaqədar yaranan ruh yüksəkliyi tezliklə narahatlıqla əvəz olundu. Yaranmış şərait Bolqarıstana manevr etmək imkanı vermirdi. 1940-cı ilin oktyabrında Almaniya ona sentyabrda yaranan Üçlər paktına daxil olmağı təklif etdi. İtaliya isə Bolqarıstanı Yunanıstana qarşı birgə əməliyyatlara sövq etdi. Böyük Britaniya Bolqarıstanı alman qoşunlarını ərazisinə buraxacağı təqdirdə onun ərazisini hərbi meydana çevirəcəyi ilə hədələdi. Çar Boris Almaniyanı, İtaliyanı, Böyük Britaniyanı Bolqarıstanın loyallığına inandırmaq üçün bütün qüvvə və bacarığını işə saldı. Bunun ardınca Sovet İttifaqı 1940-cı ilin noyabrında Bolqarıstana qarşılıqlı yardım haqqında pakt bağlamağı təklif etdi.

SSRİ-nin təklifi haqqında məlumatı bolqar ictimaiyyəti Bolqarıstan Fəhlə Partiyasının sənədləri vasitəsilə xəbər tutdu. BFP 1938-1939-cu illərdə BKP (tesnyaklar) və FP-nın birləşməsindən yaranıb. Partiya bu məlumatı o dövrdə Komintemin baş katibi vəzifəsində çalışan G.Dmitrovdan almışdı. Bu məlumatı fəaliyyətə başlamaq kimi qəbul edən BFP 1940-cı il noyabrın 25-də SSRİ-nin təklifinin müdafiəsi üçün geniş kampaniyaya başladı. SSRİ XXİK V.M.Molotov bu təklifi açıqlamaqla “kobud səhv” buraxdığını G.Dmitrovun nəzərinə çatdırdı, o da, öz növbəsində, bu təklifin gizli saxlanılmasını BFP-yə anlatsa da artıq gec idi. Bolqarıstanda SSRİ-nin təklifini bolqar hökumətinə ötürmüş bir diplomatın adı ilə “Sobolyev aksiyası” başladı. Bu aksiya bir müddət Bolqarıstana Almaniyanın təzyiqlərinə davam gətirməyə imkan verdi. İtaliyanın Yunanıstanda hərbi əməliyyatları genişləndirmək cəhdinin uğursuzluğu Almaniyanın müttəfiqinə kömək etmək haqqında qərar verməsinə səbəb oldu. Bolqarıstan Rumıniyadkı alman qoşunlarını Yunanıstana göndərmək üçün “tranzit məntəqə” rolunu oynamalı idi. 1940-cı ilin dekabrından Bolqarıstanda turist və biznesmen adı altında alman zabitləri göründü. 1941-ci il martın 1-də Bolqarıstan Üçlər paktına qoşuldu, martın 2-də artıq Yunanıstana göndərilən alman qoşunları onun ərazisinə daxil oldu.

1941- ci il aprelin ortalarında bolqar qoşunları Serbiyanın cənub-şərq rayonlarını, Makedoniyanın Vardar ərazisinin böyük bir hissəsini və Qərbi Frakiyanı işğal etdi. Ölkənin ictimaiyyəti bu hadisələri böyük ruh yüksəkliyi ilə qarşıladı, rəsmi təbliğat çar Borisi “birləşdirici” adlandırdı. Bolqarıstanın işğalçılıq siyasəti sayəsində müvəqqəti olaraq bolqar inzibati idarəçiliyi tabeçiliyinə keçən ərazilər 1941-ci ildə 39765 kv. km, 1942-ci ildə 42666 kv. km təşkil edirdi.

Lakin tezliklə Almaniyanın SSRİ-yə hücumundan sonra baş nazir B.Filovun qeyd etdiyi kimi ölkədəki yüksək əhval-ruhiyyə ruh düşgünlüyü ilə əvəz olundu. BFP MK Siyasi Bürosu silahlı mübarizə haqqında qərar qəbul edərək, bolqarları “öz ərazisindən və silahlı qüvvələrindən almanların işğalçılıq planlarını həyata keçirməyə imkan verməməyə” çağırdı. Buna cavab olaraq, 1941-ci ildə hökumət Xalq Məclisinə seçilmiş BFP deputatlarını mandatdan məhrum etdi, 200 nəfərə kimi partiya fəalları həbs düşərgələrinə göndərildi. 1942-ci ildə ələ keçirilmiş BFP MK-nın işçiləri ölüm cəzasına məhkum edildilər. Bununla yanaşı, hökumət SSRİ-yə qarşı müharibəyə girməkdən açıq şəkildə imtina etdi. 1941-ci ilin dekabrından Bolqarıstan ABŞ və Böyük Britaniya ilə müharibə vəziyyətində olmasına baxmayaraq SSRİ ilə diplomatik münasibətləri saxlayırdı. Bolqarıstanın Şərq cəbhəsində Almaniyaya köməyi yalnız qış kampaniyasında tibb heyətindən təşkil edilmiş bir sanitar qatarı ilə məhdudlaşdı.

SSRİ-yə qarşı müharibəyə girməsə də Bolqarıstanın rəsmi dairələri Almaniya qarşısında bəzi antisemit addımları atdı. 1943-cü ilin fevralında 20 yəhudilərin Polşaya deportasiyası haqqında bolqar-alman sazişi imzalandı. Bolqarıstan bu planı işğal etdiyi “yeni torpaqlarda” həyata keçirdi. Makedoniya və Frakiyanın 11,5 min yəhudi əhalisi Polşaya qovuldu. Yəhudilərin Bolqarıstandan deportasiya edilməsi parlamentin deputatları daxil olmaqla ictimaiyyətin geniş dairələrinin ciddi müqavimətinə səbəb oldu. Yaranmış hərbi və siyasi vəziyyətlə əlaqədar olaraq hakimiyyət orqanları yəhudilərin Bolqarıstandan deportasiya edilməsinə etiraz etdi, yəhudiləri yalnız böyük şəhərlərdən köçürmək haqqında qərar qəbul olundu.

1942- ci ilin oktyabrın 23-dən noyabrın 4-nə kimi Əl-Ələmeyn, 1942-ci ilin noyabrın 19-dan 1943-cü il fevralın 2-nə kimi olan Stalinqrad hərbi əməliyyatlarında alman ordusunun ağır məğlubiyyətə uğraması çar Borisi ingilis-amerikan dairələri ilə əlaqə yaratmağa sövq etdi. Bolqarıstanın müharibədən çıxarmasının qarşısını almaq məqsədilə A.Hitler çar Borislə

1943-cü ilin avqustunda görüşdü, çar Boris Sofiyaya geri dönərkən avqustun 28-də vəfat etdi. Çar Borisin ölümü bolqar ictimaiyyəti üçün ağır bir itki oldu və onların gələcəyə inamı sarsıldı. Bolqarıstanda rəhbərlik azyaşlı çar Simonun yanında yaradılmış qəyyum şurasına və D.Bojilovun başçılıq etdiyi yeni hökumətə keçdi. İngilis-amerikan aviasiyası Sofiya və başqa şəhərləri bombalamağa başladı. Beləliklə, Bolqarıstanın ABŞ və İngiltərə ilə “simvolik” müharibəsi 1943-cü ilin axırında real xarakter aldı.

Ölkədə partizan hərəkatı fəallaşdı, 1943-cü ilin ortalarında onların sayı 700, 1943-cü ilin sentyabrında isə bir neçə min nəfərə çatırdı. BFP-nin qərarına əsasən terror aktları ilə məşğul olan dəstələr üsyançı Milli Azadlıq Ordusunda birləşdilər. 1943-cü ilin avqustunda BFP, N.Petkov başda olmaqla BƏXİ, Q.Çeşməciyevin rəhbərliyi ilə BFSDP və “Zveno” Vətən Cəbhəsinin Milli Komitəsini yaratdılar.

Hakim dairələr öz qüvvələrini partizan hərəkatının yatırılmasına yönəltdilər. Hökumət 1943-cü ilin oktyabrında partizanların yerindəcə güllələnməsi haqqında sərəncam verdi. 1944-cü ildə Xalq Məclisi partizanlarla mübarizə üçün xüsusi qrup-jandarmeriya yaradılması haqqında qanun qəbul etdi. 1944-cü il iyunun 1-də İ.Baqryanov nazirlər kabinetinin yeni başçısı oldu. Hökumətin tərkibinə ölkənin xarici siyasət kursunda dəyişiklik tələb edən və onun əksinə çıxan qüvvələrin nümayəndələri daxil oldu. Bu, İ.Baqryanovun kabinetini o dövrdə vacib olan çeviklikdən məhrum etdi. Yalnız sovet qoşunları Bolqarıstan sərhəddinə yaxınlaşanda hökumət alman rəhbərliyindən qoşunlarını onun ərazisindən çıxarmağı tələb etdi və Baş qərargah isə öz qoşunlarının Yuqosloviya ərazisindən çıxarılması haqqında qərar qəbul etdi. Amma İkinci Dünya müharibəsində Almaniyanın müttəfiqi olan Bolqarıstanın atdığı bu addım SSRİ-ni razı sala bilməzdi.

Ölkəni milli fəlakətdən xilas etmək məqsədilə Naiblər şurası BƏXİ — “Vrabça-1” liderlərindən biri K.Muraviyevə geniş koalisiya əsasında hökumət — “milli birlik hökuməti” təşkil etməyi tapşırdı. Milli Cəbhə burada iştirak etmədiyindən hökumət 1944-cü il sentyabrın 2-də yalnız üç partiya — BƏXİ — “Vrabça-1”, Demokratik partiya və Xalq Tərəqqipərvər partiyasının nümayəndələrindən təşkil edildi. Hökumət siyasi partiyaların fəaliyyətini qadağan edən qanunları ləğv etdi, jandarmeriyanı buraxdı, siyasi məhbuslara amnistiya elan etdi, anti-semit qanunları ləğv etdi. Xarici siyasət sahəsində K.Muraviyevin kabineti Qahirədə olan ingilis-amerikan komandanlığı ilə danışıqlar apararaq Bolqarıstanın qəti bitərəf qalacağı öhdəliyini götürdü. Buna baxmayaraq, Bolqarıstanı Almaniyaya qarşı müharibəyə başlamasını təkid edən SSRİ 1944-cü il sentyabrın 5-də Bolqarıstana müharibə elan etdi.

Yaranmış şəraitdə BKP MK-sı 1944-cü il avqustun 26-da əhaliyə müraciət edərək Vətən Cəbhəsi komitələrini yaratmağa çağırdı. Ölkədəki özbaşınalıq şəraitində yerli idarə komitələri hakimiyyəti yerlərdə əllərinə almağa başladılar. Sovet qoşunları sentyabrın 8-də Bolqarıtsana daxil oldular. 1944-cü il sentyabrın 8-dən 9-na keçən gecə Vətən Cəbhəsi hakimiyyəti ələ aldı. K.Muraviyev kabinetinin üzvləri həbs olundu. Yeni yaranmış Vətən Cəbhəsi hökumətinə Zveno Xalq İttifaqının rəhbəri K.Georqiyev başçılıq etdi. 1944-cü ilin ortalarında Naiblər şurası da dəyişdirildi. Atılan addımlar böhrandan çıxmaq və ölkəni fəlakətdən qurtarmağa yönəldiyindən Vətən Cəbhəsi Milli komitəsinin fəaliyyəti heç bir müqavimətə rast gəlmədi.

1944-cü il oktyabrın 28-də Moskvada SSRİ, Böyük Britaniya və ABŞ nümayəndələri Bolqarıstanla barışıq sazişi imzaladılar. Bundan sonra bolqar ordusu sovet qoşunları ilə birlikdə Yuqoslaviya, Macarıstan, Avstriyanın işğalçılardan azad edilməsində iştirak etdi və alman blokuna qarşı müharibədə 33 min bolqar əsgəri həyatını itirdi.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

 

0 şərh