Ana sevgisi

  • Sevgi
Haqqında söhbət gedən qadını mən iki dəfə görmüşəm -deyə qardaşım Bayram sözə başlamaq istəyirdi ki, sözünü kəsdim. 
- İndi sən mənə de görüm, onu harada, nə vaxt və necə görmüsən? 
O, sözə başladı: 1959-cu ilin yaz aylarının birində Papı kəndinə bacımgilə getmişdim. Gün batmaq ərəfəsində qonşu Çərəkən kəndinə getdim. Mənə lazım olan şeyləri dükandan aldım. Bir tanışımla rastlaşdım. 
Hal-əhval tutub söhbətə başladıq. Başım söhbətə qarışdığı üçün bir də gördüm qaranlıq düşüb. Gəldiyim yolla geri qayıdırdım. Bu kəndin qəbiristanlığı yolun kənarında salınmışdı. Qəbiristanlığın yanından keçəndə bir səs eşitdim. Diksinib dayandım. Səs bir az da hündürdən gəldi. Donub yerimdə qaldım. Qəbiristanlıqdan məni səslədilər: - Ay yoldan keçən, bura gəl! Qorxa-qorxa səs gələn tərəfə getdim. Saçı bir-birinə qarışmış bir qadın mənə dedi: - Qorxma, bu qəbirdə yatan mənim oğlumdur. O ölən gündən bəri burda yatıram. Bura artıq mənim evimə çevrilib. Oğlumun pal-paltarını da özümlə gəzdirirəm. Bu zaman soruşdum:
- Sənin qohumların yoxdur? 
- Onlar məni balamdan ayırmaq istəyirlər. Amma ayıra bilməzlər. -cavabını verdi. Dedim ki, dur gedək bacımgilə. Onlar bura yaxın bir evdə olurlar. Səhər yenə bura gələrsən. Etiraz etdi: 
- Sağ ol. Bura mənim üçün hər yerdən yaxşıdır, oğlumu tək qoya bilmərəm. Gözümün ağı-qarası burda yatır. 
Ondan ayrılıb bacımgilə getdim. Harda qaldığımı soruşdular. Gördüklərimi bir-bir nağıl etdim. Bacım əl-ayağa düşdü, mənə su gətirdi. Elə hey qorxduğumu deyirdi. Sözün düzü, qəbiristanlıqdan səs gələndə və məni çağıranda bərk qorxmuşdum. 
Görəsən nə üçün əziz olan atamız, anamız, əzizlərimiz öləndən sonra qorxuya çevrilirlər? 
Səhəri gün yenə həmin qəbiristanlığa getdim. Həmin qadın təzə düzəldilmiş qəbrin yanında oturmuşdu. Əlləri ilə nəm torpağı sığallaya-sığallaya pıçıltı ilə nə isə deyirdi. Gözlərindən yaş axırdı. Üst-başı çirk içində idi. Mənə elə gəldi ki, oğlu öləndən bu yana əl-üzünə su dəyməyib. Onu səslədim. Səsimdən tanıdı. Yanıma gəlib: - Sağ ol, dünən çağırışıma gəldin, məni evinizə dəvət etdim, -dedi. Halını soruşduqdan sonra: - Səni aparmağa gəlmişəm, gedək bizə. -dedimsə də yenə etiraz etdi: - Mənim üçün elə bura yaxşıdır. Bura mənim evimdir. 
Bu hadisənin üstündən bir neçə ay keçmişdi. Öz evimizdə idim. Böyük Mərcanlıda günorta olardı. Həyətdə samovarı qalamışdılar. Evdən dedilər ki, samovara odun atarsan sönməsin. Bir neçə odun parçası atıb başqa işlə məşğul olmağa başladım. Bir də gördüm ki, bir arvad samovara odun atır. Elə bildim ki, qardaşımın yoldaşıdır. Dedim - Səlimə, indicə odun atmışam, dəymə. Dönüb mənə baxanda gözlərimə inanmadım. Bu, qəbiristanlıqda gördüyüm arvad idi. Tez evə keçdim, gördüm ki, Səlimə evdə oturub. Çölə çıxdım, gördüm arvad yoxdur. 
Söz gəzirdi ki, saçı üz-gözünü basmış, kürəyində boğçası olan bir arvad kəndin arasında dolaşır. 
Onların kəndi bizim kənddən 18-19 kilometr aralı idi. Deməli, oğlunun pal-paltarını belinə bağlayıb, gəzə-gəzə kəndimizə gəlib çıxıb. Soruşanlara da deyirmiş ki, oğlum Əlini axtarıram. Bir gün xəbər yayıldı ki, həmin arvad kəndin aşağısında Əli adında bir nəfərin evində qalır. 
Ona Nəniş oğlu Əli deyərdilər. Atası sayılıb-seçilən imkanlı adam idi. Adına Hacı Göyüş deyərmişlər. Əli uşaq ikən atası rəhmətə getdiyi üçün onu Nəniş oğlu Əli çağırırdılar. Doğrudan da Nəniş nənə Hacı Göyüşə layiq idi. El arasında Əliyə nəniş oğlu deyəndə incimirmiş. 
Oğlu ölən həmin arvad Əlini görəndən sonra ona oğlum deyib isinişi və onlarla qalmağa başlayır. Əli də bu arvadı ana kimi qəbul eidr. Evlərindən üç-dörd metr aralıda onun üçün kiçik bir ev tikir. Əlinin ikinci anası da daha kənd-kənd gəzmir. Hətta yerli qadınlara qoşulub xeyirə-şərə getməyə başlayır. Oğlu ölmüş ananın qohumları onu tapırlar. 
Nə illah edirlərsə onlarla getmir. 
Aradan bir neçə il keçir. Ana təzə yurda möhkəm bağlanır. Əli və onlara yaxın olan adamlar nə vaxt dərdli ananın qohum-əqrəbasından rəhmətə gedən olsa onu da özləri ilə aparıb on-on beş adamla yas yerinə gedirlər. arvadın qohumları da məsələni bilib heç nə demirlərmiş. Əliyə öz təşəkkürlərini bildirirlər. 
Vaxt keçdikcə hər iş qaydasına düşür. Oğlu ölən ananın əsəbləri bərpa olunur. Artıq başa düşür ki, ölüm həyatın qaçınılmaz qanunudur, hər bir canlı bir gün öləcək. Bir gün Əli işdən gələndə ikinci anasını bikef görür. Əl-ayağa düşür, səbəbini soruşur. Ana üzünü Əliyə tutur, ondan qat-qat razı olduğunu bildirdikdən sonra öz kəndlərinə qayıtmaq üçün izin istəyir. Əli də burda qaldığı vaxt arvda nə almşdısa hamısını yığışdırır, arvadı yanına alıb kəndlərinə aparır. Arvadın qohumları hörmətlə onu qəbul edirlər, Əliyə öz təşəkkürlərini bildirirlər. Əlinin bu xeyirxah hərəkəri el arasında dildən-dilə gəzir. Əsəbləri yerindən oynamış, cavan oğlunu itirmiş ana həkimsiz, dava-dərmansız, insan qayğısı və sevgisi ilə nizama düşür. Yenidən həyata qayıdır.

Müəllif :Seyfəddin Mənsimoğlu
loading...

0 şərh