I Pyotrun islahatları

Baltik və Azov dənizlərinin sahillərinə çıxan Rusiyanın hərbi və ticarət do-anmasına, hərbi-dəniz qalaları və limanlarına tələbatı artdı. Bitmək bilməyən müharibələrlə əlaqədar olaraq orduya top, mərmi, tüfəng, qılınc, hərbi sursat və geyim lazım idi. Bütün bu vəzifələri həll etmək məqsədilə sənaye sahəsində islahatlara başlamaq tələb edilirdi. Odur ki, Pyotr özünəməxsus ciddiyətlə köhnə ənənələrlə əlaqəni kəsərək yeni Rusiya sənayesini yaratmağa başladı. Burada dövlətin və bilavasitə hökmdarın roluna geniş yer ayrılmışdır.

Belə ki, Qərbdə olduğu kimi, burjuaziya münasibətlərinin inkişafı nəticəsində sənayenin yaranması manufakturaların meydana gəlməsinə, bu isə öz növbəsində insanların tələbatını ödəməli olan yüngül və qida sənayesinin formalaşmasına şərait yaratdığı halda Pyotr insanların mənafeyini deyil, dövlətin, ordunun, donanmanın tələbini nəzərə alaraq birbaşa ağır sənayenin, metal, dağmədən, gəmiquraşdırmanın yaradılmasından başladı. Dövlətin vəsaiti hesabına XVIII əsrin əvvəllərində Kareliya, Belozero və Lipetsk qəzalarında yeni filiz emalı zavodları meydana gəldi. Uralda Nevyansk, Kamensk, Uktussk, Alapayev zavodları tikildi. Sibirin uzaq Nerçinsk mədənlərində gümüş emalı zavodu salındı. 1723-cü ildə Pyotrun ikinci arvadı Yekaterina Alekseyevnanın şərəfinə Yekaterinburq metallurgiya sənaye mərkəzinin əsası qoyuldu.

Sənaye islahatının mühüm istiqamətlərindən biri nəhəng gəmiquraşdırma tərsanələrinin tikintisidir. Belə tərsanələr Peterburqda, Arxangelskdə, Moskvada, Voronejdə yaranmışdır. Moskva və Peterburqda yeni silah zavodları meydana gəldi.

Ağır sənayeyə rəhbərlik etmək məqsədilə Pyotr zavodların tikintisi ilə məşğul olan manufaktura kollegiyası və dağ-mədən işlərilə məşğul olan Berq (almanca «qara» — «dağ») kollegiyasını yaratmışdır. Eyni zamanda, Pyotr sənayenin inkişafına xüsusi kapitalı cəlb etmək üçün fəal tacirlərin, iş adamlarının, hətta varlanmış kəndlilərin belə köməyindən istifadə etməyi nəzərdə tuturdu. Belə iş adamlarına dövlət güzəştli borc ayırırdı. Məsələn, keçmiş tula dəmirçisi Nikita Demidov varlanaraq silahqayırma sahibkarı kimi çardan tikilmiş Nevyansk metallurgiya zavodun mülkiyyət kimi alaraq qısa bir müddətdə istehsalı yenidən təşkil edərək rus ordusu üçün etibarlı toplar istehsal etmişdir. Beləliklə, Uralda iri zavod sahibləri sülaləsi olan Demidovlar məşhurlaşmışdır.

Yeni yaranmaqda olan Rusiya sənayesinin inkişafı iki faktordan — birincisi, vəsaitdən, ikincisi isə işçi qüvvəsindən asılıdır. Vəsaiti əsasən dövlət ayırdığı üçün bu məsələdə çətinlik yaranmırdı. Çar işçi qüvvəsinə dair fərman verərək elan etdi ki, yeni zavodların tikildiyi ərazilərdə yaşayan dövlət kəndlilərini dövlət vergisini ödəmək əvəzinə həmin zavodlara fəhlə kimi qeyd edilir. Qeyd edilmiş və yaxud əlavə yazılmış belə kəndlilər ildə bir neçə ay öz təsərrüfatlarını tərk edərək zavodlar üçün işləməyə borclu idilər. Başqa bir fərmanla I Pyotr zavod sahiblərinə təhkimli kəndlilərin alınmasına icazə verdi. Belə kəndlilər müəssisənin bir hissəsi olub «posession» («mülk») adlanır və yalnız müəssisə ilə birlikdə satıla bilərdi. Zavodlarda iş 12-14 saat davam edir, cüzi bir yanlış ağır cəza tətbiqinə səbəb olurdu. Yaşayış şərtlərinin yetərsizliyi, cüzi əməkhaqqı, sahibkarların özbaşınalığı fəhlələrdə istehsalın artırılmasına, sənayenin inkişafına maraq yaratmırdı. Zorakılıq və təzyiqə istinad edən iş metodu Rusiya sənayesinin inkişafına maneçilik törədən əsas səbəb idi.

Lakin buna baxmayaraq, I Pyotr dövlət hakimiyyətindən və təhkimçilik zorakılığından istifadə edərək qısa bir vaxtda Rusiya sənayesini yaratdı. Onun hakimiyyətinin son dövrlərində artıq Rusiyada 200-ə yaxın böyük müəssisə fəaliyyət göstərirdi. Əvvəllər Rusiyada olmayan yeni istehsal sahələri, o cümlədən kimyəvi, barıt, ipəktoxuma və b. meydana gəlmişdir. Ural yeni metallurgiya sənayesinin, Moskva, Yaroslavl, Kostroma yelkənlik, kətan, kəndir, mahud, parça istehsal edən toxuculuq sənayesinin mərkəzləri oldular. Ağır, xüsusilə hərbi sənaye geniş miqyas aldı. Təkcə bir faktı göstərmək kifayətdir ki, Rusiya çuqun əridilməsinə görə Avropada üçüncü yerə çıxaraq xaricə yüksək keyfiyyətli dəmir satmağa başladı.

I Pyotrun sənaye sahəsində həyata keçirdiyi islahatlar, yeni manufaktura və zavodların yaranması dövlətin mənafeyi, ordu və donanmanın tələbatı ilə bağlı olub milyonlarla sadə adamların, şəhər əhalisinin və kəndlilərin vəziyyətinə təsiri zəif idi. Əvvəllər olduğu kimi, Rusiyanın əhalisi gündəlik ehtiyaclarını sənətkarlıq məhsulları ilə ödəyirdilər. Ölkədə sənətkarlıq əhəmiyyətli dərəcədə kənd təsərrüfatı ilə bağlıdır. Təsadüfi deyil ki, Moskva, Yaroslavl, Tula, Nijni Novqorod, Kazan kimi iri sənətkarlıq mərkəzlərilə yanaşı, yerli xammalla işləyən böyük kənd və kiçik şəhərlərdə də sənətkarlıq mərkəzləri meydana gəlmişdir. Şəhərlərdə böyük manufakturaların və kiçik sənətkarlıq məhsullarının istehsalına nəzarəti təmin etmək üçün Pyotr xüsusi orqan olan Baş magistratı təsis etdi. XVIII əsrin 20-ci illərin əvvəlində çar bütün sənətkarların sexlərdə birləşməsi, yeni istehsalın müəyyən sahəsində təşkilatlanması haqqında fərman verdi. Sexlərin təsis edilməsi məhsulun kəmiyyəti və keyfiyyəti üzərində nəzarət etməyə şərait yaradırdı. Hər bir usta hazırladığı əşyanın üzərinə öz nişanəsini həkk edərək işinin səviyyəsini nümayiş etdirirdi. Yararsız işə görə cəza və cərimə kəsilirdi. Kənd sənətkarlarının sex təşkilatı olmadığı üçün hakimiyyət nümayəndələri görülən işlərə dair xüsusi göstərişlər təqdim edirdilər.

Rusiyanın daxili və xarici ticarətinə xüsusi diqqət ayıran I Pyotr düzgün olaraq hesab edirdi ki, bu sənaye və kənd təsərrüfatının inkişafını təmin etməklə yanaşı, xəzinənin də lazım olan vəsaitlə dolmasına yardım edəcək. Ticarət kompaniyalarının təşkil edilməsini xüsusi güzəşt və üstünlüklərlə şirnikləndirən çar bu və ya başqa növ məhsul satmaq hüququ olan monopoliyaların yaranmasına şərait yaratmışdır. İnhisar hüququ alan şəxs xəzinənin pulunu ödədikdən sonra sərf etdiyi vəsaitini qaytarmaq və gəlirini artırmaq haqqında əməli fəaliyyətə keçə bilərdi. Belə qayda həm xəzinəyə, həm də tacirlərə əlverişli şərait yaradırdı.

Sənaye və ticarətin inkişafını təmin etmək məqsədilə I Pyotrun dövründə kanal çəkilişi işləri geniş miqyas almışdır. Pyotrun fərmanı ilə Volqanın sol qolu olan Tvertsa çayını İlmen gölünə tökülən Meta çayı ilə birləşdirən Vış-nevolotsk kanalı çəkildi, böyük Volqa yolu Baltik dənizi və Peterburqla əlaqələndirildi. Ladoqa gölünün cənub sahili boyunca 100 kilometrdən çox olan dolama kanal çəkildi.

Pyotr hakimiyyəti xarici ticarətin inkişafına qayğı göstərirdi. Yeni quraşdırılan rus ticarət gəmiləri Baltik, Şimal dənizlərinin sularında üzərək Fransanın sahillərinə, Aralıq dənizinə çatırdılar. Çar dəniz ticarəti ilə məşğul olan yerli tacirləri müdafiə etdiyi kimi, xarici ticarət adamların da mehribanlıqla qaşı-layırdı. Rusiyada Riqa, Revel, Narva, Vıborq kimi limanlar fəaliyyətə başladı. Yeni Baltik dənizi yolu ilə Rusiyadan Qərbi Avropaya ənənəvi kətan, kəndir, dəri, taxıl kimi məhsullarla bərabər, dəmir kimi yeni məmulatları mallar da ixrac edilirdi. Ölkənin mərkəzi rayonlarından Volqa ilə daşınan mal Həştərxan limanı vasitəsilə Xəzər dənizinə, oradan isə İrana, Orta Asiyaya, Cənubi Qafqaza yola düşürdü. Cənuba ixrac edilən məhsulların başında balıq neməti dayanırdı. Rusiyaya parça, xalça, bahalı soyuq silah, daş-qaş, bəzək əşyaları idxal olunurdu. Ticarətdən dövlət xəzinəsi ölkənin ehtiyacı olduğu vəsaiti əldə etdiyi üçün çar qarşılıqlı ticarət əlaqələrinə üstünlük verirdi. Təsadüfi deyil ki, I Pyotr birinci olaraq fəal surətdə merkantilizm və proteksionizm siyasətini yeritmişdir. Merkantilizm o deməkdir ki, bu ticarət siyasəti nəticəsində dövlətin başqa ölkələrlə ticarət tarazlığı daim müsbət olmalıdır. Yəni dövlət ucuz alıb baha satmalıdır ki, ixracatın dəyəri idxalın dəyərindən yüksək olsun. Eyni zamanda Fransa və İngiltərə kimi ölkələrdə sənaye və kapitalizmin inkişafının başlanğıc mərhələsində olduğu kimi, Pyotr da proteksionizm siyasəti yeridirdi. Bunun mahiyyəti ondan ibarətdir ki, ticarətdə xarici mallarla gömrük vergisi müəyyən edərkən gənc Rusiya sənayesinin mənafeyini nəzərə alaraq, onun bazarda rəqabət gücünün daha da artırsın.

Çar kənd təsərrüfatı sahəsində Orta Volqaboyunda, Ural ətrafında, Sibirdə, ölkənin cənubunda mənimsənilən torpaqların əkilməsini təmin etmək üçün dövlətin kənd və qəsəbələrini kəndliləri ilə birlikdə məsləkdaşlarına və yaxın ətrafına paylayırdı. Bunun nəticəsində yüz minlərlə kəndli xüsusi sahibkarlardan asılı vəziyyətə düşürdü ki, bu da təhkimçiliyin miqyasını daha da artırırdı. Kənd təsərrüfatında bir sıra yeniliklər tətbiq etməyə səy göstərən çarın əmrilə Rusiyaya bir neçə min ədəd Litva dəryazı gətirilmişdi ki, bu da məhsul biçinində nisbətən az məhsuldar olan oraqı əvəz etməli idi. Maldarlığa, bağçılığa diqqət ayıran Pyotrun zamanında birinci atçılıq zavodu tikilmişdir. Onun təşəbbüsü ilə cənub rayonlarında barama bəsləmək üçün tut ağacları əkilmişdir. Rusiyadakı meşələrə qayğı göstərən çar onun inkişafına ziyan vermədən kəsilməsini tələb etmişdir.

I Pyotr ordu və donanmada islahatları davam etdirərək kəndli və posad adamlarının öz icmalarından müəyyən edilən sayda əsgər verməli olduqları rekrut əsgər toplanması qaydasına keçildi. Əsgərlər ömürlük xidmət edirdi ki, bu da ölkənin silahlı qüvvələrinin daimi əsaslı olması demək idi. Orduda xidmət növü adamların ömürlük peşəsinə çevrildi. Belə sistem rus ordusunun say tərkibinin artmasını təmin etdi. Məsələn, 1699-cu ildən 1714-cü ilə kimi orduya təqribən 300 min nəfər əsgər çağrılmışdır. Rus ordusunun xarici forması da dəyişdi. Piyadalar yaşıl rəngli kətan kaftan, qara şlyapa, süvari əsgərlər göy kaftan geyirdi.

Qərbi Avropa ölkələrində daimi ordu daxildən və xaricdən toplanan muzdlu əsgərlərdən yaranmışdır. Baxmayaraq ki, Rusiyada ordu təhkimçilik hüququ şəraitində formalaşmışdır, onun milli və xalq mahiyyəti daim öndə olmuşdur. Vətənin müqəddaratının həll olunduğu həlledici döyüşlərdə rus ordusundakı xalqçılıq ruhu mühüm psixoloji faktora çevrilmişdir. Adamlar pula görə deyil, Vətəni xilas etmək naminə döyüşə gedirdilər. Çar qoşunların təlim məşqinə xüsusi önəm verirdi.

Pyotrun dövründə rus əsgəri daha keyfiyyətli Vətən silahı olan çaxmaqdaşı sürgülü-süngülü tüfənglə silahlandı. Artilleriyaya ayrıca qayğı göstərən çarın əmrilə top parkı tamamilə yeniləndi. XVIII əsrin 20-ci illərinin ortalarında rus ordusunda 2500-dən çox səhra topu olmuşdur. Süvarilər belə topla təhciz edilmişdi. Pyotr ağır və intizamsız zadəgan süvari polklarını ləğv edərək yerində yüngül silahlı daimi draqun süvari polklarını yaratmışdır. Çarın toplarla təhciz etdiyi və ayrı-ayrı atlı dəstələrindən ibarət olan yeni daimi süvari korpus cəsarəti, qətiyyəti və manevr etmək bacarığına görə fərqlənirdi. Qərb ordularında süngü müdafiə silahı olduğu halda Pyotr onu əks-hücum vasitəsi etmişdir. Məhz çarın özünün əsgərləri isveçlilərin mərkəzinə süngü əks-hücumuna aparması Poltava döyüşünün müqəddərratını rusların xeyrinə dəyişdirdi.

1716-cı ildə ordunun təşkili, daxili nizam-intizam qaydaları, təlimi və faktiki hazırlığı sistemindən bəhs edən «Əsgər Nizamnaməsi» nəşr olundu. Nizamnamədə rus əsgərlərinin yüksək mənəvi-əxlaqi keyfiyyətinə xüsusi diqqət ayrılmışdır. Rusiyanın hərbi dəniz donanması mahiyyət etibarilə yenidən qurulmuşdur. Artıq XVIII əsrin birinci onilliklərində Rusiyanın üç əsas və baş olan Baltik, köməkçi olanlar Xəzər və Azov donanmaları fəaliyyət göstərirdi. Kronştad və Taqanroq kimi güclü topları olan hərbi-dəniz qalaları var idi. Şimal müharibəsinin başa çatdığı ərəfədə Baltik dənizində Rusiyanın 29 ağır xətt gəmisi, 6 freqatı və 200-dən çox qaleri var idi. Rus donanmasının yaranma təcrübəsi, dəniz döyüşü taktikası çarın iştirakı ilə hazırlanan «Dəniz Nizamnaməsi»ndə əksini tapmışdır.

I Pyotrun tətbiq etdiyi hərbi və donanmanın yenidən qurulması islahatları yerli hərbi kadrlara tələbatı artırırdı. Odur ki, Moskva və Peterburqda hərbi, o cümlədən artilleriya, hərbi-mühəndislik məktəbləri açılmışdır. Sonra yeni paytaxtda zabit kadrları hazırlayan Dənizçilik Akademiyası fəaliyyətə başlamışdır. XVIII əsrin 20-ci illərin əvvəlində rus ordu və donanması özünü yerli kadrlarla təmin etmək iqtidarında olduğu üçün xaricilərin hərbi xidmətə cəlb edilməsi tədricən ləğv edilmişdir.

Yeni ordu və donanmanın yaranması, sənayenin yenidən qurulması, xarici dövlətlərlə əlaqələrin artması, dövlət və müharibələrin vəsaitə olan tələbatının yüksəlməsi dövlətin idarəetmə sisteminin dəqiq, tez və yüksək səviyyədə işləməsini zəruri edirdi. Artıq XVII əsrin sonu — XVIII əsrin əvvəlində çar Boyar dumasını çağırmayaraq onun yerinə özünə sadiq olan tərəfdaşların daxil olduğu Yaxın dəftərxana yaratdı. 1707-ci ildə hərbi səfərdə olan I Pyotr «dəftərxananı» ciddi nəzarətdə saxlayaraq əməkdaşlardan öz işlərini yazaraq imza qoymalarını tələb etmişdir. 1711-ci ildə Prut səfərinə yola düşən Pyotr çarın olmadığı müddətdə ali dövlət orqanı olan Senatı yaradaraq idarəçilik işlərini ona tapşırdı. Çarın təyin etdiyi doqquz nəfərdən ibarət olan Senat ali məhkəmə, icra və qismən qanunverici səlahiyyətə malik idi. Boyar Dumasını əvəz edən Senat tam olaraq çara tabe olub onun təyin etdiyi Senatın baş-fiskalı işlərə nəzarət edirdi. Eyni zamanda, mərkəzi və yerli idarələrdə də fiskal (nəzarətçi) vəzifəsi müəyyən edilmişdir. Bilavasitə çara tabe olan fiskallar mərkəzi və yerli icra orqanlarının fəaliyyətinə nəzarət edərək qanun pozuntularını, rüşvətxorluq və xəzinə oğurluğunu aşkar etməklə məşğul olurdular. Senat üzərində yüksək nəzarətçi general-prokuror və onun köməkçisi baş prokuror oldu. Başqa idarələrdə də prokurorlar fəaliyyətə başladı ki, onlar da «dövlətin gözü» olaraq yalnız çara tabe olurdu. Senatın fəaliyyətində nöqsan aşkar edən general-prokuror onu dayandıra və yaxud öz etirazını bəyan edə bilərdi.

1711-ci ildən başlayaraq I Pyotr kollegiyalar yaratmağa başladı ki, 1720ci ildə artıq onların sayı 11-ə çatdı. Prikazları əvəz edən kollegiyalar dövlət idarəçiliyinin müəyyən bir sahəsinə nəzarət edir və bütün Rusiya ərazisində fəaliyyət göstərirdi. Məsələn, ordu işləri ilə Hərbi kollegiya, donanma ilə Admirallıq, beynəlxalq işlərlə Xarici, sənaye və dağ-mədən işlərilə Manufaktura və Berq kollegiyaları məşğul olurdu. Kamer kollegiya büdcənin mədaxil, Ştats kollegiya məxaric, Təftiş kollegiyası dövlət aparatının maliyyə fəaliyyətinə nəzarət işlərilə məşğul olurdular. Ədliyyə kollegiyası məhkəmə, Ticarət kollegiyası ticarət işləri vəzifəsini yerinə yetirirdi. Hər bir kollegiyanın başında prezident, vitse-prezident, məsləhətçi və iclasçı («заседатель») dayanırdı. Hər gün işə çıxan kollegiya üzvləri aylıq əməkhaqqı alır və dövlət məmuru hesab olunurdu.

1721-ci ildə çar kilsə işlərini idarə edən ali orqan olan Sinodu yaradaraq kilsəni qəti olaraq dövlətə tabe etdi. Sinod sözün əsl mənasında dini kollegiya oldu. Çarın təşkil etdiyi siyasi axtarış işlərilə əvvəlcə Preobrajensk prikazı, sonra isə Mərkəzi dəftərxana məşğul olurdu. Mərkəzi dövlət idarələri sistemində siyasi axtarış idarələri təşkil edilərək saysız-hesabsız donosçu və xəbərçilərlə əhatə olunmuşdur. Çox sayda insan xalq üsyanlarında iştirak etdiyinə, dövlətin rəsmi siyasətinin əleyhinə olduğuna görə siyasi axtarış idarələrində dəhşətli işgəncə və təzyiqə məruz qalmışdır.

Bütün bu tədbirlərə baxmayaraq, çar Rusiya həyatının reallığına çevrilmiş korrupsiya, rüşvətxorluq, xəzinə oğurluğu, xidməti vəzifəsindən şəxsi məqsədlər naminə sui-istifadə hallarının qarşısını ala bilməmişdir. Pyotrun ətrafında birləşən insanlar əvvəlki prikaz və voyevoda qaydaları zamanı hamının hər bir şeyi oğurladığı bir dövrdə tərbiyə olunmuşdu. İndi isə çarın adından çıxış edən hakimiyyət nümayəndələri və məmurların sayı və mövqeyi daha da güclənmişdir. Başqa bir tərəfdən vergilərdən, inhisarlardan, xarici ticarətdən və b. dövlətin əlində çoxlu vəsait cəmləşdirmişdir. Demək olar ki, bu şəraitdə XVIII əsrin birinci rübündə yalnız çar oğurlamırdı. Xəzinə oğurluğuna, dövlət vəsaitini şəxsi mənafeyi naminə istifadə etdiyinə görə Sibirin qubernatoru knyaz Qaqarin asılaraq edam edilmiş, baş fiskal Nesterov rüşvət aldığı üçün ölümə məhkum edilmişdir.

Don, Həştərxan və Başqırd torpaqlarında istismar, zorakılıq, yoxsulluğa qarşı xalq hərəkatından sonra çar 1708-1710-cu illərdə ölkəni səkkiz, sonra isə on bir quberniyaya bölərək onların başında çox böyük inzibatçılıq, polis, məhkəmə, maliyyə hakimiyyətinə malik olan qubernatorlar təyin etdi. Məsələn, Sankt-Peterburq quberniyasının qubernatoru çarın sevimlisi knyaz A.D.Menşikov təyin edilmişdi. Moskva, Arxangelsk, Kazan, Kiyev, Smolensk, Sibir və b. kimi quberniyalar yaradıldı. Quberniyaların əraziləri çox böyük olduğu üçün onlar 50 əyalətə, əyalətlər isə mahallara bölünmüşdür. Böyük əyalətlərə qubernator, yerdə qalanlara isə voyevodalar başçılıq edirdilər. Çarın idarəçilik

islahatları şəhərləri də əhatə etmişdir. Şəhər işlərini idarə etmək məqsədilə Baş magistrat vəzifəsi təsis edilmişdir. Şəhər magistrləri varlı şəhərli tacirlərdən, imkanlı sənətkarlar və yerli ziyalılardan seçilirdi.

1722-ci ildə I Pyotr dövlət islahatı sahəsində «Rütbələrə dair cədvəl» («Табель о рангах») sənədinə imza atdı. Sənəd hərbi və mülki dövlət xidmətində rütbə sistemini, irəliçəkilmə qaydasını müəyyən etmişdir. Cədvələ əsasən, bütün hərbi və mülki rütbələr xidmət nərdivanını təşkil edən 14 dərəcəyə bölünür, onun ilk pillələrində ən yüksək rütbələr, orduda general-feldmarşal, donanmada general-admiral, mülki qulluqda kansler, sonuncu pillədə 14-cü dərəcəli rütbələr, praporşik, şkiper, kollegiya registratoru dururdu. Sənədin əsl mahiyyəti ondan ibarət idi ki, əvvəllər insanların istedadından asılı olmayaraq ali xidməti mövqe tutmağı təmin edən əsilzadəlik prinsipi şəxsi xidməti bacarıq şərtilə əvəz edilərək əhalinin qeyri-zadəgan təbəqələri arasından çıxan adamların da rütbə xidməti müqabilində irəliləməsini təmin edirdi. Mülki xidmət sahəsində 8-ci dərəcə, hərbi qulluqda isə 12-ci dərəcə alan xidmətçi insanlar nəsillik zadəgan adını alırdı. Zadəganların mənafeyini nəzərə alan I Pyotr 1714-cü ildə «Vahid varislik» haqqında fərman verdi. Fərmana əsasən, votçina və pomestye mülkləri arasındakı fərq ləğv edilir, mülkədarlar da vot-çina sahibləri kimi hökmdara xidmət etmək şərtilə öz mülklərinin tam hüquqlu sahibi olurdular. Öz mülklərini itirmək təhlükəsindən azad olan mülkədarlar təsərrüfatlarına daha çox əmək sərf etməyə başladılar. Çarın fərmanı ilə mülkün yalnız bir varisi varislik hüququ alırdı, yerdə qalanları isə dövlət və ya ordu qulluğuna getməyə məcbur qalırdı.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh