Norman nəzəriyyəsi

IX-XII əsrlərdə Qərbi Avropanın böyük çay hövzələrinin sahilləri vikinqlər tərəfindən dağıdıcı hücumlara uğramışdır. Avropa mədəniyyəti dairəsinə daxil olan vikinqlər 911-ci ildə Şimali Fransada, 1030-cu ildə Cənubi İtaliyada ilk Norman dövlətlərini qurdu. Əsas məşğuliyyətləri ticarət və qənimət əldə etmək üçün soyğunçuluq olan norman tayfaları Şərqi Avropaya, əsas ticarət yolları olan Volqa və Dneprə üz tutdular ki, burada da onlar şərqi slavyanlarla qarşılaşdı.
«Ötən illərin dastanı» qədim rus salnaməsinin xəbər verdiyi kimi, 862-ci ildə beş, o cümlədən iki slavyan (ilmen slovenləri və kriviçlər) və üç fin-uqor (çud, ves, merya) tayfa ittifaqının dəvəti ilə Cənubi Baltikyanı ərazilərdən varyaq-rus knyazlıq sülaləsinin əsasını qoyan üç qardaş — Ryurik, Sineus və Truvor öz drujinası ilə gəlmişdir. Ryurik Ladoqada, sonra Novqorodda, Sineus Beloozeroda, Truvor İzborskdə knyazlıq etmişdir. Sineus və Truvor öldükdən sonra Ryurik təkbaşına knyazlıq etmişdir. Qeyd etmək lazımdır ki, salnamədə şərh edilən hadisə və faktlarda çoxsaylı qarışıq və ziddiyyətli fikir, qiymət və əfsanəyə rast gəlirik.
Salnamədə belə rəvayət edilir ki, Ryurikin iki voyevodası Askold və Dir knyazdan öz drujinaları ilə Trasqrada (Konstantinopol) yürüşə çıxmaq məqsədilə razılıq alır. Dnepr boyu hərəkət edən Askold və Dir Kiyevdə dayanaraq knyazlıq etməyə başlayır. 879-cu ildə Ryurik öldükdən sonra Novqorodda onun əqrəbası Oleq knyazlıq edir. 882-ci ildə Oleq salnamənin Ryurikin oğlu elan etdiyi İqoru yanına alaraq cənub şəhərləri olan Smolensk, Lyubeçi fəth etdikdən sonra Kiyevi ələ keçirərək Askold və Diri öldürür. Beləliklə, Oleq şimal-qərbi və cənub slavyan torpaqlarını öz hakimiyyəti altında birləşdirərək ərazini vahid Rus torpaqlığı, Kiyevi isə dövlətin paytaxtı elan etmişdir. Məhz salnamədə fərz edilən slavyanlar arasında knyazlıq edən ruslardan slavyan torpaqları Rusiya torpaqları və yaxud Rus adlanmışdır. Sonradan, artıq elmi ədəbiyyatda IX əsrin sonlarından şərqi slavyan torpaqlarında meydana çıxan dövlət Kiyev Rusu və yaxud Qədim Rus kimi tanınmışdır.
Tarix elmində bu gün də rus və varyaqların kim olması müzakirəsi davam edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, qədim tarixi mənbələr rus və varyaqların haqqında ziddiyyətli məlumatlar vermişdir.
Məsələn, «Ötən illərin dastanı»nda varyaqların mənşəyi ilə bağlı üç müxtəlif rəvayət irəli sürülmüşdür. Birinci rəvayətə əsasən, varyaqlar Yutlandiyadan Volqa Bulqarıstanına kimi olan Volqa-Baltik yolunda əmələ gələn dövlət-ərazi təsisatının başçıları idi. İkinci rəvayətə əsasən, varyaqlar almanlardan fərqli olaraq ayrıca etnos olmuşdur. Üçüncü, sonrakı rəvayətə əsasən, varyaqlar Baltikyanı regionun qərb torpaqlarının müxtəlif etnoslarını, o cümlədən skan-dinavları əhatə edən xalq idi.

«Rus» termininin mənşəyi ilə bağlı ziddiyyətli rəvayətlərdən yuxarıda bəhs edildiyi üçün onu təkrar etməyə ehtiyac yoxdur.

XVII əsrin əvvəllərində isveç alimi P.Petrey yeni bir iddia ilə çıxış edərək rus və varyaqların isveçli olduqlarını qeyd etmişdir. XVIII əsrdə Peterburq Elmlər Akademiyasında xidmət edən alman tarixçi alimləri Q.Z.Bayer, Q.F.Miller və A.L.Şletser belə bir fikir səsləndirmişdir ki, rus və varyaqlar norman (yəni, alman-skandinav) tayfası olub, slavyan xalqına dövlətçilik gətirmişdir. Beləliklə, rusların mənşəyi ilə bağlı norman nəzəriyyəsi (normanizm) meydana çıxmışdır.
1749-cu il sentyabr 6-da Peterburq Elmlər Akademiyasının yığıncağında akademik Qerxard Miller «Rus xalqı adının mənşəyi» haqqında latın dilində söylədiyi məruzə auditoriyadakıların milli hissiyyatına toxunmuşdur. Birinci olaraq astronom Nikita Popov müəllifi dayandıraraq, məruzənin elm üçün biabırçılıq olduğunu söyləmişdir.
Məruzənin mahiyyəti ondan ibarət idi ki, qədim rus salnaməsini oxuyan alman alimi belə bir nəticəyə gəlmişdir ki, Kiyev Rus dövlətinin əsasını salnaməçi Nestorun «varyaqlar» adlandırdığı normanlar qoymuşdur.
Akademiyanın iclasında baş vermiş hadisəni araşdırmaq məqsədilə görkəmli rus fiziki, kimyaçı, mineroloq, astronom, tarixçi və şair Mixail Vasilyeviç Lomonosovun (1711-1765) baş rol oynadığı komissiya təşkil olundu. M.V.Lo-monosovun rəyinə əsasən, tarixçi alman aliminin «Rus xalqı adının mənşəyi» haqqındakı işi ziyankar və təhlükəli təbliğatdır. M.V.Lomonosovun yazdığı «Rus xalqından başlayaraq Böyük Knyaz Birinci Yaroslav və 1054-cü ilə kimi Qədim Rus Tarixi» əsərində rus xalqının və onun dövlət quruluşunun qədimliyi və avtoxton olması nəzəriyyəsini müdafiə etmişdir. M.V.Lomonosova görə, varyaq-ruslar şərqi slavyanların yaşadığı ərazilərə cənub Baltikyanı sahillərdən gəlmişlər və özləri də artıq bu zaman slavyanlar olaraq slavyan dilində danışırdılar. Bu iddianın tərəfdarları isə tarix elmində antinormanizm nəzəriyyəsinin əsasını qoydu. O vaxtdan başlayaraq vətən və xarici tarixi ədəbiyyatda rus xalqının və dövlətinin mənşəyi məsələsi yeni faktlar və fikirlər işığında daim müzakirə obyekti olmuşdur. Qeyd etmək vacibdir ki, tarix elmi məsələ ilə bağlı axtarışlarını davam etməkdədir.
 
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı,  «Təhsil», 2021
 

0 şərh