Madam Pompadur

Bu qadını «ilk baş nazir» və Russo, Volter və Napoleonun xaç anası hesab eləyirlər
Maarifçi filosof bernar Le Bovye deyir ki, «Heç kim Fransanın qadınlarının ölkə üçün elədiklərini layiqli şəkildə qiymətləndirə bilməyib». Fransanın zərif yarısına yüksək qiyməti verən filosof əlbəttə ki, bu sıraya siyasətçilərin Pompadur dövrü adlandırdığı markizanı da nəzərdə tuturdu. Markiza de Pompaduru ilk qadın baş nazir də adlandırırlar.

«Bu qız nə vaxtsa kralın favoritkası olacaq» demişdilər
15-ci Lüdovikin favoritkasının ən qəddar rəqiblərinə onun keçmişində eşələnməyə yalnız qadının əlində topladığı hakimiyyəti mane olurdu. Hətta danışırdılar ki, onun atası nökərlikdən çıxıb sonra varlanmış və ailəsini atmış bir adamdır. Belə fikir də var ki, o saray finansisti Norman de Turnemenin qızıdır. Ona görə də əsil atası onun tərbiyə və təhsilində yaxından iştirak eləyib. Bu qıza çəkilən xərclər özünü doğruldurdu. O, gözəl rəsm çəkir, musiqini sevir, məlahətli səsi vardı, şerlərə xüsusi ehtirası, və deklomasiya etmək bacarığı da vardı.
19 yaşında Janna öz hamisinin, bəlkə də atasının qohumu ilə nigah bağladı. Onun nişanlısı kifir, balacaboy, amma varlı və ona son dərəcə vurğun idi. Puasson böyük məmnuniyyətlə zəhləsi getmiş soyadından canını qurtararaq madam d Etiola çevrildi. İki il keçmiş dünyaya gələn qız uşağı da bu xanımın kral haqqında xülyalarını beynindən çıxara bilmədi. Hələ o vaxtlar deyirdi ki, «Yalnız kralla olmaq xətrinə mən ərimə xəyanət eləyə bilərəm».
O kralın bütün maraqlarını əzbərdən bilirdi. Kralın adətən ov elədiyi Senar meşəsində gəzintiləri də bu səbəbdən olurdu. Meşədə nəfis geyimlərdə, mavi, ya da çəhrayı faytonda gəzişən Janna kralın gözündən qaçmamışdı. Bu, kralın favoriti hersoqinya de Şatorunun da gözünə dəyməyə başladı. Ona görə də Jannaya bu yerlərdə görünmək qadağan edildi. Amma deyəsən, kartlar yalan demirdi, çünki cəmi 27 yaşı olan kral favoriti qəflətən vəfat edir.
Kralla növbəti görüşü maskarad balında baş verir. Janna bilərəkdən möhkəm ətirlənmiş dəsmalını yerə saldı ki, kralın diqqətinə çəkə bilsin. Bu sevgi sekayətinin başlanğıcı idi. Fransa kralını arvadbaz sayırdı. Özünə layiqli arvadını o, 11 yaşında tapmışdı. 15 yaşın tamamında evlənən kralın arvadı ondan 7 yaş böyük idi. Son dərəcə dindar olan sakit təbiətli xanım 12 ildə ona 10 uşaq doğmuşdu. Bu illər ərzində ailə və dövlət qayğılarından yorulub bezən kral başını qatmağa yer axtarırdı. Axtardığı rahatlığı gözəl sənətdə və gözəl qadınlarda tapa bilirdi. Onlar balda rastlaşanda kral artıq 35 yaşındaydı.

«Öz mənliyin olmasa, başqalarında bu keyfiyyəti görə bilməzsən»
Janna kralın lojası ilə yanaşı teatrda yer almaq üçün bütün bacarığını və məlahətini, eləcə də ərinin pullarını işə salmalı olmuşdu. Onun zəhməti boşı getmədi sünki kral onu birlikdə nahara dəvətinə layiq bildi. Kral nahar yeməyini lojadakı otağa gətizdirəndə bütün Paris bilirdi ki, bunun sonu nəylə bitəcək.
Bunu başlanğıc da saymaq olardı, amma kral ilk görüşdən sonra bildirdi ki, madam çox məlahətlidir, amma onun təmənnalı və bir qədər vulqar olması da gözə çarpır. Başqa qadının bundan sonra əlləri yanına düşərdi. Amma Janna növbəti çox çətinliklə əldə elədiyi görüşündə bütün artistik istedadını işə saldı. Guya əri onların əlaqəsindən xəbər tutub və qısqanclıqdan onu öldürə bilər. Amma o, buna baxmayaraq dünyalar qədər sevdiyi insanın görüşünə gəlib sonra ölməyi üstün tutur. Bu səhnələr maraqsız saray  intriqalarından çox fərqlənirdi. Göz yaşları, qucağına atılmaqlar və Rasinin faciələrindən sitatlar… Kral bu qadına Versal sarayında qısqanc ərindən gizlənməyə icazə verməyə də bilməzdi. Əlbəttə, kral bu tamaşadan sonra «bravo» çığırmadı, amma söz verdi ki, Flandiyadan döyüşdən qayıdan kimi «qurban»ı rəsmi favoriti elan edəcək. Saraya onu markiza de Pompadur kimi təqdim elədilər. Sarayda Jannaya ən xoş münasibəti kralın arvadı göstərdi. Qalanları isə hiddətlənirdi. İndi onlar plebeyin qarşısında baş əyməli idilər? Ona görə də markizanı Qrizetka adlandırmaqla hər an ona Paris küçələrində gəzişməklə başını dolandıran qadınlardan fərqlənmədiyini vurğulamaq istəyirdilər.

Fransanın ən ecaskar qadını
5 yaşında kral olmuş Lüdovik 35 yaşınadək dünyanın hər üzünü görmüşdü deyən o dəhşətli dərəcədə darıxırdı. Bütün məşuqələrindən təkcə Pompadur onun qüssəsini dağıda bilirdi. Janna – Antuanetta nadir gözəllikdə bir qadın idi: kül rəngində saçları, yaşıl gözləri, heyrətamiz dərisi, gözə bədən quruluşuna Volterin tərif dolu sözlərini əlavə etsək tam portret alınar. Amma deyirlər ki, bütün bu məziyyətlərlə yanaşı o, qadın kimi soyuq idi. Odlu məşuq kimi ad çıxarmış kralı bu əlbəttə ki, qane eləyə bilməzdi. Bir allah bilir ki, ehtiraslı məşuqunu itirməməkdən ötrü markiza özünə hansı zülmlər verib.
Sarayda elədiyi sonsuz sayda yeniliklər kral üçün mücrüdən çıxan sürpriz kimi gəlirdi. Janna Lüdoviki gah gözəl memarlıq dünyasına, qəribə sarayların əhatəsinə, gah da yüzillik ağacların portikinə, qızıl güllər cəngəlliklərinə apara bilirdi. Markiza hər dəfə onun qarşısında yeni, tanınmaz görkəmdə olmağı bacarırdı. Bununçün o, makiajlar, kostyumlar uydurmalı olurdu. Markiza gah sultan xanım, gah da kəndli qızı kimi geyinirdi. Kral üçün xüsusi olaraq o, «neqlije a lya Pompadur» (yəni pompadur üslubunda çılpaqlıq) adlandırılan kostyum uydurmuşdu. Bu türk gödəkcəsi kimi bir geyim idi. Bu kostyumda markiza gizləmək istədiyini gizləyə, göstərmək istədiyini göstərə bilirdi.  1 milyon livr onun paltarlarına, 3,5 milyon kosmetikasına, 4 milyon teatra, 3 milyon atlara, 2 milyon zinət əşyalarına, 1, 5 milyon nökərlərə , 12 min frank isə kitablarına ayrılmışdı. O indi bir növ Versal Şəhrizadına çevrilmişdi. Kral hər axşam favoritinin qonaq otağında maraqlı adamlarla görüşürdü. Buşardon, Monteskye, Fraqonar, Buşe, Ramo, Büffon – onlar bədii və intellektual elitanın nümayəndələri idi. Volter burada xüsusi qarşılanırdı. Markiza Pompadurun sayəsində Volter şöhrət qazanaraq akademik yerini və Fransanın əsas tarixçisi və saray kamerqeri vəzifəsini qazanır. Belə maraqlı həmsöhbətlər kralı cəzb eləməyə bilməzdi. 1751-c ildə ilk fransız Ensiklopediyası işıq üzü gördü. Ensiklopediyanın redaktoru və ideya müəllifi Deni Didro absolütizm və kilsəyə qarşı çıxmasına baxmayaraq markizanın gözündən düşmədi. Əksinə, Didronun ehtiyatlı olmağa çağıraraq ona dəstək də verirdi. Fransız maarifçilyinin başqa nümayəndəsi Jan d Alamberə o, maddi dəstək verirdi. Hətta öz ölmünə az qalmış d Alamberə ömürlük pensiya də qoparmağa nail olmuşdu. Azadlıqsevər Jan-Jak Russo isə markizadan incimişdi ki, niyə onu krala təqdim eləmir və pensiya kəsdirməyib. Amma markiza onun «Sibir kahini» əsərinin tamaşaya qoyaraq burda kişi rollarından birini ifa etmişdi.
Ümumilikdə teatr markizanın parlaya biləcəyi bir sahə idi. Tanınmaz dərəcədə dəyişikliklərə meylllik, inanılmaz gözəllikdə geyimlərin yaradılması (bu geyimlər bütöv bir dövrün dəbini müəyyən eləmişdi), bərbərlik və makiaj sahəsində sonsuz axtarışlar təkcə kralı yanında saxlamaq cəhdləri deyildi. Bu markizanın zəngin bədii təbiətinin diqtəsi idi. Markizan planı əsasında Versalda Kamera teatrı fəaliyyətə başladı. İlk tamaşada Molyerin «Tartüf» əsəri tamaşaya qoyulmuşdu. Tamaşa gözlənildiyindən də yaxşı alınmışdı. Kral Jannanın oyunundan valeh olmuşdu: «Sən Fransanın ən ecaskar qadınısan» demişdi.

«Xeyirxahlıq eləməkçün ağıllı olmalısan. Axmaqların buna gücü çatmaz»
Markizanın şit saray qadınlarından üstünlüyü göz qabağındaydı. Saray əhlini, səfirləri Versalın ən dəbdəbəli zallarından birində təmtəraqlı paltardə qəbul edərdi. İri zalda cəmi bir oturacaq olardı, qalanları ayaq üstə dayanmağa məcbur idi. Markizanın qohumları da öz saatını gözləyirdi: kimisi varlı adama ərə verilir, o birisi adlı-sanlı nəsillə qohum olurdu. Ömürlük rentalar, titullar, hədiyyələr sel kimi axırdı.
Tikinti markizanın teatrdan sonra ikinci ehtirasıydı. Onun o qədər malikanəsi vardı ki, başqa favoritkalar bunu yalnız yuxularında görə bilərdi. Aldığı malikənə yenidən tikilir, dəyişdirilirdi. Markiza bəzən layihələri də öz əliylə çəkirdi. Yasəmən kolluqları, qucuq-qucaq nərgizlər, bənövşələr, qərənfillər, dərin olmayan göllər ətrafında kiçik köşklər, «səhər dumanı rəngində» qızıl gülləri kolları – bu markizanın landşaf yaradıcılığında sevimli istəkləridir.
Almanlara aid hər şeydən zəhləsi gedən və sakson farforunun şöhrətindən hiddətlənən markiza özü farfor istehsalına başladı. Bununçün iki bina tikildi, biri işçilər, o biri istehsal üçün. Markza özü bura gələrək fəhlələri həvəsləndirir, təcrübəli ustalar tapır, rəssam və heykəltaraşları işə cəlb eləyirdi. Forma və rənglərin seçimini də heç kimə etbar eləmirdi. Nəticədə alınan incə çəhrayı rəngi də onun şərəfinə «Rose Pomradour» adlandırmışdılar. Bu farforun ilk nüsxələrinin təqdimatı Versal sarayında oldu. Markiza özü sevimli farforunu sataraq «kimin ki, pulu var və bu farforu almır, deməli o, ölkəsinə layiq vətəndaş deyil» deyirdi.
Sen-Siredəki nəcib qızlar institutuna səfəri zamanı markizanın ağlına gəlir ki, müharibə veteranları və kasıb düşmüş zədəganların oğlanları üçün hərbi məktəb açsın. Kralın razılığını almaq əlbəttə ki, çətin olmadı. Məktəbin tikintisinə vəsait çatışmayanda markiza qalan məbləği öz cibindən qoydu. İşi sonuna yetirməkçün kral kart oynamağı sevənlərin boynuna vergi qoymalı oldu. Həmin vəsaitlə tamamlanan məktəbin ən məşhur məzunu bura 19 yaşında oxumağa gəlmiş Napaleon Bonopart sayılır.

Qoca koketka
30 yaşın ərəfəsində markiza Lüdovikin sevgisinin sönməyini hiss etməyə başladı. Markiza cəmi 5 il kralın məşuqəsi oldu. Növbəti 15 ildə isə kralın ən yaxın dostu və bir çox, hətta dövlət əhəmiyyətli məsələlərdə məsləhətçisi idi. Hakimiyyəti əldən vermək fikrində olmayan markiza vəziyyətdən maraqlı çıxış yolu tapdı. Kralı daha gözəl və daha ağıllı qadının əlinə verməməyin bircə bu yolu qalırdı. Parisin gözdən uzaq küçələrinin birində o 5 otaqlı ev kirayələyir. Bura kralın markizanın dəvətilə seçilmiş qadınlarla görüş yeri idi. Gizli gələn kralı qadınlar vacib cənab bilirdi. Kralın marağı sönən kimi qızı layiqli cehizlə ərə verirdilər. Nəticədə dünyaya uşaq gələrdisə anası ilə bərabər o yaxşı renta alırdı. Markiza isə birinci favorit kürsüsünü heç kimə vermirdi. O kral üçün cavan xanımları özü tərbiyə edirdi. Kral bundan çox razı idi.
Cəmi bir dəfə Mariya –Luiza Merfi adlı cavan irland qızı markizanı taxtdan salmaq təhlükəsiylə qarşı-qarşıya qoydu. İki il sürən münasibətdən sonra ürəklənən Luizon Morfi zənn elədi ki, indi o, nə istəsə danışa bilər. Ona görə bir dəfə kraldan «Bizim qoca koketkamız necədi?» soruşmağa bəndmiş 3 gün sonra o, Lüdovikdən doğduğu qızıyla birgə məşhur evi tərk eləməli oldu.
Siyasi rəqiblərin öhdəsindən eyni casarətlə cələn markiza Pompadur bu imtahanı da rahat keçirdi. Amma hər dəfə yeməyini yoxlamalı olurdu. Zəhər bütün dövrlərdəki kimi ən yaxşı silah olaraq qalırdı. Ona görə də yeganə qızının ölümünü düşmənlərinin zərbəsi kimi qəbul elədi. Ən yaxın rəfiqəsi düşmənlərinin cəsusu olanda artıq markiza ruhdan düşməyə başladı. Tənhalıq rahatlıq vermirdi, kral gün-gündən daha çox dosta çevrilirdi. O, markizanın saxlamaqçün buraxdığı məbləği 8 dəfə azaltmışdı. Kral markizanı mərhəmət hissindən, özündən uzaqlaşdırmırdı. Bilirdi ki, o, həssas və duyğusaldır. Ətrafdakılar da qorxurdu ki, kral onu atsa markiza melanxoliyadan ölə bilər.

«Son gəzinti üçün nə pis hava seçmisiz, madam»
Öləndə xanımın yatağının yanındakı dolabdan cəmi 37 luidor pul tapıldı. Bütün Fransanın israfçılıqda ittiham elədiyi, pulları xaricə köçürməkdə günahkar bilinən xanımın maddi durumu acınacaqlı imiş. Xəstəliyi artanda 70 min luidora qədər borc almalı olmuşdu. Kral yazarı tarixə belə yazdı: «Markiza de Pompadur, saray xanımı 43 yaşında axşam saat 7-də kral sarayında rəhmətə getdi». Amma kral sarayında ölməyə kral nəslindən olmayanlara icazə verilmirdi. Kral bunu bilsə də, sevimli markizasına sarayda ölmək imkanı yaratdı. Dəfn marasimi üzünü Parisə tərəf döndərəndə Lüdovik sarayın eyvanında leysan yağışın altında dayanıb göz yaşı tökürdü: «Son gəzinti üçün nə pis hava seçmisiz, madam».

«Bizdən sonra istəyir lap daşqın olsun»
Markizanın 20 illik hakimiyyəti Fransaya 36 milyona başa gəldi. Amma onu çox tez unutdular. Markiza Pompadur ərinin yanında vəfalı arvadı olsaydı, dünya çox şeylər itirə bilərdi. İndi «pompadur» adlandırılan saç düzümünü tanımazdıq. Markizanın boyu balaca olduğuna görə hündür daban geyinir və hündür saç düzümü gəzdirirdi. Pompadur adlanan rəng mavi və çəhrayınıın qarışığı olan bir rəngdir. Dəyirmi formada yonulan və «markiz» adlanan brilyant forması markiza de Pompadurun adııyla bağlıdır. Çünki qadının dodaqlarının formasını xatırladır. Şampan şərabını adətən ya  zambaq şəkilli, ya da konus şəkilli bokallara süzürlər. Bu abət 15-ci Lüdovikin vaxtından qalıb. Markizanın döşləri bu formadaydı. Balaca, yumşaq dəridən tikilmiş radikül də pompadur adlanır. Bu da onun kəşfidir. Onun hər yerdə əkdiyi sevimli qızıl gülləri də Pompadur qızıl gülləri adlandırılıb.
Markiza qadınların beynində daim dolaşan və bəzən həlledilməz sayılan ən böyük problemin həllini tapmışdı: Necə eləyəsən ki, 20 il kişini yanında saxlaya biləsən? Əgər o kraldısa, sənin ərin deyilsə və sizdə hətta intim münasibət yoxdusa. Təkcə buna görə markiza de Pompadura abidə qoymağa dəyər.

Müəllif: Gülnarə Rəfiq [email protected]
Mənbə: Bizim Yol qəzeti
 

0 şərh