Ornella Muti

Ornella Muti (9 Mart, 1955) — İtalyan aktrisa. Əsl adı Francesca Romana Rivellidir. Muti, 1994-cü ildə "Class" jurnalının təşkil etdiyi bir anketdə dünyanın ən gözəl qadını seçilmişdir.Atası Neapol doğumlu italyan, anası isə Estoniyalıdır. Bacısı Claudia Mutidir. Muti iki dəfə evlənmişdir. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı vardır: Naike Rivelli (1974), anasına oxşarlığı ilə tanınan və İspan film rejissoru José Luis Bermúdez de Castro Acasodan olan qızıdır. Andrea və ikinci qızı Carolina isə ikinci əri olan Facchinettidəndir. 1998-ci ildən bəri plastik cərrah Stefano Piccolo ile birlikdə yaşamaqdadır.

46 yaşlı Françeska-Ornella 26 yaşlı qızının yanında dayananda, deyərdin, onun böyük bacısıdır. Qadınların hər ikisi bədənlərinə kip yapışan açıq paltar geyindiyindən, onların fiqurası da, üzləri kimi, dedikcə oxşar idi. Françeskanın təzə kürəkəni, Manu Lebovski adlı aktyor risqə gedib, belə bir zarafat eləməkdən özünü saxlaya bilmədi:
- Belə getsə, qorxuram, arvadımla qayınanamı səhv salam.

Onun bu fikrini Françeskanın boyfrendi (oğlan dostu - red.) Stefano Pikkolo təsdiqlədi və ardınca dünənki gecə rəfiqəsi Françeskaya qaranlıq otaqda "kiçicik intim hədiyyələr" bəxş etməsindən və sonradan, işığı yandıranda, ehtirasla qucaqlayıb-öpdüyü kreslodakı xanımın Françesko yox, onun qızı Nayke olduğundan danışdı. Bütün bunlara Françeska gülürdü. Hərçənd, şübhələr onun ürəyini yeməyə başlamışdı: bəlkə doğrudan da cavan dostu onu qızı ilə səhv salır, yaxud səhv salmaq istəyir. Françeska özü də Naykeyə baxanda, elə bil, onun simasında öz gəncliyini görürdü. Eynən, bir-birindən aralı su pərisini xatırladan mavi gözlər, girdə, yumru yanaqlar, dolu dodaqlar. Və əlbəttə ki, yalnız italyan qadınlarına məxsus, nə vaxsa Sofi Loren tərəfindən əndazəsi biçilmiş fiqura. Yeri gəlmişkən, bu əndazənin mötəbər müəllifi özü də toyda iştirak edir, şux təbəssümüylə qonaqları salamlayırdı. Həmişəcavan, solmaz Sofi! Françeska şübhələri bir kənara ataraq, qızına ürəkdən xoşbəxtlik arzuladı. Birdən yaxında dayanan Armanir onun sözünü kəsib şıltaq tərzdə soruşdu:
- Françeska, Naykeyə özün kimi xoşbəxt olmağı arzu edirsən?
Buna cavab olaraq Françeska əllərini havada yellətdi:
- Mənim kimi? Əsla, yox!
Qonaqlar bu sözdən təəccüblənib, maraqla Françeskaya baxdılar. Artıq onun yadında deyil, qonaqlardan hansısa:
- Gözəl qadınlar bədbəxt olmur, - dedi.
Nə qədər sadəlövh fikir! Həyatsa Françeskaya tamam bunun əksini göstərmişdi: gözəl-cazibədar qadınlar nəyə görəsə, demək olar, heç vaxt səadətin nə olduğunu bilmirlər. Buna milyonlarla misal gətirmək olar. Bunun üçün dönüb kino tarixinə ani nəzər yetirmək kifayət eləyər. Amma nə bilmək olar, - Françeska Stefanoya baxdı, - onun həyatı hələ tamamlanmayıb...

Stefano Pikkolo ilə Françeska 1997-ci ildə, dostu və sevimli dizayneri Corco Armaninin evində verdiyi ziyafət gecəsi tanış olmuşdu. Əlində şampan bokalı tutan cavan bir kişi ona yaxınlaşır və bokalı azca yuxarı qaldırıb qəribə sağlıq söyləyir:
- Dünyanın ən təhlükəli qadınının sağlığına! Dünyanın bütün kişiləri, onların arasında xüsusilə mənim gözlərim üçün təhlükəli qadının sağlığına! Bundan sonra mənim əlimə keçən bütün qadınları kəsib-doğrayıb, Ornella Mutti edəcəyəm.
Doğrudur, onun bu sözlərinə Françeska nəzakətlə gülümsədi, amma təəccübünü gizlətməkdə çətinlik çəkdi. Françeska sərrast baxışını qarşısında duran kişiyə yönəltdi. Bəli, bu naməlum şəxs onun sevdiyi kişi tipinə aid idi. Hündürboylu, idmançı qamətli, üzü yaraşıq gətirən dərəcədə azca tüklü və gözləri eyni zamanda həm ağıllı, həm də istehzalı. Yaxşı, bəs bu vahiməli və sirli sözlərin mənası nə deməkdir: "Kəsib-doğrayıb Ornella Mutti edəcəyəm?". Bu dəm arxadan pişik kimi səssizcə Armani peyda olub, Françeskanı çiyinlərindən qucaqladı. Françeska başını geriyə çevirib, pıçıltıyla Armanidən soruşdu:
- Bu kimdir?
- Ooo, - deyə Armani cavab əvəzinə mənalı tərzdə səsini uzatdı.
- Ooo? - Ornella sualla onun işarəsini təkrar etdi.
- Bu, Stefono Pikkolodur, - nəhayət, Armani ona məlumat verdi və ardınca oynaq tərzdə, - ola bilməz sən onu tanımayasan. Onu İtaliyanın bütün qadınları tanıyır. Amma nə bilmək olar, bəlkə sən doğrudan da istisnasan.
- Ornella, icazə verin, bir daha sizin sağlığıniza içim, - deyə naməlum şəxs onların pıçıltılı dialoqunu kəsdi.
Françeska kişiyə yalnız onun özünə məxsus ola biləcək işvəli bir baxış göndərdi:
- Siz səhv edirsiniz, sinyor. Mənim adım Françeskadır. Françeska Rivelli. İnanmırsınızsa, Corco bunu təsdiq edə bilər.
Corco başını təsdiq olaraq yellətdi. Qonaq isə nəzakəti bir tərəfə atıb, sinyora Rivellini diqqətlə süzməyə başladı, sanki fanat muzeydə onu maraqlandıran nadir eksponatı öyrənirdi. Nəhayət, qərara gəlmiş kimi dilləndi:
- Yox. Gəlin, siz mənimlə oyun oynamayın. Mənim çox peşəkar gözüm var. Heç vaxt səhv edə bilmərəm. Buxaq alt dodaqdan yarım santimetr aşağı, gözlər arasında məsafə 64 millimetr, üzün qövsü...
- Aman Allah! - Françesko səsini qaldırıb onun hesablamalarını yarımçıq kəsdi, - siz kimsiniz, patoloqanatomsunuz?
Ətrafda hamı gülüşməyə başladı. Kişi həm zarafatla, həm də günahkarcasına cavab verdi:
- Ondan da pis. Mən plastik cərraham.
Françeskonun birinci ağlına gələn o oldu ki, belə adamdan heç bir qadın öz yaşını gizlədə bilməz. Onun isə artıq 42 yaşı vardı. Bundan başqa, böyük qızına minnətdar olaraq Françeska bu yaxınlarda nənə olmuşdu. Ötən il Naykenin qısa müddət birgə yaşadığı birinci əri Kristian Çestorellidən oğlu dünyaya gəlmişdi.
O qəribə, məzəli görüşdən Naykenin 2002-ci ildə keçirilən toyuna qədər artıq dörd il vaxt ötmüşdü, onlar isə hələ də bir yerdə idilər. Françesko necə güman etmişdisə, elə də olmuşdu. Stefano ondan cavan idi, özü də nə az-nə çox, səkkiz il. Amma o buna bir o qədər də əhəmiyyət verməməyə çalışırdı. Edit Piaf sonuncu ərindən yaşca otuz il böyük idi, amma bu heç də onların xoşbəxtliyinə mane olmurdu.
Çoxları kimi Stefano da sadəlövhcəsinə düşünürdü ki, Ornella Mutti kimi gözəlin ayağına düşmək, onun bütün şıltaqlıqlarına dözmək dünyanın bütün gəzəyən kişiləri üçün səadət sayıla bilər. Əvvəlcə sinyor Pikkolo belə bir səadətin, hamının arzuladığı bir xanımla yanaşı olmaq xoşbəxtliyinin onun qismətinə düşdüyünə sevinirdi. Stefano ən müxtəlif yollarla Françeskanın keçmişini öyrənmək və onun birdən-birə niyə tək və sərbəst qaldığını özü üçün ayırd etmək istəyirdi. Yeniyetmə Françeskanın lüt şəkilləri olan 70-ci illərin köhnə jurnallarını hardansa əldə etmişdi. Nəyə görə o özünü bu şəkillərdə çılpaq nümayiş etdirib? Stefano bu sualı dönə-dönə Françeskaya verirdi.

Böyüməkdə olan yeniyetmə qızın hansı hisslər keçirdiyini kişi anlaya bilməz. Françeskanın atası həkim idi, həyatdan tez getdi. Anası əslən Estoniyadan idi. Gəncliyində o da aktrisa olmaq istəyirdi, amma karyerası baş tutmadı. İki yeniyetmə qızıyla ərsiz qalan qadın nə edəcəyini bilmirdi. Belə ki, İtaliyada 50-ci illərdə, - Françeska 1955-ci ildə anadan olub, - həyat gündən-günə bahalaşmaqda, çətinləşməkdə idi. Françeskanın on iki yaşı tamam olanda, artıq kişilərin diqqətini cəlb edirdi. Anası onu tək küçəyə buraxmağa qorxardı. Yaşından əvvəl yetişmiş, yumru döşləri, incə beli, gipgirdə gündəyməzi olan bu qızcığaza, az qala, hər gün dərsdən evə gələndə hansısa əclafın biri ilişməliydi. Sinyora Rivelli qızına gen, iriölçülü jaket geyindirir, sıx, gur saçlarını hörüklərə ayırmağı əmr edirdi. Amma Françeskanın belə idbar görkəmə düşməkdən zəhləsi gedirdi. Evdən çıxan kimi saçlarının hörüklərini dağıdar və formasız, gen jaketi çıxarıb, əvəzinə bədənini tarım edib, xüsusi cazibə verən dar cemperini geyinərdi. On üç yaşında qıza bədii kollecdə naturaçı olmağı təklif etdilər. Yalandan on yeddi yaşı olduğunu deyib işə düzəldi və bir küncdə rəssam tələbələrin gözü qarşısında utanmadan saatlarla lüt dayanmağa başladı. Gözünə döndüyüm tələbələr isə rəssamlığın texnikasını öyrənmək, sənətin sirlərinə yiyələnmək əvəzinə, bu möcüzə qıza hayıl-mayıl olub, onun bədəninin hər nöqtəsinə tamarzı gözlərini zilləyib marıtlanırdılar. Bunun ardınca Françeska müxtəlif jurnallardan model olmaq təklifləri almağa başladı. O, yalnız yaxşı pul verəndə bu təkliflərə razılaşırdı. Bir dəfə qonşularından kimsə belə biabırçı şəkilli jurnalı gətirib, onun anasının qarşısına qoydu. Sinyora Rivelli əvvəl için-için ağladı, sonra bu biabırçı jurnalla öz abırsız qızını döymək istədi. Jurnallar məktəbdə əldən-ələ gəzir, küncdə-bucaqda vərəqləyib tamaşa edirdilər. Məktəbin şagirdi Françeska Rivellinin fotosu olan səhifələri jurnaldan çıxarıb, saqqızla kişi tualetində divara yapışdırırdılar. Nəhayət, bütün bunlara qarşı qızcığaz öz xarakterini göstərməyi qərara aldı. O, başını dik tutaraq düz müəllimlərin və məktəb direktorunun gözünün içinə baxaraq dedi:
- Bəli, mən belə pul qazanıram. Oğurluq ki eləmirəm!
Françeskanın bacısı Klaudia, qəribə də olsa, hər cəhətdən onun əksi idi. Utancaq, təvazökar Klaudiya aktrisa olmaq arzusu ilə yaşayırdı. Bir gün o, qəzetlərdən öyrəndi ki, rejissor Damiano Damiani "Ən gözəl həyat yoldaşı" filminin baş roluna kastinq (aktyor seçimi - red.) elan edib. Amma bu rola onaltıyaşlı qız tələb edilirdi. Bacıların isə on dörd yaşı hələ təzəcə tamam olurdu. Bununla belə, ikisinə də on səkkiz yaşdan az verməzdin. Baxışa tək getməkdən çəkinən Klaudiya Françeskaya yalvardı ki, onu müşayiət eləsin. Həmişə olduğu kimi, dəlicəsinə aktrisa olmaq istəyəni yox, o birini seçdilər. Kütlənin arasında görünən Françeskanın başgicəlləndirici fiqurası Damianinin təcrübəli gözündən yayınmadı. Ona yaxınlaşıb rejissorun təklifini çatdıranda təəccübləndi:
- Nə? Kino nədir? Mən çəkilmək istəmirəm!
Lakin etiraz etməsinə baxmayaraq, artıq onu geyindirir, qrim edir və sınaq çəkilişi üçün şəkillərini çəkirdilər. Ornella Mutti ləqəbini də ona məhz Damiani verdi. Onun fikrincə, "Françeska Rivelli" həddən artıq sadə səslənirdi. Çox sonralar Françeska müsahibələrində bildirirdi ki, o, Stefaniya Sandrellidən sonra, İtaliya kinosunda ən gənc kinodebütant olub. İlk filmdə ilk tərəf-müqabili olan Alessio Orano qıza dəlicəsinə aşiq olmuşdu. Ondördyaşlı qız isə artıq belə şeylərə vərdiş etdiyindən, buna əhəmiyyət vermirdi.

Rivelli bacıları gecələr yatmazdan əvvəl arzularını, xəyallarını bir-birinə danışardılar. Klaudia pəncərədən Kapitoli təpəciyinin seyrinə dalıb, nənəsi və babası kimi çoxuşaqlı ailə arzusunda olduğunu deyirdi. Françeska isə onu aparmağa gələcək şahzadə barədə düşünürdü. O, ən gözəl, ən varlı, ən alicənab, ən cəsarətli kişi olacaq. "Mən yalnız o adama ərə gedəcəyəm ki, mənim üçün ölməyə hazır olsun. Bax, mən ondan xahiş edəcəyəm, o da mənim üçün öləcək!". Belə danışanda Klaudia bacısına təəccüblənərdi. Şahzadə rolunda məgər ona aşiq olan Alessio Orano çıxış edə bilməz? Bu gün Orano yenə Françeskaya özünün məxsusi olaraq onun üçün bəstələdiyi mahnını oxumuşdu. Hələ üstəlik, saçlarını pudralamış, geyinib-kecinmişdi də. Bütün bunları gözü önünə gətirən Françeska ayaqlarını yerə çırpıb bacısına qəzəbləndi:
- Əcəb şahzadə tapdın mənim üçün! Sızanaqlı cüllüt.
Françeskanın bütün məşuqları ona həyatında birinci kişinin kim olduğu barədə suallar verərdi. O anlaya bilmirdi ki, bunun onlar üçün nə əhəmiyyəti var? Lakin bu sualı ona Stefano verəndə, Françeska artıq buna dözmədən soruşdu:
- Axı nəyə görə bu səni maraqlandırır?
- Çünki birinci kişini qadın heç zaman unutmur, - Stefano ciddi tərzdə cavab verdi. - Onun bütün şəxsi həyatını müəyyənləşdirən həmin o kişi olur.
- Mən çox erkən yaşında Alessio Oranoya ərə getdim. Bunu sən özün yaxşı bilirsən.
Stefano belə yalançı cavaba qane olmayıb yenə soruşdu:
- Səni, ümidverici aktrisanı, südəmərin birinə getməyə nə vadar edirdi?
Əslində, bu məsələ, onun həyatında birinci olan kişinin kimliyi, Françeskanın sirri idi və o bu sirri heç kimə açmaq fikrində deyildi. Doğrudan da iyirmi yaşı olanda Françeska Alessionun sonu görünməyən təklif və təkidlərinə nəhayət razılıq verdi. Buna baxmayaraq, Alessio qətiyyən Françeskanın gözlədiyi və özü düşündüyü kimi, layiq olduğu şahzadə deyildi. Françeska Alessionun təklifinə razılıq verəndə, artıq o, biryaşlı uşağın anası idi. Hamıya məlum idi ki, körpə Naykenin atası Alessio deyil.
Bütün ailə üçün Naykenin atasının kimliyi sirli "o kişi" kəlməsi altında gizli qaldı. Françeska anasına, bacısına, hamıya, hamıya onun kim olduğunu söyləməkdən imtina edir, yalnız milliyyətini söyləməklə kifayətlənirdi: ispan. Deməli, o, milliyyətcə ispan kişi onun gözlədiyi şahzadə imiş və qıza vəd edibmiş ki, onu kraliça edəcək. Bəzi təfərrüatlardan yalnız bacısı Klaudianın xəbəri var idi. Françeska hamilə olduğunu bilən kimi, o kişinin yanına qaçıb, səfeh kimi inanıb ki, ispan bütün problemləri həll edəcək. Françeska sadəlövhcəsinə romantik arzuların qanadlarında uçur, xəyallarında gələcək həyatının bir-birindən maraqlı ssenarilərini düzüb-qoşurdu. Amma uşaq haqqında eşidən kimi, kişi saxta mehribanlıqla qızı öpüb, hər şeyin yaxşı olacağını dedi və birdəfəlik yoxa çıxdı.
Katolik ailədə belə bir hadisənin qalmaqala çevrilməsi təəccüblü deyildli. Ana ağlayır, yaxın və uzaq qohumlar yığışıb məşvərət etməyə başlayırdı. Abort haqqında söhbət gedə bilməzdi, heç qürurlu Françeskanın özü də belə iş tutmazdı. Əslində, ona əzab verən qaçıb-aradan çıxmış o ispan idi. Ona elə gəlirdi ki, birdən əgər ispanla küçədə rastlaşsaydı, onu öz incə əlləri ilə boğub-öldürərdi. Françeska heç cür anlaya bilmirdi ki, necə ola bilər, hansısa bir kişi onun kimi gözəldən imtina eləsin? Buna qədər ona elə gəlirdi ki, həyatda onun qarşısına çıxa biləcək yalnız səadət ola bilər. Kişilərin baxışları yenə ona ən arzuedilən qadın olduğunu deyirdi. Yoldan keçən maşının yarıaçıq pəncərəsindən kişilər onun bədəninin müxtəlif hissələrinə təriflər qışqırırdılar. İtalyanlar qadın gözəlliyindən açıq-saçıq danışmağı xoşlayırlar. Amma özünü atılmış görəndə, Françeska artıq çaşqın qalmışdı. Onun həyat və özü haqqında əvvəlki təsəvvürlərini, elə bil, yerindən laxlatmışdılar. Əlbəttə, buna qədər də anasının yanına çay içməyə gələn qadınların söhbətlərindən bilirdi ki, kişilər qadınları ata bilər. Lakin onun təsəvvürünə görə, kişilər yalnız çirkin, qocalmış, kökəlmiş qadınları, yəni atılmağa layiq olanları ata bilərlər. Məgər onun kimi gözəl, əliuşaqlı olsa belə, qadını atarlarmı?! Eh, səfeh qız! Nəhayət, sənə məlum oldu ki, kökəlmiş və çirkin qadınları çox nadir hallarda atırlar. Kişilər əksər hallarda yaraşıqlı qadınlara qarşı satqınlıq edir...

Françeska şəxsi həyatının təfərrüatlarını Stefanoya açmaq fikrində deyildi. O, əlavə məlumatların sevgi münasibətlərinə xələl gətirdiyini yaxşı bilirdi. Pikkolo Françeskanın indiyə qədər çəkildiyi bütün filmlərə baxmaq istəyirdi. Pikkolo sənətdən uzaq adam olsa da, Françeska onun üçün filmlərə baxış təşkil etməkdən imtina edə bilmirdi. O, kinoya laqeyd idi, məqsədi yalnız sevdiyi qadın haqqında daha ətraflı məlumata layiq olmaqdan ibarrətdi. Axı Françeska Rivellinin üstünlüyü təkcə ağır cərrahiyyə əməliyyatlarından sonra evə yorğun gələn əri üçün dadlı pastalar hazırlayan evdar qadın olmaqla bitmirdi. Hər şeydən əvvəl o - Ornella Mutti idi! Bəzən qadının özünə də ikiləşməsi təəccüblü gəlirdi. Belə anlarda o özünə sual verirdi: həyatında hansı hadisələr Françeskanın, hansı hadisələr Ornellanın başına gəlib?

Filmlərə baxışlar zamanı Stefanonun rejissor Marko Ferreridən xoşu gəlmədi. Cərrah onun Françeskanın iştirakı ilə üç filminə baxandan sonra dedi:
- Ağıllı filmdir, amma belə filmlər vaxtı boşa verməkdən başqa şey deyil.
Bununla belə, Stefano onun, Ferrerinin çəkdiyi "Sonuncu qadın", "Bir dəliliyin sonu" və "Gələcək qadındır" filmlərində Françeskanın bir qadın kimi ən yaxşı vaxtlarda olduğunu etiraf etdi. Qadın ona sığınıb soruşdu:
- Deməli, bu filmlərdəki Mutti sənin Françeskadan daha çox xoşuna gəlir? Mən onu sənə qısqanıram.
Buna cavab əvəzinə Stefano diqqətlə, peşəkar baxışla onu ayaqdan-başadək süzməyə başladı. Onun fikrincə, Françeska xüsusi qadın idi, o, tamamilə başqa cür qocalırdı. Hətta superuğurlu plastik əməliyyatdan sonra da cərrah hər bir qadının üzündə gücləsezilən qocalıq əlamətlərini ayırd edə bilirdi. Bunun üçün bilmək lazımdır, hara baxırsan. Amma Françeskada bu əlamətlər hələ də özünü göstərmirdi. Hərdən bununla əlaqədar Stefano zarafatla deyirdi ki, "onun rəfiqəsi özgə planetdən gəlib". Sonra da təəccüblənirdi:
- Heç cür anlaya bilmirəm, əvvəlki kişilər necə səndən qopa biliblər? Yəqin, sən özün amansızcasına onları özündən kənarlaşdırmısan.
Budur, kino ulduzları haqda ən çox yayılan miflərdən biri! Şou-biznes haqda heç bir təsəvvürü olmayan adamın fikridir bu! Lakin onun əri Alessio Orano ilə həqiqətən də belə olmuşdu. Françeska özü onu atmışdı. Bu işdə ona yardımçı rolunda isə Ferreri çıxış etmişdi.
"İntellektual kino" ustası, şəxsən Ferrerinin özü 1975-ci ildə onu "Sonuncu qadın" filminə çəkilmək üçün Parisə dəvət edəndə, Françeska özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi. Artıq onun özü də buna qədər çəkildiyi adi italyan komediyalarından bezməyə başlamışdı. Qırxyeddi- yaşlı Ferreri çəkiliş meydançasında özünü aparmağıyla qızı valeh etmişdi. O, ideyalarını aktyorlara çatdırmaq üçün çığırır, təhqir edir, onları kütbeyin, idiot adlandırırdı. Françeskaya isə "buzov" deyirdi. Bundan qız özünü təhqir olunmuş hiss edirdi. Çünki rejissor bir gün "buzov"dan "inəyə" keçə bilərdi. Françeska özü xasiyyətcə dildəniti və tezküsəyən bir adam idi. Amma bir dəfə növbəti təhqirə dözməyən qız çəkiliş meydançasından qaçıb getdi. Marko da onun ardınca qaçıb küçədə yaxaladı onu. Onlar şəhərin mərkəzində, Parisin ən iri meydanında dayanmış, ətraflarına xeyli adam yığışmışdı. Bu qədər adamın gözü qarşısında Ferreri onu zeytun ağacı kimi silkələyirdi. Ən pis söyüşlərlə çığırır və ətrafdakılar gözləyirdi ki, indi qızı vuracaq. Bir ürəyiyumşaq qarı polis çağırdı. Amma qanun keşikçisi yaxınlaşanda, Ferreri ona cavab olaraq qışqıran qızın ağzını ehtiraslı öpüşlə bağladı. Polis nəfəri əlini yellədib burdan uzaqlaşdı. Beləcə, onların məhəbbət macərası başladı. Marko onun bədənindən ağlını itirəcək qədər cuşa gəlirdi. Bunu özü bir neçə dəfə etiraf etmişdi. Françeska isə yenə də özünü məktəbdə oxuduğu zaman olduğu kimi hiss edirdi. Ona elə gəlirdi ki, dünyanı onun yumru döşləri və gipgirdə gündəyməzi idarə edir. Hər halda, kişilərin dünyasını.
O gün Alessionun yanına evə qayıdanda Françeska özünü, yəqin ki, yaxşı aparmamışdı. Stefano düz deyir, bu kişiyə qarşı insafsızlıq etmişdi. Alessio o zaman sadə oğlandan tipik italyan ailəsinin başçısı, ata roluna girmişdi. O dönüb sentimental, uşağının üstündə əsən, ananı qızcığaza az qayğı göstərdiyinə görə tənbeh edən kişiyə çevrilmişdi. Əslində, qadın özgə uşağına bu qədər qayğıkeşlik göstərən kişiyə hörmət bəsləməli idi. Amma əri Françeskanı qıcıqlandırırdı: pəsdən danşmağı, yumşaq hərəkətləri, həddən artıq praktik olmağı, hər şeylə? Françeska Oranonu öz həyatından amansızcasına qovdu. Kişinin üzünə dedi ki, onunla adam arasına çıxmağa utanır. Sən kişi kimi mənim yanımda eybəcər görünürsən.
...Françeska və Ferreri arasında nə vaxtsa məhəbbət macərası olduğuna Stefano şübhə etmirdi. Hətta bununla maraqlandığını gizlətməyib, rəfiqəsinə belə bir sual da vermişdi:
- Yəqin, sən onu atanda, Ferreri cəhənnəm əzabı keçirib.
Buna cavab olaraq, Françeska, sadəcə, qeyri-müəyyən tərzdə başını yellətmişdi. Əslində, tamam başqa cür olmuşdu. O yox, Marko Ferreri onu atmışdı. Marko ikinci adam idi ki, həmin o ispanmənşəli kişidən sonra, onun qüruruna sarsıdıcı zərbə endirmişdi. Françeska ilə dəli məhəbbətini Marko tezliklə başqa bir qadınla bölüşməyə başladı. Milliyyətcə alman olan Hanna Şiqulla xasiyyətinə görə büsbütün Françeskanın əksi idi. Ornella Muttinin açıq-saçıq, günəş qədər yandırıcı, alışqan, odlu şəhvətinin əksinə olaraq Hanna, özündə erotizmin başqa növünü ifadə edirdi: təmkinli, soyuq, bir az qaraqabaq, həm örtülü, həm də çox şeylər vədedici. Marko Şiqullaya üstünlük verdi.
Stefano ilə söhbətlərində Françesko o qədər özünü Ornellaya qarşı qoyurdu ki, nəhayət, bir gün Stefano maraqlanmalı oldu: "Görəsən, mənim hazırkı rəfıqəm kimdir, Françeska, yoxsa Ornella?". Düzünə qalsa, çox çətin sual idi. Françeskanın başı çox müsibətlər çəkmişdi. Ornella isə xoşbəxt yaşamışdı...

Məsələn, Françeskanın iki-üç saat qapını bağlayıb, otaqda tək oturmasından Stefano təəccüblənirdi. Amma burada təəccüblənəsi heç nə yox idi. Sadəcə, qadın meditasiya ilə məşğul olurdu. Bir neçə il bundan öncə dini mənsubiyyətinə görə katolik olan Françeska dəyişib buddizmi qəbul etmişdi. Bu yola onu həyat özü salmışdı. O, mantralar oxuyur, Romanın meydanlarında bu yeri hifz edən ruhları qidalandırma mərasimini həyata keçirirdi. Özü də o, bütün bunları hamının gözü qarşısında və heç kimə məhəl qoymadan edirdi. Bir dəfə Stefanonun və enli şlyapa, qara, iri eynək taxmasına baxmayaraq, onu tanıyıb, ətrafına yığışan adamların yanında dodaqaltı dualarını pıçıldaya-pıçıldaya cibindən qutular çıxarıb yerə qoydu. Meydanın göyərçinləri qutuların üstünə uçub, oradakı qidanı dənləməyə başladı. Stefano buna zarafatla dedi:
- Vay səni, bu quşlar ruhlar üçün qida saxlamadılar.
Françeska zarafata cavab olaraq, Stefanoya kinli nəzər yetirdi. "Allah sənə ağıl verməyibsə, onda...".

Bəs Ornella Muttinin başına nələr gəlib? Oranodan ayrılandan və Ferrerinin xəyanətindən sonra, onun ayağı altına düşən pərəstişkarlarının sayı-hesabı yox idi. Françeska, daha doğrusu, Ornella gün-gündən məşhurlaşırdı. Aktrisanı, hətta rus sovet rejissoru Çuxray özünün "Həyat gözəldir" filminə baş rola dəvət etmişdi. O, bir çəkiliş meydançasından digərinə tələsirdi. Bu onun həyat tərzinə çevrilmişdi. Belə həyat tərzi, digər aktyorlardan fərqli olaraq, Ornellanın xoşuna gəlirdi. Parisdə, hətta hökumət üzvləri təntənəli surətdə ona hədiyyələr verirdilər. İngilis milyonçuları və zadəganları ona evlənmək təklifi edirdilər. Kübar şəxslər onunla ünsiyyətdə olan zaman səviyyəsiz görünməməkdən ötrü guya ağıllı söhbətlər aparır və bu zaman qarşılarında duran italiyalı mələk xanımın irəli qabaran mərmər sinəsinə baxmağa cəsarətləri çatmadığından, nəzərlərini o tərəf-bu tərəfə yönəldirdilər. Prodüser və iş adamı Federiko Fakkinetti isə işgüzar söhbətlərarası fürsət tapıb, onun bədəninin, demək olar, hər yerinə təriflər söyləyirdi. Bu sözlərdən Françeska əriyirdi. İtaliyalı iş adamı ondan on yaş böyük idi və qadının ürəyini səxavətli olması ilə ələ ala bilirdi. Səxavət italiyalı kişilərə məxsus olan cəhət deyil. İtaliyalı kişilər sözdə romantik, əliaçıq olur, əslində isə qəpiyi-qəpiyin üstünə qoymaqla məşğuldurlar. Əgər italiyalı kişi Milad bayramında qadına bahalı hədiyyə verirsə, deməli, sevgililər günündə buna kompensasiya olaraq balaca tort və ya bircə dənə açıqca ilə kifayətlənəcək. Fakkinetti isə əksinə, məşuqəsinə hədiyyə almaqdan yorulmurdu. Həftənin hər günü Françeskanın bədəninin müəyyən yerinə həsr olunduğundan, həmin hissəcik üçün bir hədiyyə alırdı. Bazar günü isə hədiyyə bütövlükdə "bədənnüma Françeska"ya həsr olunardı. Bununla belə, Federiko davranışında çox yumşaq idi, onunla ev istisi, ev rahatlığı hiss edirdin. Qadını anasının dadlı piroqlarına qonaq aparırdı. Əyninə güllü önlük geyinib, mətbəxdə çalışan bu qarı onda kövrək hisslər yaradır və ağlına belə fikir gəlirdi ki, Federiko ilə o, gözəl ailə qura bilərlər. Bütün bunlar o demək idi ki, Françeska təslim olurdu. O, pünhan fikirlərini yalnız bacısıyla bölüşürdü:
- Məni heç bir kişi belə sevməyib. Başa düşürsənmi, Federiko təkcə mənim bədənimi yox, həm də ürəyimi sevir.
Klaudia başa düşmürdü, amma bu an bacısıyla mübahisə etməyin də əhəmiyyətsiz olduğunu anlayırdı. Bu zaman onun agentləri ilə Fakkinelli özü məşğul olurdu. O, ssenariləri götürüb oxuyur, yaxud özünü elə göstərirdi ki, guya oxuyur. Hərdən öz rəyini bildirirdi. Birdən əgər Federikonun rəyi "belə bekara film səviyyəsinə enmək lazım deyil" sözləri ilə ifadə olunardısa, vəssalam, Françeska həmin roldan imtina edərdi.
Hamilə olduğunu biləndə Françeska arxayın qərar qəbul etdi. Doğmaq lazımdır, qoy onların böyük ailəsi olsun. Onların oğlu Andrea və qızları Karolina dünyaya gələndə Federikonun sevincinin həddi-hüdudu yox idi. Hətta bəzən Françeskaya elə gəlirdi ki, o öz sevincini teatral formada şişirdir...
...Həyatında ən çox məyus olduğu günü Françeska elə xatırlayırdı ki, elə bil bu, dünən olub. Romanın mərkəzində yerləşən iri mənzilində səhər oyanan Françeska uzun müddət çarpayıdan durmaq istəmirdi. Yerində uzanıb xumarlanır, küçədən gələn maşınların səslərini, dükanların açılmasını, satıcıların çığırtısını dinləyirdi. O günü çəkiliş yox idi, heç hara tələsmək lazım deyildi. O, uşaqlar olan otağa baş çəkdi, işıltılı-sarı rəngli tutuquşu ilə söhbət edə-edə qəhvə içdi. Stolun üstündən təzə qəzetlərdən birini götürüb, tənbəl-tənbəl vərəqləməyə başladı. Birdən səhifənin üstündə iri hərflərlə verilən başlığı görüb büsbütün dəyişdi, özünü dikəldib bir daha diqqətlə oxudu: "Çelentano arvadından üzr istəyir". Françeska acgözlüklə yazını oxumağa başladı. Cəfəngiyatdır! Jurnalist uydurması! Məqalədə yazılırdı ki, Adriano Çelentano Ornella Mutti ilə eşq macərasına görə peşmandır və bilmədən tutduğu bu əmələ görə açıq şəkildə arvadından üzr istəyir… Françeka məqaləni oxuyan kimi başılovlu yerindən sıçrayıb telefona doğru qaçdı.
...İki il bundan əvvəl, "Şıltaq kişinin ram edilməsi" filmində Françeska Adriano ilə tərəf-müqabil çəkilmişdi. Zahirən çirkin, amma şeytani cazibəyə malik olan bu müğənni və aktyor hara gedirdisə, oraya özü ilə bayram əhvali-ruhiyyəsi aparardı. Hamı deyib-gülər, zarafatlaşar, şənlik edərdi. Adriano, elə bil, əla növ şampan şərabı idi, Françeskanı sərxoş edib ağlını başından almışdı. O, müğənninin bütün konsertlərinə gedir, parterdə oturan onbeşyaşlı qızlarla bir ayağa durub rəqs eləyir, əl çalır, atılıb-düşürdü. Hərdən onlar birgə Rimini çimərliyinə gedərdilər. Heç kim Adriano kimi həyatdan həzz ala bilməzdi. Nəyləsə məşğul olanda, o, bütün varlığı ilə özünü bu işə həsr edirdi. Dalğaların qoynuna atılanda, elə bil, dünyaya yalnız bunun üçün gəlib və deyərdin ki, buna görə, hətta həyatını qurban verməyə belə heyfsilənməz. Restoranda onun kimi heç kim düzgün yemək və şərab seçə bilməzdi. Françeska yaxşı bişirilən yeməkləri onun necə ləzzətlə içəri ötürməsindən həzz alırdı. Bəs onun sevişməyi? Françeskanın ömründə belə oynaşı olmamışdı. Zalım oğlu, elə bil barıt idi, od dəyən kimi ehtirasları partlayır, qadına heç nəfəsini almağa macal vermirdi. Françeska ümid edirdi ki, əri Federiko şübhəyə düşməyəcək. Çox maraqlıdır ki, onun yanında özünü günahkar hiss etmirdi. Əri işdən qayıdana kimi o özünü evə çatdırırdı. Çəkilişlərin sərbəst rejimdə aparılması ona manevr etməyə imkan yaradırdı. Əslinə qalanda, onlar Adriano ilə heç gizlənmirdilər də. Bircə "əmma" var idi. Çelentano onunla bazar günləri görüşməzdi. Həmişə "Qohumumgilə qonaq gedəcəyik", "Bibim xəstələnib" kimi bəhanələr gətirərdi. Françeska bunların bəhanə olduğunu anlayırdı. Səbəb isə onun ailəsi idi. Qadın bununla əlaqədar ondan heç nə soruşmaz, Adriano özü də bu mövzuda danışmağı lazım bilməzdi. Və bütün bunlardan sonra ortaya belə bir məqalə çıxarmaq?! Birdən əgər bu yazı onun ərinin əlinə düşsə, necə olacaq?
...Françeska onunla Adrianonun ümumi dostu Antonio Kavettinin nömrəsini yığdı. Antonio məsələnin nə yerdə olduğunu onu başa salanda, qadının növbəti xəyalları alt-üst oldu. Sən demə, bəzi kişilər "ana uşağı" olan kimi, italyan kişiləri də öz həyat yoldaşlarının uşağı olur. Sinyora Çelentano ötkəm və hökmlü qadın idi. Deyilənə görə, Adrianoya karyera yaratmaqda o köməklik göstərmişdi. İndi isə onun cilovunu əlində saxladıqdan ötrü uşaqları ilə onu hədələyirdi. Françeska sarı mətbuatı oxumadığından, onların Çelentano ilə əlaqələri haqda neçə vaxtdan bəri qəzetlərdə şeypur çalındığından xəbəri yox idi. İndi isə budur, sinyora Çelentano Adrianoya uttimatum verir. O da nümunəvi uşaq kimi, daha doğrusu, nümunəvi ər kimi açıq şəkildə xanımı qarşısında günahlarını mətbuat vasitəsilə boynuna alır.
Hətta bu hadisədən sonra da Françeskadan gizlənmək fikri heç Adrianonun ağlına gəlmədi. O özü Françeskaya zəng vurub, məsələdən xəbərdar olan rəfiqəsinə dedi:
- Fikir vermə. Bu, taktiki gedişdən başqa bir şey deyil.
Hadisədən sonra onlar bir müddət hələ sevgilərini davam etdirirdilər. Amma qəlbinin dərinliyində Françeska artıq məyus olmuşdu. Adriano, əslində, göründüyü kimi sərbəst, həyatsevər kişi deyildi. On dəfə bundan cazibədar olsa da, arvadının çəkməsi altında qalan kişidən şahzadə çıxmaz.
Məqalədən iki gün sonra Françeskanı yeni zərbə gözləyirdi. Bu dəfə qəzeti onun üçün onların evində qalan katibə gətirdi. Nədənsə qorxmuş qız onun üzünə baxa bilmirdi. Qəzetdə "mister Muti" ilə, mətbuat onun əri Federiko Fakkinettini belə adlandırırdı, intim əlaqədə olan qadının müsahibəsi dərc edilmişdi. Qadın açıq şəkildə "mister Muti" ilə seksual əlaqələrindən danışırdı. Hələ üstəlik, oynaşının ona gözəl həyat yoldaşı barədə nə dediyini bəyan da edirdi. Guya o - Françeska darıxdırıcı, soyuq və dəhşətli dərəcədə yeknəsəq qadındır. Fakkinellinin məşuqəsi təkəbbürlə qeyd edirdi ki, baxmayaraq ki onun qırx beş yaşı var, yenə də məşhur "seks-bomba" aktrisadan maraqlı qadındır.
Françeska heç nə başa düşmürdü. Federika axşam həyat yoldaşının qarşısında başıaşağı durub hər şeyi inkar edirdi. Birdən özündən asılı olmayaraq Françeska ərinə belə bir təklif etdi:
- Onda sən qəzetdə açıq şəkildə o qadının dediklərinin yalan olduğunu bəyan etməlisən.
Françeska Çelentanonun arvadı kimi bu qalmaqaldan məmnun çıxmaq istəyirdi. Federiko başını yellədib əmin etdi ki, deyilənə əməl edəcək. Lakin əməl etmədi. Bundan başqa, bir müddət sonra Françeskaya məlumatlar yetişdi ki, onun əri maliyyə fırıldaqları ilə məşğuldur və güman ki, böyük borclara görə həbs oluna bilər. Əvvəlcə Françeska inadla bunlara inanmaqdan imtina edirdi. Amma bir gün diqqətlə ərinə baxdı. O, döyülüb-qısılmış küçüyə oxşayırdı. Onu belə görəndə Françeska deyilənlərə inandı. Bu barədə qəzetlər də durmadan məlumatlar verirdi. Qəzetlərdəki yazılardan Françeskaya məlum oldu ki, "mister Muti" böyük məbləğdə pulları məşuqələrinə xərcləyir və kazinolarda uduzurdu.
Görəsən, bütün bunları Stefanoya danışmağa onu məcbur edən nə idi? Françeska kişilərə, məhəbbətə, ailə səadətinə inamını itirmişdi…
Əri ilə boşanandan sonra Françeska dostlarının məsləhətinə qulaq asıb Nepala getdi. Çoxları təskinlik tapmaq üçün ora gedirdi. Monastırın soyuq divarları arasında buddist rahiblərlə uzun söhbətlər etdi. Qadın onların təlimini belə başa düşürdü: bizim həyatımızda hər şey dəyişir, sonda final dəyişiklik bizi ölümə aparır ki, ordan yenidən başqa qiyafədə dünyaya qayıdırıq. Həyatı dəyişməzlik bilib, ondan möhkəm yapışmaq ən böyük səfehlikdir. Daim ətrafında hər şeyin çay kimi axmasına və dəyişməsinə imkan verməlisən.
Evə qayıdan kimi Françeska öyrəndiyi təlimi həyata keçirməyi qərara aldı. O daha heç nəyi möhkəm tutub-saxlamağa çalışmayacaq. Hətta ötüb-keçməkdə olan gəncliyini də. O özünə qocalmağa icazə verirdi. Nayke onu nənə elədi və Françeska cəsarətlə dostları arasında ucadan deyirdi:
- Bəli, mənim nəvəm var.
Stefano Pikkolo onun həyatında elə bir vaxtda peyda oldu ki, bu zaman o heç kimi və heç nəyi gözləmirdi. Stefano ilə bir damın altında yaşaya-yaşaya Françeska yenə özünə söz verirdi ki, heç nəyi tutub-saxlamağa çalışmayacaq. Gənc məşuqunu qısqanmayacaq və öz həyatına növbəti yeniliklərin daxil olmasına mane olmayacaq.
Bir dəfə axşam Nayke anasına zəng vurub, ona maraqlı bir hadisəni danışdı: Berlində olarkən qızı alman siyasətçisi Kristian Vulfa təqdim etdilər. Alicənablığı, nəzakəti, səliqəsi və yaraşığı ilə kişi Naykeni valeh etmişdi. Özü də cavan idi, yaşı qırxdan yuxarı olmazdı. Məlum oldu ki, Vulf Nayke Rivellini tanımır. Amma onun Ornella Muttinin qızı olduğunu eşidəndə, siyasətçi sevincindən, az qala, məktəbli uşaq kimi yerində tullanmağa başladı. Naykeyə, az qala, yalvara-yalvara dedi:
- Siz məni ananızla tanış edə bilərsiniz?
Françeska söhbətdən məmnun-məmnun güldü və bir az ciddiləşib əlavə etdi:
- Yəqin, bu Vulf dediyin məni iyirmi il bundan əvvəl çəkildiyim filmlərdən tanıyır.
Nayke ona etiraz etdi:
- Sən nə danışırsan, o hər həftə Ornella Muttinin apardığı teleşouya baxır.
Telefonun dəstəyini yerinə qoyandan sonra, Françeska dağınıq saçlarını sahmanlayıb iri güzgüyə yaxınlaşdı. Bir qədər təkəbbürlə güzgüdə öz əksini seyr edə-edə düşündü ki, "Deyəsən, bu ləqəb mənə uğur gətirdi". Elə Stefano da onu əvvəlcə Ornella kimi tanımışdı. Onların əlaqəsi, çox güman ki, əvvəlkilərtək mənasız şəkildə bir gün qırılacaq. Yeri gəlmişkən, buddist rahiblər də ona adın insan taleyinə təsirindən danışmışdılar. Görünür, Françeska Romane Rivelliyə xoşbəxtlik heç bir zaman nəsib olmayacaq. Ornella Muttinin isə hələ qarşıda çox şansları var...

Tərcümə edəni: N. Bədəlov

 

0 şərh