Canlılarda sinir sistemi

Müxtəlif canlılarda baş beynin ən çox inkişaf edən hissəsi hansıdır? Bu hissənin məməlilərdə, xüsusən insanda daha çox inkişaf etməsinin səbəbini necə izah etmək olar

Birhüceyrəli heyvanlarda qıcıqlanma qabiliyyətinin olduğu sizə bəllidir. Suya salınmış duz kristallarından uzaqlaşma, temperatur dəyişməsinə qarşı göstərilən reaksiya və s. bu heyvanların qıcıqlanma qabiliyyətinə malik olduğunu göstərir. 

                      
Canlılarda sinir sistemi


İbtidai çoxhüceyrəli heyvanlardan bağırsaqboşluqlularda sinir sistemi çox sadə quruluşa malikdir. Bunların ulduzşəkilli hüceyrələri öz çıxıntıları ilə bir-biri ilə birləşərək torşəkilli sinir sistemi əmələ gətirir. Yastı və sap qurdlarda sütunvarı sinir sistemi mövcuddur. Onlarda bir neçə sütun və onları birləşdirən atmalar vardır.

Heyvanlar inkişaf edib mürəkkəbləşdikcə onların sinir sistemi də mürəkkəbləşir. Həlqəvi qurdlarda, molyusklarda, buğumayaqlılarda sinir sistemində qalınlaşmış sinir düyünləri birləşərək zəncirə oxşayır. Bu düyünlərdən bütün üzvlərə sinirlər gedir.

Onurğalı heyvanlarda borulu sinir sistemi vardır. Onlarda bədən quruluşu mürəkkəbləşdikcə mərkəzi sinir sisteminin quruluşu və funksiyası da mürəkkəbləşir. Sinir sistemi insanda özünün ən yüksək inkişaf səviyyəsinə çatır.


                  onurğalı heyvanlarda sinir sistemi



Sinir sisteminin canlıların həyatında əhəmiyyəti çox böyükdür.
Əzələlər sinir sistemində oyanma nəql olunduqda yığılır. Heyvanın tənəffüs mərkəzini zədələyərkən tənəffüs hərəkətləri pozulur. Ağız suyu, mədə şirəsi və tər ifrazının, qan damarları mənfəzinin dəyişməsi, əlimizi isti bir əşyaya toxundurduqda çəkməyimiz — bütün bu reflekslər sinir sisteminin iştirakı ilə baş verir.

Tam bir vəhdət təşkil edən orqanizmdə ayrı-ayrı orqanlar sisteminin bir-biri ilə əlaqəli işləməsində sinir sistemi mühüm rol oynayır. Orqanizm sinir sisteminin fəaliyyəti ilə xarici mühitlə əlaqə yaradır. Sinir sisteminin göstərilən funksiyaları əksər heyvanlara və insana xasdır. Lakin insanda sinir sisteminin bir sıra mürəkkəb funksiyaları onu heyvanlardan fərqləndirir.

İnsanların şüurlu fəaliyyəti, təbiətdə etdiyi dəyişikliklər, cəmiyyətdəki qarşılıqlı münasibətləri, elmdə əldə olunan nailiyyətləri beyində gedən mürəkkəb proseslərin nəticəsidir. Sinir sistemi orqanizmin bütün orqanlarının işini öz aralarında uzlaşdırır. Beyindən işləyən orqanlara “əmrlər” göndərilir. Orqanlardan isə onların necə işləməsi barədə məlumatlar qəbul edilir.


Mənbə : e-derslik.edu.az   
 

0 şərh