Billi Kinq

O, dünya tarixində ən məşhur tennisçilərdən biridir.
O, məşğul olduğu idman növü üzrə keçirilən beynəlxalq yarışlarda tək kateqoriyada 12 dəfə(!), qadınlar cütlüyü kateqoriyasında 16 dəfə(!) və qarışıq cütlüklər kateqoriyasında 11 dəfə (!) qalib olmuşdur.
O, ünlü “Böyük Dəbilqə” turnirində dəfələrlə qələbə qazanmışdır.
İdmanda və cəmiyyətdə gender bərabərsizliyinə qarşı mübarizədə uğurlara imza atan bu qadın, bütün dünyada həmçinin, 1973-cü ildə kişilərarası tək kateqoriya çempionu Bobbi Riqsi cinslərarası yarışda məğlub etdiyinə görə də tanınmışdır.
Bu uğurların müəllifi olan cəsur qadın Billi Cin Kinqdir! (Billie Jean King)
tennisşi xanım Billi Kinq

Xanım Kinq Qadınların Tennis Assosiasiyasının, habelə Qadınların İdman Təşkilatının və Dünya Komanda Tennisinin (o, bu qurumu əvvəlki həyat yoldaşı Lorens Kinqlə birgə yaratmışdı) qurucularındandır.

Həyat səhifələrini vərəqləyərkən...

Billi Cin Kinq 22 noyabr 1943-cü ildə mühafizəkar bir ailədə dünyaya gəlmişdir. Onun atası yanğınsöndürən, anası isə evdar qadın idi. Billinin kiçik qardaşı Rendi Moffitt peşəkar beysbolçu olmaq üçün çalışırdı. Hələ balaca ikən Billi özünü softbolda sınamışdı. Amma o zaman üçün bu idman növündə qadınlara... yer yox idi. Xoşbəxtlikdən, Billinin valideynləri onu tennislə tanış etdi.

O, Lonq Biç Politexnik Məktəbini (Long Beach Polytechnic High School) bitirəndən sonra Kaliforniya Dövlət Universitetinə qəbul olundu. Çünki valideynlərinin Billini Stanford və ya Güney Kaliforniya Universitetində oxutmaq üçün maddi imkanı yox idi. O, tennisi həyatının əsas hissəsinə çevirərək, Kaliforniya Dövlət Universitetində təhsilini davam etdirmək istəyirdi. Amma həm maddi imkansızlıq, həm də təhsil ilə idmanı bir araya sığışdıra bilməməsi üzündən Billi 1964-cü ildə təhsilini yarımçıq qoydu.

Həmin dövrdə Billi Cin hüquqşünas Lorens Kinqlə rastlaşır. Söhbətlərində Lorens ona Amerika həyatının başqa sahələrində olduğu kimi, idmanda da ayrı-seçkiliyin mövcudluğundan danışırdı. O zaman Lorens, Berklidə - Kaliforniya Universitetinin hüquq fakültəsində təhsil alırdı. Billi ilə Lorensin münasibətləri getdikcə inkişaf edirdi; onlar tez-tez görüşür, insan, həyat, dünya və təbii, sevgi dünyası barədə danışırdılar və bu münasibətlər, nəhayət, 1965-ci ildə evliliklə sonuclandı. 1972-ci ildə Lorens mətbuata Billinin uşağını saldırması barədə məlumat verdi və bu addım Billinin mərfi reaksiyasına səbəb oldu. Sonradan Billi öz əli ilə yazdığı “özkeçmiş”ində həmin zaman övlad dünyaya gətirmək üçün yetərincə möhkəm təməlli ailəyə sahib olmaması üzündən bu yola əl atdığını açıqladı. Hadisələrin sonrakı inkişafı göstərdi ki, Billi zənnində yanılmamışdı. 1987-ci ildə Billi Cin və Lorens Kinq boşandılar. (Sonralar Billi Cin abortun qanuniləşdirilməsi uğrunda mübarizə aparan qadınlardan biri oldu.)

Zirvələrə aparan tennis karyerası...

Kinq peşəkar tennis oynamağı Kaliforniyada, Lonq Biçin açıq kortlarında öyrəndi. O, əla sürətə malik, aqressiv, bərk vuran oyunçu idi. Billi inanırdı ki, uğur qazanmaq istəyən hər bir qadın güclü, cəsarətli və lazım gələn anda hətta aqressiv də olmağı bacarmalıdır.

Kinqin rəqibi Kristen Kemmer Şau Billin insanlar qarşısında güclü görünmək istədiyini bildirirdi. Tanınmış tennisçilərdən olan Kris Evert Kinqin səbirsizliyini onun zəif cəhəti hesab edirdi. Kinqə qarşı tez-tez oynayan Culi Heldman isə Billinin böyük şəxsiyyət olduğunu, buna görə də onunla yarış meydanında qarşılaşmağa özündə yetəri qədər güc tapmadığını etiraf edirdi...

15 yaşında olarkən Billi “Böyük Dəbilqə”də ilk dəfə oynadı və Custina Brikə uduzdu. 4 il ərzində 18 dəfə “Böyük Dəbilqə” çempionu olan Alis Marbl Kinqin məşqçisi olana qədər Kinq bir neçə çempionatda uduzdu. Kinq 1960-cı ildə Filadelfiyada keçirilən Qadınların Otüstü Çempionatında böyüklərarası turnirdə ilk qələbəsini qazandı. Bir il sonra, 17 yaşında ikən Uimbldonda qadınlar cütlüyündə ilk cəhddən qalibiyyət qazandıqdan sonra o, uluslararası səviyyədə tanındı. 1962-ci ildə Billi Uimbldonda, gözlənilmədən, Marqaret Smit-Kortu məğlub etdi. Dünyanın ən qabaqcıl oyunçularından biri olan Marqaret Smit-Kortla yarışmaq və qələbə qazanmaq Billi üçün həyəcanverici idi. Beləliklə, onun qələbələrinin sayı artmağa başladı. Bir qədər sonra o, ABŞ çempionu oldu!

Billinin qələbələri Amerika qadınlarının qələbəsinin rəmzinə çevrilirdi...
Kinq özünü bütövlükdə tennisə həsr etmək qərarına gəldi. Dünyanın ən yaxşı oyunçusu olmaq üçün Billi Cin 1966-cı ildə məşğul olduğu idman növü üzrə daha yaxşı mühitin (yarış mühitinin) olduğunu düşündüyü, çox ünlü tennisçilərin yaşadığı Avstraliyaya köçdü. Məqsədinə çatmaq üçün o, bütün gücünü ortaya qoydu. Billinin gəliri 1971-ci ildə 100 min ABŞ dollarını keçdikdən sonra onun uğurları daha da artmağa başladı. Onun idmanda əldə etdiyi uğurlar barədə məlumatlar bütün ölkəyə yayıldı və xanım Kinq, “İlin idmançısı” adına layiq görüldü. Bu şərəfə layiq görülən ilk qadın olduğuna görə Billinin adı tarixə keçdi, daha doğrusu o, bəlkə özü də bilmədən, tarixə doğru çıxdığı yolda olumlu addım atdı. Billinin dostu Elton Con bu böyük uğura görə ona, orjinal adı ilə yazsaq, “Philadelphia Freedom” mahnısını həsr etdi.

...Billi Cin Kinq 9 il ərzində 39 “Böyük Dəbilqə” turnirinin 32-sində qalib oldu! Onlardan altısını Uimbldonda, dördünü ABŞ çempionatında, birini Fransa çempionatında və daha birini Avstraliya çempionatında qazanmışdı. Bu illər ərzində o, iştirak etdiyi 129 yarışın 97-sində qalib, 36-sında isə ikinci yerin sahibi oldu!

***

Xanım Kinq mətbuat konfranslarının birində ABŞ Otüstü Tennis Assosiasiyasını tənqid etmişdi. Həvəskar oyunlar haqqında o, belə deyirdi: “Amerikada tennis oyunçularının heç bir nüfuzu yoxdur. Tennisdəsənsə, sənə hörmət etmirlər, sənə, sadəcə... dözürlər. İngiltərədə tennisçiyə yaradıcı insan kimi hörmət edirlər, Avropada onu vacib insan hesab edirlər. Kraliça belə onu alqışlayır. Bəs məni Ağ Evə neçə dəfə dəvət ediblər? Həyatın boyu Uimbldonda və Forest Hilldə qələbə qazanmaq üçün çalışırsan, nəticədə isə sənə: “Çox gözəl. Bəs həyatınla nə edəcəksən?”, - söyləyirlər”. Billinin ən böyük arzusu Amerikada tennisi yeni səviyyəyə qaldırmaq idi.

Billi KinqsKinqin dünyanın ən böyük turnirlərində qələbə qazanmasına baxmayaraq, onun 20 sentyabr 1973-cü ildə cinslərarası yarışda Bobbi Riqsi məğlub etməsini nə amerikalılar nə də dünya indiyədək unutmur və təbii, heç vaxt da unutmayacaqlar. Riqs 30-cu və 40-cı illərdə həvəskar və peşəkar kateqoriyalarında ən yaxşı kişi oyunçulardan biri idi. Riqs qadın oyununun kişi oyununa nisbətdə çox zəif olduğunu bildirərək, 55 yaşlı birisinin hazırda ən yaxşı qadın oyunçu sayılan Marqaret Kortu məğlub etdiyini söyləmişdi. Əvvəllər Riqsin dəvətini rədd edən Kinq, sonradan bu təklifi qəbul etdi. 30,5 min tamaşaçının və 37 ölkənin 50 milyon televiziya tamaşaçısının qarşısında Kinq Riqsə qalib gəldi! Bu matç qadın tennisinin tanınması və hörmət edilməsinin inkişafında böyük rol oynadı! Xanım Kinq bildirdi ki, bu matçı uduzsaydı qadınları 50 il geriyə salardı!

1974-cü ildə o, 4-cü dəfə ABŞ çempionu oldu. Beləliklə, 1975-ci ilə qədər qələbələr davam etdi. Kinqin bu illərdə 100 min ABŞ dollarından çox qazanan ilk idmançı qadın olmasa baxmayaraq, o, qadın və kişilərin eyni miqdarda pul mükafatı alması üçün kampaniyaya başladı. Kinq növbəti il məbləğin eyni olmadığı təqdirdə oynamayacağını bildirdi. 1973-cü ildə ABŞ çempionatı qadınlara və kişilərə eyni miqdarda pul mükafatı təklif edən ilk əsas turnir oldu. 20 dəfə Uimbldon qalibi adını qazanmış Kinq 1975-ci ildən sonra istefaya çıxdı.

Bu rekord o vaxta qədər heç kim tərəfindən qırılmamışdı. Billi Uimbldon qələbələrinin onun üçün çox önəmli olduğunu bildirmişdi. Uimbldona görə Billi ölkənin sərhədlərindən kənara çıxmış və bununla da arzularına çatmışdı. Billi Cin bildirirdi ki, 1975-ci ildə istefaya çıxmaq qərarının səhv olduğunu indi dərk edir. (Billi həyat yoldaşı Lorensin onu heç vaxt başa düşmədiyindən və bu addımı atmağa inandırdığından şikayətlənirdi.) İndi isə Billi başa düşürdü ki, 1976-cı ildə Uimbldonda daha bir qələbə qazana bilərdi. Billi həyatını və karyerasını düzgün planlaşdırmadığını təəssüf hissi ilə bildirirdi. O, anlayırdı ki, karyerasını davam etdirsəydi, qələbələrinin sayını artırmış olardı. Lakin Billinin aldığı zədələr dözülməz idi. O, bir neçə dəfə dizdən əməliyyat olunmuşdu. Bununla belə, Kinq 1977-ci ildə yenidən tennisə qayıtdı.

Ötən əsrin 80-ci illərdə Billinin həyat yoldaşı Lorens komanda tennisi işinə başladı və Billini komissiya üzvlüyünə dəvət etdi. Bu iş Bİlliyə cavan və perspektivli tennisçiləri inkişaf etdirməyə kömək etdi. Billi Lorens və Cim Corgensenlə birlikdə qadınlar üçün İdman dərgisinin və Qadınların İdman Təşkilatının təsisçisi oldu. Həmçinin o, ilk qadın oyunçular birliyi olan Qadınların Tennis Assosiasiyasının prezidenti seçildi. 1982-ci ildə 38 yaşlı Kinq Qadınların Tennis Assosiasiyasının Birmingemdə qalib gələn ən yaşlı oyunçusu idi.

2006-cı ildə Qadınların İdman Təşkilatı Kinqə həsr edilmiş və onun səlahiyyəti altında olan Billi Ödülünü təsis etdi. Yenə 2006-cı ildə, ABŞ Otüstü Tennis Assosiasiyası Milli Tennis Mərkəzinə Billi Cİn Kinqin adını verdi. İlin axırında Billini Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger xanımı Mariya Şriverlə birlikdə Kaliforniyanın Tarix Muzeyinin Qadınlar və İncəsənət bölməsində Kaliforniyanın Şöhrət Zalında qəbul etdilər.
O, İctimai Ədliyyə Təşkilatının “Ədalət Çempionu” Ödülünə, habelə, Kortda və kortdankənar idmandakı əməyinə görə “Sunday Times”ın “İlin Qadın İdmançısı – Ömürlük Başarı” ödülünə layiq görüldü.
2008-ci ildə Amerika İdman Muzeyində Fəxri Vəkil edilmiş Şəxslər Şurası açılanda Billi Cİn oranın üzvü oldu. Ardından prezident Barak Obama Kinqi qadın hüquqlarını müdafiə etdiyinə görə xüsusi ödülə layiq gördü! (Presidential Medal of Freedom)

Beləliklə, Kinq qadın tennis oyunçusu kimi öz adını yaddaşlara həmişəlik həkk etdi. O, Uimbldon kortunu dəfələrlə ad qazanaraq tərk etmişdi. Kinqin qadınların bərabərhüquqluluğu uğrunda apardığı mübarizənin nəticəsində kişilər arasında yayılan bu idman növü artıq qadınlar üçün də açıqdır!

1983-cü ildən peşəkar tennisdən gedən Kinq, idman və digər hobbiləri ilə məşğuldur. Onun həmtəsisçisi olduğu təşkilatlar, sağlamlıq, idman, təhsil və ictimai yenilikləri təbliğ edir. Bunun üçün fondlar yaradılır. Həmin fondlar şəkər xəstəsi olan tennis oyunçularını, qadınları, QİÇS xəstələrini və b. dəstəkləyir.
Və təbii ki, artıq adını idman tarixinə (ümumən tarixə) yazmağa nail olmuş bu cəsur qadın, günümüzdə də öz əməlləri ilə bir tarix yazmaqdadır! Biz, bu tarix yazma işinin gələcəkdə də davam etməsini arzulayırıq!

Müəllif: Qənirə Paşayeva Tarixə adını yazan qadınlar” silsiləsi
Mənbə: lent.az

 

0 şərh