Su və yaşam
Dünya yaranmamışdan
allah suyu yaratdı,
Çiçəklərə can verdi
təbiəti oyatdı.
Su doldu bitkilərin
damarına, qanına,
Su doldu hər canlının
nəfəsinə canına.
Su doldu insanların
döyünən ürəyinə,
Su doldu insanların
gözünün bəbəyinə.
Su çatdı darda qalmış
hər canlının hayına,
süxuruna, layına.
Susuz heç nə qalmadı
həyat suda var oldu,
Beləcə bir ömürlük
su həyata yar oldu.
Susuz həyat yaşanmaz
susuz həyat tarimar,
Su həyatın nəbzidir
su vardırsa həyat var...
* * *
Suyu rahat içən insan!
dön geriyə dininə bax:
imamların su üstündə savaş vaxtı
Kərbəlada susuzluqdan ölmədimi!?
Suyu israf edən insan!
De həmin an,
Somalidə, Hindistanda,
Uqandada, Afrikada
susuzluqdan yanan körpə
heç ağlına gəlmədimi!?
Heç ağlına gəlmədimi
bu su sənə hardan gəlib?
Hansı uzun yollar keçib,
necə çətin anlar görüb.
Kim gətirib, kim qoruyub,
Kim çatdırıb suyu sənə?
Necə rahat davranırsan?
Kim öyrədib belə qəddar huyu sənə?
Kim öyrədib axı sənə
zalımlığı, qəddarlığı?
Ürəyinə dağ çəkmirmi,
gözlərini kor etmirmi
dünyadakı su qıtlığı,
su darlığı?
Gözünü aç ətrafa bax,
Ölkələrin arasında savaş gedir,
neçə dava-dalaş gedir
su üstündə...
Su savaşı başlatmırmı!?
Sonra hamı bağışlanır,
Sülh bağlanır...
Su ürəyi yumşaltmırmı!?
Suyu rahat içən insan!
Əlindəki bir ovuc su
necə çətin yollar keçib,
kimlər çəkib əziyyətin.
İnsan oğlu gözünü aç,
qədrini bil bu nemətin...
* * *
Yer üzünün günahların yuyan sudu,
Ürəkdəki arzuları duyan sudu.
Sudu bizim ilqarımız,
sudu bizim qismətimiz,
Sudu bizim bu dünyada
ən dəyərli nemətimiz.
Buludların göz yaşıdır
ağladıqca yağış yağar,
Təbiətə nur çilənər
çiçəklərə naxış yağar.
Təbiət öz gözəlliyin,
səfasını sudan tapar,
Son nəfəsdə olan xəstə
şəfasını sudan tapar.
Su bizlərin ülfətidir,
su bizlərin sevincidi,
Su günahsız bir mələkdi,
su şəffafdı, su incidi.
Susuz həyat yaşanmazdı,
susuz həyat tarimardır.
Su həyatın mənbəyidi
SU VARDIRSA HƏYAT VARDIR...
0 şərh