Het mədəniyyəti

Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular. Assurlular  buraya mixi yazı  və akkad dilini gətirmişdilər.

Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu. Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. Bunlar şəhər-dövləti şəklində mövcud olmuşlar. Burusxan, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-dövlətləri Assur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.

Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti daşımalı idilər. Het cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin aşağı ictimai təbəqəsinə mənsub idilər. Belə adamların tərkibi qullardan, təsərrüfatdan  asılı  təhkimçilərdən,   muzdlu işçilərdən   ibarət olmuşdu.

Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında öz əksini tapmışdı. Het qanunları sinfi xüsusiyyət daşıyırdı. Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir maddəsində deyilir: “Əgər qul evdə oğurluq edərsə, o, oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6 şekel gümüş verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü isə  sahibinə  qaytarılmalıdır...”.  Əgər  sahibi  desə  «mən  onun əvəzini ödəyərəm”, onda o, ödəməni verməlidir. Əgər o imtina etsə, onda quldan məhrum olur”.

Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş quldan o məhrum olmurdu, oğurluq malın əvəzini ödəyib yenə də öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə nəticələnmirdi. Maddələrin birində deyilir: „Əgər kimsə qulu, yaxud kənizi vurarsa, o da ölərsə və bunu həmin kəs qəsdən etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat üçün əmlak da verməlidir“ Köləliyin əsas mənbəyi müharibələr olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər het mətnlərində arnuvala, yəni „Əsir aparılmış adam“ adlanırdı. Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə cəlb edirdilər.

Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir. Ata ailədə qeyri-məhdud hakimiyyətə malik idi. Qadının hüquqi vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi münasibətlərinə həsr edilmiş bir sıra maddələr vardı. Məsələn: „Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12 şekel gümüş verməlidir“. Başqa maddədə qadının kişiyə eyni münasibəti əks olunmuşdur: „Əgər qadın kişini qovursa, uşaqları ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir“. Ailədə nəinki övlad, eləcə də əmlak müəyyən hüquqi qaydalara əsasən ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri arvadın ata evindən gətirdiyi cehiz barədə də hüquq normaları müəyyən etmişdi. Maddələrin birində deyilir: „Əgər kimsə evlənir və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də sahib olur. Əgər qadın vəfat edərsə, onun əmlakı kişinin (ərin) olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın atası evində vəfat edərsə və uşaqları qalarsa, onda kişi (əri) cehizi almamalıdır“. Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə (ərin qardaşı ilə) kəbin  kəsdirməyə və ona ərə getməyə icazə verirdi. Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad qayınatasına ərə gedə bilərdi. Bunlar göstərir ki, qız ər evinə həmişəlik köçürülürdü, əri vəfat etsə belə həmin evi tərk etməməli idi. Məsələ ailə daxilində həll olunurdu. Het ailəsində patriarxal qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı.Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul etmək olar. Het cəmiyyətində sənətkarlıq inkişaf tapmışdı.

Qanunlarda müxtəlif peşələrin (metalişləmə, dülgərlik, gönçülük və s.) adı çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və tuncdan  istifadə  edirdilər.  Anadoluda  dəmirdən  hələ   e.ə. III-II minilliklərdə istifadə olunurdu. Bu dövrün arxeoloji təbəqələrindən dəmir heykəlciklər, ibadət xüsusiyyətli yazılı lövhələr aşkar edilmişdir. Hetlər dəmirdən müxtəlif əşyalar, o cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic, mismar) və s. düzəldirdilər. E.ə. XIV-XIII əsrlərdə dəmirdən hazırlanmış əşyalar het hökmdarlarının varidatı içərisində böyük sərvət hesab olunurdu. Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə baha idi. Het qaynaqlarında müxtəlif çəkili (45 kq qədər) dəmir külçələri yad edilirdi.

Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het qanunlarında yazılı məhkəmə qaydaları, cəza normaları əks olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar şurasında baxılırdı. Məhkəmə işlərində dövlət nümayəndəsi iştirak edirdi. Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona tapşırılmışdı: “Haqq işi nahaq eyləmə, nahaq işi haqq eyləmə. Ədalətli ol”. Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli idarə nümayəndələri də iştirak edirdilər. Mürəkkəb məhkəmə işləri hökmdarın səlahiyyətinə verilirdi. Qanunu pozan adam cəzalandırılırdı. Sənəddə deyilir: “Əgər kimsə hökmdarın qərarına əks getsə, onun evi məhv edilməlidir. Əgər kimsə əyanın qərarına əks getsə, onun başı kəsilməlidir”. Het məhkəməsi faktların dəqiq seçilməsinə diqqət verirdi. Səhlənkar təsərrüfatçı məhkəməyə cəlb olunurdu. Onun özbaşına at və qatırları başqa adamlara verməsi sorğu-sual əsasında ayırd edilirdi. Hökmdar təsərrüfatı heyvanlarının hesaba alınmadan başqasına verilməsi bu işə baxan adamın təqsiri kimi qiymətləndirilirdi.

Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri, silah   və   əmək   alətləri,   Boğazgöydə   (Hattuşa)   tapılmış   het hökmdarlarının yazılı sənədlər arxivi het mədəniyyəti barədə müəyyən təsəvvür yaratmağa imkan vermişdir. Het mədəniyyətinin təşəkkülünə bir sıra  etnosların  təsiri olmuşdur. Het mədəniyyətində hat ənənələri üstünlük təşkil edirdi.

Het mədəniyyətinə hurri etnosları,  hind-Avropa tayfalarından luvi və palaylar müəyyən təsir göstərmişdilər. Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het mədəniyyətində öz əksini tapmışdı. Vaxtilə het aləmində prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir söylənilmişdi. Lakin het etnik və dil aləmi bu səpkidə dərin və ciddi tədqiqat obyektinə çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk etnik qrupları ilə ünsiyyətini göstərən bir sıra leksik dəlillər müəyyən edilmişdir.

Məlum olduğu kimi, Sarqon (e.ə. 2316-2261-ci illər) və Naram-Suen (e.ə. 2236-2200-cü illər) Akkad sülaləsinin ən görkəmli nümayəndələri  olmuşlar. Onların adı ilə bağlı rəvayətlərə het ədəbiyyatında rast gəlinir. „Döyüş hökmdarı“ adlı əfsanədə Akkadlı Sarqon tacir tayfasının müdafiəçisi kimi təsvir olunmuşdur. Tacirlər Kiçik Asiyanın Buruşhattum (hetcə Purushanda) şəhəri hakimlərinin onlara alver imkanı yaratmamağı barədə Sarqona şikayətlə müraciət etmişdilər. Rəvayətə görə Sarqon tacirlərinin mənafeyi naminə həmin şəhərə yürüş təşkil etmişdi.

Akkad və het dilində tərtib olunmuş digər mətn Naram- Suenin adı ilə bağlıdır. Mətnlərin mövzusu eynidir, lakin hadisələrin təhlilində müəyyən fərqlər olduğunu göstərir. Het rəvayətinə görə, umman-manda adlanan tayfalar 17 müttəfiq ilə Hatti ölkəsinə hücum edib, onun bir çox şəhərlərini talan edirlər. Umman-manda adı Naram-Suenə həsr olunmuş „Kuta hökmdarı“ rəvayətində də əks olunmuşdur, lakin orada 70 hökmdarın ittifaqı yad edilir. Bu hadisələr İkiçayarasında baş vermişdi. Mənbələrin sonrakı məlumatını nəzərə alsaq, umman-manda İkiçayarasının şimal və şimal-şərqində yaşayan əhalini təmsil edirdi. Güman etmək olar ki, het ədəbiyyatında əks olunmuş rəvayət İkiçayarasının „Kuta hökmdarı“ əfsanəsinin azca dəyişmiş variantıdır.  Rəvayətin  het  variantı  Naram-Suenin  17  hökmdar ittifaqı üzərində qələbəsini şərh etmişdir. Bununla əlaqədar, Hatti və Kaneş hökmdarlarının adı çəkilmişdir. Bu rəvayətin yaranmasına İkiçayarasında baş vermiş həqiqi tarixi hadisə təsir göstərmişdir. Orada Naram-Suenin „Qələbə abidəsi“ daş kitabəsində Lullubi hökmdarı da daxil olmaqla düşmən ittifaqının məğlub olunmasından bəhs edilir. Beləliklə, het rəvayətlərinin kökləri İkiçayarasında baş vermiş siyasi hadisələrlə bağlı olmuşdur. Məhz buna görə də, İkiçayarası etnik terminologiyası (umman-manda) olduğu kimi təkrar olunmuş, lakin hadisələr qədim Anadolu mühitinə uyğunlaşdırılmışdır. Rəvayətin het variantı əsasında ehtimal edilir ki, hələ e.ə. III minilliyin ikinci yarısında qədim Anadoluda erkən dövlət qurumları mövcud olmuşdur. Bunlar şəhər-dövlətləri şəklində meydana gəlmişdilər.

Het ədəbiyyatında Şumer-Akkad təsiri başqa sahələrdə də özünü göstərmişdi. Hetlər mixi yazı sistemini İkiçayarasından mənimsəmişdilər. „Gilqameş haqqında dastan“ het dilinə tərcümə edilmişdi. Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa düşmək üçün üçdilli lüğətlər tərtib olunurdu. Bunlardan biri şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri (Kumarva əsatiri) het dilinə tərcümə olunmuşdu. Hurri təsiri onomastika və dini təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib olunurdu. Mitanni mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı.

Hetlər rəsmi ədəbiyyat nümunələri yaratmışdılar. III Hattuşilin „Tərcümeyi-hal“ xüsusiyyəti daşıyan yazısı erkən ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci şəxsin adından nəql edilir. Burada Hattuşili uşaqlıq dövrünü göstərir, zəif səhhətə malik olduğunu söyləyir və İştar ilahəsinə ithaf olunmasını qeyd edir. O, əyalət hökmdarı olanda ilahə İştar ona arxa olur, paxıl və qarınqulu düşmənlərinin öhdəsindən gəlmək üçün ona qüvvət və mətanət verir. Hattuşilin qardaşı Urxi- Teşub onun rəqiblərinin tərəfinə keçib, idarə etdiyi şəhərləri əlindən alanda, Hattuşili qardaşının tabeliyindən çıxır və üsyan qaldırır. O, üsyanın səbəbini belə izah edirdi: „Lakin mən ona qarşı üsyan qaldırsam da, bunu qüsurlu vasitə ilə, yəni xaincəsinə etmədim, onun cəng arabasına həmlə etmədim, evdə ona hücum etmədim, mən ona (açıq) müharibə elan etdim (və dedim): — Sən mənimlə dava-dalaşa başladın, sən böyük hökmdarsan, mən isə o adamam ki, sən ona bir qala qoymuşsan qalsın, mən məhz bu qalanın hökmdarıyam. Haydı döyüşə! Qoy Samuxi şəhərinin ilahəsi İştar və Nerik şəhərinin tufan allahı (Taru) bizim haqqımızda hökm versinlər“. Hattuşili hakim ailəyə mənsub idi, onun hakimiyyətə hüquqları tapdalanırdı. Maraqlıdır ki, o özünün hakimiyyətə gəlməsini də ilahə İştarın iradəsi ilə bağlayır  və deyir: „Necə ki, mənim ilahəm İştar vaxtilə mənə taxt-tacı vəd etmişdi, indi o, arvadımın yuxusuna girərək (demişdir): — Mən sənin ərinə kömək edərəm və bütün Hattuşili sənin tərəfinə keçər“. Hattuşili qələbə çaldıqdan sonra qardaşını və rəqiblərini  edam etdirmir, sadəcə olaraq ölkədən qovur. „Tərcümeyi-hal“ göstərir ki, III Hattuşili mübahisəli məsələləri ancaq müharibə yolu ilə həll etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və ədalətin son məqamda qələbə çalacağı inamına biganə yanaşmırdı. Lakin mətndən göründüyü kimi, III Hattuşili, bəlkə də mövcud olan vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu. Mətn III Hattuşilinin müraciəti ilə sona yetir: „Gələcəkdə kim olursa olsun — Hattuşilin oğlumu, nəvəsimi, yaxud nəticəsimi- hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi şəhərinin ilahəsi İştara ehtiram göstərsin“. Hetlərin dini dünyagörüşündə akkadların İştar ilahəsinə sitayişi geniş təmsil olunmuşdu. Ümumiyyətlə, İştar ilahəsinə sitayiş nəinki het hakim dairələri arasında, eləcə də İkiçayarasına söykənən başqa ölkələrdə də, məsələn Cənubi Azərbaycanın kuti və lullubi hökmdarları arasında da geniş yayılmışdı.

Het ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi vəsiyyətini də daxil etmək olar. Burada I Murşilin hakimiyyətə varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər övladlar hakimiyyətdən uzaqlaşdırılır. I Hattuşili əyanlara müraciət edir: „Baxın, indi Murşili mənim oğlumdur… Nə zaman ki, silah götürməyə çağırış olsa, onda siz, mənim bəndələrim və əsilzadə vətəndaşların (mənim oğluma yardım göstərmək üçün əlçatanda) hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə getməlidir… Siz onu yürüşə aparsanız (nə qədər ki, o uşaqdır), onun   sağ-salamat   geriyə   qayıtması   qayğısına   qalın“.   Het hökmdarlarının kitabələri və salnamələri ədəbiyyat nümunələri kimi də əhəmiyyətə malikdir. Bunlar „Anittanın kitabəsi“, I Hattuşilin, I Suppiluliumun „salnamələri“ və s. ibarət olmuşdur.

Din və əfsanələr. Hetlərin, eləcə də başqa qədim xalqların ictimai həyatından olduğu kimi, təsərrüfat və ideoloji həyatında da din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het cəmiyyətində çoxallahlılıq mövcud idi. Het panteonunda bir çox qədim etnos və xalqların sitayiş etdiyi allahlar cəmləşmişdi. Burada het və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala, Hind-İran), prototürk və hələlik mənşəyi naməlum qalan etnos və xalqların dini ideologiyası əks olunmuşdu. Təsadüfi deyil ki, Het mənbələri „Hatti ölkəsinin min allahı“ ifadəsini işlədirdi.

Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər mövcud idi. Allah və ilahələrə xüsusi ibadətgahlarda sitayiş edirdilər. Het hökmdarı və onun arvadı ildə iki dəfə keçirilən yaz və payız bayramları zamanı ölkəyə səfərə çıxır, dini ziyarət məqsədilə şəhərləri gəzir, və hər yerdə allahlara qurban kəsirdilər. Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış. Yerli dinlərin müəyyən hissəsi dövlət dini cərgəsinə daxil edilirdi. Hetlərin ən nüfuzlu allahlarının şərəfinə məbədlər tikilirdi. Belə dini ibadətgahlardan biri Boğazgöyün yaxınlığında Yazılıqayada aşkar edilmişdir. İbadətgah qaya oyuğunda yerləşirdi. Onun divarlarında het allah və ilahələri təsvir olunmuş, biri-birinə doğru irəliləyən dini mərasim yerişi qabarıq şəkildə divara həkk edilmişdi. Yazılıqayada allahlar cəmini hurrilərə mənsub edirlər. Allahlara ibadət hökmdar hakimiyyətinin ideoloji əsasını təşkil edirdi.

Het panteonu allahlarının əksəriyyəti hat mənşəli olmuşdur. Səma tufan allahı və onun arvadı, Arina şəhərinin Günəş ilahəsi Vurusem panteonun baş allahları hesab edilirdilər. Ehtimala görə, tufan allahı Taru adlanırdı. Hurri panteonunda onun və Vurusemin bənzəri Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz üzərində, Henat isə şir üzərində təsvir olunurdular. Nerin şəhərinin tufan allahı da Taru adlanırdı. Bəzən tufan allahı öküz, yaxud dağ sifətində təsvir olunurdu.

Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik idi, akkad məhsuldarlıq ilahəsi İştar isə onun müqabili hesab edilirdi. Hetlər İkiçayarası panteonundan Antu, Anu, Enlil, Eya, Ninlil və s. allahlara ibadəti mənimsəmişdilər. İştar şir üzərində qanadlı təsvir olunurdu. Telepin hetlərin əkinçi allahı idi. O, hat dini təsəvvürlərinin qalığı kimi qəbul edilir. Telepin „ölən və dirilən“ allahı təmsil edirdi. Təbiətdə mövsümün (qış və bahar) dəyişilməsi onun adı ilə də bağlanılırdı.

Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan cəmiyyətində mövcud olmuşdur. Ovsun həmişəlik insan həyatına daxil olmuş ən qədim təfəkkür formasını özündə saxlamışdı. Hetlərin ictimai və iqtisadi həyatında ovsunlamaq adəti dərin kök salmışdı. Het ədəbiyyatında ovsunlama qaydaları  öz əksini tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək cəhdləri göstərilirdi. Ovsun həyatın müxtəlif sahələrində tətbiq olunurdu. Bol məhsul arzusu, ailə ixtilafını yatırma, şər qüvvələri qovma, düşmənlərə lənət, dostlara uğur və s. arzuların gerçək olması üçün ovsuna müraciət edirdilər. Bu qəbildən bir neçə nümunə misal gətirək:

Xəstənin müalicə ovsunu: „(xəstə) qulağına  qara yun tıxayır… və qara paltar geyinir“. Cadugər arvad bir sıra ovsun əməlləri etdikdən sonra onun qara paltarını yuxarıdan aşağıya qədər cırır, qulağından yun parçasını çıxarır və deyir: „indi isə mən onu natəmizliyin törətdiyi cəhalət və keylikdən, ona cəhalət və keylik gətirən natəmizlik vasitəsilə azad edirəm, günahı uzaqlaşdırıram“. Sonra xəstənin toxunduğu hər bir şeyi qara paltarlarla birlikdə çaya atır.

Belə ibtidai ovsun vasitəsilə müalicə üsulları müxtəlif xəstəliklərə tətbiq olunurdu. Sonsuz qadının övlad arzusunu ovsunçu söz və hərəkətlə „yerinə yetirirdi“. Ovsunçu arvad boğaz inəyin buynuzundan yapışıb deyirdi: „Günəş allahı, mənim ağam, bu inək boğaz olduğu kimi, zəngin pəyəni öküz və inəklə (doğub) doldurduğu kimi, qoy bu xəstə də övladlı olsun, qoy öz evini oğul! və qızlarla, nəvə və nəticələrlə doldursun“. Andına sadiq qalmayan və dövlətə xəyanət edənləri də ovsun vasitəsilə lənətləyirdilər. Ovsunçu mum və qoyun piyini oda atıb deyirdi: „Bu mum əridiyi kimi, bu piy dağlandığı kimi, qoy Hatti hökmdarına andını pozan və xəyanət edən mum kimi ərisin və qoyun  piyi  kimi  dağlansın“.  Qədim  hetlər  ovsunun  təsirinə inanırdılar.

Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat ənənəsi ilə bağlıdır. „İlluyank haqqında əfsanə“ hat mənşəli hesab edilir. Əfsanədə tufan allahının əjdaha, yaxud ilan əndamlı əjdaha İlluyank ilə mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni il (yaz) bayramında söylənilirdi. Guya əjdaha İlluyankın öldürülməsi ilə Yeni il başlanırmış. Əfsanəvi hekayət iki rəvayət şəklində mövcud idi. Bir rəvayətə görə, tufan allahı İlluyankla mübarizədə məğlub olur. Bu halda Tufan kömək üçün bütün allahlara müraciət edir. İlahə İnara ona köməyə gəlir. İnara müxtəlif içki növləri hazırlayır və İlluyankı balaları ilə birlikdə ziyafətə dəvət edir. İçkidən şişmiş İlluyank öz yuvasına girə bilmir. İlluyankın əl-qolunu bağlayırlar. Tufan gəlib onu öldürür. İkinci rəvayətə görə, İlluyank tufan allahı üzərində qələbə çalır, onun ürəyini və gözünü çıxardır, evində saxlayır. Tufan ürək və gözünü qaytarmaq üçün hiylə işlədir. O, yoxsul bir adamın qızına evlənir, ondan bir oğlu olur. Oğlan həddi-buluğa çatandan sonra, əjdaha İlluyankın qızına evlənir. Tufan oğluna tapşırıq verir ki, „arvad evinə gedəndə, mənim ürəyimi və gözümü ondan istə“. Beləliklə, Tufan ürək və gözünü geriyə alır. Bundan sonra o, İlluyanka qalib gəlir.

Hat əsatirləri ilə bağlı olan digər folklor nümunəsi „ölən və dirilən allah Telepinin“ adı ilə bağlıdır. Rəvayətə görə, bitki allahı Telepinin atası tufan allahı ilə mübahisə edir, nədənsə qəzəblənir və qeyb olur. O, qeyb olmağa elə tələsir ki, „sağ başmağını sol ayağına geyinir, sol başmağını sağ ayağına geyinir“. Telepin qeyb olandan sonra sanki həyat dayanır. Rəvayət nəql edir: „duman pəncərələri tutdu, evi tüstü bürüdü. Ocağın közü  sönmüş, allahların nəfəsi kəsilmişdi, qoyunlar, öküzlər pəyədə qurumuşdular. Qoyun quzunu, inək buzovu yaxına buraxmırdı. Buğda və taxıl göyərmirdi, inək, qoyun daha döllənmirdi, qadınlar hamilə olmurdu, olan da doğmurdu. Dağlar quruyur, ağaclar quruyur, heç nə göyərmirdi. Otlaqlar qurudu, bulaqlar qurudu, ölkədə aclıq başladı, adamlar və allahlar acından ölürdülər“. Yəqin  ki,  folklorda  qışın  gəlməsi  və  quraqlıq  mövzuları  əks olunmuşdur. Belə şəraitdə „Günəş allahı ziyafət verir və  min allahı dəvət edir. Onlar yeyir, lakin doymurlar, içir, lakin yanğılarını söndürə bilmirlər“. Onda tufan allahı oğlu Teiepini yada salır: „Telepin ölkədə yoxdur, o qəzəbləndi və getdi. Böyük və kiçik allahlar Telepini axtarmağa getdilər“. Hətta qartal da onu tapmayıb geriyə qayıdır. Tufan allahının axtarışları uğursuz oldu. Belə halda bal arısı dağı-daşı, çay və bulaqları uçub keçdi, Telepini çəmənlikdə yatmış gördü. Arı Telepini sancdı. Telepin oyanıb öz məbədinə qayıtdı. Həyat yenidən canlandı. Adətən „Telepin haqqında əfsanəni“ qış və  yaz  mövsümlərinin dəyişilməsi ilə əlaqələndirirdilər. Bu əfsanə də bahar şənlikləri zamanı söylənilirdi. Kumarva əfsanəsi hurrilərə mənsub idi. Hurri əsatirlərində Kumarva allahların atası hesab olunur, şumer-babil allahı Enlilə bənzədilirdi. Əfsanədə səma allahı Alalu və şumerlərin baş allahı Anu arasında mübarizədən, sonra Kumarvanın bu mübarizəyə qoşulmasından bəhs edilir. Kumarva onun ayağından yapışıb yerə endirdi, onun „dizini“ dişlədi və sevincdən uğundu. Anu isə ona müraciət edib dedi: — Dişlədiyinə çox da sevinmə, mən sənin qarnına üç müdhiş allah toxumu saldım. Biri tufan allahıdır, o biri Aransax (Dəclə) çayıdır, digəri Tasmisudur. Bunu deyib Anu səmada qeyb oldu. Kumarva tüpürdü, bununla torpaq mayalandı və üç „müdhiş allahı“ törətdi. Kitabənin ardı zədələndiyindən əfsanənin sonu naməlum qalır.

İncəsənət. Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar, əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli və təsvirsiz hazırlanırdı. İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı (fiquru), uzunboğaz çəkmə şəklində düzəldilirdi. Tunc və qurğuşundan insan əndamı tökürdülər.

Yeni Het padşahlığı dövründə artıq əzəmətli daş heykəllər yaradırdılar. Təsvirlər qabarıq şəkildə yonulurdu. Belə abidələr het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub düzəldilirdi. Daş heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir edirdi. Əzəmətli Yazılıqaya dəsti (kompleksi) dini mərasimi əks etdirirdi. Yazılıqayada „ilahi-qılınc“ heykəli yonulmuşdu. Onun tutacaq hissəsi dörd şir şəklini təsvir edir, yuxarısında insan başı yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı allahı təmsil edirdi.

Alaca-Hüyük sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu. Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala ilə əhatə olunurdu. Onun daxilində saray və baş məbədlər yerləşirdi.

Hetlər möhür düzəltmə işində  mahir idilər. Bu möhürlər İkiçayarası möhürlərindən həm formaca, həm də təsvirlərin məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə möhürlərin qırağına heroqlif işarələri yazırdılar.

Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə də güclü təsir göstərmişdi.

 

Mənbə: QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ dərsliyi. Bakı, 2009
ISBN 978-9952-8087-1-2

Müəlliflər:  Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu Hüseynov və kulturologiya elmləri doktoru Nigar Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır.

 

0 şərh