Kəsəcəklər

-Salam
-Salam, necəsən?
-Belə də, istidir əşşi.
-Hə… bu gün çox istidir.
-Gecə yenə atırdılar e, eşitdin?
-Hə, həmişəki kimi. Qonşudakı kiçik çinara da güllə dəyib də, o uzun budaqlı var idi ha, yazıq səhərə kimi ağlayırdı.
-Yaxşı da? Onun anası da işğal vaxtı yanıb kül olmuşdu, deyəsən top mərmisi düşmüşdü üstünə, indi də yazığın özünə güllə dəydi.

-Bədbəxt. Görəsən erməni güləsi dəyib, ya bizimkilərin?
-Bilmirəm, amma onu bilirəm ki, bütün gövdəsi deşilib, halı pisdir.
-Ay Allah, o ki, lap cavandır.
-Elədir, hə, buralar işğal olunanda o lap balaca idi.
-Doğrudan? Mən o vaxt heç yox idim, deyirlər yaman dəhşətli olub.
2 ağacın söhbəti
-Hə, düz deyirlər, bəzi şeylər mənim yadıma gəlir; məndən bir az aralı tut ağacaının budağından düz 6 adam asmışdılar, hətta 7 ci asanda böyük budağı sınmışdı da.
-Vay, vay, yazıqlar. Gör indi  tut nə qədər əziyyət çəkib e.
-Hə, ölənə qədər yadına salıb ağlayırdı.
-Yazıq.
-Yaxşı, səncə bu işlərin axırı necə olacaq? Deyirsən torpaqları sülhlə qaytaracaqlar? Ya müharibə olacaq?
-Vallah nə deyim, eşitdiyimə görə aradabir danışıqlar gedir, güya ki, haçansa qaytaracaqlar.

-Hm? Amma qaytarsalar, işimiz bitti.
-Niyə? Nəyə görə?
-Azərbaycan tərəfdə yaşayan bir tanış şam ağacı var, arada mənə küləklərlə xəbər göndərir. Deyir ki, Azərbaycanda ağacları kəsib yerinə mənasız obyektlər tikirlər, nə bilim mərmərdən park salırlar, bir sözlə yerli ağacları kəsib, yerinə Afrikadan, Amerikadan ağac gətirirlər ki, bəs belə daha gözəldir.
-Aaaa, məgər onlar bizim torpaqda yaşaya bilirlər ki?
-Yox da, onlar da yazıqlar bir müddət sonra quruyurlar, ölürlər.

-Dəhşət! Bəs xalq bunun qarşısını almaq üçün heç nə eləmir? Niyə qoyurlar ki, ağacları qırsınlar?
-Qəribə ağacsan e, millət nəyisə fikirləşsəydi, 20 ildə artıq içi biz qarışıq bu torpaqları düşmən tapdağında saxlayardı?
-Hm, o da düzdü...
-Odur ki, elə belə yaxşıdır, çünki o tərəfdəkilərin əlinə düşsək...
-Nə olacaq ki?
-Bizi də kəsəcəklər.
 

0 şərh