Əl alətləri ilə silindrik və konusşəkilli detalların hazırlanması

En kəsiyi dairə şəklində olan silindrik formalı detallar kvadrat kiçik tirlərdən hazırlanır. Kiçik tirləri, adətən, taxtadan hazırlayırlar (şəkil a).
Kiçik tirin qalınlığı və eni D emal payı nəzərə alınmaqla gələcək məmulatın diametrindən 1—2 mm böyük olmalıdır.
Kiçik tirdən dəyirmi detal hazırlamazdan əvvəl onun nişanlanmasını yerinə yetirirlər. Bunun üçün kiçik tirin başlıqlarında diaqonalların kəsişmə mərkəzini tapır və pərgarın köməyi ilə radiusu pəstahın diametrinin 0,5-nə bərabər olan çevrə çəkirlər (şəkil b) Əl alətləri ilə silindrik formalı detalların hazırlanma ardıcıllığı
a) taxtadan kvadrat kəsikli kiçik tirin mişarlanması;
b) pəstahın başlıq və tərəflərinin nişanlanması;
c) pəstahın səkkizüzlü forması;
ç) pəstahın on altı üzlü forması;
d) törpü və xırda kərtikli yeyə ilə emal;
e) cilalayıcı sumbata kağızı ilə təmizləmə
Hər başlıqda diaqonallar aparılır, səkkizüzlünün tərəflərinin diaqonallarına paralel və çevrəyə toxunan xətlər çəkməklə nişanlayır və çəkirlər. Sonra bucaqlardan B məsafədə reysmus və ya karandaşla xətkeş boyu xətlər çəkirlər.
Pəstahı verstakın qapağında pazların arasında və ya xüsusi tərtibatda (prizmada) yerləşdirirlər (şəkil b).
Səkkizüzlünün tərəflərini nişanlanmış xətlərə qədər rəndə ilə yonurlar (şəkil c).
Silindr formasına daha çox yaxınlaşmaq üçün başlıqlarda onaltıüzlü nişanlayırlar, nişanlama xətlərini  çəkir və onaltıüzlünün tərəflərini yonurlar (şəkil ç).
Sonrakı emalı liflərin eninə, əvvəlcə törpü ilə, sonra isə daha xırda kərtikli yeyələrlə formanı yumrulamaqla edirlər (şəkil d).
Silindrik səthin son emalını cilalayıcı sumbata kağızı ilə hamarlama yolu ilə aparırlar. Bu zaman pəstahın bir ucunu verstakın sıxacında bərkidir, digər ucunu cilalayıcı sumbata kağızı ilə örtüb onu fırladırlar. Bəzən də pəstahı cilalayıcı sumbata kağızına büküb sol ələ götürür, sağ əl ilə isə onu fırladır və fırlanma oxu boyu yerini dəyişirlər (şəkil e).
Dairəvi detalın diametrinə nəzarət
Detalın diametrini əvvəlcə detalın üzərində kronpərgarla ölçür daha sonra onu xətkeş üzrə hesablayırlar.
Kvadratşəkilli kiçik tirdən silindrik pəstahın alınması zamanı bütün sadalanan əməliyyatları cədvəl şəklində tərtib edilmiş marşrut xəritədə əks etdirmək olar. Bu xəritədə hər hansı bir detalın emal ardıcıllığını (marşrutunu, yolunu) yazırlar.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
 

0 şərh